Məqsədimiz doğma universiteti daha uca zirvələrə qaldırmaqdır

21/02/2017

Vasif Məmmədağa oğlu Babazadə-Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı (1978), əməkdar elm xadimi (2000), “Şöhrət” ordenli (2009), AMEA-nın həqiqi üzvü, BDU-nun faydalı qazıntılar kafedrasının müdiri, Yer ehtiyatlarının aerokosmik tədqiqatları ETL-in elmi rəhbəri, strateji əhəmiyyətli “Azərbaycanın kosmotektonik xəritəsi” (miqyas 1:600 000) (2007) və “Filiz yataqlarının proqnozlaşdırılması ilə Azərbaycanın regional çatlılıq xəritəsi”nin (miqyas 1:600 000) redaktoru və əsas müəlliflərindən biri, BDU Tədris-Metodik Şurasının rəhbəridir. O, Azərbaycanın filiz yataqlarının formasion analizini, “filiz-maqmatik sistemləri” məfhumunu geoloji ədəbiyyata daxil etmiş və onların vulkano-plutonik komplekslərdə ayrılma prinsiplərini göstərmiş, ofiolit qurşaqlarının metallogeniyasını işləyib hazırlamışdır. Kiçik Qafqazın civə qurşağının varlığını elmi cəhətdən əsaslandırmış, Azərbaycanın qızıl filizi əyalətini ayırmışdır. Azərbaycanın qızıl, mis, qurğuşun və sink, molibden, xromit və digər filiz yataqlarının yerləşmə qanunauyğunluqlarını müəyyən edərək onların proqnozunu vermişdir. 25 monoqrafiya və 15 dərsliyin müəllifidir.
Bakı Dövlət Universitetinin Tədris-Metodik Şurası 40 ilə yaxındır ki, fəaliyyət göstərir. Təhsil sahəsində dövlət siyasətinin reallaşdırılması və təhsil prosesi üzrə ümumi metodiki fəaliyyəti həyata keçirən Tədris-Metodik Şura Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Bakı Dövlət Universitetinin Əsasnaməsini və BDU rektorunun əmr və sərəncamlarını rəhbər tutur. Şuranın vəzifələrinə təhsilin keyfiyyətinin yüksəldilməsi və yeni tədris metodlarının həyata keçirilməsi, BDU üzrə Tədris-Metodik işə rəhbərliyi həyata keçirmək kimi işlər daxildir.
Tədris-Metodik Şuranın fəaliyyəti, vəzifələri və gördüyü işlər barədə daha ətraflı məlumat almaq üçün 2003-cü ildən ona rəhbərlik edən akademik Vasif Babazadə ilə həmsöhbət olduq.

- Vasif müəllim, etiraf edək ki, uzun müddətdən bəri Bakı Dövlət Universitetində fəaliyyət göstərən Tədris-Metodik Şuranın fəaliyyəti 2003-cü ilədək, yəni sizin bu quruma rəhbərliyinizədək o qədər də hiss olunmurdu. Amma indi hamımız belə bir faktın şahidiyik ki, universitet Elmi Şurası, şəxsən universitetin rektoru, akademik Abel Məhərrəmov bu qurumun və xüsusilə sizin fəaliyyətinizi çox yüksək qiymətləndirir. Bəs siz özünüz Tədris-Metodik Şuranın işini necə xarakterizə edərdiniz?
- Öncə bir neçə cümlə ilə Tədris-Metodik Şuranın nə olmasını açıqlamaq istərdim. Ali təhsil müəssisələrində fəaliyyət göstərən Tədris-Metodik Şura tədrisin kompleks təşkilini təmin edən sosial institutlardan biridir. Bu gün ali məktəblərdə TMŞ hansı səviyyədə öz işini qurursa, demək təhsilin də inkişafı ona uyğundur. Bakı Dövlət Universitetinin TMŞ-si ona göstərilən diqqət və qayğıya əsaslanaraq öz fəaliyyətini tənzimləyir. BDU TMŞ-si sistematiklik və ardıcıllıq prinsipinə sadiq qalaraq Universitet Elmi Şurasında təsdiq olunmuş iş planı əsasında fəaliyyətini tənzimləyir. Belə ki, hər il yeni tədris ili üçün iş planını müzakirə edir, fakültələr üzrə TMŞ sədrlərinin fəaliyyət proqramı-hesabatlarını dinləyir, müvafiq köməklik göstərir. Bakı Dövlət Universitetinin Tədris-Metodik Şurası sədr, bir müavin və bir elmi katib, o cümlədən universitetin 17 fakültəsinin hər biri əhatə olunmaqla, 20 nəfər üzvlə fəaliyyət göstərir. Tam əminliklə deyərdim ki, Bakı Dövlət Universitetinin Tədris-Metodik Şurası respublika ali məktəbləri arasında fəaliyyəti, gördüyü işlər və xidmətləri sayəsində seçilən qurumlardan biridir. Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən ixtisas fənlərinə aid dərslik, dərs vəsaitləri və proqramlara qrif verilməsi səlahiyyətini ali məktəblərə həvalə etməsindən sonra Bakı Dövlət Universitetində bu iş Tədris-Metodik Şuraya tapşırıldı. Bu, böyük bir etimad və əlavə məsuliyyət deməkdir. Metodşura Bakı Dövlət Universitetinin bütün digər qurumları ilə sinxron iş fəaliyyəti göstərir. Universitet Elmi Şurası, necə deyərlər, müəssisəmizin ali idarəedici orqanıdır. Bütün qərarlar bu Şurada qəbul edilir. Ətrafımızdakı adamların hamısında universitetə xidmət mənasında böyük məsuliyyət var. Metodşuranın işini, təhsilin səviyyəsini daim diqqətdə saxlamaq, cənab Prezidentimizin bu sahəyə göstərdiyi diqqət və yeni tələblər səviyyəsində həyata keçirmək üstündə qururuq. Bu da öz səmərəsini verməkdədir.
- Bildiyimizə görə Tədris-Metodik Şura işini universitet nizamnaməsinin müəyyən etdiyi vəzifələrə uyğun olaraq qurur. Bu vəzifələr nədən ibarətdir?
- Bəli, doğru qeyd etdiniz. Tədris-Metodik Şura Bakı Dövlət Universitetinin təhsil sahəsindəki fəaliyyətinin yüksəldilməsi üçün Dövlət Təhsil Standartlarının hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək, fakültə TMŞ-lərin fəaliyyətinə nəzarəti həyata keçirmək, onların illik hesabatlarını dinləmək, fənn proqramlarının hazırlanması, təminatı və fakültələrarası fəaliyyəti əlaqələndirmək, təlim və tədris prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə ingilisdilli qruplar da daxil olmaqla “açıq dərs”lər təşkil etmək, onun səmərəliliyinə nəzarət, tələbələrin fərdi (sərbəst) işlərinin təşkili və keçirilməsi, müəllimlərə kollokviumların keçirilməsi ilə bağlı tövsiyələrin verilməsi, pedaqoji və istehsalat təcrübələrinə nəzarət, analitik təhlillər və monitorinqlər aparmaq, mütərəqqi forma və metodların, yeni təlim texnologiyalarının tətbiqinə kömək göstərmək, fakültələrdə Dövlət Təhsil Standartlarının tələbinə uyğun olaraq dərslik, dərs vəsaiti, digər metodik ədəbiyyatın yazılması və nəşrinə kömək etmək, SABAH qruplarında tədris prosesinə nəzarət etmək və s. kimi çoxsaylı funksiyaları həyata keçirir. “Açıq dərs”lərin aparılması zamanı daha yaxşı dərs aparan müəllimlərin üzə çıxarılması imkan verəcək ki, belə müəllimlərin iş təcrübəsi geniş yayılsın, onun metodikasından istifadə edilsin. Belə dərslər müəllimlərə örnək olmaqla bərabər onların universitet tarixində, araşdırmalarında gərəkli mənbə olacağına ümid etmək olar. Ona görə də bu qəbildən olan müəllimlərin videogörüntülərinin arxivləşdirilməsini məqsədəuyğun hesab etmişik. Xüsusi vurğulamaq istərdim ki, bu vəzifələrin hər biri çox böyük səy və zəhmət tələb edir. Təkcə Dövlət Təhsil Standartları ilə bağlı görülən işlərə diqqət etmək kifayətdir ki, Şuranın fəaliyyəti aydın olsun. Universitet Tədris-Metodik Şurasının işi ayrı-ayrı fakültələrin metodşuralarının fəaliyyətinin kompleks formatıdır. Əgər fakültə metodşuraları zəif işləsə, bütövlükdə universitet metodşurası fəaliyyətsiz görünər. Nə gizlədim, uzun müddət biz bu mənzərənin şahidi olmuşuq. Lakin artıq xeyli müddətdir ki, fakültə metodşuralarının işinin yüksək səviyyədə qurulmasına nail olmuşuq. Həmişə yeni tədris ilinin əvvəlində fakültə metodşuraları fakültələrin genişləndirilmiş Elmi Şuralarında ötən tədris ilindəki fəaliyyətlərinin hesabatını verirlər. Hesabat Universitetin TMŞ-si tərəfindən hazırlanmış hesabat üzrə məlumat forması əsasında verilir. Bu hesabatların nəticələri göstərir ki, biz işimizi yeni dövrün çağırışlarına tamamilə uyğun qurmuşuq. Bunu Universitet Elmi Şurasında hər il təqdim etdiyimiz hesabat zamanı Elmi Şuranın verdiyi qiymət sübut edir. Xatırladım ki, Təhsil Nazirliyi dərslik, dərs vəsaiti, proqram və metodik göstərişlərə qrif hüququ verilməsini təhsil müəssisələrinin səlahiyyətinə verdiyi ötən bir il müddətində bizim Şuranın nəzdində yaradılmış Tədris vəsaitlərinə nəşr hüququnun verilməsi üzrə daimi fəaliyyət göstərən komissiya (Qrif komissiyası) 205 dərsliyə, dərs vəsaitinə, fənn proqramına, metodik vəsait və metodik göstərişə qrif verilməsini təmin etmişdir. Bu nəşrlərin böyük bir hissəsi Təhsil Nazirliyindən bizə göndərilmişdir. Bir il müddətində isə həmin vəsaitlərin yeni sayları ortaya çıxmış və onların hər biri ciddi müzakirədən keçirilərək qiymətləndirilmişdir. Azərbaycan Respublikası təhsil nazirinin 26 dekabr 2016-cı il tarixli 852 saylı əmri ilə bağlı “Tədris vəsaitlərində plagiat hallarının qarşısının alınması sahəsində Tədbirlər Planı”nın əsas müddəaları da bizi daha diqqətlə işləməyə sövq edir.
- Vasif müəllim, dediklərinizdən də aydın olur ki, rəhbərlik etdiyiniz qurumun fəaliyyəti çoxşaxəlidir və universitetin ümumi inkişaf sisteminin tərkib hissələrindəndir. Bakı Dövlət Universitetinin bugünkü uğurlarında Metodşuranın əməyi necə hiss olunur?
- Tədris-Metodik Şura universitetin həyatında çox böyük rol oynayır və onun əldə etdiyi uğurlarda xeyli əməyi var. Uzun müddətdir ki, Tədris-Metodik Şura öz işini yenidən qurmuş, qeyd etdiyim məsələlərlə yanaşı, həm də tədrisin keyfiyyətini, fənlərə dair elektron mühazirələrin və bir çox digər sahələrin təkmilləşdirilməsinin nəzarət mexanizmini öz üzərinə götürmüşdür. Qurum öz fəaliyyətini universitetin müxtəlif strukturları ilə qarşılıqlı əlaqədə qurub. Əks halda effektiv nəticələrdən danışa bilməzdik. Şura müntəzəm olaraq fakültələrdə “açıq dərs”lərin keçirilməsi, Tədris Elektron Mərkəzinin dərslərdə aşkarladığı nöqsanların müzakirəsi və aradan qaldırılması kimi məsələlərin həllində birbaşa iştirak etməkdədir. Tədrisin keyfiyyətinin yüksəldilməsi məsələsi də Metodşuranın vacib məqsədlərdən biridir. Təlimi keyfiyyətli, dünya standartlarına cavab verəcək səviyyədə qurmaq məsələsi bizim ən əsas vəzifələrimizdən biridir. Metodşura tələbələrin biliyinin qiymətləndirilməsinin də yeni modelini hazırlamışdır. Bildiyiniz kimi, ali təhsilin ikinci pilləsi magistraturadan ibarətdir. Bütün fakültələrin müvafiq ixtisasları üzrə təhsil alan tələbələrin təlim fəaliyyəti və onların qalıq biliklərlə ali məktəbi bitirəcəklərinə Metodşura təminat verir. Belə ki, onların səmərəli fəaliyyətləri üçün təlim mühitinin yaradılmasına nəzarət edir. Dissertasiya işlərinin standartlara uyğun hazırlanmasını nəzərdən qaçırmırıq. Magistrlərin dissertasiya işlərinin müzakirəsi və müdafiəsində fakültə TMŞ-sinin sədrinin iştirak etməsini zəruri sayırıq. Metodşuranın qarşısında duran vəzifələrdən biri də yay semestrinin təşkili və keçirilməsində tədrisə köməklik göstərməkdən ibarətdir. Metodşura müəllimlərin öz yerlərinə seçilməsi üzrə də müəyyən işlər görür. Belə ki, onların “açıq dərs”lərini keçirir, beşillik fəaliyyətini öyrənir, təlimə müasir yanaşmanı, öz üzərində işləmə imkanlarını müəyyənləşdirir. Bundan əlavə, Şura öz iclaslarında universitet üzrə ortaya çıxarılmış pedaqoji nöqsanları müzakirə edir, müvafiq qərarlar qəbul edir. Metodşuranın fəaliyyəti bütün bunlarla qiymətləndirilir.
- Müəllimlərin mühazirə qabiliyyətini yüksəltmək, innovativ pedaqoji fəaliyyətini təmin etmək kimi məsələlərdə Şura nə işlər görür?
- Bu gün bəlkə də hər şey müəllimin səviyyəli mühazirəsinə bağlıdır. Bunu təmin etmək də asan iş deyil. Universitet Metodşurası bu məsələyə xüsusi diqqət yetirir. Yəqin ki, müəllimin tədris etdiyi fənnin proqramı bu işdə çox şey deyir. Biz Metodşurada proqramların standartlara uyğun hazırlanması üçün hər bir kafedraya yeni nümunə forması vermişik. Baxmayaraq ki, kafedralarda fənn proqramları müxtəlif illər üzrə mövcuddur. Lakin onlara yeni qaydada yanaşıb müasirliyi gözləməklə çapa hazırlanmasını məqsədəuyğun hesab etmişik. Əlbəttə, bu model heç də xüsusi resept deyil. Lakin fənnin ümumi cəhətlərini özündə ehtiva edir. Ona görə də hər bir fənnin proqram təminatı birinci yerdə dayanır. Biz hər bir fənnin proqram çərçivəsindəki mövzularına dair mükəmməl mühazirələrin hazırlanmasına nail olmuşuq. Bu mühazirələrin elektron variantı kompüterdə yerləşdirilir və istənilən anda tələbəyə təqdim olunur. Bu qeyd olunanları ümumiləşdirsək deyə bilərik ki, kafedralarda, demək olar ki, fənn proqramları, dərslik təminatı qənaətbəxşdir. Müəllimlərin dərs keyfiyyəti, tələbənin mühazirəyə marağı Universitetin Tədris Elektron Mərkəzində lazım gələndə izlənilir. Bəzən olur ki, müəllimlərin tələbələrə pedaqoji diqqəti, mühazirənin sönüklüyü də özünü göstərir. Belə hallar fakültə metodşurasında, həm də universitet Metodşurası üzvlərinin iştirakı ilə geniş müzakirə olunur və tədbir görülür. Hər tədris ilinin sonunda rektor, akademik Abel Məhərrəmovun universiteti bitirən tələbələrlə, ilin məzunları ilə görüşləri olur. Bu görüşlərdə həm də universiteti əla bitirənlərin, fəaliyyətində dövlətçiliyi, azərbaycançılığı və elmi biliyi birləşdirən tələbə-məzunların universitetdə işə cəlb olunması prosesi gedir. Azərbaycan Prezidentinin gənc kadrlara diqqət və qayğı ilə yanaşması bizim universitetdə də diqqət mərkəzində olur. Lakin, əlbəttə, müəllim kimi auditoriyaya daxil olan bu gənclərin bacarığı həmişə izlənilir, təhlil edilir və qiymətləndirilir. Bax, bu anda əsas vəzifə Metodşuranın üzərinə düşür. O ki qaldı tədrisdə innovativ proseslərə, deyim ki, universitet rəhbərliyi bu sahəni təmin etmək üçün hər il yeni avandanlıqlar alır, auditoriyaları informasiya texnologiyaları, mikroskop, kompüter, “ağıllı lövhə”, proyektorlar, müxtəlif məqsədli xəritələr və s. kimi vasitələrlə təmin edir, yeni tədris laboratoriyaları yaradır, mövcud muzeyləri yeni eksponatlarla zənginləşdirir. Bütün fakültələr tam mənası ilə kompüterlərin müxtəlif formaları ilə təmin olunub, bunlar Metodşuraya daha tələbkar olmaq imkanı verir.
- Vasif müəllim, Tədris-Metodik Şura həm də müəllimlərin tədris fəaliyyəti ilə bağlı vaxtaşırı sorğular aparır. Bunun hər hansı bir effekti olurmu?
- Əlbəttə olur. Sorğunun keçirilməsində əsas məqsəd təhsilin məzmununa və keyfiyyətinə olan yeni tələbləri, müəllimin akademik bacarığını, tədris təcrübəsi və peşəkarlıq səviyyəsini, müəllim-tələbə münasibətini və digər meyarları müəyyən etməkdən ibarətdir. Belə ki, sorğu anketi 10 maddədən ibarət olur və hər biri 5 bal olmaqla maksimum 50 balla qiymətləndirilir. Burada demək olar ki, tələbə tərəfindən müəllim təhlil olunur. Müəllimin tələbələrlə ünsiyyəti, auditoriyanı təşkil və idarə edə bilməsi tələbə üçün örnəkdir. Müəllim nümunəsində təhsil, təlim, tərbiyə və inkişaf vardır. Ona görə də “müəllimlər tələbələrin gözü ilə” baxımından müəllimlərin öyrənilməsi sorğusu aparılmışdır. Bildiyimiz kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 may 2014-cü ildən təsdiqini almış “Müəllimlərin etik davranış qaydaları” hazırlanmışdı. Qaydalarda öz əksini tapan müddəaları əsas götürərək müəllimin tədris prosesində mədəni davranışı, loyallığı, konfidensiallığı, peşəkarlıq və fərdi məsuliyyəti, vicdanlılığı, qərəzsizliyi, gender bərabərliyinə diqqət verməsi, müəllimin gigiyenası, geyimi, səliqəliyi, bir sözlə, şəxsi nümunəsinin onun pedaqoji nüfuzuna hansı üstünlükləri qazandıra biləcəyi, auditoriya ilə iş zamanı hansı məqamların vacibliyi barədə təlim-seminarın keçirilməsi bu məsələdə müəyyən və konkret fikrin formalaşmasına, bununla da tədris və təhsil prosesinin keyfiyyətcə daha da yaxşılaşmasına şərait yaratmağın mümkünlüyü barədə fikir söyləməyə imkan verir. Tələbələr arasında sorğunun keçirilməsində şura üzvləri, fakültələrin gənc müəllim və fəalları aktiv iştirak edirlər. Hər bir müəllim tələbəsindən yaxşı qiymətləndirmə arzulayır. Sorğuları müqayisə etdikdə ilbəil yaxşı mənada irəliləyişlərin şahidi oluruq. Universitet Elmi Şurası Metodşuranın bu təşəbbüsünü və təşəbbüsün həyata keçirilmə mexanizmini çox bəyənir. Bu tədbir hər bir müəllimi məsuliyyətli olmağa, mühazirələrini, pedaqoji ustalığını daim diqqətdə saxlamağa çağırır.
- Tədris-Metodik Şura imtahan sessiyalarına hazırlıq işlərində nə kimi rol oynayır?
- Hər sessiya öncəsi imtahan suallarının qoyuluşu, məzmunu və proqramlara uyğunluğu Tədris-Metodik Şuranın iclaslarında müzakirə edilir. Tədris ilində akademik borcları qalmış tələbələr üçün yay semestrinin keçirilməsinə nəzarət, kurs işi, buraxılış işi və magistr dissertasiyalarının ilkin müdafiələrinin təşkili və müdafiə hazırlığına nəzarət prosesi Tədris-Metodik Şuranın vacib vəzifələri sırasındadır. Belə bir faktı da qeyd edim ki, universitetdə imtahan vaxtı yaradılan şərait bir tərəfdən şəffaflığı, digər tərəfdən obyektivliyi təmin edir.
- Vasif müəllim, Tədris-Metodik Şuranın üzvləri ilə yanaşı, digər qurumların nümayəndələrinin də illik hesabatlarınıza qatıldığını dediniz...
- Bəli. Təhsil Nazirliyinin Attestasiya və Akkreditasiya Komissiyasının üzvlərinin, digər ali təhsil ocaqlarının nümayəndələri bir neçə dəfə iclaslarımızda, fakültə hesabatlarında iştirak ediblər. Fikir belə olub ki, Bakı Dövlət Universitetinin Tədris-Metodik Şurasının çoxşaxəli fəaliyyəti digər ali məktəblərin Metodik şuralarının daha səmərəli fəaliyyəti üçün model rolunu oynaya bilər. Bilirsiniz, ayrı cür ola da bilməz. Çünki Bakı Dövlət Universiteti böyük bir tarixi yol keçib. 2019-cu ildə universitetimizin 100 illik yubileyi olacaq. Ümummilli liderimizin “Mən həmişə fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” kimi bizim üçün çox qiymətli bir fikri bizi son dərəcə diqqətli olmağa, bu sözləri həmişə doğrultmağa çağırır.

Yusif ƏLİYEV,
“Azərbaycan müəllimi”

http://muallim.edu.az/content/?category=arxiv&issue=05-2017&content_id=26

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!