ZAMANı zamansız apardı həyat!

22/09/2016

ZAMANı zamansız apardı həyat!

ZAMANı zamansız apardı həyat!

Gözümüzün yaşı axar aramla.

Ürəklərdə fəryad qopardı həyat,

ZAMAN xatırlanar min ehtiramla.

Yazıma necə başlayacağımı düzü bilmədim. Ona görə ki, əziz həmkarım Zaman Mahmudov haqqında nə vaxtsa keçmiş zamanda danışacağım heç ağlıma belə gəlməzdi. Odur ki, Zaman müəllimin ölüm xəbərini eşidəndə sadəcə pis olmadım, çoxları kimi neçə gün özümə gələ bilmədim. Çünki, ölüm sözünü bu insana heç cür yaraşdırmaq olmur.

Zaman Mahmudov 3 mart 1966-cı ildə Beyləqan rayonunda anadan olub. 1973-1983-cü illərdə Beyləqan rayon 1 saylı Aşıqlı kənd orta məktəbində, 1985-1990-cı illərdə isə Bakı Dövlət Universitetinin biologiya fakültəsində təhsil alıb. 2004-cü ildə “Fotosintezin fotokimyəvi sistemlərinin formalaşması zamanı fotosistem 2-nin in vivo fotoinhibirləşməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb.

O, əmək fəaliyyətinə ali məktəbi bitirən ili başlayıb. 1990-1992-ci illərdə AMEA-da baş laborant və elmi isçi kimi fəaliyyət göstərib. 1992-ci ildən həyatını Bakı Dövlət Universiteti ilə bağlayan Z.Mahmudov 2004-cü ilə qədər BDU tədris laboratoriyasının müdiri vəzifəsində çalışıb. 2004-cü ildən isə Biologiya fakültəsi “Biofizika və molekulyar biologiya” kafedrasında müəllimlik etməyə başlayıb,  biofozika, bioenergetika və s. dərsləri uğurla tədris edib. Tədqiqat sahəsi fotobiologiya, fotosintez, biofizika olan Z.Mahmudov 40-a qədər elmi məqalənin müəllifi idi. O, dəfələrlə Azərbaycanda, eləcə də dünyanın müxtəlif ölkələrində (Türkiyə, 2003; Kanada, 2004; Moskva, 2008 və s.) keçirilən Beynəlxalq seminar, simpozium və konfransların işində fəal iştirak edib. Bunlar Zaman Mahmudovun elmi və pedaqoji fəaliyyəti haqqında qısa qeydlərim idi. Bir qədər də onun insani məziyyətləri və bu insanla şəxsi münasibətlərim haqqında.

İllərdir Zaman müəllimlə eyni kollektivdə çalışırdıq. O, Bakı Dövlət Universiteti Biologiya fakültəsi “Biofizika və molekulyar biologiya” fakültəsinin müəllimi, həm də Fakültə Həmkarlar Komitəsinin sədri idi. İllərdir bu vəzifənin öhdəsindən uğurla gəlirdi. Ötən il bu vəzifəyə təkrar seçkilərdə də hamı ona səs vermişdi, çünki, kollektiv onun xətrini hər zaman çox istəyib.

İkimizin də dərsi həm birinci, həm də ikinci növbə olduğundan, kafedralarımız da eyni mərtəbədə, üzbəüz yerləşdiyindən, demək olar ki, hər gün bir neçə dəfə görüşürdük onunla. Hər dəfə də səmimiyyətlə “Şairə eşq olsin”, deyirdi. Mən də cavabımda gülə-gülə “Rəhbərə eşq olsun” deyirdim (o, Fakültə Həmkarlar Komitəsinin sədri olduğundan yaxın dostların çoxu ona “rəhbər” deyə müraciət edirdik). Hər dəfə ekran-efir vasitəsi ilə hər hansı verilişdə iştirakım olanda ertəsi gün çıxışımı səmimiyyətlə təhlil edər, xoş sözlərini əsirgəməzdi. Amma nədənsə onunla görüşümüz əsasən ya dəhlizdə, ya da pilləkənlərdə olurdu. Bəlkə də ona görə ki, o, həmişə harasa tələsirdi. Və onu kənardan izləyəndə belə zənn etmək olardı ki, ZAMANın çatışmayan nəyi varsa da, o da zamandır, vaxtdır. Dərslər və ictimai işlər arası övladlarını məktəbə də özü aparırdı, hazırlığa da. Hər işin dalınca özü getməyi xoşlayırdı. Dost-tanışa da nəsə lazım olanda birinci onu axtarardılar. Kimsənin sözünü, xahişini yerə salmazdı. Hansısa məsələnin həlli üçün əlindən gələni əsirgəmirdi. Dost məclislərində yaxşı kabab çəkdiyinin də şahidi olmuşam. Hər dəfə Yeni il ərəfəsində kollektivin əməkdaşlarının balalarını şənliyə biletlə də sevindirərdi. ZAMAN hər zaman belə olub.

Sentyabr ayında çoxumuzun həvəslə gözlədiyimiz tədris ili başladı.  Elə ZAMAN müəllim də hər zaman  tədris ilini böyük həvəslə gözləyirdi. Çünki, sevdiyi kollektivə qovuşurdu. Amma tale elə gətirdi ki, bu il sentyabr ayının 2-də onun 40 mərasimi keçirdik. Bu sözləri yazmaq mənim üçün nə qədər çətindirsə, bilirəm ki, ZAMANın əzizləri, xüsusən, yoxluğuyla barışa bilməyən sədaqətli ömür-gün yoldaşı Maya xanım üçün, onu tanıyanlar üçün oxumaq da bir o qədər çətin olacaq. Heç cür ağlıma gətirə bilmirəm ki, ZAMAN müəllim artıq aramızda yoxdur. Artıq nə dəhlizdə, nə də pilləkənlərdə onu sevimli tələbələrinin əhatəsində görməyəcəyik. Amma tam əminəm ki, bu yoxluq cismanidir, xəyalən, ruhən isə O, həmişə bizimlədir, bizimlə də qalacaq.

“Zaman” sözü tərcümədə - vaxtı, müddəti, fəlsəfi mənada isə sonsuz inkişaf edən materiyanın, vaxtın davamını və ardıcıllığında təzahür edən ümumi obyektiv varlıq formasını bildirir. Deyirlər, “İnsan saatı icad etdi ki, zamanın yüyənindən yapışa bilsin”. Bəli, hər kəs zamana sığmaq üçün vaxtı, zamanı saxlamaq istəyir. Zamandan geri qalanlar da olur, zamanı qabaqlayanlar da. Kimisi olumu ilə qabaqlayır zamanı, kimisi də ölümü ilə. Mən bilirəm ki, ZAMAN yaşasaydı hələ çox işlər görəsiydi. Amma təssüflər olsun ki, ZAMAN ölümü ilə qabaqladı zamanı.

Mən, əziz həmkarım, yoxluğuna hələ də inanmadığım və heç zaman da inanmayacağım ZAMAN müəllim haqqında çox söz deyə bilərəm. Amma böyük qəlbli bu insan haqqında kiçik yazımı onun yoxluğundan təsirlənərək yazdığım şeir parçasıyla tamamlamaq istərdim:

 

Yoldaş itirməkdən ağır dərd olmaz,

Ürək param-parça, sızlayar, inlər.

Fələyin gərdişi bundan sərt olmaz,

Tarixə çevrildi ZAMANlı günlər.

 

Sən, əziz müəllim, sevilən həmkar,

Qohum-əqrabaya layiq qardaşdın.

Haqqında deməyə o qədər söz var,

Sən, etibarlı dost, sadiq yoldaşdın.

 

Ömrünü əritdin elm yolunda,

Sevərək bağlandın sən öz peşənə.

Kimsə harayına soraqlayanda,

Əlini uzatdın dara düşənə.

 

Biz, sənə: “Yaşasın rəhbər”, deyəndə,

Sən mənə: “Yaşasın şair”, deyərdin.

Körpə balaları el şənliyində,

Hədiyyə biletlə sevindirərdin.

 

İndi xatirələr didir qəlbləri,

Yoxluğun yandırır hər tanıyanı.

Hey, düşünürəm sən gedəndən bəri,

Niyə qabaqladın vaxtı, zamanı?

 

İstəklər, arzular döndülər daşa,

Eh, amansız fələk, vəfasız dünya.

Mayanın baharı büründü qışa,

Atasız qaldılar Fidanla, Ziya.

 

ZAMANı zamansız apardı həyat!

Gözümüzün yaşı axar aramla.

Ürəklərdə fəryad qopardı həyat,

ZAMAN xatırlanar min ehtiramla.

 

Ruhun şad olsun, ZAMAN müəllim.

Ömrün zamanı sənin üçün bitsə də, şirin və kövrək xatirələrin bizim üçün heç zaman bitən deyil! Həyat səni aramızdan zamansız aparsa da, qəlblərimizdən heç zaman qoparan deyil! Nə qədər ki, varıq, sən bizimləsən, yaddaşımızdasan, xatirimizdəsən, sözümüzdə-söhbətimizdəsən, çünki sən unudulası OĞUL deyildin... Həm də ona görə ki, evində iki davamçın böyüyür: Fidan və Ziya. “Fidan” - cavan, pöhrə, körpə, “Ziya” isə - işıq, aydınlıq, nur deməkdir. Mən inanıram ki, illər ötəcək, Fidan öz pöhrələri, Ziya isə öz nuru, işığı ilə ZAMANın yarımçıq qalmış arzularını işıqlandıracaq, nurlandıracaqlar.

Nur işində yatasan qardaş!!!

Anar Məmmədov,

şair-publisist,

Azərbaycan Yazıçılar və Jurnalistlər  Birliklərinin üzvü

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!