SAĞLAMLIQ və GÖZƏLLİK

11/03/2015

Sağlamlıq nədir? Sağlam olmaq nə deməkdir? Bu suallara hər bir insan özünəməxsus şəkildə fikirlər söyləyir, müəyyən cavablar səsləndirirlər. Sağlam olmaq- orqanizmin daim nəzarətdə saxlanılması, istirahət etmək, idman etmək deməkdir. Sağlamlıq və gözəllik  vəhdət təşkil edir,- desəm daha düzgün səslənər. Çünki, sağlam olduqdan sonra insanda müəyyən müsbət dəyişiklər baş verir ki, bu da insan psixikasına şüuraltı təsir göstərir.

Sağlamlıq insanın təkcə şüuraltı ilə bağlı olmayıb, psixologiyası ilə də əlaqədardır. Yəni, sağlamlıq dedikdə insanın yalnız orqanizminin-səhhətinin sağlamlığı yox, mənəvi cəhətdən də sağlamlığı əsas götürülür. İnsan həmişə bədəninin sağlamlığı barədə düşünür, yaxşı yeməklə, təmiz hava almaqla, istirahət etməklə onu qorumağa, vaxtlı-vaxtında yeməyə, doyunca yatmağa çalışır. Bədənimizin hər hansı bir əzası xəstəliyə tutulanda həkimə müraciət edir, müxtəlif dərmanlarla müalicə olunuruq.

Sağlamlıq düzgün qidalanmadan başlayır. Tədqiqat aparan bir qrup alim 100 xəstəlikdən 99-nun rejimsiz qidalanma nəticəsində baş verdiyini bildirir. Digər qrup  alimlər isə xəstəliklərə qarşı mübarizədə ən səmərəli üsulun düzgün qidalanma olduğunu irəli sürürlər.

İnsan bir tək bədəndən ibarət deyil, ruhu, ruhunun qidalandırdığı ağlı, şüuru, vicdanı ilə daha çox mənəvi varlıq olduğundan onun ruhi sağlamlığının qayğısına qalmasına da ciddi ehtiyac vardır.  “ Ruhun gözəlliyi bədənin gözəlliyi qədər asanlıqla görülməz ”,- söyləyib Aristotel.

Atalar “ Bağa baxarsan bağ olar, baxmazsan dağ olar ”, -söyləmişlər. Bu sözün anlamına görə insan ruhunun sağlamlığı barədə düşünməli, onu “dağ” olmağa qoymamalı, güllü-çiçəkli, laləzarlı bir bağçaya çevirməyə çalışmalıdır. Bunun üçün insan ruhunun bəslənilməsinin qeydinə qalmalıdır, şüur insana ona görə verilmişdir. İnsanların da digər canlılardan əsas fərqi məhz bundadır. Şüur vasitəsilə insan düşünür, fikirlər söyləyir. Düşünmək insana danışmaq, yazmaq, oxumaq qabiliyyəti qazandırır. Eyni bir hadisə sağlam ruha malik insanda bir, xəstə ruhlu insanda başqa cür hiss oyadır. Biri ruhunu qoruyur, onu xəstələnməyə qoymadığı halda, digəri isə ona əhəmiyyət verməyərək xəstə ruhla yaşayır.

Məşhur alman filosofu soyləmişdir: “ Nə elm, nə pul, nə də şöhrət sağlamlığın yerini verər. Sağlam olmaq üçün zərərli şeylərdən, xüsusilə, şəhvətdən uzaq durmalıyıq.”  İnsanı insan edən onun ruhu, ruhunu bəsləyən ağlı, şüuru və iradəsidir. Xəstə ruhlu insan yalan danışar, utanmaz, oğurluğu qəhrəmanlıq hesab edər, pis vərdişləri cəsarət zənn edər. Məs: qürur, iftira, yalan, ikiüzlülük, dedi-qodu kimi alışqanlıqlar ruhun xəstəliyindən qidalanır, insan əxlaqını pozur.

Ruhun müalicəsi mümkündürmü?  Əgər mümkündürsə necə etmək lazımdır?,-tipli suallar mütəxəssisləri daim düşündürmüşdü. Ruhun da öz həkimi, öz “dərman”ı vardır. Maddi pisliklər zərərli, onları təmizləmək nə qədər önəmlidirsə, mənəvi pislikləri də təmizləmək o qədər də önəmlidir. Bədən xəstəlikləri müxtəlif dərmanlarla, ruh xəstəlikləri isə mənəvi tərbiyə ilə, mənəvi keyfiyyətləri düşünməklə və onlara əməl etməklə müalicə olunur. Buna görə də, insan güzgüdə özünə baxdığı, toz-torpağı üstündən təmizlədiyi kimi, xəstəliklərdən də qorunmalıdır. Belə olduğu halda insanda mənəvi gözəllik əks olunacaqdır. Mənəvi cəhətdən saf, düzgün olan insan ən gözəl insandır. Amerika filosofu Çarlz Sanders Pirs: “ Sağlamlığın əsasını hərəkət təşkil edir. Hərəkət bütün dərmanları əvəz edə bildiyi halda, hec bir dərman hərəkəti əvəz edə bilməz ”,- deyə qeyd etmişdir.

Gözəllik xarici və daxili olur. Xarici gözəllik mənəvi aləmlə, ruhun gözəlliyi ilə vəhdətdədir. Əgər insan mənəvi, saf, sağlam düşüncəli pisliklərdən uzaq olarsa, onun bu cəhətləri üzündə də əks olunacaqdır. Daxili aləmində insanın müəyyən problemləri, çətinlikləri olarsa, bu da xarici görünüşdə - zahirdə bilinəcək. Yazımı alman filosof və yazıçısı İohann Herderin fikirləri ilə yekunlaşdırmaq istəyirəm: “Gözəlliyin əlavə bəzək-düzəyə ehtiyacı yoxdur, əksinə, bəzək-düzəyin olmaması ona əlavə hüsn gətirir ”.

Fatiməxanım Qasımova,

Sosial elmlər və psixologiya fakültəsinin tələbəsi

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!