Tofiq Hacıyevin 80 illik yubileyi münasibətilə

30/04/2016

Məhəmməd Peyğəmbər (s.a.v.): “Ömrünü elmə sərf edən insan heç vaxt ölmür!”  Doğrudur, ömrünün çox hissəsini elmə həsr edən insanlar - alimlər cismən ölsələr də, ruhən ölmürlər, çünki onların qələmə aldıqları dəyərli elmi əsərlər hər zaman oxunulur, beləliklə, alimlər yaddaşlara əbədi həkk olunurlar. Yaddaşlarda əbədi iz qoyan alimlərimizdən biri də 27 noyabr 2015-ci ildə qəfil ölümü ilə xalqını dərindən sarsıdan, bütöv xarakter və humanist təbiət kimi gözəl xüsusiyyətləri özündə ehtiva edən zəngin mənəviyyatlı insan-Tofiq İsmayıl oğlu Hacıyevdir.Türk dünyasının görkəmli alimi, filologiya üzrə elmlər doktoru, professor, akademik, AMEA-nın həqiqi üzvü, “Şöhrət” ordenli Tofiq Hacıyev Azərbaycan dilçilik salnaməsinin ən böyük simalarından biri, türkologiyanın əvəzolunmaz dilçilərindəndir. Məhsuldar elmi fəaliyyətə malik olan Tofiq Hacıyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında yenilikçi dilçi alim kimi tanınır. Azərbaycan dilçilik elminin inkişafı tarixində akademik Tofiq Hacıyevin xüsusi yeri var.  Bütün ömrünü müqəddəs bir amalın gerçəkləşməsinə həsr edən alimin elmi yaradıcılığında dil tarixi, ortaq türk dili və tərcümə məsələləri ilə bağlı tədqiqatları elmi mahiyyətinə görə mühüm maraq doğurur. Dəyərli elmi əsərlər qələmə alan, mühakimə və təfəkkür zənginliyi ilə seçilən akademikin zəngin və əhatəli yaradıcılığı elmi fəaliyyətinin parlaq nümunələridir.

Akademik 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib. O, 2002-ci il də Türkiyənin Sanatçılar və Yazarlar Vəqfinin 2002-ci il üzrə “Türk dünyasına xidmət” medalına, 2004-cü ilin mayında Qaraman Türk Dili mükafatına, həmin ilin iyulunda isə Atatürk Dil Qurumunun Üstün Hizmət Baratına layiq görülmüşdür. 2009-cu ildə isə “Şöhrət” ordeni ilə təltif olunan akademik T.Hacıyev pedaqoji və elmi fəaliyyətlə yanaşı, respublikamızın ictimai həyatında da fəal iştirak edib. Belə ki, alim 2007-2012-ci illər ərzində Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında Filologiya üzrə Ekspert Şurasının  və 2008-2014-cü illər ərzində isə dilçilik üzrə Əlaqələndirmə Şurasının sədri vəzifəsində fəaliyyət göstərib. Türkoloq Yazıçılar Birliyinin, Dövlət Dil Komissiyasının və Milli Məclisdə Toponimiya Komissiyasının üzvü, eyni zamanda “Türkologiya” və “Dədə Qorqud” məcmuələrinin baş redaktoru olub. 2013-cü ildə AMEA Dilçilik İnstitutuna direktor təyin olunan akademik  2014-cü ildə AMEA-nın həqiqi üzvü seçilib.

Elmi müqəddəs məbəd sayan, geniş tədqiqatçılıq potensialına malik olan görkəmli alim T.Hacıyev çoxsahəli təqdiqatçı kimi tanınır. Elmi fəaliyyətinin zirvələrində olan və filoloji məktəb yaradan Tofiq Hacıyev zəngin və məhsuldar yaradıcılığa malik idi. Onun əsərləri elmiliyi ilə seçilir və dilçilik xəzinəsinin kamil incilərindəndir. Azərbaycan dilçilik elmində ən şərəfli yerlərdən birini tutan və şəxsiyyət mücəssəməsi olan akademik geniş yaradıcılıq qabiliyyətinə malik olub. Təhsilin inkişafında əvəzisz rolu olan T.Hacıyev şərəfli bir tədqiqatçı yolu keçmişdir. Alimin dəyərli kitabları, məqalələri zəhmətinin canlı görüntüləridir. Beynəlxalq konfrans və simpoziumlarda doğma vətənini layiqincə təmsil edərək dəyərli məruzələri ilə çıxış edən alim Azərbaycan elminə böyük töhfələr vermiş, adını xalqının tarixinə yazmış və bütün fəaliyyəti ilə nümunəyə çevrilərək böyük xalq sevgisinə sahib olmuşdur. Onun elmi tədqiqatlarının nəticələri dünyanın bir çox nüfuzlu beynəlxalq elmi jurnallarında çap olunmuş, əsərləri beynəlxalq səviyyədə sanballı elmi mənbə kimi istifadə edilməkdədir. Şəxsiyyətinə daim hörmət olunan, xalqı üçün təmənnasız xidmət edən, analitik təfəkkürə malik fədakar alim Tofiq Hacıyev  “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili” (1977), “Azərbaycan dili tarixi” (1983 – K.Vəliyevlə şərikli), “Azərbaycan ədəbi dili tarixi” (II hissə – 1987), “Azərbaycan dili” (1993 – Z.Budaqova ilə şərikli), “Azərbaycan ədəbi dili tarixi” (1991 – şərikli),  “Azərbaycan ədəbi dilinin tarixi” ( iki hissə-2012), “Füzuli: dil sənətkarlığı” (1994), “Yazıçı dili və ideya-bədii təhlil” (1979), “Satira dili” (1975), “Molla Nəsrəddin”in dili və üslubu” (1983) , “Sabir: qaynaqlar və sələflər” (1980),  “Şeirimiz, nəsrimiz, ədəbi dilimiz” (1990), “Dədə Qorqud: dilimiz, düşüncələrimiz” (1999) və “Dədə Qorqud kitabı: tariximizin ilk yazılı dərsliyi” (2014) “Dədə Qorqud kitabı” (ensiklopedik lüğət – 2004), “Dədə Qorqud dünyası” (2004), “Qorqud ədəbiyyatı” (2004), “Kitabi-Dədə Qorqud” (əsli və sadələşdirilmiş mətn – 2004) “Azərbaycan sovet ədəbiyyatı” (1988) kitab və dərsliklərinin, B.Serebrennikov və N.Hacıyevanın “Türk dillərinin müqayisəli tarixi qrammatikası” (2002), Murad Adcinin “Qıpçaq çölünün yovşanı” (1997) və “Dünya və türk: munis tariximiz” (2006), Mikayıl Bastunun “Şan qızı”dastanı və poetikası” (2005), İbn Mühənnanın “Hilyətül-insan və həlbətül lisan” (İnsanın bəzəyi və dilin sahəsi) (2006) tərcümə əsərlərinin müəllifidir.

Unudulmaz alim - elm fədaisi Tofiq Hacıyevi 27 noyabr  2015-ci ildə, təəssüf ki, itirdik. Tanrı dərgahına qovuşan görkəmli ziyalımız Tofiq Hacıyev  yaşasaydı, bu il yubileyini - 80 illiyini qeyd edecəkdi. Elmi-pedaqoji fəaliyyətinin müdrik çağında qəflətən dünyasını dəyişən alim Azərbaycan xalqının yaddaşında dərin iz qoyub. Ömrünü minlərlə yüksək ixtisaslı elmi-pedaqoji kadrların, alimlərin yetişdirilməsi işinə həsr edən T.Hacıyev müəllim-pedaqoq kimi həmkar və tələbələrinin böyük rəğbətini qazanıb. Görkəmli dilçi-alim, layiqli vətəndaş, ana dilimizin mübariz keşikçisi Tofiq Hacıyev tələbələrə doğmalığı, qayğıkeş münasibəti ilə bəşəri müəllim-ziyalı kimi yaddaşlara həkk olunub. Türkiyəli alim Yavuz Donat, haqlı olaraq, “Hocaların hocası” adlı məqaləsində akademik Tofiq Haciyevlə bağlı xatirələrindən bəhs edərkən Azərbaycanda Tofiq müəllimə “Hocaların hocası”( Müəllimlərin müəllimi) adı ilə xitab olunduğunu vurğulayır. Çoxları üçün əlçatmaz zirvələri fəth etmiş alim ziyalı və humanist insan kimi həmkarlarının, yetirmələrinin qəlbində əbədi məskən salıb. Zəngin elmi-pedaqoji irs qoyub gedən və elmə dəyərli  töhfələr verən görkəmli ziyalımız Tofiq Hacıyev haqqında yazı yazmaq, fikir söyləmək olduqca çətin və məsuliyyətli işdir. Böyük həssaslıqla qələmə aldığım bu məqaləm Tofiq müəllim haqqında düşüncələrimin səmimi ifadəsidir. Təəssüf ki, bu gün Tofiq müəllim aramızda yoxdur. O, cismən aramızda deyil, lakin ruhən qəlbimizdə yaşayır və yaşayacaqdır... Görkəmli ziyalımız akademik Tofiq Hacıyevə Allahdan rəhmət diləyirəm... Ruhunuz şad olsun, Tofiq müəllim...

Vüsalə Ağayeva,

BDU-nun məzunu


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!