Mən yer üzərində müəllimdən yüksək ad tanımıram…

07/01/2016

"Müəllim adı dünyada ən şərəfli addır. Mən yer üzərində müəllimdən yüksək ad tanımıram".-Bu, Ulu öndərimizin müəllimlik sənətinə verdiyi ən yüksək qiymətdir. Həqiqətən də, müəllimlik peşəsinin məsuliyyətini bütün varlığı ilə dərk edən müəllimlər ən böyük hörmətə layiqdirlər.

Mən də sizi bir müəllim ömrünün ziyası, nuru ilə tanış etmək istəyirəm. Elə bir müəllim ki, qəlbi şagirdlərinə, müəllimlik peşəsinə tükənməz sevgi ilə doludur. İlk dəfə əlinə jurnal alıb sinfə daxil olduğu gündən düz 37 il keçir.

Gülşən Hüseyn qızı Əliyeva 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, 44 nömrəli Bakı şəhər orta məktəbini bitirmişdir.

Hələ orta məktəbdə oxuyarkən ən böyük arzusu müəllim olmaq idi. Bu arzu onu ADU-nun (indiki BDU) filologiya fakültəsinə gətirdi. Tələbə olarkən öz ağlı, istedadı, bacarığı, tərbiyəsi ilə müəllimlərin diqqətini cəlb etdi. Şəkli şərəf lövhəsini bəzədi. Universitetin ictimai həyatında yaxından iştirak etdi. Ali təhsilini bitirib təyinatını Masallı rayonunun ən ucqar kəndinə aldı. Burada da bütün şagirdlərin, valideynlərin, müəllim kollektivinin hörmətini qazandı.   Müəllimlik fəaliyyətinə Respublikanın ən ucqar kənd məktəbindən başlasa da, biliyi, pedaqoji ustalığı sayəsində tanındı. 1986-cı ildən isə Bakı şəhər 144 saylı orta məktəbdə çalışmağa başladı. Burada da şagirdlərin sevimlisinə çevrildi.

Gülşən Əliyeva 1988-ci və 2004-cü illərdə Bakı Şəhər Müəllimləri Təkmilləşdirmə İnstitunda ixtisası üzrə kurs keçmişdir. O, yüksək bacarığı sayəsində 1990-cı ildə ikillik müəllim-psixoloq kursunu qırmızı diplomla bitirmişdir. Gülşən müəllim BDU-dan aldığı yüksək təhsili 30 il müxtəlif tədris ocaqlarında şagirdlərə aşılamış, 2008-ci ildən isə tale onu doğma universitetinin nəzdində olan "Gənc İstedadlar" liseyinə gətirib çıxarmışdır. 7 ildən çoxdur ki, o, bu liseydə şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur. Dəfələrlə BDU-nun rektorluğu tərəfindən təşəkkür və fəxri-fərmanla təltif olunmuşdur. Gülşən müəllimin dərs dediyi 37 il ərzində minlərlə şagirdi müxtəlif ali məktəblərə daxil olmuş, bacarıqlı mütəxəssis kimi yetişmişdir. Onun şagirdlərinin sorağı Kanada, Toronto, Türkiyə, Rusiya ali məktəblərindən gəlir. O, bilik verməklə yanaşı, həm də onlara doğma dili sevdirir, onun incəliklərini şagirdlərin beyninə həkk etdirir, mütaliə bacarıqlarını, ədəbiyyata məhəbbəti artırır. Müəllimlik peşəsini, adını, şərəfini həmişə uca tutan Gülşən Əliyeva  onu tanıyan hər kəsin qəlbində əvəzsiz bir yer tutur.

Mən də filologiya ixtisasına məhz Gülşən müəllimin mənə aşıladığı biliyin sayəsində qəbul olmuşam. Onun mənə öyrətdiyi bilgilər elm sahəsində atdığım hər addımda mənə kömək olur, yoluma işıq tutur. Bu cür müəllimlərin sayı nə qədər çox olsa, cəmiyyətimizin ziyalıları, dünya elmində qazanılan uğurlarda azərbaycanlıların adları  daha da artar.

Gülnar Axundova

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!