Yəhya Məmmədovun 80 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

27/12/2010

Dünən Bakı Dövlət Universitetində görkəmli alim və ictimai xadim, AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Yəhya Məmmədovun 80 illik yubileyinə həsr olunmuş “Riyaziyyat və mexanikanın aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib.Konfransdan əvvəl Y.Məmmədovun adını daşıyan auditoriyanın açılışı olub.Konfransda rektor, akademik Abel Məhərrəmov çıxış edərək görkəmli alimin zəngin elmi fəaliyyətindən danışıb.Bildirib ki, Yəhya Məmmədov 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) rektoru seçilib. Beləliklə də, tədqiqatçı-alim respublikanın siyasi-ictimai həyatındakı burulğanların, milli-azadlıq hərəkatının, insanların düşüncəsindəki yeniləşmənin, milli intellektual-kulturoloji mühitdəki dəyişikliklərin mərkəzinə düşüb. Ermənilərin Azərbaycan torpaqlarını işğal etmələrinə, həmvətənlərimizin minillik doğma yurd-yuvalarından didərgin salınmalarına etiraz edən tələbələrin önündə o zaman rektor Yəhya Məmmədov gedib.Qeyd edilib ki, ən maraqlı və bəlkə də çox təəccüblü o idi ki, həmin illərdə həyatının digər mərhələlərində olduğu kimi, yenə də növbəti sınağa çəkilən Yəhya Məmmədov o vaxtkı dövlət rəhbərləri tərəfindən göstərilən təzyiqlər nəticəsində də dəyişməyib. Onun rektorluq dövrü respublikamız üçün çox mürəkkəb və təlatümlü illərə düşsə də, nüfuzuna və ləyaqətinə zərrə qədər də xələl gətirməmiş, əksinə, Azərbaycan təhsilinin və elminin bayraqdarı olan universitetdə tənəzzülün qarşısını almağa çalışmış, milli düşüncənin beşiyinə çevrilən bu təhsil ocağının başında böyük vətənpərvər bir ziyalının dayandığını ləyaqətlə nümayiş etdirmişdir.Tədbirdə Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərovun “Görkəmli alim, ictimai xadim və elm təşkilatçısı” mövzusunda məruzəsi dinlənilib.Qeyd edib ki, 1930-cu il oktyabrın 10-da Azərbaycanın dilbər guşələrindən olan qədim Naxçıvanda dünyaya göz açmış Y.Məmmədov 1954-cü ildə BDU-nu fərqlənmə diplomu ilə bitirərək aspiranturada saxlanılıb, 1957-ci ildə vaxtından əvvəl namizədlik dissertasiyası müdafiə edib, universitetdə müəllim, sonralar isə baş müəllim, dosent kimi fəaliyyət göstərib. Professor Yəhya Məmmədov 1965-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək həmin il universitetin hesablama riyaziyyatı kafedrasının müdiri seçilib, ömrünün sonunadək - 35 il bu vəzifəni uğurla icra edib. O, 1971-ci ildən 1987-ci ilədək BDU-nun elmi işlər üzrə prorektoru, 1987-1989-cu illərdə isə rektoru vəzifələrində çalışıb. Alim prorektor kimi 17 illik gərgin fəaliyyəti ərzində universitetdə elmin inkişafına, onun beynəlxalq nüfuzunun yüksəlməsinə, bir çox elmi-tədqiqat laboratoriyalarının yaradılmasına, elmi tədqiqatların inkişafına, onların səmərəliliyinin artırılmasına, elmin istehsalat və tədris prosesi ilə əlaqələrinin yaxınlaşdırılmasına xüsusi diqqət və qayğı göstərib.Çıxışlardan məlum olub ki, o, dünyanın müxtəlif ölkələrində çap olunmuş 100-dən çox elmi məqalənin, 7 monoqrafiyanın, 5 dərslik və dərs vəsaitinin müəllifidir.Azərbaycan riyaziyyat elminin inkişafında böyük xidmətləri olmuş professor Y.Məmmədov 2000-ci il yanvarın 26-da yaradıcılığının çiçəklənən dövründə dünyasını dəyişməsinə baxmayaraq, yüksək mənəvi keyfiyyətlərinə görə bu gün də onu tanıyanların qəlbində yaşayır.Tədbirdə çıxış edən BDU-nun hesablama riyaziyyatı kafedrasının müdiri, professor Qalina Mehdiyeva, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, akademik A.Hacıyev və başqaları Y.Məmmədovu qeyri-xətti analiz və hesablama riyaziyyatı sahəsində tanınmış alimlərdən biri kimi xarakterizə edib, onun mənalı ömür yolundan, zəngin elmi təcrübəsindən danışıblar.Bildirilib ki, Yəhya Məmmədovun rəhbərliyi altında Azərbaycandan başqa, dünyanın 9 ölkəsindən (Almaniya, Əlcəzair, İraq, Misir, Polşa, Rusiya, Türkiyə, Türkmənistan və Özbəkistan) 32 nəfər namizədlik dissertasiyası müdafiə edib. Hazırda onlardan 8-i elmlər doktoru və professordur. Görkəmli alim keçmiş Sovet İttifaqının bir çox şəhərlərində 60-dan çox namizədlik və doktorluq dissertasiyalarına opponentlik edib. O, dünyanın bir çox ölkələrində keçirilmiş beynəlxalq konqres və konfranslarda Azərbaycan riyaziyyat məktəbini ləyaqətlə təmsil edib.Qeyd edək ki, tədbirdə Milli Məclisin deputatları, ali məktəblərin rektorları, tanınmış elm adamları və tələbələr iştirak edirdilər.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 27 dekabr 2010-cu il.
(Beynəlxalq konfrans AzərTAc, APA, Azadinform, Riyad Media, SİA, Qafqazinfo, Modern.az informasiya agentlikləri və xəbər portallarında, “Azərbaycan”, “Xalq qəzeti”, “Yeni Azərbaycan”, “525-ci qəzet”də də yayımlanıb – 27-28 dekabr 2010-cu il).

 

 

 

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!