“Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair” Memorandum imzalanıb - VİDEO

24/01/2014

Yanvarın 24-də Bakı Dövlət Universiteti ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti arasında “Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair” Memorandum imzalanıb. Sənəd “Azərsu” ASC-nin müvafiq ixtisaslı mütəxəssislərlə təmin olunması, işçilərin peşəkarlığının artırılması, təhsil, elm, istehsalat sahələrində qarşılıqlı maraq doğuran əməkdaşlığı nəzərdə tutur. İmzalanma mərasimində çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov Azərbaycanda ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin milli təhsil sisteminin inkişafına verdiyi töhfələrdən danışıb, bu təhsil ocağında tədrisin keyfiyyətinin artırılması, kadr hazırlığı sahəsində qazanılan uğurlardan bəhs edib. Ölkə rəhbərliyi tərəfindən təhsil və istehsalat müəssisələri arasında əlaqələrin genişləndirilməsinin prioritet elan edildiyini xatırladan rektor “Azərsu” ASC ilə bu sahədə əməkdaşlığı yüksək qiymətləndirib. Deyib ki, son illər əhalinin içməli su təchizatının yaxşılaşdırılması, eləcə də kanalizasiya infrastrukturlarının yenidən qurulması istiqamətində böyük işlər görülür. Bakı Dövlət Universiteti olaraq biz də bu işlərə öz töhfəmizi vermək niyyətindəyik. Universitetimizdə “Azərsu” ASC-nin fəaliyyətinə uyğun bir sıra ixtisaslar vardır və hesab edirəm ki, “Azərsu” ASC ilə əməkdaşlıq elmi və praktiki baxımdan hər iki tərəf üçün faydalı olacaqdır. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində görülən işlər barədə məlumat verərək bildirib ki, Bakı şəhəri və ətraf qəsəbələrdə, ölkənin şəhər və rayon mərkəzlərində, 38 şəhər və rayon mərkəzi, həmçinin 350-ə yaxın kənddə layihələr icra olunur. Bu işlərin keyfiyyətlə yerinə yetirilməsi üçün ixtisaslı kadrlara böyük ehtiyac vardır. “Azərsu” ASC yüksək ixtisaslı kadrların hazırlanmasında Bakı Dövlət Universitetinin imkanlarından maksimum istifadə etmək niyyətindədir. Hesab edirəm ki, “Azərsu” ASC üçün yüksək ixtisaslı kadrların hazırlanmasında universitetin imkanlarından yararlanmaq bizim üçün çox faydalı olacaqdır.. Gələcəkdə universitetin professor və müəllimlərinin köməyi ilə bizim mütəxəssislər üçün treninq, seminar və təlim kurslarının təşkili də planlaşdırılır. Ümid edirəm ki, bu əməkdaşlıq qısa müddətdə öz bəhrəsini verəcəkdir”.

Qeyd edək ki, “Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair” Memoranduma əsasən universitetin hidrologiya, geologiya, ekologiya, biologiya, kimya və digər ixtisasları üzrə təhsil alan tələbə və magistrlar “Azərsu” ASC-nin idarə və müəssisələrində təcrübə keçməklə “Yay məktəbi” proqramına cəlb olunacaqlar. Proqram müddətində təcrübə keçən tələbələr müvəqqəti işlə təmin ediləcəklər. Universiteti müvəffəqiyyətlə başa vuran və təcrübi biliklərə malik məzunlar Səhmdar Cəmiyyətin tələbatına uyğun olaraq müxtəlif idarə və təşkilatlarında işə qəbul ediləcəklər.

Daha sonra “Azərsu” ASC ilə Bakı Dövlət Universiteti arasında “Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair” Memorandumun imzalanması mərasimi keçirilib. Sənədi Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov və “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov imzalayıb.

Sonda qonaqlar universitetin elmi-tədqiqat və elmi-tədris laboratoriyalarında olublar. Onu da bildirək ki, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, eyni zamanda «Universitetin dostu» mükafatına layiq görülüb.

Mətbuat və informasiya şöbəsi, 24 yanvar 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!