Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadənin əziz xatirəsi heç vaxt unudulmayacaqdır

15/02/2009

Fevralın 14-də ölkəmizin ictimaiyyəti müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, görkəmli şair, dramaturq və ədəbiyyatşünası, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, əməkdar incəsənət xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Bəxtiyar Mahmud oğlu Vahabzadəni son mənzilə yola salmışdır.
Müasir Azərbaycan ədəbiyyatının qüdrətli şəxsiyyətlərindən olan Bəxtiyar Vahabzadənin çoxşaxəli yaradıcılığı ideya-məzmun və janr-forma baxımından zəngin bir sənət dünyasıdır. Bütün varlığı ilə sevdiyi doğma Azərbaycan xalqının arzu və istəkləri, hiss və duyğuları həmişə onun ədəbi-bədii yaradıcılığının mayası, cövhəri olmuşdur. Şairin mübariz qələmi bütün dövrlərdə onun saf məslək və əqidəsinə xidmət etmişdir.
Ulu öndər Heydər Əliyev unudulmaz şairimizin ədəbiyyatımız və xalqımız qarşısında xidmətlərini çox yüksək qiymətləndirirdi. Onun Bəxtiyar Vahabzadəyə təbrik məktublarından birində deyilirdi:  "Sizin şəxsiyyətiniz və yaradıcılığınız xalqın milli təfəkkürünün formalaşmasına xidmət etmiş, onu milli dirçəlişə səsləmiş, istiqlaliyyət uğrunda mübarizədə əvəzsiz rol oynamışdır. Siz hər zaman azadlıq carçısı olmuş, ən çətin anlarda belə güc və silah qarşısında baş əyməmiş, əqidəsindən dönməyən şair, mübariz millət vəkili, yorulmaz ictimai xadim kimi xalqın müdafiəsinə qalxmışsınız ".
Azərbaycan Prezidenti İlham Əliyev də xalq şairinin yaradıcılığına yüksək qiymət vermişdir. Prezidentin şairin 80 illiyi ilə əlaqədar göndərdiyi təbrikində deyilirdi:  "Sizin yüksək bədiiliklə qələmə aldığınız əsərlər milli qaynaqlardan bəhrələnərək vətənpərvərliyin tərənnümü, insanın mənəvi ucalığı və fəlsəfi düşüncələrlə səciyyələnir. Zəngin ədəbi irsinizdən və dilimizin bədii imkanlarından məharətlə istifadə edərək yaratdığınız poeziya nümunələrində dərin məna ilə emosionallıq harmonik bir vəhdət təşkil edir ".
Mərhumun cənazəsi Bakı Dövlət Universitetinin akt salonunun matəmsayağı bəzədilmiş səhnəsində postament üzərinə qoyulmuşdu. Postamentin ətrafına Azərbaycan Prezidenti İlham Əliyevin adından, habelə dövlət və hökumət təşkilatları, Yazıçılar Birliyi, müxtəlif kollektivlər adından əklillər və mərhumun orden və medalları düzülmüşdü.
Dövlət və hökumət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət, elm xadimləri, mərhumun dostları, tanışları, poeziyasının pərəstişkarları axın-axın universitetin binasına gəlir, görkəmli sənətkara və gözəl insana son borclarını verirdilər.
Salonda həzin matəm musiqisi, şairin sözlərinə yazılmış mahnılar, özünün oxuduğu şeirlər səslənirdi, ölməz sənətkarın ədəbi-ictimai fəaliyyətini əks etdirən videokadrlar nümayiş etdirilirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev poeziyamızın görkəmli simalarından biri olan Bəxtiyar Vahabzadə ilə vidalaşma mərasimində iştirak etmək üçün universitetin binasına gəldi.
Dövlətimizin başçısı şairin ailə üzvlərinə, qohum-əqrəbasına dərin hüznlə başsağlığı verdi.
Matəm mitinqini açan təhsil naziri Misir Mərdanov şairin həyat və yaradıcılığından danışaraq dedi ki, müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə böyük vətəndaş olmaqla yanaşı milli şair idi. O öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynamışdır. Böyük söz ustası poeziyamızın tarixində özündən sonra dərin iz qoydu. İkinci Dünya müharibəsindən sonra ədəbiyyata gəlmiş Bəxtiyar Vahabzadənin bir çox əsərləri xalqın yaddaşına həkk olunmuş, XX əsr Azərbaycan poeziyasının ən layiqli nümunələrinə çevrilmişdir. Mərhum şair yaradıcılığı ərzində bütün varlığı ilə azərbaycançılıq ideyası ilə yaşamış, xalqını, millətini, Vətənini, dövlətini, Prezidentini sevmiş, insanlara sədaqətli olmuşdur.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev, Bakı Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Abel Məhərrəmov, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov və xalq şairi Zəlimxan Yaqub ölməz şairə Allah-təaladan rəhmət diləyərək vurğuladılar ki, o, təkcə yazdığı şeirlərlə deyil, yüksək şəxsi keyfiyyətləri, vətənpərvərliyi ilə də insanların qəlbində əbədi məhəbbət qazanmışdır. Son yüz ilin böyük sənətkarlarından, adı vüqarla səslənən, bütün türk dünyasında sevilən, ədəbiyyatımızın, mənəviyyatımızın, dilimizin inkişafında əvəzsiz xidmətlər göstərmiş şair daim, ən çətin anlarda da xalqın içində olmuş, onun problemlərini ən yüksək tribunalardan səsləndirmişdir.
Çıxış edənlər əsl ürək sərrafı olan tanınmış şairin ulu öndər Heydər Əliyevlə dostluğundan, ulu öndərin ona göstərdiyi qayğıdan danışaraq dedilər ki, müstəqil Azərbaycan dövləti Bəxtiyar Vahabzadənin ədəbi-elmi və ictimai fəaliyyətini yüksək qiymətləndirmiş və o, ölkəmizin ali mükafatlarına, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltifi olan  "İstiqlal " ordeninə layiq görülmüşdür.
Bildirildi ki, böyük ziyalı kimi yaşadığı dövrdə Azərbaycanın tarixinə düşən Bəxtiyar Vahabzadənin yaradıcılığı milyonların qəlbinə yol açmış, milli dəyərlərin formalaşmasına əvəzsis töhfələr vermişdir. O, 70-dən çox şeir kitabının, tarixi və müasir mövzuda 20-dən çox poemanın, 2 monoqrafiyanın, 11 elmi-publisistik kitabın və yüzlərlə məqalənin müəllifidir. İngilis, fransız, alman, fars və dünyanın başqa dillərinə tərcümə olunan əsərləri hər yerdə böyük maraqla qarşılanmışdır. Onun pyesləri təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də uğurla tamaşaya qoyulmuş və müəllifə geniş şöhrət gətirmişdir.
Olduqca şərəfli ömür yaşamış və böyük yaradıcılıq yolu keçmiş, həyat həqiqətlərini özünə xas olan üslubda qələmə almış Bəxtiyar Vahabzadənin şeirləri dillərdə əzbər dolaşır, ürəklərə, beyinlərə saf düşüncələr gətirir və insanlara milli vətənpərvərlik ruhu aşılayır.
Sözün əsl mənasında, xalqın müdrik oğlu, zəngin bədii təxəyyülü olan, Azərbaycan ədəbiyyatının zəngin ənənələrindən bəhrələnən Bəxtiyar Vahabzadə doğma dilimizin poetik imkanlarından ustalıqla istifadə edərək, fəlsəfi məzmunlu lirikanın çox gözəl nümunələrini yaratmışdır. Şairin dərin lirizmi ilə səciyyələnən sözlərinə çoxsaylı mahnılar bəstələnmişdir.
Natiqlər Bəxtiyar Vahabzadənin ədəbi, elmi yaradıcılığından, pedaqoji fəaliyyətindən, tədqiqatçı alim kimi Azərbaycan elmi qarşısında xidmətlərindən, şifahi ədəbi irsimizin, klassik və müasir Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində axtarışlarından danışdılar. Bildirdilər ki, Azərbaycan dilinin saflığı, təmizliyi və zənginləşməsi uğrunda mübarizə onun yaradıcılığının mühüm istiqamətlərindən birini təşkil etmişdir. Eyni zamanda vurğulandı ki, ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurla əlaqələndirən Bəxtiyar Vahabzadə həyatının əlli ildən artıq bir dövrünü təhsilə həsr etmiş, Bakı Dövlət Universitetində dərs demişdir.
Görkəmli ədib, pedaqoq, tanınmış ictimai xadim, əqidəli vətəndaş, müdrik ağsaqqal və səmimi insan Bəxtiyar Vahabzadənin işıqlı xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq, onun parlaq xatirəsi heç zaman unudulmayacaqdır.
***
Prezident İlham Əliyev mərhumun ailə üzvlərinə bir daha dərin hüznlə başsağlığı verdi, onlara Tanrıdan səbir dilədi.
Bəxtiyar Vahabzadənin ailə üzvləri, qohumları mərhumla vidalaşdılar.
***
Xalq şairi Bəxtiyar Vahabzadənin cənazəsi universitetin binasından qaldırılaraq Fəxri xiyabana gətirildi. Burada mərhumun ruhuna dua oxundu. Əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq böyük söz ustasının cənazəsi doğma torpağa tapşırıldı. Məzarın üstünə əklillər, gül dəstələri düzüldü.
Allah rəhmət eləsin, qəbri nurla dolsun!

“Azərbaycan” qəzeti, 15 fevral 2009-cu il.

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!