Professor Yusif Seyidov son mənzilə yola salınıb

18/11/2013

Azərbaycan elminə, təhsilinə ağır itki üz verib. Bakı Dövlət Universitetinin kafedra müdiri, Respublika Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, filologiya elmləri doktoru, professor Yusif Mir Əhməd oğlu Seydidov ömrünün 85-ci ilində vəfat edib.

Y.M.Seyidov 1929-cu ildə Naxçıvan MR Şərur rayonunun Yengicə kəndində kəndli ailəsində anadan olmuş,Y.M.Seyidov 1946-cı ildə Naxçıvan Dövlət Müəllimlər İnstitutunun tarix-filologiya, 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin ( indiki BDU) Filologiya fakültəsini bitirmiş və dilçilik ixtisası üzrə aspiranturada saxlanılıb. 1956-cı ildə namizədlik, 1966-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir.1965-ci ildən ömrünün sonuna kimi yaratdığı Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında müəllim, baş müəllim, dosent və professor vəzifəsində işləmiş və kafedraya rəhbərlik etmişdir. YAP-ın üzvü olub.

Azərbaycan klassik dilçiliyinin görkəmli nümayəndəsi Y.M.Seyidov filologiyanın nəzəri və tətbiqi problemlərinə aid 150-dən çox elmi əsərin, o cümlədən 30-dan çox kitabın (monoqrafiya, dərslik və dərs vəsaitlərinin), onlarla publisist qəzet məqaləsinin müəlifidir. Y.M.Seyidov Azərbaycan dilçiliyində, ümumən türkologiyada görkəmli mütəxəssislərdən hesab olunur. Onun elmi- tədqiqat marağı Azərbaycan filologiyasının bir sıra əsas problemlərini əhatə edir, əsərləri elmi-nəzəri səviyyəsi, metodoloji kamilliyi ilə fərqlənir. Onun «Azərbaycan dilində söz birləşmələri» (1966,1992), « Azərbaycan dilinin qrammatikası. Morfologiya» (2002, 2006), «Ey ulu dünya» (2003), «Nəsiminin dili» (1996), «Şairin dərdi» (1996) və s. əsərləri haqqında məqalələr yazılmış və onlar filologiyamızın uğurlu tədqiqatları kimi qiymətləndirilmişdir. Alimin bütün yaradıcılığı 15 cilddə toplanmış və 11 cildi çap olunmuşdur. Y.M.Seyidovun 1978-ci ildən indiyə kimi dəfələrlə nəşr olunan «Azərbaycan dili» dərsliyi ali məktəblərin rus bölmələrində yeganə dərslik kimi istifadə olunur. Y.M.Seyidov

eyni zamanda ümumtəhsil orta məktəblərinin VI,VII,VIII və IX siniflərinə aid «Azərbaycan dili» dərsliklərinin müəlifidir.

Y.M.Seyidov universitetin və respublikanın ictimai həyatında fəal iştirak edirdi. O, 1970-ci illərdə fakültə partiya təşkilatının katibi, universitet partiya komitəsinin üzvü, 1985-2006-cı illərdə universitet metodşurasının, bir neçə il Təhsil Nazirliyi Elmi metodik şurası filologiya bölməsinin sədri olmuşdur. AAK-nın ekspert şurasının sədr müavini kimi fəaliyyət göstərmişdir. Y.M.Seyidov gənc dilçi kadrların və ali məktəb müəllimlərinin yetişməsində böyük əmək sərf etmiş, bir sıra elmlər namizədlərinin elmi rəhbəri, elmlər doktorları və elmlər namizədlərinin dissertasiya müdafiələri üzrə rəsmi opponenti kimi çıxış etmişdir.

Y.M.Seyidov mübariz «Əlincə» xeyriyyə cəmiyyətinin fəal üzvlərindən olmuş, həmin cəmiyyətinin siyasi orqanı olan «Səs» qəzetində, sonralar başqa mətbuat orqanlarında xalqımızın dahi oğlu Heydər Əliyevin siyasi mövqeyi istiqamətində məqalələr çap etdirmişdir. Həmin məqalələrin bir qismi onun «Demokratiyanın uzun yolu» adlı iki cilidlik məcmuəsinə daxil edilmişdir:

«XX-XXI əsrlər - Heydər Əliyev əsrləri», «Dahilik mərtəbəsi», «Heydər Əliyevin dövlətçilik strategiyası», «Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəylik ideyası», «Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» fərmanı işığında», «Milli dilə dövlət qayğısı» və s.

Prezident seçkisi qabağı Y.M.Seyidovun prezidentliyə namizəd hörmətli İlham Əliyev haqqında yazdığı «Sözün hikməti, sözün şöhrəti» məqaləsi ziyalılar arasında böyük rezonans doğurmuşdur.

Y.M.Seyidov ağı qara yazan, dövlətçiliyə qarşı çıxış edən müxalifət mövqelərini müntəzəm olaraq tənqid atəşinə tutub, onların ideya puçluğunu ifşa edib: «Çox vaxt müxalifət qəzetləri həqiqəti bilmədən yazırlar, şər atırlar», «Yenə böhtan», «Öz qövmümüzün başına əngəl- kələfiz biz» və s. məqalələr bu qəbildəndir.

Y.M.Seyidov bütün əmək fəaliyyəti dövründə bir alim və pedaqoq kimi universitet kollektivinin dərin hörmətini qazanmış, müəllim və tələbələrə,

sözün əsil mənasında ziyalı münasibəti bəsləyib, obyektivliyi və şəxsi davranışı ilə fərqlənib. Fəaliyyətinə görə Təhsil Nazirliyinin və Bakı Dövlət Universitetinin rəhbərliyi tərəfindən fəxri fərmanlarla təltif olunub.

Ömrünün 60 ilindən çoxunu Bakı Dövlət Universitetinə həsr etmiş görkəmli alim, ictimai dövlət xadimi Yusif Mir Əhməd oğlu Seyidov ədəbi ictimaiyyətin qəlbində daima yaşayacaqdır!

 

Mətbuat və informasiya şöbəsi, 18 noyabr 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!