Milli Məclisdə ulu öndər Heydər Əliyevin 85 illiyinə həsr olunmuş yubiley iclası keçirilmişdir

07/05/2008

Mayın 6-da Milli Məclisdə ümummilli lider Heydər Əliyevin 85 illik yübileyi ilə əlaqədar geniş iclas keçirildi. Parlamentin Sədri Oqtay Əsədov iclası açaraq ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan, xalqımız üçün gördüyü böyük işlərdən danışdı.
"Tariximizin son yarım əsrdən artıq bir dövrü Heydər Əliyevin parlaq fəaliyyəti ilə bağlıdır. Yalnız onun sayəsində xalqımız əvvəlcə siyasi və dövlət müstəqilliyinin möhkəm təməlini yaratmış, daha sonra isə bu təməl üzərində qurulan müstəqil dövlətini qoruyub saxlaya bilmişdir. 1969-1982-ci illərdə Heydər Əliyevin dahiyanə idarəçilik qabiliyyəti, irəlini görmək məharəti sayəsində Azərbaycan əsrə bərabər inkişaf yolu keçdi. Sovet İttifaqının ən geridə qalan respublikalarından biri olan Azərbaycan qısa müddət ərzində tənəzzüldən çıxaraq yüksəliş yoluna qədəm qoydu " - deyən Milli Məclisin Sədri əlavə etdi ki, 1982-1987-ci illərdə Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən Heydər Əliyev Azərbaycanın ardıcıl inkişafı üçün məqsədyönlü işləri davam etdirdi. Onun Moskvada hakimiyyətin ən yüksək zirvəsində olması Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan qüvvələrin qarşısında ən böyük sipər idi.
Heydər Əliyevin Sovetlər Birliyinin rəhbərliyində yüksək vəzifədən uzaqlaşması ilə Azərbaycanın faciələrinin əsası qoyuldu. Ulu öndərin SSRİ-nin ali rəhbərliyindən istefası Azərbaycana qarşı hazırlanmış məkirli planların həyata keçirilməsi yolunda başlanğıc oldu. Həmin dövrdən ermənilər xalqımıza qarşı genişmiqyaslı təcavüzkar siyasəti yeritməyə başladılar. Ermənistandan qaçqınların axını, qanlı 20 Yanvar faciəsi, xalqımızın böyük zəhmət hesabına topladığı maddi, mənəvi sərvətlərinin talan edilməsi, Xocalı soyqırımı, Şuşa, Laçın və digər rayonlarımızın işğal edilməsi ölkədə ağır vəziyyətə gətirib çıxarmışdı. O dövrdə Azərbaycana Heydər Əliyev rəhbərlik etsəydi, düşmənlərimiz bu məkirli planlarının heç birini həyata keçirə bilməzdilər. Parlament sədrinin sözlərinə görə, Heydər Əliyevin böyük siyasətə qayıdışı 1993-cü il iyunun 15-də onun Ali Sovetin sədr seçilməsi ilə başlamışdı. Ümummilli lider prezident seçilənədək 4 ay parlamentə rəhbərlik etmişdir.
Heydər Əliyevin Azərbaycan parlamentinin sədri seçilməsi ölkəmizdə qanunvericilik orqanın nüfuzunu yüksək səviyyəyə qaldırdı və onun peşəkar orqan kimi formalaşması istiqamətlərini müəyyənləşdirməyə imkan verdi. Milli Məclis ölkədə baş verən mürəkkəb və ziddiyyətli ictimai-siyasi hadisələrin açıq və demokratik şəraitdə müzakirə edildiyi hakimiyyət orqanına çevrildi. Qısa zaman içərisində Heydər Əliyev parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Böyük öndərin iclası aparmaq tərzi, öz təkliflərini dəqiq əsaslandırmaq, deputatların fikirlərini ümumiləşdirərək müzakirəni səmərəli axara yönəltmək qabiliyyəti əsl parlamentarizm məktəbi idi. Sonralar ölkənin ali qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü  "Milli Qurtuluş günü " kimi dəyərləndirdi. Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti xalqa sədaqətlə xidmət etmək, onun yolunda hər cür fədakarlığa hazır olmaq timsalına çevrilmişdir. 1993-cü ildən 2003-cü ilədək olan 10 il ərzində onun həyata keçirdiyi nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir.
Ümummilli lider Heydər Əliyevin apardığı uğurlu siyasi kurs Azərbaycanı Cənubi Qafqazın aparıcı dövlətinə çevirmişdir. Azərbaycan Avropa ilə Asiyanı bir-birinə sıx bağlayan nəhəng iqtisadi layihələrin həyata keçirilməsində həlledici rol oynayır. Hazırda ölkəmiz geniş bir bölgədə söz sahibi olan, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda qazandığı uğurları ilə dünyanın diqqətini özünə cəlb edir. Parlament sədri bildirdi ki, Heydər Əliyev siyasi xəttini yeni mərhələdə Prezident İlham Əliyev layiqincə davam etdirir. Bu siyasi kurs ölkəmizi daha uğurlu gələcəyə aparacaqdır.
Deputat Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə elm və təhsilin inkişafına xüsusi diqqət yetirdiyini bildirdi. O qeyd etdi ki, ulu öndər azərbaycanlı gənclərin tanınmış ali təhsil ocaqlarında təhsil almaları üçün hərtərəfli şərait yaradırdı. Praqmatik düşüncəli dövlət xadimi xalqımızın xoşbəxt gələcəyi yolunda böyük işlər həyata keçirmişdir.
"Ümummilli lider Heydər Əliyev xalqın istəyi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan dövlətini düşdüyü dərin böhrandan çıxardı və müstəqilliyini əbədi etdi " - deyən deputat Jalə Əliyeva müdrik dövlət xadiminin gördüyü genişmiqyaslı işlərdən bəhs etdi. Heydər Əliyevin həyata keçirdiyi iqtisadi, siyasi islahatlar bugünkü uğurlarımızı şərtləndirib.
Ümummilli lider Heydər Əliyevi dünyanın görkəmli dövlət xadimləri ilə müqayisə edən deputat Asəf Hacıyev dahi şəxsiyyətin həm sovet dönəmində, həm də müstəqillik illərində Azərbaycanın hərtərəfli inkişafı istiqamətində gördüyü böyük işlərdən danışdı. Müstəqil Azərbaycan dövlətinin dünyanın inkişaf etmiş ölkələrinin etibarlı tərəfdaşına çevrilməsi bu siyasi kursun uğurla davam etdirilməsi nəticəsində mümkün olmuşdur.
Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən bəhs etdi. O bildirdi ki, ümummilli lider Heydər Əliyev respublikaya rəhbərlik etdiyi illər siyasi, iqtisadi, mədəni, yüksəliş dövrü kimi tariximzə daxil olmuşdur. Azərbaycanın milli təhlükəsizlik strategiyasının müəllifi də Heydər Əliyevdir. Uğurla aparılan xarici siyasət kursu Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemini diqqət mərkəzinə gətirmişdir. Münaqişənin beynəlxalq hüquq normaları çərçəvəsində həlli istiqamətində ardıcıl addımlar atılır. Z.Əsgərov Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlarla da səmərəli əməkdaşlığın davam etdirildiyini bildirdi.
Milli Məclis Sədrinin müavini Bahar Muradova ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında gördüyü tarixi xidmətlərdən danışdı. Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətin, ədəbiyyatın və incəsənətin inkişaf etməsi üçün böyük işlər görmüşdür. Azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları naminə milli həmrəyliyin yaradılması istiqamətində ulu öndərin gördüyü əməli işlər xalqımız tərəfindən daim rəğbətlə qarşılanır. Milli Məclisin Sədr müavini B.Muradova xalqın xilaskarının daim yüksək xatırlanacağını qeyd etdi.
Deputatlardan Mübariz Qurbanlı, Siyavuş Novruzov, Əli Əhmədov, Elmira Axundova ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında göstərdiyi xidmətlərdən bəhs etdilər. Bildirdilər ki, Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Azərbaycanı dünyanın söz sahibi olan ölkələrindən birinə çevirmişdir.
Heydər Əliyevin Elmlər Akademiyasına qayğısından söz açan Gövhər Baxşəliyevanın sözlərinə görə, ulu öndər xalqın tələbilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra bu elm ocağının fəaliyyətinin dövrün tələblərinə uyğun qurulmasına, burada geniş elmi tədqiqatlar aparılmasına xüsusi diqqətlə yanaşmış, hər cür kömək göstərmişdir. Məhz Heydər Əliyevin təşəbbüsü ilə bu elmi mərkəz Azərbaycan Milli Elmlər Akademiyası adlandırılmışdır.
Ulu öndər Heydər Əliyev haqqında danışmağın şərəf olduğunu deyən Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov diqqəti ölkəmizin yeni neft strategiyasına yönəltdi. Bildirdi ki, ümummilli liderin Azərbaycan dövlətinin və xalqının milli maraqlarına, firavanlığına, ölkəmizin inkişafına xidmət edən yeni neft strategiyasına nəzər salanda bir daha ulu öndər Heydər Əliyevin hansı iradənin sahibi olduğunu görürük. Ölkəmizin yeni neft strategiyasının reallaşması məhz Heydər Əliyevin böyüklüyü, müdrikliyi, uzaqgörənliyi və nüfuzu sayəsində mümkün oldu. Əgər Heydər Əliyev olmasaydı, heç bir dövlət, heç bir şirkət Azərbaycana sərmayə qoymazdı. Bu gün Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istismara verilməsi ulu öndər Heydər Əliyevin dövlətimizin və xalqımızın milli maraqlarına xidmət edən neft strategiyasının bəhrələridir.
Deputat Fuad Muradov çıxışında ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda həyata keçirilməyə başlayan gənclər siyasətindən söz açdı, hazırda bu siyasi xəttin dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini qeyd etdi.
Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qüdrətlənməsi istiqamətində gördüyü işlərdən danışdı.
Heydər Əliyevin siyasi fəaliyyətinin bir hissəsinin Azərbaycan parlamenti ilə bağlı olduğunu deyən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov bildirdi ki, ulu öndər yaddaşlarda həm qətiyyətli, həm də humanist şəxsiyyət kimi qalıb. 1990-cı ilin 20 Yanvar faciəsindən sonra ilk olaraq öz etiraz səsini ucaltması, 1993-cü ilin iyun hadisələri zamanı Gəncəyə gedərək vətəndaş qarşıdurmasının qarşısını alması Heydər Əliyev qətiyyətinin təcəssümü idi. Komissiya sədri onu da bildirdi ki, ulu öndər hakimiyyətdə olduğu dövr ərzində xalqımız dəfələrlə unudulmaz rəhbərin humanistliyinin şahidi olmuşdur. Heydər Əliyevin bütün addımları xalqın milli mənafeyinə xidmət edirdi.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizin ayrılmaz parçası olan Dağlıq Qarabağa böyük diqqət və qayğı ilə yanaşdığını deyən deputat Elman Məmmədovun sözlərinə görə, sovet dönəmində Heydər Əliyev tez-tez Qarabağa gələr və öncə Şuşaya gedərdi. Onun bu qədim Azərbaycan şəhərinə gəlməsinin həm siyasi, həm də mənəvi anlamı var idi.
Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Dağlıq Qarabağ münaqişəsinə böyük həssaslıqla yanaşmış, Ermənistanın hərbi təcavüzü nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın problemlərinin aradan qaldırılması üçün zəruri addımlar atmışdır.
Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli dedi ki, zaman ötdükcə Heydər Əliyev şəxsiyyətinin dahiliyi, böyüklüyü daha dərindən dərk edilir. Heydər Əliyev böyük azərbaycanlı idi. Heydər Əliyev həm də böyük hakimiyyət ustası idi, müstəqil dövlətimizi qüdrətləndirdi. Onun rəhbərliyi ilə müstəqil Azərbaycanın Konstitusiyası hazırlandı və qəbul edildi. Heydər Əliyev qayğıkeş və tələbkar müəllim, fenomenal lider, humanist şəxsiyyət idi.
Deputat Fəttah Heydərov çıxışında ulu öndər Heydər Əliyevin Azərbaycanda müstəqil dövlət qurduğunu, dövlətçiliyimizi möhkəmləndirdiyini və bütün bunlar üçün öz canını belə əsirgəmədiyini diqqətə çatdırdı. Bu gün ölkəmizin dörd bir yanında gedən sürətli inkişafda, quruculuq işlərində, xalqımızın sosial rifahının yaxşılaşmasında Heydər Əliyev dəst-xətti yaxından hiss olunur. Heydər Əliyevin siyasi xəttinin onun varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi ölkəmizi xoşbəxt gələcəyə aparır.
Deputat Bəxtiyar Sadıqov çıxışında bildirdi ki, ulu öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri mətbuat və söz azadlığını bərqərar etməsidir. 6 avqust 1998-ci ildə ümummilli lider tərəfindən imzalanan sərəncama əsasən, mətbuata senzura nəzarəti ləğv edildi. Heydər Əliyevə qədər hakimiyyətdə olan heç bir dövlət başçısı mətbuat üzərində senzuranı ləğv etməyə cəsarət etməmişdi. Bu çətin missiyanı da böyük qətiyyətlə Heydər Əliyev öz üzərinə götürdü. Ulu öndərin rəhbərliyi dövründə ölkədə mətbuatın inkişafı üçün möhkəm və təkmil qanunvericilik bazası yaradıldı. Fəxrlə deyə bilərik ki, dünyada kütləvi informasiya vasitələri haqqında ən dəyərli qanun Azərbaycanda qəbul olunub.
Ulu öndər həm də jurnalistlərin yaxın dostu idi, onlarla təmasda olmağı sevirdi. Heydər Əliyev milli mətbuata ilk dəfə maddi dəstək verən, onun vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən bir sıra mühüm addımlar atmış, bu xidmətlərin müqabilində  "Jurnalistlərin dostu " mükafatına layiq görülmüşdür. Nə qədər Azərbaycan var, ulu öndər Heydər Əliyevin əziz xatirəsi və ideyaları yaşayacaq, xalqımızın firavanlığına xidmət edəcəkdir.
Deputatlardan Nizami İsgəndərov, Sevindik Hətəmov, Elton Məmmədov, Nizami Xudiyev, Astan Şahverdiyev, Rafiq Məmmədhəsənov, Qüdrət Həsənquliyev, Fəzail İbrahimli, Azay Quliyev, Tahir Rzayev, Novruzəli Aslanov, Səttar Möhbalıyev, Həvva Məmmədova, Gülhüseyn Əhmədov, Miri Qənbərov, Qənirə Paşayeva, Yaqub Mahmudov, Məlahət Həsənova, Eldar Quliyev və Vasif Əliyev ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərindən söz açdılar, onun əziz xatirəsinə ehtiramlarını ifadə etdilər. Çıxışlarda o da qeyd olundu ki, qarşıdan gələn növbəti prezident seçkilərində də xalqımız Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcək, onun rəhbərliyi ilə ulu öndərin ideyalarının davam etdirilməsinə səs verəcək.
Bununla da Milli Məclisin ulu öndər Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş təntənəli iclası başa çatdı. İclasın sonunda Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.

“Azərbaycan” qəzeti, 7 may 2008-ci il.

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!