Nanotexnologiyanin Təhsil Mühitinə Transferi

15/09/2014

Yüksək və inkişaf etmiş iqtisadiyyatı qurmağa müvəffəq olan ölkələrin təcrübəsində elmi innovasiyaların tətbiqi mühüm strateji xətti təşkil edir. Təkcə bu faktı qeyd etmək yetərlidir ki, nanotexnologiyalar sahəsinə son 5-6 ildə dünya üzrə 100 milyard dollar vəsait ayrılmışdırsa, indi bu rəqəm 800 milyard dollara proqnozlaşdırılıb. Sahəyə yatırılan sərmayələrin getdikcə artacağını təsdiqləyən mütəxəssislər nanotexnologiyalar üzrə aparılan tədqiqatların genişlənəcəyini qeyd edirlər. Bu baxımdan, nanotexnologiyalar, informasiya texnologiyaları növbəti tədris ili üçün Azərbaycanda da prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Hazırda ölkəmizdə bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Belə ki, nanotexnologiyaların tədqiqi və tətbiqi sahəsində işlərin mərkəzləşdirilməsi məqsədilə Bakı Dövlət Universitetində müvafiq işlər həyata keçirilir.  Universitetdə aparılan işlərlə bağlı Fizika fakültəsinin dekanı, professor Məmmədəli Ramazanov bəzi fikirlərini bölüşüb.

 

BDU-da innovasiyalı elm sahəsi üzrə tədqiqat işlərinin başlanğıcı

 

Dekanın sözlərinə görə, Azərbaycanda bu prioritet elmi istiqamət üzrə artıq 10 ildir ki, intensiv işlər həyata keçirilir. Belə ki, 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniyaya rəsmi səfəri zamanı Bakı Dövlət Universiteti ilə o zaman Rumıniyanın bir neçə universiteti arasında nanotexnologiya üzrə əməkdaşlıq haqqında müqavilələr imzalanıb: “Həmin zamandan bu innovasiyalı elm sahəsi üzrə tədqiqat işlərinə start verildi. Universitetdə 2005-ci ildə “Nanoaraşdırmalar mərkəzi” yaradıldı. Bir il sonra - 2006-cı ildə isə bu istiqamətdə təhsili təşkil etmək məqsədi ilə “Nanomaterialların kimyəvi fizikası” kafedrası açıldı və bir sıra istiqamətlərdə uğurlu tədqiqat işləri aparılmağa başlanıldı. Rumıniya universitetləri ilə nanotexnologiya üzrə əməkdaşlıq müqavilələri, belə demək mümkünsə, BDU-da bu sahənin əsasını qoyub və həmin dövrdən artıq 10 il keçir”.

 

Nanotexnologiya kimi müasir elmi istiqamətin təhsil mühitinə transferi

 

Professor M. Ramazanov qeyd edir ki, bu gün BDU-da bu sahədə elmi məktəb və yüksək səriştəli kadr potensialı formalaşıb: “Universitetdə güclü elmi baza yaradılıb, monoqrafiyalar çap olunub, tədqiqatlar aparılıb, yalnız bundan sonra tədrisə keçid prosesi başlanılıb. BDU-da nanotexnologiya kimi müasir elmi istiqamətin təhsil mühitinə transferi məsələləri yüksək səviyyədə təşkil edilib. Dünya elminin bu prioritet istiqamətində yüksəksəviyyəli kadr hazırlığına xüsusi fikir verilib və bu müddətdə 1 doktorluq, 3 fəlsəfə doktoru dissertasiya işi müdafiə edilib”. Hazırda bu istiqamətdə 4 nəfər elmlər doktoru, 6 nəfər fəlsəfə doktoru proqramları üzrə təhsillərini davam etdirir. Universitetdə “Nanoquruluşların fizikası”, “Nanomaterialların fiziki kimyası”, “Nanobiotexnologiya” magistr ixtisaslaşmaları açılıb, bu istiqamətdə magistr hazırlığına başlanılıb. Bu müddət ərzində nanotexnologiya istiqamətində 30-dan artıq magistr hazırlanıb. Eyni zamanda təhsilin bakalavr pilləsində fizika, kimya və biologiya fakültələrində nanotexnologiya fənni tədris olunmağa başlanılıb. Son zamanlar Avropa Birliyinin TEMPUS proqrami layihəsi çərçivəsində BDU alimləri İtaliya, Fransa, Yunanıstan alimləri ilə Nanoekologiya istiqamətində magistr hazırlığının təşkili istiqamətində də əməkdaşlıq edəcəklər.

 

Nanotexnologiyalar üzrə tətbiqi xarakterli fundamental elmi tədqiqat işlərinin tətbiqi

 

Onun sözlərinə görə, ötən illər ərzində BDU alimlərinin nanotədqiqatlar sahəsində apardığı tətbiqi xarakterli uğurlu araşdırmalar dünyanın bu istiqamətdə tədqiqat aparan aparıcı mərkəzlərində çalışan alimlər tərəfindən yüksək qiymətləndirilir: “Universitetdə nanotexnologiya istiqamətində elmi tədqiqat işlərini inkişaf etdirmək məqsədi ilə BDU-ya dövlət büdcəsi və beynəlxalq qrant layihələri hesabına ən müasir avadanlıqlar və cihazlar alınıb. Belə ki, son illərdə “Furye” spektrometri, tədris üçün atom qüvvət mikroskopları, atomar səviyyədə tədqiqat aparmaq üçün “İNTECRA PRİMA” atom qüvvət mikroskopu, spektroflüorimetr, nüvə maqnit rezonansı, xromatoqraf, kütlə spektrometri, ultrabənövşəyi spektroskop, atom adsorbsiya analizatoru, rentgen difraktometri, skanedici elektron mikroskopu, istilik fiziki spektroskopiya avadanlıqları alınıb. Bu gün universitetdə nanotexnologiya istiqamətində aparılan tətbiqi xarakterli fundamental elmi tədqiqat işləri dünyanın və ölkəmizin bir sıra istehsal müəssisələrində sınaqdan çıxarılaraq uğurla tətbiq edilir”. Məsələn, Səudiyyə Ərəbistanı Krallığı Elm və Texnologiya Mərkəzinin ayırdığı qrant layihəsi çərçivəsində nanotexnologiyanın neftçıxarmaya tətbiqinin elmi texnoloji əsasları işlənib, yüksək effektivliyə malik katalitik nanohissəciklərin alınması mümkün olub və onların müxtəlif mühitlərdə katalizator kimi ARDNŞ-nin neft quyularında müvəffəqiyyətlə istifadə edilməsinə başlanılıb.

 

“BDU alimlərinin təklifləri sübut edib ki, nanotexnologiyanın köməyi ilə bu problemi də aradan qaldırmaq olar”

 

Mütəxəssis bildirir ki, metal nanohissəciklərinin neft quyularına daşıyıcılar vasitəsi ilə suspenziya halında daxil edilməsi nəticəsində aşkar edilib ki, nanohissəciklər sulaşmış laylarda mövcud olan karbonatlarla reaksiyaya girərək karbon qazı yaradır və laylarda təzyiqi artırır. Bu da neft hasilatının artmasına səbəb olur: “Azərbaycan alim və mütəxəssisləri tərəfindən müəyyən edilmiş bu nəticələr dünya neft sənayesi praktikasında uğurla tətbiq edilə bilər, onun böyük elmi və tətbiqi əhəmiyyəti var. Həmçinin məlumdur ki, dünyada neftin tankerlərlə daşınması, dənizdə neft istehsalı və s. dəniz suyunun səthinə neftin yayılması kimi ciddi ekoloji problem yaradır. Qalın neft təbəqələrinin təmizlənməsi əsasən mexaniki üsullarla aparılır. Lakin ondan heç də az təhlükəli olmayan nazik təbəqələrin təmizlənməsi ciddi problem hesab edilir və universitet alimlərinin verdiyi bu təkliflər sübut edib ki, nanotexnologiyanın köməyi ilə həmin problemi də aradan qaldırmaq olar”.

 

Nanohissəciklərin bitkilərdə toplanması, hərəkəti və hüceyrələrə təsirinin toksiki effektləri üzrə aparılan tədqiqatlar

 

Bundan başqa, universitetin alimləri İsveçrənin Elm Fondu tərəfindən maliyyələşdirilən “SCOPES” proqramı çərçivəsində İsveçrə Federal Texnologiya İnstitutu (EPFL) ilə birlikdə nanohissəciklərin bitkilərdə toplanması, hərəkəti və hüceyrələrə təsirinin toksiki effektləri istiqamətində də uğurlu tədqiqat işləri aparırlar: “Alimlərimiz “SCOPES” əməkdaşlıq layihəsi çərçivəsində nanomaterialların canlı sistemlərə təsirinin öyrənilməsi - nanotoksikologiya istiqamətində yeniliyi ilə fərqlənən nəticələr almışlar və həmin elmi nəticələr Bakı Dövlət Universitetində bu istiqamətdə elmi tədqiqatların inkişafında və beynəlxalq əlaqələrin genişlənməsində mühüm rol oynayır. Polimer maqnit nanokompozit quruluşlarında yaranan nəhəng maqnit müqavimət və superparamaqnetizmin tədqiqi ilə əlaqədar elmi tədqiqat işləri ABŞ Mülki Araşdırmalar Mərkəzinin ayırdığı qrant layihəsi çərçivəsində ABŞ Maсsaçusets Texnologiya Universiteti ilə birgə yerinə yetirilib”. Ümumiyyətlə, universitetdə aparılan tədqiqatlar dünyanın inkişaf etmiş ölkələri ilə sıx əməkdaşlıq çərçivəsində yerinə yetirilir.

 

Elektron mikroskopu məktəbinin yaradılması Azərbaycanda atom və molekulyar səviyyədə tədqiqat işlərinin aparılmasına təkan verəcək

 

Mütəxəssis ümumilikdə bu sahənin inkişaf etdirilməsi üçün vacib olan məsələlərə də diqqət çəkib. Hesab olunur ki, respublikada nanotədqiqatlar istiqamətində işlərin səviyyəsini qaldırmaq və inkişaf etdirmək məqsədi ilə elmi məktəblərin səviyyəsini artırmaq və yeni innovativ tədqiqat düşüncəli kadr hazırlığı aparmaq lazımdır: “Bu istiqamətdə də BDU-da uğurlu işlər aparılır. Təsadüfi deyil ki, Yaponiyanın “Tokio Boeki” şirkəti ilə universitetdə elektron mikroskopu məktəbinin yaradılması barədə razılıq əldə edilib. Elektron mikroskopu məktəbinin yaradılması sürətlə inkişaf etməkdə olan müstəqil Azərbaycan Respublikası üçün çox vacib məsələdir. Bu məktəbin yaradılması respublikamızda atom və molekulyar səviyyədə tədqiqat işlərinin aparılmasına təkan verər və yüksəksəviyyəli mütəxəssislərin yetişməsinə imkan yaradar. BDU-da bu cür yeni elmi məktəblərin yaradılması istiqamətində ciddi işlər aparılır. Məsələn, görkəmli alim Xudu Məmmədovdan sonra respublikada kristalloqrafiya sahəsində əmələ gələn boşluğu doldurmaq üçün xarici ölkələrdən mütəxəssislər dəvət edildi, peşəkar və yüksəksəviyyəli alimlərin sayəsində kristalloqrafiya elminə yeni nəfəs verildi. Bu gün universitetdə bu sahə üzrə 30-a yaxın mütəxəssis yetişib”.

 

Bu faktlar onu göstərir ki...

 

Dekan qeyd edir ki, bütövlükdə, BDU alimlərinin 2005-2013-cü illər ərzində dünyanın nanotexnologiya sahəsində inkişaf etmiş ölkələrindən aldığı qrant layihələrinin ümumi dəyəri 5.000.000 ABŞ dolları miqdarında olub: “Bu faktlar onu göstərir ki, dünya birliyi yalnız bizim təbii sərvətlərimizə deyil, həm də intellektual resurslarımıza sərmayə qoyur və elmi innovasiyalar sahəsindəki beynəlxalq yarışlarda əldə edilən uğurlarımızı qəbul edir. Son illərdə elmin inkişafı üçün ölkəmizdə ayrılan qrant vəsaitlərində də artımlar müşahidə edilir və əminik ki, bu tendensiya yüksəldikcə Azərbaycan elmi daha tutarlı nəticələr əldə edəcək. Onu da qeyd edim ki, nanotexnologiya sahəsində əldə edilən elmi uğurların qısa müddətdə tədris prosesinə transferinə zərurət var”. Eyni zamanda bu istiqamətdə çoxsaylı mütəxəssis hazırlanmasına ehtiyac duyulur. Nanotexnologiya elmi üzrə çalışan mütəxəssis bir çox sahələri - kimya, biologiya, fizika, informatika, riyaziyyatı dərindən bilməlidir: “Elmi innovasiyaların tətbiqində zəruri olan bir amili də qeyd etmək istəyirəm. Fikrimcə, gənclər hətta məktəb illərindən elmi avadanlıqlarla tanış olub onlarla rəftar vərdişləri qazanmalıdırlar. Bu məqsədlə, Bakı Dövlət Universitetinin nəzdində olan “Gənc istedadlar” liseyinin şagirdlərinin elmi mühitlə ünsiyyəti təqdirəlayiq hal hesab edilməlidir. Bu təcrübə çox səmərəli nəticələr verir. Alimlərimiz liseydə və ölkənin bir neçə orta məktəbində bu sahədə iş aparmış və şagirdlərə nanotexnologiyanın dünya elmində mühüm elm olduğunu anlatmağa çalışıb və bu elmə maraq oyadıblar. Ümumiyyətlə, son zamanlar innovasiya xarakterli işlərə dövlət qayğısı gündən-günə artır. Hesab edirik ki, nanotexnologiya istiqamətində aparılan elmi tədqiqat işləri tətbiqi xarakterli olduğu və ölkəmizdə bu sahədə əhəmiyyətli nəticələr əldə edildiyi üçün aparılan işlər tədqiqat, təhsil və innovasiya fəaliyyətinin inteqrasiyasına böyük töhfə verəcək və Azərbaycan alimləri yaxın gələcəkdə bu sahədə daha böyük uğurlar qazanacaq”.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!