Yüz il ötsə belə...

21/12/2016

Ömrün ötən illərinə boylananda dərin hörmət bəslədiyim, tələbəsi, həmkarı, iş yoldaşı, alim dostu olduğum üçün qürur duyduğum bir sıra insanlar yada düşür. Bu insanların əksəriyyəti həyatda və elmdə silinməz izlər qoyub. Mənim qəlbimdə yaşayan, sözü-söhbəti tez-tez yadıma düşən belə ziyalılardan biri də şərəfli həyat yolu keçmiş, mənalı ömrünü Azərbaycanda hüquq elminin inkişafına, ixtisaslı hüquqşünas kadrların yetişdirilməsinə həsr etmiş görkəmli alim, professor Əziz Əsədovdur.

Əziz Əsədov 1916-cı il dekabrın 30-da Qazax şəhərində anadan olmuşdur. Orta təhsilini 1932-ci ildə bitirmiş, əmək fəaliyyətinə çox erkən başlamışdır. 15 yaşında ikən rayonlararası prokurorluqda kargüzar-katib qismində çalışmışdır. 
1934-cü ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş və 1938-ci ildə ali təhsilini hüquqşünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə başa çatdırmışdır. Elə həmin ildən də təyinat üzrə Mülki hüquq kafedrasında müəllim işləməyə başlamışdır. 1939-cu ildə Bakının Oktyabr (indiki Yasamal) Rayon Hərbi Komissarlığı tərəfindən sovet ordusu sıralarına müddətli hərbi xidmətə çağırılmışdır. 
Dövrün tələblərinə uyğun olaraq 1930-cu ildə ÜİLKGİ-yə üzv qəbul edilmişdir. 10 ildən sonra, 1940-cı ildə artıq Sov. İKP-nin üzvü idi. 24 yaşında kommunist olmaq o zaman böyük etimad və nailiyyət sayılırdı. 
Əziz Əsədov Azərbaycanın sovet dönəmində yetişmiş, fəaliyyət göstərmiş, yazıb yaratmış hüquqşünaslarının görkəmli bir pleyadasının nümayəndəsi idi. Uzunmüddətli fəaliyyəti zamanı müxtəlif sahələrdə çalışmışdı.
1941-ci ilin yayında, Böyük Vətən müharibəsi başlayan kimi cəbhəyə göndərilmiş və orada hərbi müstəntiq təyin olunmuşdu. 1944-1950-ci illərdə o dövrün ən yüksək vəzifə pillələrindən birinə çatmış - Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində şöbə müdiri işləmişdi. Lakin Əziz müəllim bütün varlığı ilə elmə bağlı idi. Onun 1949-cu ildə “Azərbaycan SSR-də ailə hüququnun əsas inkişaf mərhələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etməsi, sonra uzun illər tədqiqatlar apararaq 1969-cu ildə elmlər doktoru dərəcəsini qazanması bu sahəyə böyük marağından və dərin bağlılığından irəli gəlirdi. 
Bütün bunları deməkdə məqsədim Əziz müəllimin həyat və fəaliyyətinin mühüm məqamlarına diqqət yetirməkdir. Belə ki, Əziz Əsədovun doktorluq dissertasiyası orijinal bir mövzuya - “SSRİ-də ailənin möhkəmləndirilməsinin mülki-hüquqi üsulları və uşaqların layiqincə tərbiyəsinin təmin edilməsi” mövzusuna həsr olunmuşdu. Bununla yanaşı o, elmin inkişafına yönəldilmiş onlarca elmi-nəzəri təklifin və praktiki tövsiyənin müəllifi idi. Təsadüfi deyil ki, professor Əsədovun əsərlərinə ABŞ, Finlandiya və Yaponiya alimləri də istinad etmişdilər. 
Əziz müəllim həyatın bir çox sınaqlarından çıxmış insan idi. Bütün bunlar onu mətinləşdirmiş və müdrikləşdirmişdi. Xatırlatmaq yerinə düşər ki, Əziz Əsədov ali təhsilini başa çatdırdıqdan sonra gənc hüquqşünas kimi mülki hüquq kafedrasında çalışmış, burada bir neçə il müəllimlik etmişdi. Sonralar da uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuşdu. Alimlik, hüquqşünaslıq kimi müəllimlik də sanki onun alnına yazılmışdı. İndi Əziz Əsədovun ömürnaməsini vərəqləyəndə də, keçdiyi həyat yolunu xatırlayanda da aydın görünür ki, o, əsl müəllim ürəyinə, pedaqoqluq səriştəsinə və saf vicdanına layiq bir insan olmuşdu. 
Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ən müxtəlif vaxtlarda təhsil alan tələbələrin bəxti onda gətirib ki, onlara həmişə tanınmış hüquqşünaslar dərs deyib, nəzəriyyə öyrədib, təcrübə keçib, peşəkarlıq aşılayıblar. Əziz Əsədov da məhz belələrindən idi. Ömrü boyu istər universitetdə, istərsə də digər yerlərdə rəhbər vəzifələr tutsa da, müəllimlik, pedaqoqluq onun qanında, canında idi. O, tələbələrini daim oxumağa, öyrənməyə səsləyir, onlara düzgün yol göstərir, elmdə və hüquqşünaslıq fəaliyyətində doğru istiqamət verirdi.
Əziz müəllimin tərcümeyi-halına nəzər salanda görürük ki, o, 1949-1950-ci illərdə Mülki hüquq kafedrasında baş müəllim, 1951-1972-ci illərdə dosent vəzifəsində çalışmışdır. SSRİ Ali Attestasiya Komissiyasının 19 dekabr 1972-ci il tarixli qərarı ilə professor elmi adına layiq görülmüşdür. Əziz Əsədov 1954-1968-ci və 1973-1990-cı illərdə Mülki hüquq kafedrasının müdiri vəzifəsini tutmuşdur. Professor 1972-ci ildə Əmək və kolxoz hüququ kafedrasını formalaşdırmış və rektorun əmri ilə bir il ərzində həmin kafedraya rəhbərlik etmişdir. 1990-cı il martın 31-də Mülki hüquq kafedrasının müdiri vəzifəsindən azad edilmiş və bundan sonra kafedrada professor kimi çalışmışdır. 
Onun mühazirələri ritorika deyildi, burada həm nəzəri, həm də praktik materiallara istinad edilirdi. Təsadüfi deyil ki, bu dərslər nümunəvi elmi-pedaqoji bir proses kimi ömürlük yaddaşlarda qalırdı. Odur ki, sonradan onun yolunu davam etdirən, yəni auditoriyalarda gələcək hüquqşünaslara mühazirə oxuyan yetirmələri Əziz müəllim səviyyəsinə çatmaq istəyirdilər və bu gün də belədir. Çünki o, mühazirələrində mütləq yeni bir söz deməyə, tutarlı təhlil verib, problemin əhəmiyyətini açmağa çalışırdı. Biz onun bu məharətinə heyran qalardıq. 
Tələbələrinin hamısına eyni münasibət göstərirdi. Əziz müəllimə görə, xüsusi seçilmiş tələbə yox idi. Çalışardı ki, hamı onun deyib-danışdıqlarından nəsə götürsün. Amma hər tələbənin də öz xüsusiyyəti olduğunu başa düşən müəllimlərdən idi. 
Tələbkarlığa gəldikdə isə, bunu hamıya qarşı eyni dərəcədə tətbiq edirdi. Bilənə, oxuyana zaval yox idi. Bacarıqlını daha da həvəsləndirməyə, tənbəli hərəkətə gətirməyə, zəifi irəlilətməyə qadir idi. 
Əziz müəllim sadə, sadə olduğu qədər də sanballı bir insan idi. Heç vaxt özünü kollektivdən, insanlardan kənarda tutmaz, hamı ilə mehriban danışar, şirin Qazax ləhcəsi ilə halını, əhvalını soruşardı. Çox mütaliə etdiyinə, neçə-neçə əsərlər yazdığına və ilk gənclik illərindən şəhərdə yaşamasına baxmayaraq, bu ləhcənin bəzi əlamətlərinə “sadiq qalmışdı”. Bu da çox təbii görünürdü. Bununla belə, Əziz müəllimin təbiətinə yerliçilik çox yad idi. Onun üçün vahid Azərbaycan var idi. Azərbaycanın Naxçıvanı, Qarabağı, Mili, Muğanı, Şirvanı, Qubası, Lənkəranı, Şəkisi vardı. Təsadüfi deyil ki, Əziz müəllimin dostları Azərbaycanın ən müxtəlif bölgələrini təmsil edirdilər. 
Qeyd etdiyimiz kimi, Əziz Əsədovun ömrünün və fəaliyyətinin uzun illəri Bakı Dövlət Universiteti ilə bağlı olmuşdu. Alim burada 1949-cu ildən başlayaraq işləmişdi və baş müəllimlikdən kafedra müdiri vəzifəsinədək yüksəlmişdi. Bu vəzifə onun təşkilatçılıq qabiliyyətini bir daha təsdiqləmişdi. Belə ki, onun müdir olduğu illərdə kafedranın işi həmişə yüksək səviyyəsi ilə seçilmişdi. 
Əziz müəllimin güclü məntiqi vardı. İstər auditoriyada, istər ictimai tədbirlərdə, istərsə də adi söhbətlərdə daim mütaliə etdiyi dərhal hiss olunurdu. Bütün bunların da nəticəsi idi ki, o, öz ixtisası çərçivəsində də qapanıb qalmır, geniş elmi diapazona yiyələnirdi. Tədqiqatlarını peşəkarcasına, həm də konstruktiv elmi-sosioloji müddəalar əsasında yerinə yetirirdi. Bunu onun rəhbərliyi altında namizədlik, doktorluq dissertasiyası müdafiə edən hüquqşünasların işlərində də aydın görmək olurdu. Belə ki, professor Əsədovun rəhbərliyi altında 10 namizədlik və 3 doktorluq dissertasiyası müdafiə edilib. O, eləcə də çoxsaylı elmi işlərin rəsmi opponenti olub. 
Əziz Əsədovun apardığı araşdırmaların nəzəri-metodoloji əhəmiyyəti həmişə yüksək dəyərləndirilirdi. Həmin əsərlər sovet dönəmində yazılmasına baxmayaraq, hələ də öz əhəmiyyətini qoruyub saxlamaqdadır. Odur ki, bu gün gələcək hüquqşünaslara peşə sirlərini öyrədən müəllimlər, eləcə də universitet auditoriyasında dərs alan tələbələr Əziz müəllimin 100-dən çox elmi məqaləsindən, iki monoqrafiya, üç dərslik və dərs vəsaitindən bəhrələnirlər. Bunlar “Ailə hüququ”, “Ailənin möhkəmləndirilməsinin və uşaqların tərbiyəsinin mülki hüquqi əsasları” kimi monoqrafiyalar, “Sovet mülki hüququ”, “Mülki və ailə hüququnun əsasları” dərslik və dərs vəsaitləridir. Ə.Əsədov həmçinin elmin inkişafına yönəlmiş 50-dən çox elmi-nəzəri təklifin və praktiki tövsiyənin müəllifidir. 20 ildən çox bir müddətdə BDU-nun Elmi Şurasının üzvü olmuşdur. 
Əziz müəllimin fəaliyyəti yalnız elmi yaradıcılığı və pedaqoji işi ilə bitmirdi. 1968-ci ildə respublikanın Xalq Nəzarəti Komitəsində fəal işinə görə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı ilə təltif edilməsi onun fəaliyyətinin çoxşaxəli olmasını təsdiqləyir. 
Əziz Əsədov 1949-1986-cı illərdə “Bilik” cəmiyyətinin hüquq təbliğatı şöbəsinə rəhbərlik etmişdir. Bu sahədəki səmərəli fəaliyyətinə görə SSRİ “Bilik” cəmiyyətinin üç fəxri fərmanını almışdır. Təsadüfi deyil ki, zəhmətkeşlər arasında biliklərin yayılması və cəmiyyətdə elmi maarifləndirmə işində nailiyyətlərinə görə Əziz Əsədovun adı Ümumittifaq “Bilik” cəmiyyətinin 8-ci Plenumunun qərarı ilə cəmiyyətin fəxri kitabına daxil edilmişdir. 
Professor Ə.Əsədov Azərbaycan SSR Ali Məhkəməsinin Elmi-Məsləhət Şurasının üzvü idi. O, eləcə də Azərbaycan Ensiklopedik lüğətinin Hüquq Terminlərinin Tərtibi Şurasının üzvü kimi fəaliyyət göstərirdi. 
Əziz müəllim Birinci Dünya müharibəsinin veteranı kimi də fəal iş aparırdı. Hərbi hüquqşünas rütbəsində fəaliyyətdə olan ordunun müxtəlif cəbhələrində hərbi müstəntiq kimi işləyirdi. Sonralar Zaqafqaziya Ehtiyat Cəbhəsinin Hərbi Prokurorluğunda müxtəlif vəzifələr tutdu. 1941-1945-ci illərdə göstərdiyi igidliyə görə “Döyüş şücaəti” medalı və 2-ci dərəcəli ordenlə təltif olunmuşdu. 
Əziz müəllim onu tanıyanların yaddaşında dərin biliyi, elmi erudisiyası, müstəqil fikir və cəsarətli mühakimələr yürütmək qabiliyyəti, geniş və əhatəli dünyagörüşü, sözdən məharətlə istifadə etmək bacarığı olan bir alim kimi qalıb. Çünki o, fəaliyyətinin bütün sahələrində - istər alim, istər müəllim, istərsə də təşkilatçı kimi özünü təsdiq etmiş və seçilmişdi.
Dünyasını dəyişdiyi vaxtdan 25 il keçməsinə baxmayaraq, Əziz müəllim bu gün də ehtiramla xatırlanır. Xatırlayanlar isə təkcə vaxtilə onu tanıyanlar deyil, həm də gənc nəsildir. Çünki belə insanlar haqqında həqiqət nəsildən-nəslə keçir - yüz il ötsə belə...

Alış QASIMOV, 
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

http://www.azerbaijan-news.az/index.php?mod=3&id=112367

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!