Təhsil Nazirliyində kollegiya iclası keçirilib

22/10/2010

Tədbirdə təhsil naziri Misir Mərdanov, maliyyə naziri Samir Şərifov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Nazirlər Kabinetinin şöbə müdiri İsmayıl Sadıqov, ali məktəb rektorları və aidiyyatı nazirliklərin məsul işçiləri iştirak ediblər.
Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov kollegiya iclasında ”Ali təhsildə yeni maliyyələşdirmə mexanizminin tətbiqi ilə bağli mövcud vəziyyət və təkliflər” mövzusunda məruzə-təqdimatla çıxış edib. Təqdimatda yeni maliyyələşdirmə mexanizminin tətbiqi baxımından 2010-2011-ci tədris ilində ali təhsil müəssisələrinə aparılmış qəbulun nəticələrinin ilkin təhlili, qarşıya çıxan problemlər, onların aradan qaldırılması üçün müvafiq tədbirlərin müəyyənləşdirilməsi məsələlərindən söz açılıb.
Mülkiyyət formasından asılı olmayaraq qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə dövlət sifarişinin yerinə yetirilməsində iştirak etmək imkanının verildiyini nəzərə çatdıran Misir Mərdanov ali təhsildə keyfiyyəti təmin etmək, bütün ali təhsil müəssisələri arasında sağlam rəqabət mühiti formalaşdırmaq, dövlət ali təhsil müəssisələrinin əldə etdikləri maliyyə vəsaitlərindən səmərəli istifadəsinə şərait yaratmaq və şəffaflığı təmin etmək, vəsaitlərin ayrılması prosesində subyektiv amilləri aradan qaldırmaq, tələbələrə ali məktəbləri azad seçmək imkanı vermək, dövlət ali təhsil müəssisələrinin maliyyə müstəqilliyini artırmaq baxımından yeni mexanizmin üstün cəhətləri haqqında fikirlərini bildirib. Ali məktəbləri yeni maliyyələşdirmə mexanizminin tətbiqində uğur qazanmaq üçün daha fəal olmağa səsləyən nazir 2010-2011-ci tədris ilində ali təhsil müəssisələrinə aparılmış qəbulun nəticələrinin proqnozlaşdırılan rəqəmlərə uyğun olduğunu, müvafiq göstəricilərin növbəti illərdə yaxşılaşacağına ümid etdiyini vurğulayıb. Təhsil naziri ali məktəblər tərəfindən dövlət sifarişi əsasında təhsil alanlar üçün müəyyənləşdirilmiş məbləğin artırılması, paytaxtdan kənarda yerləşən ali məktəblər üçün dövlət sifarişi ilə müsabiqə balının ayrıca müəyyənləşdirilməsi, dövlət əhəmiyyətli ixtisaslara dövlət sifarişi ilə qəbul zamanı müsabiqə balları müəyyənləşdirilməsinə fərdi yanaşılması, ödənişli əsaslarla qəbul olan məcburi köçkünlərin təhsil haqlarının müvafiq komitə tərəfindən ödənilməsi və digər məsələlərin həllini tapmasının yeni maliyyələşdirmə mexanizminin uğurla həyata keçirilməsinə əlavə təkan verəcəyinə əminliyini ifadə edib.
Mövzu ətrafında çıxış edən maliyyə naziri Samir Şərifov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə və Nazirlər Kabinetinin şöbə müdiri İsmayıl Sadıqov 2010-2011-ci tədris ilində ali təhsil müəssisələrinə aparılmış qəbulun nəticələrinin yeni maliyyələşdirmə mexanizminin tətbiqi baxımından müzakirə edilməsinin mühüm əhəmiyyətindən söz açıblar. Qeyd olunub ki, ayrı-ayrı ixtisaslar üzrə vəsaitlərin müəyyənləşdirilməsi qaydası təkmilləşdirilsin, ali məktəblərə vəsaitlərin səmərəli xərclənməsi baxımından zəruri köməklik göstərilsin, abituriyentlər və tələbələr arasında müvafiq maarifləndirmə işlərinə diqqət artırılsın.
Daha sonra mövzu üzrə müzakirələrə başlanıb. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev və başqaları yeni maliyyələşdirmə mexanizminin tətbiqi vəziyyəti barədə fikirlərini bildirib, bir sıra təkliflərlə çıxış ediblər.

MİA informasiya agentliyi və Təhsil Nazirliyinin saytı, 22 oktyabr 2010-cu il.

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!