Qanlı Yanvar

13/01/2012

1990-cı ilin 20 Yanvar gecəsi Azərbaycan xalqının tarixinə ən faciəli gün kimi daxil oldu. Qanlı Yanvar gecəsində Azərbaycan xalqı azadlıq uğrunda özünün mübarizə əzmini, qəhrəmanlığını, igidliyini bir daha nümayiş etdirdi. Vətənin onlarla igid oğul və qızları həmin gecə şəhidlik zirvəsinə ucaldı. “20 Yanvar gecəsi” Azərbaycan xalqının tarixinə yazılmış qanlı səhifəyə çevrildi. 1988-ci ildən azad, suveren dövlətdə yaşamaq arzusu ilə başlayan Xalq Hərəkatı, müstəqil bir dövlətin elan olunması ilə nəticələnməli idi. 1920-ci ilin aprelində cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrasa da, xalqımız öz ürəyində həmişə müstəqil yaşamaq arzusunu saxlamışdı. Sovet hakimiyyətinin Azərbaycan xalqına qarşı 1937-1938-ci illərdə törətdiyi repressiyalar, 1948-1951-ci illərdə Ermənistandan öz dədə-baba torpaqlarında yaşayan yüz minlərlə insanın deportasiyası və göstərilən digər təzyiqlər xalqın müstəqil yaşamaq arzusunu məhv edə bilməzdi. 90-cı illərin əvvəllərində artıq məlum idi ki, Azərbaycan xalqının müstəqil yaşamaq arzusuna qarşı heç bir qüvvə çıxa bilməz. O vaxt Azərbaycana rəhbərlik edən dövlət başçıları bunu dərk edir, lakin mərkəzdən gələn tapşırıqların qarşısında aciz qalırdı. Hakimiyyətə qarşı duran Xalq Hərəkatının liderləri də mürəkkəb siyasi vəziyyətdə yetərincə baş çıxara bilmirdilər. Xalqın istək və arzusunu susdurmaq üçün Sovet İmperiyası tanklardan, ən müasir silahlardan istifadə etdi. Azərbaycanda heç kəs inana bilməzdi ki, “Qızıl ordu” adlanan sovet ordusu Bakı küçələrində misli görünməmiş vəhşiliklər törədəcək. Amma Sovet İmperiyası Azərbaycanı itirməmək üçün ona fiziki zərbə edibsə də, xalqın mənəvi ruhunu öldürə bilmədi. Bu faciənin günahkarları kimlərdir? Əlbəttə ki, ilk növbədə o zaman SSRİ adlanan nəhəng bir dövlətin mərkəzi komitəsinin katibi M.Qorbaçov və onun Azərbaycandakı əlaltıları idi.
Acınacaqlı haldır ki, 20 Yanvar hadisələrinə həmin dövrün rəhbər şəxsləri hüquqi-siyasi qiymət vermədi. Azərbaycan xalqının tarixində misilsiz xidmətləri olan ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra 1994-cü ilin yanvarın 5-də Prezidentin fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olundu. Azərbaycan Parlamenti geniş müzakirələrdən sonra 1994-cü ilin 24 mart tarixli qərarı ilə 20 Yanvar hadisələrinə öz hüquqi-siyasi qiymətini verdi.
Hər il faciənin ildönümlərində fərman imzalanır, qanlı yanvar günlərində əlil olmuş insanların sosial vəziyyətini yaxşılaşdırmaq üçün onlara verilən müavinətlər artırılır.
Vaxtı ilə ümummilli liderimiz 20 Yanvar günü ərəfəsində keçirdiyi müşavirədə belə demişdi:
“Bizim vəzifəmiz həmin günü sadəcə qeyd etməklə, başqa tədbirlə keçirməklə kifayətlənmək deyil. Biz bu günlər o faciənin yaranma səbəblərini, Azərbaycan xalqına nə qədər zərbə vurduğunu bütün vasitələrlə açmalıyıq... Belə çıxır ki, biz artıq hər şeyi unutduq. Belə ola bilməz. Faciənin ildönümünün qeyd olunmasını mən belə təsəvvür etmirəm. Azərbaycan xalqına vurulan zərbə, edilən təcavüz örtülüb basdırılmışdı. Bu, açılmalar və bunu gələcək nəsillər yox, biz açmalıyıq.”
Bu gün ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilir. Faciənin ildönümlərində sərəncamların verilməsi, tədbirlər planının hazırlanması və buna uyğun olaraq respublikanın bütün şəhər və rayonlarında anım mərasimlərinin keçirilməsi də dediklərimizi təsdiq edir.
Azərbaycan xalqı isə şəhidlərinin ruhunu hər zaman əziz tutur və onların xatirəsini ehtiramla yad edir. 20 Yanvar günündə minlərlə insanın Şəhidlər Xiyabanına üz tutması buna əyani sübutdur. Uşaqdan-böyüyə hər bir insanın içərisində bu faciəni törədənlərə nifrət hissi daha dərinləşir.
Bu illər ərzində imperiya cəlladlarının ürəklərə vurduğu yaralar hələ sağalmayıb, ana və bacıların göz yaşları qurumayıb. Amma 20 Yanvar şəhidlərinin qurban getdikləri amal – Azərbaycanın dövlət müstəqilliyi gerçəyə çevrilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qəbirləri nurla dolsun. Biz həmin gün şəhid verməsəydik, bu gün müstəqil dövlətimizdən danışa bilməzdik. Müstəqilliyimizi bizə qazandıran mərd, igid, ölümün gözünə dik baxan şəhid övladlarımız olub. Nə qədər ki müstəqil Azərbaycan dövləti var və yaşayır, şəhidlərimizin xatirəsi də o qədər yad ediləcək!
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!

Mətbuat və İnformasiya şöbəsi, 13 yanvar 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!