Unudulmaz alim və pedaqoq

22/11/2017

Görkəmli alim və pedaqoq, geologiya-

mineralogiya elmləri doktoru, professor

Sərdar Sadıx oğlu Səmədov ömrünün yarım

əsrdən çox hissəsini elmi-pedaqoji fəaliyyətə −

geoloq mütəxəssislərin hazırlanması kimi çətin

və şərəfli işə həsr etmişdir. Ömür vəfa

etsəydi ailəsi, həmkarları və yetişdirdiyi

mütəxəssislər  bu il onun 90 illik yubileyini

qeyd edəcəkdilər...

Sərdar Sadıx oğlu Səmədov 1927-ci il iyun  ayının 28-də Bakının Suraxanı qəsəbəsində neftçi ailəsində anadan olmuşdur. Suraxanıda 85 saylı natamam orta məktəbi  əla qiymətlərlə  bitirərək  Bakı Enerji-Maşınqayırma texnikumunda təhsilini davam etdirmiş və 1945-ci ildə həmin texnikumu bitirdikdən sonra L.Şmidt adına maşınqayırma zavodunda  texnik-texnoloq  kimi əmək fəaliyyətinə başlamışdır.

Atasının yolunu davam etdirmək  istəyilə o, 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakültəsinə qəbul olunmuş və  1952-ci ildə həmin fakültəni mühəndis-geoloq ixtisası üzrə bitirmişdir. ADU-da təhsil alarkən Azərbaycan Respublikası Elmlər Akademiyasının prezidenti akademik Musa Əliyevin rəhbərlik etdiyi  “Paleontologiya və tarixi geologiya” kafedrasında öz ixtisası üzrə  laborant kimi çalışmış, 1952-ci ildə aspiranturaya qəbul olunmuş, daha sonra assistent  (1955), dosent (1960) və professor (1973) vəzifələrinə yüksəlmişdir.

Geologiya elminin sirlərini öyrənməyə böyük meyli olan Sərdar müəllim elmi-pedaqoji fəaliyyətə 1951-1952-ci illərdən başlamışdır. 1956-cı ildə prof. S.S.Səmədov Azərbaycan Dövlət Universitetinin İxtisaslaşdırılmış müdafiə Şurasında “Azərbaycanın neftli-qazlı vilayətlərindəki tektonik qırılmalar” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək (Elmi rəhbər- SSRİ EA həqiqi üzvi, akademik B.Y.Xain, MDU), geologiya-mineralogiya elmləri namizədi elmi dərəcəsini almışdır.

Gənc alimin namizədlik dissertasiyasında Abşeron, Xəzəryanı, Aşağı Kür, Qobustan neftli-qazlı vilayətlərin struktur xüsusiyyətləri təhlil edilmiş, qırılmaların təsnifatı verilmiş, onların  tipləri və  genezisi,  neft və qaz yataqlarına təsiri məsələləri ətraflı öyrənilmiş, neft-qaz yataqlarının formalaşması prosesinin mövcud qırılmaların tiplərindən asılılığı əsaslandırılmışdır. Onun 1956-1957-ci illərdən başlayaraq çap olunan məqalələri dissertasiyada qaldırılan məsələlərə − Azərbaycanın əsas neftli-qazlı vilayətləri, tektonik qırılmaları, onların tipləri, qırışıqlarla qarşılıqlı əlaqəsi, Azərbaycan neftli-qazlı vilayətləri timsalında onların əmələgəlmə yolları, Azərbaycanın neftli-qazlı vilayətlərində aşkar olunmuş qırılmaların neft və qaz yataqlarına mənfi və müsbət təsiri və digər məsələlərə həsr olunmuşdu.

Sərdar müəllim 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) İxtisaslaşdırılmış Müdafiə Şurasında “Xəzərin qərb sahili boyu yura çöküntülərinin tektonikası və  neftlilik-qazlılığı” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsini almışdır. Bu ada layiq görülməsində onun müəllimlərinin – akad. V.Y.Xain, akad. Ş.F.Mehdiyev, akad. Ə.Ş.Şıxəlibəyli, Azərbaycan Respublikası EA-nın müxbir üzvü Q.M.Sultanov və prof.N.B.Vassoeviçin əvəzsiz xidmətləri olmuşdur.

Doktorluq dissertasiyasında prof.S.S.Səmədov tərəfindən Xəzərin qərb sahilboyu zonasının (Dağıstan, Azərbaycan) neft-qaz-geoloji rayonlaşdırılması sxemi təklif olunmuş, axtarış-kəşfiyyat quyularından alınan məlumatlara görə şimali-şərqi Azərbaycanın və cənubi Dağıstanın yura çöküntüləri üzrə ilk dəfə olaraq  1:200 000 miqyaslı struktur xəritəsi tərtib edilmiş,  bu çöküntülərin stratiqrafiyası, tektonikası və geoloji inkişaf tarixi yenidən işlənmişdir. Prof.S.S.Səmədov ilk dəfə regionun pilləli quruluşunu nəzərə alaraq, burada pillə-sinklinorium, pillə-antiklinorium, mürəkkəb pillə tipli strukturlar ayırmışdır. O, geokimyəvi məlumatlara əsaslanaraq  qumlu, alevrolitli, şistli fasiyaları yuranın neft-qaz daşıyan lay dəstələrinə − kollektorlarına aid etmişdir. O, yeraltı suların hidrokimyəvi və hidrodinamik şəraitini, minerallaşma dərəcəsini, suyun tərkibindəki mikroelementləri nəzərə alaraq yura çöküntülərində neft-qaz yataqlarının olmasını təsdiqləmiş, onların axtarış və kəşfiyyatı üzrə daha səmərəli praktiki tövsiyələr vermişdir. Çoxsaylı elmi məqalələrini prof. S.S.Səmədov neft geologiyasının aktual məsələlərinə həsr etmişdir. O, 1964-cü ildə  Ozeksuat-Suxokumsk rayonlarında “val” tipli strukturun olmasını əsaslandırmış və sonradan geoloji ədəbiyyatda bu struktur Ozeksuat-Suxokumsk valı adını almışdır.

Suraxanı qəsəbəsində neftçi ailəsində anadan olmuş qocaman, müdrik alim prof. S.S.Səmədov sonralar bu barədə yazırdı: “Beləliklə, bir tərəfdən atamın yolunu davam etdirmək istəyi, digər tərəfdən dayım Şəfayət Fərhad oğlu Mehdiyevin təhsilimi ADU-nun Geologiya fakültəsində davam etdirmək məsləhəti məni geologiya sahəsinə gətirdi. Şəfayət müəllim deyirdi ki, geologiya sənəti təbiətlə bağlıdır. Təbiətin qoynunda işləmək isə insana sağlamlıq bəxş edir, qəlbi isə şair qəlbinə çevrilir. Onun yazdığı şeirlər, hekayələr bunu sübut edirdi”. (S.Səmədov. Həyatın səhifələri, 2003).

Prof.S.S.Səmədovun tətbiq etdiyi çat sisteminin öyrənilməsində kəmiyyət üsulu – “izoxazm” geologiya elminin vacib məsələlərindəndir. O, ilk dəfə olaraq geologiyaya “İzoxazm” anlayışını (çatların kəmiyyət ölçülərinin izoxətlərlə verilməsi üsulu) daxil etmişdir. Bu termin 1962-ci ildə informasiya bülleteninə, 1978-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Geologiya İnstitutu tərəfindən dərc olunan geologiya lüğətinə, eyni zamanda, Moskvada dərc olunmuş geologiya lüğətinə Sərdar müəllimin adı ilə daxil edilmişdir. Bu üsul vasitəsilə Azərbaycanın (1961) daha sonra Dağıstanın (1962) izoxazm xəritələri tərtib edilmişdir. Şərqi Qafqaz üçün tərtib edilən bu tip xəritə kosmik üsullarla alınan materiallarla əsaslandırılmışdır. Neft-qaz yataqlarının açılması üçün  izoxazm xəritələrinin praktiki əhəmiyyəti Dağıstana aid yazılan məqalələrdə (1962) öz əksini tapmışdır. İzoxazm xəritələri karbonat tipli kollektorların (təbaşir yaşlı əhəngdaşları) olduğu  Dağıstandakı Selli-Qaşa, şərqi Azərbaycandakı Keşçay-Bəyimdağ və Sovetabad neft-qaz yataqları üçün tətbiq edilmiş, bu sahələrdə əlverişli çatlı zonalar müəyyənləşdirilmiş və bu üsul  praktiki cəhətdən neft-qaz mədənləri şəraitində sınaqdan keçirilmişdir .

Prof.S.S.Səmədov 154-dən çox elmi əsərin, o cümlədən 11 monoqrafiya, dərslik, dərs vəsaiti  və tədris proqramlarının, 120-dən çox məqalə və istehsalat hesabatlarının (24-dən çox) və elmi-kütləvi kitabların müəllifi olmuşdur.O, neft-qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı sahəsində əldə etdiyi nailiyyətləri ilə 20-dən çox beynəlxalq və respublika miqyaslı konqres və konfransların iştirakçısı olaraq Azərbaycan elmini məruzə və məqalələri ilə təmsil etmişdir.

Onun 1993-2003-cü illərdə nəşr olunmuş «Геология нефтяных и газовых месторождений Афганистана», «Нефть и экология западного шельфа Каспийского моря», «Строение и перспективы нефтегазоностности палеоген-миоценевых  отложений западного шельфа Каспия», “Azərbaycanın mezo-kaynozoy çöküntülərinin neftli-qazlı lay suları və yeraltı su ehtiyatlarına neftin ekoloji təhlükəsi”adlı monoqrafiyaları alimin elmi-praktiki və elmi-pedaqoji fəaliyyətinin nəticələrini istər metodik, istərsə də nəzəri cəhətdən özündə cəmləşdirmişdir.

Prof.S.S.Səmədov ömrünün böyük bir həssəsini pedaqoji fəaliyyətə həsr etmişdir.O, keçmiş SSRİ Təhsil Nazirliyinin qərarına əsasən uzun müddət xarici ölkələrdə (Əlcəzair, Əfqanıstan) elmi-pedaqoji fəaliyyət göstərmişdir. Bu məqsədlə o  fransız dilini örənmək üçün 8 ay müddətinə  Leninqrad Universitetinə göndərilmiş, 1971-1974-ci illərdə Əlcəzairdə (Bumerdes) Neft-qaz institutunda kafedra müdiri və professor vəzifəsində çalışmış və geoloji fənləri fransız dilində tədris etmişdir.

Prof. S.S.Səmədov 1977-1979-cu illərdə yenidən xaricdə elmi işlərini və  pedaqoji fəaliyyətini davam etdirmiş, Əfqanıstanda  Kabil Politexnik institutunda neft və qaz kafedrasının müdiri və professor vəzifələrində çalışaraq “Geotektonika”, “Neft-qaz geologiyasının əsasları”, “Dünyanın neftli-qazlı əyalətləri” fənlərindən mühazirələr oxumuşdur.

O, 1985-1992-ci illər ərzində, yəni 7 il müddətində BDU-nun “Ümumi geologiya və hidrogeologiya” kafedrasının müdiri və professor vəzifəsində çalışmış, bu müddətdə kafedranın maddi-texniki bazası möhkəmləndirilmiş, kafedraya AW-II tipli Polşada istehsal olunmuş səyyar mikrolaboratoriya alınmış və kafedranın  nəzdində tədris laboratoriyası açılmışdır.

2003-2011-ci illərdə  prof. S.S.Səmədov “Ümumi geologiya  və hidrogeologiya” kafedrasının 2 müstəqil kafedraya ayrılması nəticəsində yaranmış (2003) “Ümumi geologiya” kafedrasının müdiri vəzifəsində çalışmışdır. Elmi-pedaqoji fəaliyyəti dövründə  Sərdar müəllim onlarla məzunun diplom işinin və magistr dissertasiyalarının elmi rəhbəri olmaqla yanaşı, respublikamız və xarici ölkələr üçün 9-dan çox ixtisaslı kadrlar – elmlər  namizədi hazırlamış, 12 namizədlik və 3 doktorluq dissertasiyasının rəsmi opponenti olmuşdur. O, 2 İxtisaslaşdırılmış müdafiə Şurasının, uzun müddət Azərbaycan Respublikası Təhsil Nazirliyinin Geologiya və Geofizika bölməsi üzrə Metodik Şuranın üzvü olmuşdur.

Sərdar müəllim görkəmli alim, gözəl insan və humanist bir şəxs olmaqla yanaşı, həm də qayğıkeş ailə başçısı idi və övladlarını çox sevərdi. Həyatsevərliyi və müdrikliyi onunla həmsöhbət olanlar üçün çox xoş idi. Sərdar müəllimi tanıyanlar, həmkarları və yetişdirdiyi mütəxəssislər onun xatirəsini həmişə böyük hörmətlə yad edirlər.

Məhluqə Məmmədova,

Bakı Dövlət Universiteti,

dosent, fakültə dekanı,

Sokrat İsayev,

Elmi Tədqiqat Laboratoriyasının

müdiri, professor.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!