Sakit! İmtahan gedir!

12/06/2011

“Sakit! İmtahan gedir” yazılı lövhələrə artıq ölkəmizin bütün ali təhsil məktəblərində rast gəlmək olar. Yay sessiyası başladı! Bunun nə olduğunu çoxumuz yaxşı bilirik: əsəblər son dərəcə gərgin, beyin qaynayır. Yuxusuz gecələr, iştahasızlıq və qorxu hissləri imtahan öncəsi sizi müşayiət edən hisslərdir.

izləmək üçün müasir tələbata müvafiq olaraq keyfiyyətli mütəxəssis hazırlığının təmin edilməsi, Boloniya prosesinin tələblərinə əsasən tələbələrin mənimsəmə səviyyəsinin yüksəldilməsi, biliyin qiymətləndirilməsi sisteminin daha da təkmilləşdirməsi baxımından son illərdə uğurlu nəticələr əldə edən ölkənin ən böyük ali məktəbi olan Bakı Dövlət Universitetinə yollandıq.

Məlum oldu ki, Bakı Dövlət Universitetində iyunun 1-dən 9-na kimin dövlət imtahanları, 3-dən 31-nə qədər isə sessiya keçirilir. Dövlət imtahanında 3 mindən artıq, sessiyada isə orta hesabla 15 mindən çox qiyabi və əyani tələbə iştirak edir. Beləliklə, universitetdə hər gün 2 mindən çox tələbə imtahan verir. Müəllim-koordinatorların nəzarəti ilə keçirilən imtahan başa çatdıqdan sonra tələbələrin cavab blankları kodlaşdırılır və işlər fənni tədris edən müəllim tərəfindən deyil, kafedranın digər müəllimləri tərəfindən yoxlanılır.

İmtahanlar başlamadan öncə - may ayında - universitetin rektoru, akademik Abel Məhərrəmov sonuncu kurs tələbələri ilə ayrı-ayrılıqda görüşlər keçirib, tələbələrin fikirlərini dinləyib, dekan

və kafedra müdirlərinə müvafiq tapşırıqlar verib. Dövlət imtahanının və buraxılış işinin tərəfdarı olduğunu deyən rektor, bu imtahanın qalıq biliyin formalaşdırılması, buraxılış işlərinin isə tələbələrin elmə istiqamətləndirilməsi baxımından önəmini qeyd edib.

Xəyalə Qulamova, Jurnalistika fakültəsinin  IV kurs tələbəsi:

- IV kurs tələbəsi olaraq dövlət imtahanında mən də iştirak etdim və şükürlər olsun ki, müvəffəqiyyətlə başa vurdum. İmtahan çox yüksək səviyyədə baş tutdu. Bizimlə eyni auditoriyada mexanika-riyaziyyat fakültəsinin də tələbələri imtahan verirdilər. İmtahan zamanı tələbələr tərəfindən heç bir qayda pozuntusu qeydə alınmadı, nizam-intizam yaratmaq üçün bizə 4 koordinator nəzarət edirdi, onlar üzərilərinə düşən öhdəliyi lazımınca yerinə yetirdilər. Biz də öz biliklərimizi nümayiş etdirməkdə heç də çətinlik çəkmədik, tez bir zamanda sual kitabçasını doğru şəkildə doldurub koordinatorlara təhvil verdik. Deyə bilərəm ki, imtahanın bu cür şəraitdə keçirilməsində auditoriyada quraşdırılmış nəzarət kamerasının da böyük rolu oldu.

Züleyxa Sadixova, Fizika fakültəsinin I kurs tələbəsi:

- İmtahanlar rahat keçir. Köçürmə hallarına icazə verilmir. Dünən bir qızı köçürmə cəhdinə görə imtahandan xaric etdilər. “Şparqalka” çox az tələbə hazırlayır, çünki onlardan heç bir nə köçürə bilmirlər. Nəzarət çox güclüdür. Ümumilikdə imtahan gedişatı ilə razıyam, sadəcə semestr ərzində keçid balının 25-ə qalxması, fikrimcə, bizim səviyyəmiz üçün çox yüksəkdir. 17 bal olsa daha yaxşı olardı”.


Gülnar Cəbiyeva, Biologiya fakültəsinin IV kurs tələbəsi:

- Dövlət imtahanımız tam şəffaf, obyektiv, müdaxilədən kənar şəkildə başa çatdı. Tələbələrlə görüşündə rektor birmənalı olaraq dekanımıza və kafedra müdirlərinə ciddi tapşırıq vermişdi ki, bizlərlə icmal mühazirələr, məsləhət saatları keçirsinlər və qaranlıq qalan suallara aydınlıq gətirsinlər. Abel müəllimin bizlərlə görüşü, çıxışı zamanı səsləndirdiyi fikirlər biliyimizin obyektiv qiymətləndiriləcəyinə inam yaratmışdı. Bu gün isə tam səmimi deyə bilərəm ki, fikrimizdə yanılmadığımızın şahidi olduq. Qrupumuzda ana olan bəzi tələbələr də var ki, onlar da çox ciddi hazırlaşmışdılar. Dövlət imtahanının tərəfdarıyam. Bu, rektorumuzun da dediyi kimi qalıq biliyimizin formalaşdırılması baxımından olduqca faydalıdır.

Ahmed  Koçak, Filologiya fakültəsinin IV kurs tələbəsi:

- Bir az əvvəl dövlət imtahanında idim. 5 sualdan 4-nü yazdım. Yaxşı hazırlaşmışdım. Nəzarət güclü idi. Heç bir köçürmədən və neqativ hallardan danışmaq olmaz. Özümə inanıram və müvəffəq qiymət alacağıma ümid edirəm.

IV kurs tələbələrinə özlərindən əmin olmaları üçün, bəlkə də 4 il ərzində topladıqları təcrübə kömək edir, bəs sessiya imtahanlarını verən I kurs tələbələri, görəsən, imtahanları

n gedişi haqqında nə düşünürlər?

Mirhəsənli Mirnəsir, Hüquq  fakültəsinın I kurs tələbəsi:

- İmtahanlardan, nəzarətdən çox razıyam. Bilirsiniz, belə olmasa oxuyanı-oxumayandan fərqləndirmək də çətin olar. Bəzən imtahanlarla bağlı xoşagəlməz və həqiqəti əks etdirməyən fikirlərə rast gəlirik. İnanın ki, semestr ərzində davamiyyətində, seminarlara cavabında, fərdi işlərində, kollokviumda problemi olmayan, heç yaxşı da demirəm, orta səviyyədə hazırlaşan tələbə belə imtahanlara hazırlaşıb normal qiymətini ala bilir. Mən yaradılmış belə obyektiv şəraitə görə universitet rəhbərliyinə təşəkkür edirəm.

Təktərəfli rəyin yaranmaması üçün imtahanlara nəzarət edən koordinatorların da fikrini almaq qərarına gəldik.

Umeyra Quliyeva – Baş koordinator. Kimya fakültəsinin baş müəllimi:

- Bu il imtahanlar – istər dövlət, istər sessiya imtahanları çox ürəkaçan səviyyədə keçir. İlk olaraq onu qeyd etməliyəm ki, hər gün imtahanlar başlamazdan əvvəl rektor özü şəxsən tələbələrlə görüşür, tövsiyələrini, tapşırıqlarını verir. Bu vaxta kimi iştirak etdiyim heç bir imtahanda tələbələr tərəfindən qayda pozuntusu ilə rastlaşmamışam. İmtahanın keçirildiyi bütün auditoriyalarda nəzarət kameraları quraşdırılıb. Koordinatorlar tərəfindən tələbələrə çox ciddi nəzarət var. Deyə bilərəm ki, ötən illərdən fərqli olaraq tələbələr imtahanlara çox hazırlıqlı gəlirlər, ildən-ilə bilik səviyyəsinin artdığının şahidi oluruq. İmtahanda qayda pozuntusu baş verərsə və bu koordinatorun nəzərindən qaçarsa, imtahan prosesini kamera vasitəsilə izləyənlər gəlib tələbəni imtahandan uzaqlaşdırıb haqqında akt tərtib edirlər. Onu da qeyd edim ki, rektorun əmrinə əsasən, tələbə dövlət imtahanından kəsilərsə, ona ikinci dəfə imtahan vermək şansı verilir. Amma tələbə köçürər, texniki vasitələrdən istifadə edərsə və bu kimi başqa neqativ hallar baş verərsə o zaman tələbə ikinci dəfə imtahan vermək şansını itirir.  Ümumilikdə imtahanlar universitetimizdə çox yüksək səviyyədə keçir və bundan həm biz razı qalırıq, həm də tələbələr.

Xanlar Bayramzadə – Baş Koordinator. Hüquq fakültəsinin dosenti:

- Ümumilikdə imtahanlar çox normal keçir. Rektor Abel Məhərrəmovun nəzarəti ilə artıq bir neçə ildir tam ciddi koordinatorluq ənənəsi davam edir, bu da əvvəlki illərə nisbətən tələbələrdə imtahan prosesinin gedişatına alışqanlıq yaradır. Onlar artıq köməkçi vasitələrdən, “şparqalka”lardan demək olar ki, istifadə etmirlər. Tələbələrdə öz güclərinə, bilik və bacarıqlarına inam artır. Bəzən elə tələbələr də olur ki, köhnə adət-ənənələrindən əl çəkə bilmir. Rektor hər dəfə öz çıxışlarında tələbələrin real bilik və bacarıqlarına üstünlük verdiyini və onların rahat şəraitdə təhsil almaları, imtahan vermələri üçün hər bir lazımı tədbirləri gördüyünü bildirir. Mən əminəm ki, hər şey daha da yaxşı olacaq və tələbələrimizin hər biri öz biliklərinə tam mənada inana biləcəklər.

Könül Niftəliyeva – Koordinator. Jurnalistika fakültəsi:

Koordinator kimi imtahanların gedişindən razıyam. Tələbələrimizin imtahanlara baxışı ildən-ilə dəyişir. Tələbələrdə yüksək hazırlıq müşahidə edirəm. Beynəlxalq münasibətlər və Geologiya fakültələrinin isə dövlət imtahanlarında nəzarətçilərdən biri də mən idim. Deyə bilərəm ki, Beynəlxalq münasibətlər fakültəsinin tələbələri Geologiya fakültəsinin tələbələrinə nisbətən tam hazırlıqlı gəlmişdilər. İmtahanlar yüksək səviyyədə keçirilir və tələbələrin hazırlıqları, imtahanlara ciddi yanaşmaları müşahidə edilir.

Heybət Heybətov – Koordinator. Şərqşünaslıq fakültəsi:

Bakı Dövlət Universitetində təşkil edilən imtahan prosesindən çox razıyam. Bilirsiniz, biz prosesin içərisində olduğumuzdan ilbəil tələbələrdə təhsilə aran marağı, oxumağa meyli hiss edirik. Bu da əlbəttə ki, bizi çox sevindirir. Digər bir tərəfdən isə bir neçə ildir ki auditoriyalarda qurulmuş kamera nəzarəti sistemi də işimizi xeyli asanlaşdırır. Artıq tələbələr öz məsuliyyətlərini daha yaxşı anlayaraq, köçürmə və buna bənzər hallardan imtina edirlər, bu da çox sevindirici bir haldır.

Beləliklə, Bakı Dövlət Universitetində gedən imtahan prosesinin bir qismini bilavasitə özümüz izlədik. Burada çox şey gördük: ağlayan  da, sevinib gülən də var idi. İmtahan hər zaman stresslə müşahidə olunsa da, hər bir insanın həyatında yaşanılası vacib olan bir andır. Əksinə özünün nəyə qədir olduğunu haradan biləcəksən?!

Lakin imtahan həyəcanını azaltmaq üçün psixoloqlardan aldığımız bir neçə tövsiyəmiz var:

  1. Yuxuya gündə ən azı 8 saat ayırın
  2. Təmiz havada 4 saat gəzin
  3. Gündə bir saat idmanla məşğul olun
  4. Gündə 4 dəfə qidalanın
  5. Bal, qoz, təzə meyvə və tərəvəz rasionunuza daxil edin
  6. Əvvəl dadmadığınız yeməklərdən uzaq olun.
  7. Və ən əsası imtahandan uğurla keçəcəyinizə bütün qəlblə inanın.

 

İmtahanlarınız uğurlu olsun!

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!