Nobel mükafatı laureatı Con Polani BDU-nun Nanoaraşdırmalar mərkəzində mühazirə oxuyub

07/03/2016

Bu gün Kanadanın Toronto universitetinin professoru, kimya üzrə Nobel mükafatı laureatı Con Polani Bakı Dövlət Universitetində olub.  Rektor akademik Abel Məhərrəmovla görüşdə BDU-da elmin müxtəlif istiqamətləri, o cümlədən nanotexnologiyalar və innovasiyalar sahəsində aparılan işlər müzakirə edilib, «Kiçik zərrəciklər kimyası və fizikası» adlı beynəlxalq elmi jurnalın hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb. Akademik Abel Məhərrəmov azərbaycanlı alimlərin ABŞ, Avropa və nanotexnologiya sahəsində inkişaf etmiş  digər ölkələrin elm xadimlərinin bu sahədəki  təcrübələrindən yararlandıqlarını diqqətə çatdırıb və Con Polaninin universitetin Nanoaraşdırmalar mərkəzində çıxış etmək arzusunu yüksək qiymətləndirib.

Qarşılıqlı maraq doğuran görüş BDU-nun  Nanoaraşdırmalar mərkəzində kimya və fizika fakültəsinin professor-müəllim heyəti, magistr və tələbələrinin iştirakı ilə davam edib. Rektor Abel Məhərrəmov bildirib ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2005-ci ildə Rumıniyaya rəsmi səfəri çərçivəsində imzalanmış əməkdaşlıq haqqında müqaviləyə əsasən 10 il bundan əvvəl yaradılan mərkəzdə ötən illər ərzində 10-dək nobel mükafatı laureatının, o cümlədən dünyanın tanınmış alimlərinin mühazirələri dinlənilib. Kimya üzrə nobel mükafatı laureatı Con Polani həmin ənənənin davamı olaraq univesitetin qonağıdır. Sonra rektor alim haqqında ətraflı  məlumat verib, həyatı və elmi fəaliyyətinin əsas məqamları, layiq görüldüyü mükafatlar barədə danışıb.

Nobel mükafatı laureatı Con Polani universitetdə nanotexnologiya sahəsində aparılan araşdırmalar, digər elmi-tədqiqat işləri, kadr hazırlığı ilə  maraqlanıb və bu sahədə reallaşdırılan işləri yüksək qiymətləndirərək tədqiqat işlərinin elm tutumlu istehsal sahələri ilə əlaqələr qurulması istiqamətində tövsiyələrini verib. Sonra professor Con Polani universitetin professor-müəllim heyəti üçün “Səthdə reaksiyaların getməsində molekulyar rəqslərin rolu” barədə məruzə ilə çıxış edib, alim və tələbələrin suallarını cavablandırıb.

Nanoaraşdırmalar mərkəzinin müdiri, professor Məmmədəli Ramazanov 10 il ərzində bu sahədə görülən işlər, əldə edilən nailiyyətlər haqqında məlumat verib və fəaliyyəti dövründə ümumilikdə 7,5 milyon ABŞ dolları məbləğində beynəlxalq qrant layihələrini həyata keçirdiyini bildirib. O da məlum olub ki, mərkəz universitetin təbiət fakültələrində bu sahədə aparılan elmi tədqiqatların əlaqələndirilməsi, intensivləşdirilməsi və genişləndirilməsi işində xüsusi xidmət göstərir. Qarşlıqlı müzakirələr əsasında nobelçi Con Polani və  nanoaraşdırmalar laboratoriyasının əməkdaşları əlaqələrin inkişafı, o cümlədən gələcək perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Sonda Nobel mükafatı laureatı Con Polaniyə «BDU-nun Fəxri qonağı» diplomu  təqdim edilib.

Mətbuat və informasiya şöbəsi, 07 mart 2016-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!