“XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar” mövzusunda geniş müzakirə aparılıb

05/10/2012

İkinci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar” mövzusunda “dəyirmi masa” keçirilib. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov deyib ki, artıq ikinci dəfədir ki, Azərbaycan bu cür mötəbər tədbirə ev sahibliyi edir. Keçənilki Forumdan fərqli olaraq bugünkü tədbirdə daha çox qonaq iştirak edir. Bu göstərici tədbirə verilən önəmi sübut edir. “Dəyirmi masa”da bölmə iclaslarında maraqlı məsələlər müzakirə olunacaq, humanitar siyasətin əhəmiyyəti, gələcəyi barədə diskussiyalar aparılacaq.
Sonra “dəyirmi masa” Nobel mükafatı laureatı, ABŞ-ın Stanford Universitetinin professoru Robert Laflinin moderatorluğu ilə “Virtual reallıq və cəmiyyətin inkişafı” mövzusunda bölmə iclasında işini davam edib. İclasda müxtəlif mövzularda çıxışlar dinlənilib. Çıxış edənlər belə bir mötəbər tədbirin təşkilinə görə Azərbaycan Prezidentinə və hökumətinə minnətdarlıq ediblər. R.Laflin deyib ki, bu gün insanlar arasında olan çox çevik ünsiyyət müəyyən problemlər yaradacaqdır. Ona görə də biz qloballaşan dünyada yeni imkanlar tapıb bu problemlərin həllinə çalışmalıyıq. Müzakirə olunan məsələ də çox aktualdır və ümid edirəm ki, Bakı Beynəlxalq Humanitar Forumunda biz bu və digər suallara cavab tapacağıq.
Sonra Yaponiya xarici işlər nazirinin müavini Akiko Yamanaka “XXI əsrdə insan təhlükəsizliyinin perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. O deyib ki, XX əsrdə soyuq müharibə başa çatandan sonra təhlükəsizlik məsələsi forma və mahiyyətini dəyişib. Son zamanlar baş verən hadisələr, təbii fəlakətlər bizi bu məsələlərə daha ciddi yanaşmağa, metod və metodologiyanı dəyişməyə vadar edir. Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə bu tədbirin keçirilməsini yüksək qiymətləndirirəm. Bu, həm də Azərbaycanın qlobal təhlükəsizliyə verdiyi önəmin göstəricisidir. Azərbaycan bu gün təkcə regionda deyil, bütün dünyada sülhə və təhlükəsizliyə böyük töhfələr verir. Gənc, müstəqil bir dövlətin Əfqanıstanda, Kosovoda, İraqda sülhyaratma əməliyyatlarında iştirak etməsi çox böyük məsələdir. Azərbaycan təbii ehtiyatların qorunmasında, beynəlxalq əməkdaşlıq, ərzaq təhlükəsizliyi, alternativ enerji sahəsində çox böyük rol oynayır. Hesab edirəm ki, bu tədbirdə çıxış edənlər, eləcə də bizim digər dostlarımız Azərbaycana dəstək verməliyik.
Daha sonra Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun təkamül epistemologiyası sektorunun müdiri, fəlsəfə elmləri doktoru Yelena Knyazeva “Mürəkkəblik nəzəriyyəsi əsasında qlobal meyillərin strateji görünüşü”, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin fəlsəfə kafedrasının müdiri, Rusiya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti, fəlsəfə elmləri doktoru Aleksandr Çumakov “Qloballaşma: reallıq və dünyanın inkişaf perspektivləri”, Rusiyanın Geoiqtisadiyyat və Qlobalistika İctimai Elmlər Akademiyasının prezidenti, iqtisadiyyat elmləri doktoru Ernest Koçetov “Dünyanın dərkinin qlobal metodologiyasında humanitar sıçrayış (“faza keçidi” və onun metodoloji və nəzəri dərki)”, Bakı Dövlət Universitetinin professoru Çingiz İsmayılov “Virtual reallıq məkanı transformasiya məkanı kimi”, BDU-nun professoru Fikrət Əfəndiyev “Virtual reallıq və informasiya cəmiyyəti” mövzularında məruzələrlə çıxış ediblər.
Çıxışlarda qloballaşma proseslərinin cəmiyyətə təsiri, eyni zamanda, qloballaşmanın yaratdığı problemlərin həllində səylərin birləşdirilməsi ilə bağlı təkliflər səslənib.

BDU-nun rektoru Abel Məhərrəmovun moderatorluğu ilə keçən ikinci bölmə iclasında “Gənc nəslin formalaşmasında virtual universitetlərin rolu” məsələsi müzakirə olunub. Rektor “Virtual təhsil: nailiyyətlər, problemlər, perspektivlər” mövzusunda çıxış edərək bildirib ki, müasir gənclik virtual informasiyaya, auditoriyaya daha çox maraq göstərir. Bugünkü müzakirələrdə biz yaşlı nəsillə gənc nəslin düşüncə tərzindəki fərqləri aydınlaşdırmalı, gənclər üçün daha doğru olan yolu müəyyən etməliyik.
Fondazione Salvemini beynəlxalq təhsil proqramının Cenevrə şöbəsinin müdiri Roberto Bonininin “Beynəlxalq tələbə mobilliyi və qloballaşan dünyada universal ali təhsil”, Pakistan Milli Müdafiə Universitetinin beynəlxalq əlaqələr kafedrasının müdiri Məhəmməd Xanın “XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar”, BDU-nun hesablama-riyaziyyat kafedrasının müdiri Qalina Mehdiyevanın “Qloballaşma şəraitində cəmiyyətin inkişafında gənclərin rolu”, Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin müdiri, rumıniyalı professor Eden Mamutun “Kütləvi açıq onlayn kurslar virtual təhsildə yeni yanaşma kimi”, AMEA-nın müxbir üzvü, BDU-nun faydalı qazıntılar kafedrasının müdiri Vasif Babazadənin “Müasir dünyada əxlaqi dəyərlərin və əqidənin virtual sivilizasiyası. Azərbaycan: keçmişi, indisi və gələcəyi”, BDU-nun beynəlxalq ümumi hüquq kafedrasının müdiri Rüstəm Məmmədovun “Qlobal hüquq qaydası universitetdən başlayır” mövzularında məruzələri maraqla qarşılanıb.
Məruzələrdə vurğulanıb ki, müasir dünyada insanların düşüncə tərzi auditoriya ilə virtual universitet arasındakı münasibətlərə uyğun olaraq dəyişir. Azərbaycan dövləti, hökuməti və buna müvafiq olaraq gəncliyi də bu proseslərdən nəinki kənar qalmamış, eyni zamanda, onların fəal iştirakçısına çevrilib.

“Dəyirmi masa”nın üçüncü bölmə iclasına Rusiya İctimai Elmlər Akademiyasının akademiki, Milli Tədqiqat Universitetinin şərqşünaslıq şöbəsinin müdiri Aleksey Maslov moderatorluq edib. Bölmə iclası “Nəsillərin qarşılıqlı münasibətlərinin problemləri və perspektivləri” mövzusuna həsr olunub. İclasda Gürcüstan Milli Elmlər Akademiyasının ictimai elmlər şöbəsinin akademik katibi Roin Metreveli “Qloballaşmanın perspektivləri və Qafqaz regionu”, BDU-nun sosial və pedaqoji psixologiya kafedrasının müdiri, professor Kamilə Əliyeva “Multikulturalizm və mədəni özünüdərk”, Qazaxıstanın “Nur Otan” Milli Demokrat Partiyasının təhlil, proqnoz və sosial təşəbbüslər mərkəzinin rəhbəri Kazbek Kazkenov “XXI əsr: çağırışlar, yoxlamalar, istiqamətlər”, Rusiya Federasiyasının Rəssamlıq Akademiyasının akademiki Yuri Borev “Qloballaşma və incəsənət”, Macarıstanın Dünya İqtisadiyyatı İnstitutunun professoru Andras İnotai “Qloballaşma və onun siyasətə, iqtisadiyyata və cəmiyyətə təsiri”, T.Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunun direktoru, professor Valeri Kopeyka “Distant təhsil Ukraynada “ağıllı” cəmiyyətin formalaşması amili kimi”, BDU-nun professoru Şahlar Əsgərov “Dayanıqlı insan inkişafı”, BDU-nun kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, professor Kamil Səlimov “Varislik gələcək nəsillərin inkişafını müəyyənləşdirən amillərdən biri kimi”, AMEA-nın müxbir üzvü, BDU-nun psixologiya kafedrasının müdiri Bəxtiyar Əliyev “Tranzitar cəmiyyətdə nəsillərarası münasibətlər” mövzusunda məruzələr ediblər.

Çıxışlarda regional problemlərin, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin gənc nəslin inkişafına, qloballaşma proseslərinə mənfi təsiri pislənmiş və bu cür təcavüzlərə son qoyulması tələb olunub.

İclasda, həmçinin İordaniya-Azərbaycan Cəmiyyəti adından xanım Emili Nofa və başqaları da çıxış edərək, belə bir mötəbər tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan dövlətinin başçısına minnətdarlıq ediblər.

Mətbuat və İnformasiya Şöbəsi, 05 oktyabr  2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!