Professor Aida İmanquliyevanın 70 illiyi ilə bağlı elmi konfrans keçirilir

08/10/2009

Dünən Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli şərqşünas alimi, professor Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunan “Şərqşünaslığın aktual problemləri” mövzusunda elmi konfrans öz işinə başlayıb. Konfransda Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, təhsil naziri Misir Mərdanov, Milli Məclisin deputatları, nazirlər, dövlət komitələrinin rəhbərləri iştirak ediblər. Tədbirdə çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov A.İmanquliyevanın zəngin elmi fəaliyyətindən, şərqşünaslığın inkişafındakı müstəsna xidmətlərindən danışıb. O bildirib ki, alimin əsərləri dünya şərqşünaslığı xəzinəsinə daxil olan çox dəyərli araşdırmalardır. A.Məhərrəmov deyib ki, konfrans öz işini dörd bölmə iclasında davam etdirəcək. İclaslarda 100-dən çox maraqlı məruzə dinləniləcək. Akademik Vasim Məmmədəliyev bildirib ki, Aida İmanquliyeva nisbətən qısa ömür sürməsinə baxmayaraq, özündən sonra zəngin elmi irs qoyub gedib. Fundamental tədqiqatları ilə təkcə Azərbaycan və keçmiş sovet şərqşünaslığını deyil, eyni zamanda dünya şərqşünaslığını zənginləşdirib: “Rusiyada, Ukraynada, Almaniyada, İngiltərədə, Fransada, Özbəkistanda, Gürcüstanda, bir çox ərəb ölkələrində yaxşı tanınan, rəyi ilə hesablaşılan, əsərlərinə tez-tez istinad edilən Aida xanım İmanquliyeva yeni və müasir ərəb ədəbiyyatının ən nüfuzlu, ən fundamental tədqiqatçılarından biri kimi şərqşünaslıq tarixinə əbədi daxil olan azsaylı mütəxəssislərdəndir. Onun ərəb məhcər ədəbiyyatının görkəmli nümayəndələrinin həyat və yaradıcılığına həsr etdiyi tədqiqatlar öz orijinallığını, zənginliyini, nəzəri dərinliyini, konseptuallığını daim qoruyub saxlayan, buna görə də mütəxəssislərin stolüstü kitablarına çevrilən əsərlərdir”. Milli Məclisin deputatı, Şərqşünaslıq İnstitutunun rəhbəri Gövhər Baxşəliyevanın sözlərinə görə, A.İmanquliyevanın əsərləri dünya şərqşünaslığının qazandığı uğurlar səviyyəsindədir və indi də elmi əhəmiyyətini itirməyib: “Aida İmanquliyevanın tədqiq etdiyi Suriya-Amerika ədəbi məktəbi məhz Şərq ilə Qərb ədəbi fikrinin sintezindən ibarət hadisədir. Qısa ömrünün yarısını Azərbaycan elminin inkişafına, ölkə şərqşünaslığının elmi təşkilinə həsr etmiş, üç sanballı monoqrafiyanın, 70-dən artıq elmi məqalənin müəllifi olan A.İmanquliyeva müxtəlif nüfuzlu beynəlxalq konfranslarda şərqşünaslıq elmimizi ləyaqətlə təmsil edib”.Konfransın təşkilatçılarına ailələri adından təşəkkürünü bildirən M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor Nərgiz Paşayeva isə deyib ki, belə bir tədbirin keçirilməsi, ümumilikdə, Azərbaycan elminə verilən qiymətin göstəricisidir. Onun dediyinə görə, müasir tələbələr A.İmanquliyevanı görə bilməsələr də, onun yazdığı elmi kitabları, əsərləri oxumaqla Azərbaycanın elm, mədəniyyət, təfəkkür tarixində yeri olan belə əvəzsiz alim haqqında geniş məlumat əldə edə biləcəklər. Gələcək nəsillər, xüsusilə də şərqşünaslıq elmi ilə məşğul olan hər bir tədqiqatçı A.İmanquliyevanın zəngin elmi irsindən istifadə edəcək və onun əsl alim kimi keçdiyi şərəfli ömür yolunu yenidən öyrənəcək: “Şərq ədəbiyyatı ilə məşğul olmaq insandan böyük duyum, hissiyyat tələb edir. Şərq elminin sirlərinə bələd olmaq istəyən hər bir alimdə, tədqiqatçıda həssas ürək olmalıdır. Aidə xanım da belə bir ürək sahibi idi. O, Şərqin böyük mütəfəkkirlərini bir alim kimi təkcə tədqiq etmirdi, həm də onları yaxından duyurdu”. Sonra konfrans işini bölmə iclasları ilə davam etdirib.

“Respublika”, “Yeni Azərbaycan”, “525-ci qəzet”, 08 oktyabr 2009-cu il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!