Məzun - 2015

30/09/2015

İyun ayının 30-da xalqımızın nur qaynağı, azadlığımızın yorulmaz carçısı, müstəqilliyimizin ilk dayağı olan  Bakı Dövlət   Universiteti növbəti məzunlarına həyat yollarında uğurlar arzuladı. Ənənəi olaraq ilk növbədə universiteti əla qiymətlərlə bitirib fəxri fərmanla təltif olunan məzunlar akt zalına toplaşdılar. Rektor, millət vəkili, akademik Abel Məhərrəmov  təhsildə fərqlənən  nümunəvi məzunlara təntənəli şəkildə fərqlənmə diplomunu təqdim etdi. Müxtəlif  fakültələrin məzunları fakültə dekanları ilə birlikdə Abel müəllimlə xatirə şəkli çəkdirdilər. Ümumilikdə 500-ə yaxın bakalavr və magistr məzuna fərqlənmə diplomu təqdim edəcəyini bildirən rektor çıxışında məzunları salamladı, təbriklərini çatdırdı. Bildirdi ki, Bakı Dövlət  Universiteti  bu gün növbəti dəfə Azərbaycan gənclərini - gələcəyin intellektual potensialını cəmiyyətə  təhvil verir: “ 4 ildə əldə etdiyiniz biliklər, universitet mühiti cəmiyyətin gələcək elitasi olacaq sizlərin dayağı olacaq. Elita olmaq üçün oxumaqla bərabər, həyatda özünü təstiqləməlisən. Siz gələcəyin görkəmli simaları, dövlət struktur rəhbərləri olacaqsınız. Vətəndaşlıq mövqeyiniz, milli təəssübkeşliyiniz həmişə güclü olsun”.

Diplomların təqdimat mərasimindən sonra əllərində təmsil etdikləri fakültələrin adı yazılmış lövhələri tutan tələbələr, məzunlar, fakültələrə təhkim olunmuş müəllimlər, rəhbərlik,qonaqlar ənənəvi olaraq məzun gününü qeyd etmək üçün universitetin həyətinə  əsas binanın qarşısına toplaşdılar.  Məzun gününün başlanması elan edildikdən sonra xor ansamblı universitetin himnini oxudu.Sonra Nazim Pənahlı rektorun  nümunəvi məzunların valideynlərinə ünvanladığı Valideynə Təşəkkür Məktubunu  oxudu.

Rektor  Abel Məhərrəmov çıxış edərək qonaqları,valideynləri, müəllimləri, məzunları salamladı. Universiteti bu il 17 fakültə üzrə  bakalavr, magistr olmaqla 4000-ə yaxın tələbənin bitirdiyini bildirdi. Akademik Abel Məhərrəmov Azərbaycanın  ilk dünyəvi  universiteti, qocaman təhsil ocağı olan Bakı Dövlət  Universitetinin sürətlə inkişaf etdiyini, böyük uğurlar qazandığını fəxrlə söylədi, məzunlara bir daha tövsiyə və arzularını bildirdi: “Əziz məzunlar, bir neçə il əvvəl sizi tələbə bileti almaq münasibətilə təbrik etmişdiksə, bu gün məzun kimi yola salırıq. Tədbirimizdə tanınmış ziyalılar dövlət rəsmiləri, millət vəkilləri, struktur rəhbərləri, elm, mədəniyyət xadimləri iştirak edir. Onlar sizi təbrkə gəliblər. Mən bu gün bizimlə olduqları üçün onlara təşəkkür edirəm”. Universitetin qazandığı uğurlardan bəhs edən Abel müəllim I Avropa oyunları zamanı BDU-nun  3000 tələbəsinin könüllü kimi 250 istiqamət üzrə göstərdiyi fəaliyyəti yüksək qiymətləndirdi, məzunlara universitetin adını uca tutmağı, dövləti dövlətçiliyi qorumağı tapşırdı: “ Bu gün həm bayramdır, həm də ayrılırıq.Əziz məzunlar,bilin ki,universitet sizin universitetinizdir. Onun qapıları sizin üzünüzə daima açıqdır. Onun adını uca  tutun!”

Dövlət himni səsləndikdən sonra hər fakültədən iki nəfər olmaqla  universiteti əla qiymətlərlə bitirən məzunlar səhnəyə dəvət olundu və rektor, dövlət rəsmiləri, görkəmli ziyalılar tərəfindən onlara təntənəli şəkildə diplomlar təqdim olundu. Sonra Tarix fakültəsinin məzunu Leyla Cəfərli və Kimya fakültəsinin məzunu   .....    tələbə andını oxudu, məzunlar xalqın tərəqqisi, xoş gələcəyi naminə çalışacaqlarına, doğma Universitetin adına layiq olacaqlarına, şərəf və ləyaqətini hər şeydən uca tutacaqlarına and içdilər.Ardınca səhnənin mərkəzinə toplaşıb Abel müəllimlə birgə üzərində “Məzun 2015” yazılmış şarı aydın səmaya doğru yola saldılar. Beləliklə, tədbirin rəsmi hissəsi yekunlaşdı və məzunlar üçün hazırlanan konsert proqramı başlandı. Bayram konserti respublikamızın tanınmış müğənniləri Gülüstan Əliyeva, Elariz Məmmədoğlu, Sevda Yəhyayeva, Lalə Məmmədova, Ayan, Cavid, Elnurun ifa etdiyi gözəl nəğmələr, rəqqasların rəqsləri ilə davam etdirildi.

Rektor Abel Məhərrəmov hər zaman olduğu kimi bu gün də məzunlara verdiyi sözü yerinə yetirdi. Gün rejiminin ağırlığına, yoruculuğuna  baxmayaraq,tədbirin sonunadək onlarla birgə oldu, söhbət etdi, arzularını bildirdi, rəqs etdi, xatirə şəkli çəkdirdi. Bir sözlə, məzunlar bu gün də rektorlarından razı qaldılar, həyatlarının yeni mərhələsinə Bakı Dövlət Universiteti adlı doğma anlayış apardılar. Məhz bu anlayış,əxz etdikləri elm, mənəvi dəyərlər onların uğurlarının təminatçısı olacaqdı.

Məzunlarımızı təbrik edib Bakı dövlət Universitetinin onların həyatında rolunun nədən ibarət olduğunu və məzun olmağın necə bir duyğu olduğunu soruşdum. Sualımı  Filologiya  fakültəsinin Klassik Azərbaycan Ədəbiyyatı kafedrasının magistrantı Püstə Məmmədova, Coğrafiya fakültəsi, IV kurs, 978-ci qrupun tələbəsi Nərgiz Əliyeva və 986-cı qrupun tələbəsi Mirorxan Qasımov, Ekologiya fakültəsi, IV kurs, T 039 A qrupunun tələbəsi Aytac Əhmədova, Şərqşünaslıq fakültəsi, IV kurs, 218B qrup tələbəsi Tərlan Mustafalı, Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsi, IV kurs, 1505-ci qrupun tələbəsi Züleyxa Qürbətova, Nəşriyyat işi və redaktəetmə fakültəsi, IV kurs, 1436-cı qrupun tələbəsi Könül Ağayeva, Fizika fakültəsi, IV kurs, Fzm 24 qrupunun  tələbəsi Sadiq Ağayev cavablandırdı.

Püstə Məmmədova: Gözəl və təkrarolunmaz, mənalı tələbəlik illərini mənə doğma universitetim yaşatdı, dostlar qazandırdı, elmin sirlərilə bərabər, həyatda daha inamlı addımlarla irəliləməyi öyrətdi. Odur ki, məzun olmaq məni bir qədər kədərləndirir. Doğma mühitdən ayrılmaq çox çətindir. İnşaallah, doktorant olub universitetimdən ayrılmayacağam.

Nərgiz Əliyeva: Bakı Dövlət Universitetinin həyatımdakı rolunu sözlərlə ifadə etməkdə çətinlik çəkirəm. Universitetim  mənə təhsilimi artırmaqda, dostlar qazanmaqda, şəxsiyyət kimi formalaşmaqda kömək etdi. Məzun olmaq isə müstəqil həyata ilk addımlardır.

Mirorxan Qasımov : Bakı Dövlət Universitetinin həyatımdakı rolu və məzun olmağın tələbəyə hansı duyğular yaşatdığını sözlərlə ifadə etmək olmaz, onu yaşamaq lazımdır.

Tərlan Mustafalı: Bakı Dövlət Universiteti şəxsiyyətimi formalaşdıran bir məkan oldu. Bir tək xəyallarla yaşamağı deyil, xəyalları gerçək etməyi də bizə öyrətdi. Bizdə uğur qazanacağımıza inam hissini gücləndirdi. Məzun olmaq həyat nərdivanının bir pilləsində qərarlaşıb növbəti pilləyə addımlamaqdır. Bu mərhələdə artıq qarşımda duran məqsədləri daha aydın görə biliəm.

Züleyxa Qürbətova: Bdu-nun tələbəsi olmaq özü  böyük səadətdir. Hələ onu uğurla bitirməyin sevinci insanı  daha da fərəhləndirir. O qədər çalışdıq, sonda gözəl  nəticə əldə etdik. Bu gün o sevinci yaşayıram. Xoşbəxtliyimin səbəbi universitetim, müəllimlərimdən öyrəndiyim elm və həyat məktəbinin sirlərinə bələd olmağımdır. Möhtəşəm duyğudur. Yaşadığım duyğular, sevinc, qürur  hər kəsə qismət olsun. Məzun olarkən özünü daha çox önəmli,seçilmiş, həyata hazır hiss edirsən. Artıq gerçək həyata hazırlaşırsan, xəyallardan uzaq reallıq başlayır, mübarizə başlayır. Uğurlarının təminatçısı qazandığın biliklər, o bilikləri bacarığa çevirib reallaşdırmaq insanlarla münasibət qurmağa, uğur əldə etməyə, daha çox dost qazanıb onların içərisində sədaqətli  olanını seçməyə və  hər hansı  bir işə orientasiya olunmağa stimul verir. Bütün sadaladıqlarımın əsasında bilik, bacarıq dayanır ki, onu bizə doğma universitetimiz qazandırdı.

Könül Ağayeva: Bakı Dövlət Universiteti  mənim qəlbimdə bütün unversitetlərdən ucadır, birincidir. Fəxr edirəm ki, məhz bu universiteti bitirirəm. Məzun olmaq gözəl olduğu qədər, kədərli  duyğudur. Gözəldir, ona görə ki, bu gün yeni həyat başlayır: iş həyatı!  Kədərlidir, o səbəbdən ki, 4 ildir ki, bizə doğma olan universitetdən, müəllimlərimizdən, dostlarımızdan ayrılırıq. Bu illər ərzində yaşadıqlarımızın, xatirələrimizin əvvəli və sonu  məhz Bakı Dövlət Universiteti ilə bağlıdır. O, hər zaman qəlbimizdə seviləcək, əzizlənəcək.

Sadiq Ağayev: Universitetim şərqin ilk ali məktəbidir. Bu faktın özü belə insanı qürurlandırır. Onun tələbəsi olmaq, biliklərə yiyələnmək, diplomunu əldə etmək də bizə fərəh gətirir. Bu sevinci yaşamaq hər kəsə qismət olmur.  Onun həyatımda rolu əvəzedilməzdir. Mən Fizika fakültəsini bitirirəm. Bu fakültəni bitirən tələbə işsiz qalmaz, qalsa, səbəb yalnız öz fərasətsizliyi olar. Məzun olmaq kövrəldir məni. 4 il bir yerdə  deyib-güldüyün dostlardan, o dostları qazandığın məkandan ayrılırsan.  Lakin eyni zamanda digər addımlar atmaq üçün keçid rolunu oynayır. Universitetin, dostlarımızın həyatımızdakı mövqeyini zaman keçdikcə daha dəqiq müəyyənləşdirəcəyik. Hər halda,qazandığımız uğurlara görə ona minnətdar olacağıq. Bütün məzunlara uğurlar!

Bu gün mənim də Bakı Dövlət Universitetinin məzunu olmağımdan 10 il keçdi. Bu illər ərzində qazandığım uğurlara görə doğma universitetimə, müəllimlərimə təşəkkür edirəm. Universitetim mənə o qədər doğmadır ki, ondan ayrılmır, cazibəsinin sehrində səadət tapır, özümü onun bir parçası kimi hiss etməyin sevincini yaşayıram.

Dadaşova İlahə,

Filologiya fakültəsinin dissertantı

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!