“İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu” mövzusunda Dəyirmi masa işini uğurla başa vurub

08/10/2014

3 oktyabr 2014-cü il tarixində Hilton hotelinin Lazurit zalında IV Bakı Beynəlxalq Humanitar Forumunun Bakı Dövlət Universiteti tərəfindən təşkil edilən “İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu” mövzusunda Dəyirmi masası keçirilib. Dəyirmi masa Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun ümumi moderatorluğu ilə həyata keçirilib. İclası açan rektor Forumun və Dəyirmi masanın əhəmiyyətindən danışıb. Bildirib ki, 23 il bundan əvvəl müstəqilliyini bərpa etmiş Azərbaycan bu gün sürətlə inkişaf edir. Avropa məkanına inteqrasiya, demokratik dəyərlərin inkişafı, tolerantlıq müstəqil Azərbaycan Respublikasının həyata keçirdiyi siyasətin əsasını təşkil edir. Ümummilli lider Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində ölkəmizin nüfuzu beynəlxalq aləmdə durmadan artır. Dünyanın bir sıra nüfuzlu təşkilatlarının bərabərhüquqlu üzvü olan Azərbaycanın dinamik inkişafı, bəşəri dəyərlərə sadiqliyi, beynəlxalq aləmdə ölkəmizə marağı gündən-günə artırır. Artıq Azərbaycan qlobal layihələrdə iştirakına və siyasi gedişlərinə görə çağdaş dünyanın önəmli üzvünə çevrilib. Rektor qeyd edib ki, bu gün Azərbaycan və onun paytaxtı Bakı dünyada humanitar mərkəz, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanınır. Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər gənc Azərbaycan dövlətinin dünyada artan nüfuzunu təsdiq edən mühüm amillərdir. 2015-ci ildə Azərbaycanda birinci Avropa Oyunları keçiriləcək. Hesab edirik ki, Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə Azərbaycan öz inkişaf səviyyəsini, yüksək potensialını bütün dünyaya bir daha təqdim edəcək.

“XXI əsr: ümidlər, çağırışlar” devizi altında keçirilən Bakı Beynəlxalq Humanitar Forumunun Rusiya və Azərbaycan Prezidentlərinin təşəbbüsü ilə 2011-ci ildə təsis olunduğunu, 2011-ci ildə birinci, 2012-ci ildə ikinci, 2013-cü ildə III Forum keçirildiyini bildirən rektor, bu forumlarda tanınmış dövlət xadimlərinin, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarının, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrinin iştirak etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, əvvəlki forumlarda bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri aparılıb, beynəlxalq miqyasda həlli zəruri olan aktual problemlər müzakirə edilərək müvafiq qərarlar və Bəyannamələr qəbul edilib. Nəticədə qloballaşan dünyanın reallıqları nəzərə alınmaqla humanitar aspektdə XXI əsrin ümid və çağırışlarının müəyyən edilməsi və bu sahədə sürətli inkişafa nail olunması baxımından çox böyük missiya yerinə yetirilib. Daha sonra rektor qeyd edib ki, texnoloji inkişafın mədəni və tarixi ölçüləri yoxdur və o, cəmiyyət qarşısında yeni çağırışlar müəyyən edir. Biz bu çağırışlara cavab vermək, dəyişikliklərə uyğunlaşmaq üçün bir-birimizlə daha yaxın və mehriban münasibətlər qurmalıyıq. Biz çıxış yolunu birgə fəaliyyətdə görürük və çalışmalıyıq ki, qarşılıqlı anlaşma meylləri güclənsin, dini, milli zəmində qarşıdurmalara yol verilməsin. Bu gün müsbət meylləri gücləndirmək üçün beynəlxalq əməkdaşlığa böyük ehtiyac vardır. Azərbaycanın əlverişli coğrafi mövqeyindən və çoxmədəniyyətlilik ənənələrindən yararlanaraq beynəlxalq təqvimdə artıq öz yerini tutmuş Bakı Beynəlxalq Humanitar Forumu dünyada ən mühüm dialoq mərkəzlərindən birinə çevrilib. Əminəm ki, beynəlxalq mədəniyyət tarixində möhtəşəm hadisə hesab edilən bu Forumda da faydalı müzakirələr aparacaq, təcrübələrimizi bölüşəcək, birgə çıxış yolları arayacağıq.

Qeyd etmək lazımdır ki, I Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Dünyanı dəyişdirən müasir texnologiyalar”, II Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar” və III Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Elmi innovasiyalar və onların təhsil mühitinə transferi” adlı Dəyirmi masalar da Bakı Dövlət Universiteti tərəfindən təşkil edilmiş və yüksək səviyyədə həyata keçirilib.

IV Bakı Beynəlxalq Humanitar Forumunun Bakı Dövlət Universiteti tərəfindən təşkil edilən “İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu” mövzusunda keçirilən dəyirmi masasında 14 ölkədən 20 nümayəndə, o cümlədən Bakı Dövlət Universitetindən 50 nəfər iştirak edir. Qonaqlar arasında Nobel Mükafatı Laureatları, universitet rektorları, prorektorlar, akademiya prezidentləri, institut direktorları, akademiklər, professorlar, dosentlər, nazirlər, agentlik sədrləri, şirkət rəhbərləri, media nümayəndələri var.

Dəyirmi masa öz işinə Bakı Dövlət Universitetinin yaradılmasının minillik tarixi köklərini, Azərbaycanda maarifçilik, elm, təhsil və ictimai fikrin formalaşmasının qaynaqlarını əks etdirən ingilis dilində filmin nümayişi ilə başlayıb. Sonra Dəyirmi masa “Təhsil mühitində fənlərarası inteqrasiyanın metodoloji problemləri”, “Fənlərarası inteqrasiya və fundamental və təbiət elmləri sahəsində innovasiyalar”, “Fənlərarası inteqrasiya humanitar və sosial elmlər sahəsində innovasiyaların tətbiqi vasitəsi kimi” mövzularında bölmə iclasları ilə davam edib.

Dəyirmi masanın “Təhsil mühitində fənlərarası inteqrasiyanın metodoloji problemləri” adlanan birinci bölmə iclası Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun moderatorluğu, Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin müdiri, professor Eden Mamut və Rio de Janeyro Federal Universitetinin rektoru, professor Levi Karlos Antonionun həmmoderatorluğu ilə işə başlayıb. Bölmə iclasında ilkin olaraq kimya üzrə Nobel Mükafatı Laureatı, Vaysman İnstitunun professoru, Kimmelman adına Biomolekulyar Quruluşların Tədqiqi Mərkəzinin direktoru Ada Yonat “Bəşəriyyətin davamlı inkişafını müdafiə edərək biz gələcəyə doğru necə hərəkət edirik” mövzusunda məruzə ilə çıxış edərək insan orqanizmi üçün vacib olan proteinlərdən, antibiotiklərin xarakterindən məlumat verdi. İnsanın uzunömürlülüyü barədə danışan alim müasir tibb elminin inkişafı nəticəsində bir çox xəstəliklərlə mübarizədə uğurların qazanıldığını qeyd edib. O, həmçinin genetik kodun müəyyən vaxt daxilində dəyişməsi istiqamətində ciddi araşdırmaların aparıldığını vurğulayıb. Daha sonra dəyirmi masada Bakı Dövlət Universitetinin rektoru, akademik Məhərrəmov Abel Məmmədəli oğlunun “Təhsil mühitində fənlərarası inteqrasiya zamanın tələbidir”, Sankt-Peterburq Dövlət Universitetinin Kimya İnstitutunun direktoru, professor Balova İrina Anatolyevnanın “ Tədqiqat və təhsilin fənlərarası inteqrasiyasında Sankt Peterburq Universitetinin təcrübəsi”, BDU-nun Hesablama riyaziyyatı kafedrasının müdiri, professor Mehdiyeva Qalina Yuryevnanın “Müasir fənlərarası inteqrasiyanın paradiqması və təbii-elmi tədqiqat üsulları”, BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Əlizadə Hikmət Əbdül oğlu və Pedaqogika kafedrasının dosenti Mahmudova Rəhimə Mahmud qızının “Azərbaycanda ali təhsilin metodoloji məsələləri: innovasiyaların tətbiqi, problemlər və vəzifələr”, Dağıstan Dövlət Universitetinin dosenti Bağırova İlhamə Əziz qızının “Təhsil mühitində fənlərarası inteqrasiyanın metodoloji prinsirləri” mövzularında məruzələri dinlənilib.

Dəyirmi masanın “Fənlərarası inteqrasiya və fundamental və təbiət elmləri sahəsində innovasiyalar” adlı ikinci bölmə iclası ABŞ-ın Santa Barbarada Kaliforniya Universitetinin F.Kavli adına Nəzəri Fizika İnstitutu professoru, Fizika üzrə Nobel Mükafatı Laureatı Deyvid Conatan Qrossun moderatorluğu, Kimya üzrə Nobel Mükafatı Laureatı, Vaysman İnstitunun professoru, Kimmelman adına Biomolekulyar Quruluşların Tədqiqi Mərkəzinin direktoru Ada Yonat  və Tirana Politexnik Universitetinin rektoru, professor Yorqaq Kaçaninin ko-moderatorluğu ilə işini davam etdirib. Bu bölmə öz işinə Fizika üzrə Nobel Mükafatı Laureatı, Santa Barbarada Kaliforniya Universitetinin F.Kavli adına Nəzəri Fizika İnstitutunun professoru Deyvid Conatan Qrossun məruzəsi ilə başlayıb. Daha sonra AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşı, akademik Quliyev Hətəm Hidayət oğlunun “Yer haqqında elmlərin bəzi fundamental multidissiplinar problemləri”, Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin müdiri, professor Eden Mamutun  “İnteqrativ təlimdən dağıdıcı ekoinnovativ texnologiyalara: nanoörtüklü duzların tədqiqi”, BDU-nun Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri, professor Ramazanov Məhəmmədəli Əhməd oğlunun “Nanotexnologiyanın fənlərarası inteqrasiya və innovasiyalarda rolu”, Köln UniversitetininTədbiqi Elmlər  professoru, Azərbaycan üzrə TEMPUS layihəsinin koordinatoru Reza Talebi-Daryaninin “Məntiqi Fuzzi idarəetmə sistemli yanacaq elementlərinin və qaz qızdırıcı sistemlərinin inteqrasiya və istifadəsi binalarda enerji təchizatının yeni inteqrativ və innovativ texnologiyası kimi”, BDU-nun Qafqaz xalqları tarixi kafedrasının müdiri, professor Hüseynova İradə Mehtiqulu qızının “Elm və təhsil tədqiqatlarında fənlərarası yanaşma müasirliyin vacib və aktual şərtidir” və BDU-nun Biologiya fakültəsinin professoru Axundova Ellada Mirəli qızının  “Fənlərarası inteqrasiya: klassik genetikadan gen mühəndisliyinə qədər” mövzularında məruzələri dinlənilib.

Dəyirmi masa öz işini “Fənlərarası inteqrasiya humanitar və sosial elmlər sahəsində innovasiyaların tətbiqi vasitəsi kimi”adlanan üçüncü bölmə ilə davam etdirib. Bölmənin moderatoru Fizika üzrə Nobel mükafatı laureatı Teodor Volfanq Henş (Almaniya), ko-moderatorlar Bolqarıstan Elmlər Akademiyasının prezidenti, akademik Stefan Vodeniçarov və Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva olub. Bu bölmə öz işinə Fizika üzrə Nobel Mükafatı Laureatı, Almaniyanın Maks Plank adına Kvant Optikası İnstitutunun professoru Teodor Volfang Henşin “Lazer tezlik darağı fənlərarası innovasiyaların aləti kimi” mövzusunda məruzəsi ilə başlayıb. Daha sonra Rio de Janeyro Federal Universitetinin rektoru, professor Levi Karlos Antonio “İnnovativ inkişaf üçün fənlərarası inteqrasiyada universitetlərin rolu”, BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasının müdiri, professor Əliyeva Kamilə Ramiz qızı “Təhsildə fənlərarası inteqrasiyanın problemləri haqqında”, Rumıniya Qabaqcıl Strategiyalar Mərkəzinin direktoru Razvan Buzati “Dəyişən dünyada qlobal biliklərə əsaslanan cəmiyyətin qurulması”, BDU-nun Psixologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Əliyev Bəxtiyar Həmzə oğlu “İnsan kapitalının formalaşmasının fənlərarası tədqiqi”, BDU-nun Tarix fakültəsinin dekanı, dosent Rzayev Azad Əhməd oğlu “Tarix fənninin tədrisində innovativ və fənlərarası yanaşmalar” və BDU-nun Beynəlxaq ümumi hüquq kafedrasının müdiri, professor Məmmədov Rüstəm Fəxrəddin oğlu “Bakı Dövlət Universitetində XXI əsr hüquqşünaslarının hazırlanması və formalaşdırılması prosesində fənlərarası texnologiyaların inteqrasiya və tətbiqi məsələləri” mövzularında məruzələrlə çıxış ediblər.

Məruzəçilər ilk növbədə tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, qloballaşan dünyada elmin, təhsilin inkişafı ilə yanaşı fənlərarası inteqrasiyanın da inkişafı aktualdır. Bakıda belə bir tədbirin çox yüksək səviyyədə təşkili bir daha sübut edir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu sahəyə xüsusi diqqət və qayğı göstərir. Bildirilib ki, bizim dünya haqqında fikirlərimiz müasir elm istiqamətlərinin formalaşması zamanı yaranır. Elmin inkişafı yeni məlumatların toplanması nəticəsində formalaşır və elmdə böyük dəyişikliklər elmi inqilablar zamanı baş verir. Bu inqilablar zamanı tədqiqat üsulları nəzərdən keçirilir və elmin yeni paradiqmasına keçid ilk öncə biliklərin differensiyası – çoxşaxələndirilməsi və inteqrasiyalar ilə bağlıdır. Çoxşaxələndirmə elmin çox önəmli istiqamətidir və onun məqsədi müxtəlif proseslərin bilik sahəsində özünü müəyyənləşdirməsindən ibarətdir. Bu tədqiqatlar nəticəsində ayrıca fənlər, fənlərarası əlaqələr yaranır və bunlar da elmin ayrıca istiqamətinə çevrilə bilər. Təkamül prosesini başa düşmək üçün fənlərarası əlaqələr vacibdir.

İclasın sonunda yekun müzakirələr keçirilmiş və Forumun Bəyannamə layihəsi müzakirə edilib, Yekun müzakirədə çıxış edənlər, Tirana Politexnik Universitetinin rektoru, professor Yorqaq Kaçani, Tacikistan Milli Universitetinin rektoru Maxmayusuf İmanov, BDU-nun kafedra müdiri, professor İzzət Rüstəmov və digərləri belə bir mötəbər tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan dövlətinin başçısına, dəyirmi masanın təşkilinə görə BDU-nun rektoruna və əməkdaşlarına minnətdarlıq ediblər. Çıxışlarda bildirilib ki, Forumun keçirilməsi müasir təhsilin inkişaf etdirilməsinə, bu sahədə birgə kadrların hazırlanmasına, yeni layihələrin tətbiqinə, ölkələr arasında elm və təhsil sahəsində əlaqələrin genişləndirilməsinə xidmət edir. Artıq dördüncü dəfə keçirilən Forum bir daha təsdiq edir ki, təhsilin müasirləşməsi və inkişaf etdirilməsi Azərbaycan hökumətinin əsas prioritet istiqamətlərindən biridir. Dəyirmi masa iştirakçıları yekdilliklə Bəyannamə layihəsinin əsas kimi qəbul edilməsinə tərəfdar olduqlarını bildiriblər.

IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Bolqarıstan Elmlər Akademiyasının prezidenti, akademik Stefan Vodeniçarovun, Almaniyanın Max Plank Xarici və Beynəlxalq Cinayət Hüququ İnstitutunun direktoru, professor Hans-Yorq Albertxin, Koreya Hankuk Xarici Dillər Universitetinin Prezidenti Kim İn Chulun, Vyetnamın sabiq elm və texnologiya nazirinin müavini, BDU-nun məzunu Ngihem Vu Khainin rəhbərlik etdikləri nümayəndə heyətləri və  Sankt-Peterburq Dövlət Universitetinin Kimya İnstitutunun direktoru, professor Balova İrina Anatolyevna Bakı Dövlət Universitetində olublar. Qonaqlara məlumat verən rektor BDU-nun son illərdə əldə etdiyi uğurlar, yeni elmi-tədqiqat mərkəzləri, müasir laboratoriyalar haqqında danışıb, beynəlxalq əlaqələr haqqında məlumat verib, alimlərin tədqiqat əsərlərinin dünyanın aparıcı jurnallarında çap olunması və digər uğurların BDU-nun dünya universitetlərinin reytinq cədvəlində xeyli irəliləməsi ilə nəticələndiyini qeyd edib. Qonaqlar universitetin elmi-tədqiqat və tədris laboratoriyalarında olublar və əməkdaşlıq məsələləri müzakirə edilib.

Forum çərçivəsində Bakı Dövlət Universiteti ilə Bolqarıstan Elmlər Akademiyası, Ukrayna Prezidenti yanında Dövlət İdarəçiliyi Milli Akademiyası, İordaniya Universiteti, Tacikistan Milli Universiteti, Rio-de Janeyro Federal Universiteti, Koreya Hankuk Xarici Dillər Universiteti və Almaniyanın Max Plank Xarici və Beynəlxalq Cinayət Hüququ İnstitutu arasında əməkdaşlıq müqavilələri və anlaşma memorandumları imzalanıb. Memorandumlarda tədqiqatçı, doktorant və magistrantların mübadiləsi, birgə layihələr üzərində elmi araşdırmalar aparılması, alimlərin və müəllimlərin ixtisaslarını artırma məqsədi ilə təcrübə mübadiləsi, birgə seminar və konfransların təşkili, dərslik, monoqrafiya və dərsliklərin birgə nəşri və qarşılıqlı maraq doğuran layihə və proqramlarda birgə iştirak nəzərdə tutulur. Tərəflər müqavilənin işlək olacağına və universitetlərə fayda gətirəcəyinə əminliklərini ifadə ediblər.

Prorektor, professor Aydın Kazımzadə

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!