PAKT proqramı elmi-tədqiqat işləri aparılması sahəsində təcrübəni genişləndirəcək

17/10/2014

Respublikamızın ən böyük və qocaman ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetində beynəlxalq təhsil sisteminə inteqrasiya prioritet məsələlərdən biridir. Beynəlxalq miqyasda həyata keçirilən nüfuzlu proqram və layihələr bu məramın gerçəkləşdirilməsi üçün böyük imkanlar açır.

BDU Avropa Komissiyasının həyata keçirdiyi təhsil proqramları çərçivəsində bir çox layihələrdə iştirak edib və etməkdədir. Onlardan biri də BDU-nun TEMPUS proqramı çərçivəsində qoşulduğu PAKT (ingiliscə: PACT - Project Actors Capacity Training in Caucasus) layihəsidir. PAKT-ın əsas hədəfi Cənubi Qafqaz universitetlərində elmi-tədqiqat işləri və ali təhsil müəssisələri üzrə sosial-ictimai xarakterli araşdırmalar aparmaq məqsədilə layihə yazılması sahəsində vəziyyəti yaxşılaşdırmaqdır. Bundan əlavə, layihə həm də mövcud təcrübəni genişləndirmək və dünyanın aparıcı universitetlərində qəbul olunmuş müasir standartları Qafqaz bölgəsinin qabaqcıl ali təhsil müəssisələrində tətbiq etmək məqsədi daşıyır. Layihədə doqquz Cənubi Qafqaz universiteti iştirak edir. Ehtimal olunur ki, iş prosesində bu universitetlərdə müvafiq sahə üzrə əlaqələrin yaranması və inkişafı bütün tərəfdaşların qlobal təhsil məkanına uğurlu inteqrasiyasına güclü təkan verə bilər. Ölkəmizi bu layihədə ancaq iki universitet – Bakı Dövlət Universiteti və Xəzər Universiteti təmsil edir.

PAKT proqramının BDU üzrə koordinatoru, dosent Təranə Mahmudovanın saytımıza verdiyi aşıqkamaya görə, bu layihənin mərhələlərindən biri də Cənubi Qafqaz universitetlərində gənc tədqiqatçı, müəllim, doktorant və magistrantlar üçün treninqlərin təşkil olunmasıdır. İlkin mərhələdə hər iştirakçı universitet öz müəllim və tədqiqatçıları üçün sınaq xarakterli təlimlər keçirəcək. Sonrakı mərhələlərdə isə bu treninqlər respublikanın müxtəlif universitetlərindən seçilmiş nümayəndələr üçün təçkil olunacaq. Onlara elmi-tədqiqat işləri aparmaq, layihə yazmaq sahəsində yeni, beynəlxalq standartlar öyrədiləcək.  Treninqlər layihədə iştirak edən universitetlərin nümayəndələri tərəfindən keçiriləcək, avropalı tərəfdaşlar isə ekspert qismində iştirak edəcək, bu sahədə toplanmış bilk və bacarıqları qafqazlı həmkarları ilə bölüşəcəklər. Layihənin nəticələrindən magistratura, doktorantura pilləsində təhsil alanlar, eləcə də gənc müəllim və tədqiqatçılar bəhrələnə bilərlər.

T.Mahmudovanın sözlərinə görə, layihənin nəticəsi kimi praktik vəsaitin (stolüstü kitab) hazırlanması planlaşdırılır. Buraya elmi-tədqiqat işlərinin aparılması, eləcə də universitetlərin sosial-ictimai həyatı (mədəni proqramlar, xeyriyyə tədbirləri və s.) ilə bağlı təşəbbüslərin həyata keçirilməsi məqsədilə layihələr yazılması sahəsində toplanmış bilik və təcrübə daxil ediləcək. Proqram çərçivəsində həmçinin saytın, eləcə də iştirakçıların, təlimçilərin və bütün maraqlı şəxslərin kommunikasiyası üçün düşünülmüş platformun hazırlanması da nəzərdə tutulur.

Mətbuat və İnformasiya şöbəsi, 17 oktyabr 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!