Xalq yazıçısı Mehdi Hüseynin 100 illik yubileyi keçirildi

24/04/2009

Aprelin 24-də Bakı Dövlət Universitetində Azərbaycan xalq yazıçısı, dramaturq, tənqidçi, ictimai xadim Mehdi Əli oğlu Hüseynovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. BDU-nun rektoru, akademik Abel Məhərrəmov tədbiri giriş sözü ilə açaraq görkəmli ədəbiyyatşünas alimin həyat və yaradıcılıq yolundan danışdı. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilən belə tədbirlərin əhəmiyyətindən bəhs edən rektor bildirdi ki, Mehdi Hüseyn cəmi 56 il yaşamasına baxmayaraq, milli dövlətçilik və fikir tariximizə böyük şəxsiyyət kimi daxil olub. Akademik Abel Məhərrəmov, Mehdi Hüseyni böyük nasir və dramaturq, görkəmli ədəbiyyatşünas və tənqidçi kimi xarakterizə edərək onun böyük ictimai xadim olduğunu da nəzərə çatdırdı. Rektor vurğuladı ki, Mehdi Hüseynin yaradıcılığı əsasən Stalin dövrünə təsadüf edib. «Dövrün repressiyalarına, hədə-qorxularına baxmayaraq, böyük yazıçı əsərlərində milli düşüncə və milli özünüdərki ortaya qoya bilib. Bununla yanaşı dövrün repressiya qurbanına çevrilmək təhlükəsindən yayına bilib», deyən rektor, belə insanların həqiqətən də böyük tarixi şəxsiyyətlər olduqlarını bildirdi.
Daha sonra Universitetin «Müasir Azərbaycan ədəbiyyatı» kafedrasının müdiri, professor Cəlal Abdullayev «Mehdi Hüseyn görkəmli nasir və dramaturq kimi», Filologiya fakültəsinin dekanı, professor Elbrus Əzizov isə «Mehdi Hüseynin ədəbi-bədii görüşləri» mövzularında məruzə etdilər. Çıxış edən digər natiqlər də Mehdi Hüseynin
Azərbaycan ədəbiyyatında, tarixində silinməz bir iz qoyduğunu bildirdilər.
1909-ci il mart ayının 22-də Qazax rayonunun Şıxlı kəndində anadan olan Mehdi Hüseyn 1929-ci ildə Azərbaycan Dövlət Universitetinin pedaqoji fakültəsinin tarix şöbəsini, 1938-ci ildə isə Moskvada Dövlət Kinematoqrafiya İnstitututu yanında akademiya tipli kinossenaristlər kursunu bitirmişdir. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Sovet Yazıçıları İttifaqı Təşkilat Komitəsinin məsul katibi (1930-1934), Azərbaycan Yazıçıları İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçıları İttifaqı İdarə Heyətinin katibi (1958-1965) olmuşdur.
Yaradıcılığa müxbir yazıları ilə başlamışdır. İlk tənqidi məqaləsi («Bizdə futurizm cərəyanı») 1926-ci ildə, ilk hikayəsi («Qoyun qırxımı») isə 1927-ci ildə dərc edilmişdir. «Bahar suları» (1930), «Xavər» (1930) kitablarındakı hekayələrdə Azərbaycan kəndində yeni həyat uğrunda mübarizənin səciyyəvi epizodları, dövrün koloriti əksini tapmışdır. «Tunel» (1927), «Qan intiqamı» (1928), «Kin» (1935), «Daşqın» (1933-1936) romanında Mehdi Hüseyn fərdi xüsusiyyətləri ilə seçilən surətlər yaratmışdır.
Azərbaycan ədəbiyyatında ilk tarixi povest olan «Komissar»da (1942-1949) pəşəkar inqilabçı Məşədi Əzizbəyovun surəti ön plana çəkilmişdir. Ən mühüm tarixi əsəri olan «Səhər» (1953), «Tərlan» (1940), «Vətən çiçəkləri» (1942), «Moskva» (1942), «Ürək» (1945), «Fəryad» (1945) əsərlərində vətənpərvərliyin qüdrəti, adamların mərdliyi və qəhrəmanlığı tərənnüm olunur. Neftçilərin həyatından bəhs edən «Abşeron» (1949), müəyyən mənada onun davamı olan «Qara daşlar» (1957-1959) və «Yeraltı çaylar dənizə axır» (1965) romanları ictimai, mənəvi-əxlaqi problemlərə cəsarətli müdaxilə baxımından diqqətə layiqdir.
Mehdi Hüseyn dramaturq kimi də tanınmışdır. Dram yaradıcılığına «Şöhrət» (1939) pyesi ilə başlamışdır. «Nizami» (1942) və «Cavanşir» (1957) tarixi dramlarında Azərbaycan xalqının vətənpərvərliyi, qəhrəmanlıq ənənələri əks olunmuşdur. «Alov» (1961), «İntizar» (1944, İlyas Əfəndiyevlə birgə), «Şamil» (1940-1941) və «Qardaşlar» (1948) pyesləri, habelə xatirələri, yol qeydləri («Bir ay və bir gün», 1963), gündəlikləri var.

Mehdi Hüseyn tənqid və publisistika sahələrində də fəaliyyət göstərmişdir. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.
1965-ci il martın 10-da Bakıda vəfat etmişdir.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 24 aprel 2009-cu il.



 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!