Maarifləndirmək, əyləndirmək, informasiya vermək... - Reportaj

12/10/2016

Tələbələrin idarə etdiyi radiodan reportaj

Bir radio düşünün. Onun bütün işçi heyəti tələbələrdir. Onlar yaradır, hazırlayır və həyata keçirirlər. Tələbə vaxtı öz işini, media qurumunu idarə etmək hər bir jurnalistika tələbəsinin xəyalıdır. Daha doğrusu, 2-3 il bundan öncəsinə qədər xəyal idi. İmkansız görünsə də, bu xəyal Bakı Dövlət Universitetində reallaşıb. Onlar öz radio və televiziyasını yaradıb, bu şərəfli işi öz çiyinlərinə götürüblər.
Yolumuz Bakı Dövlət Universitetinədir...

BDU radio və televiziya universitetin 2-ci korpusunun 5-ci mərtəbəsində yerləşir. Pilləkənləri qalxarkən artıq musiqi səsləri eşidilməyə başlayır. Radio və televiziyanın əməkdaşları efir vaxtını həyəcanla gözləyir və pozitiv əhval-ruhiyyə ilə efirə çıxırlar. Tələbə olsalar da, öz işlərinə peşəkarcasına yanaşmaları,  işlərinə olan sevgi, ortaya qoyduqları zəhmət radionun fəaliyyətindən hiss olunur.


"Bizə meydan verdilər”


İnsanları maarifləndirmək, əyləndirmək, informasiya vermək kimi şərəfli vəzifəni çiyinlərinə götürən qəhrəmanlar universitetin magisrtantları Səid Babazadə, Malik Talıblı, Xəyalə Əzizli, Toğrul Quluzadə, Aysel Qasımova, bakalavrlar Azər Ağayev və Cavid Abbaslıdır.
Onlar deyirlər ki, efirə çıxmaq gücünü, özlərinə inamı televiziya və radio jurnalistikası kafedrasının müdiri Aynur Kərimovadan alırlar. Qazandıqları uğurlara görə Aynur xanıma təşəkkür edirlər: "O, bizə meydan verdi və dedi ki, bura sizindir, bacarığınızı göstərin. Nə təklifimiz olsa, deyirik. Bir dəfə də hansımızasa "yox” deməyib. Əgər təklifimiz uğurlu deyilsə belə, elə formada çatdırır ki, özümüz başa düşürük. O, sadəcə, məsləhət verir, yol göstərir. Biz də bu yolda özümüzü tapırıq”.

"Mütəxəssislər yox, tələbələr işlətməlidir”

Aynur xanım özü də tələbələrdən seçilmir. Onlarla deyir-gülür, suallarını cavablandırır. Radionun fəaliyyəti haqqında ətraflı məlumat almaq üçün biz də Aynur xanıma yaxınlaşırıq. Müsahibimiz deyir ki, tələbələr Türk Әmәkdaşlıq vә Koordinasiya Agentliyinin (TİKA) BDU ilə birgə layihəsi çərçivəsində TRT-də dörd həftəlik təcrübə keçiblər: "Tələbələr davamlı olaraq studiyaların fəaliyyət prinsipləri, "production” anlayışı, günlük, həftəlik, aylıq yayım formatlarının hazırlanması, efir vaxtının düzgün seçilməsi, yaş hədlərinin nəzərə alınması, proqrama dinləyicinin qazandırılması yolları, aparıcılıq, səs montajı istiqamətində peşəkar dərslər alıblar. İnternet televiziyaları, onlayn media, səs və akustika, işıq və kölgə, eyni zamanda montaj dərslərində olublar. Ona görə də bu uşaqlar artıq ən müasir texnologiyalarla təchiz edilmiş radio və televiziyanı asanlıqla idarə edirlər”. Aynur xanım deyir ki, nəzəri biliklərin olması ilə yanaşı, jurnalistlərə praktiki biliklər də lazımdır. Lakin onların praktiki bilikləri qənaətbəxş deyildi: "Biz araşdıranda gördük ki, nəzəri bilgilər çox yaxşıdır, amma jurnalistlərə praktik bilgilər lazımdır. Bu praktik bilgilərin olması üçün də təbii ki, normal, yaxşı texniki baza olmalıdır. Bu baza isə təəssüf ki, universitetin bazasında bir az köhnəlmişdi. Bizim nəyə ehtiyacımız var, bunu götür-qoy etdik. Cənab rektorla bunları müzakirə etdik. Çox sağ olsun, burda bizim üçün bir kompleks ayırdı. Və biz də bunun kontingentini doldurmağa başladıq. Artıq tələbələr burada öyrənəcək və onlar media sektoruna gedəndə onlar üçün tanış olmayan heç nə qalmayacaq. İki hissədən ibarət kompleks yaratdıq. Həm televiziya, həm də radio... Bunların hər ikisinin potensialı bir bölgə, hətta deyərdim ki, şəhər televiziyası qədər imkan verir ki, yayıma çıxa bilək. Bu  kompleksi mütəxəssislər yox, məhz tələbələr işlətməli idi. Ona görə də biz birinci növbədə bizə daxil olan magistrlərimizi siyahıya almağa başladıq və onlara bunun xüsusi təhsilini verməyə başladıq. Artıq görürsünüz ki, buranı  tələbələr özləri idarə edə bilirlər. Biz məqsədimizə nail olduq. Bütün radio və televiziyanın fəaliyyəti tələbələrin əlindədir. Ən böyük arzumuz tezlik alıb, ölkə miqyasına çıxmaqdır”.
BDU-nun radio və televiziyasında 1-2-ci kurs tələbələrinin də praktika keçmək imkanı var. Hətta onlar dərslərinin birini bu radioda keçirlər və öz məhsullarını ortaya qoymaq imkanları yaranır.

"Səhərdən axşama qədər sistemi öyrənmişəm”


Aynur xanımla söhbət etdikdən sonra radionun "dirəyi” olan texniki işçilərə yaxınlaşırıq. Cavid Abbaslı texniki rejissordur. Universitetin 3-cü kurs tələbəsidir. Deyir ki, sistem qurularkən bəzən səhərdən axşama qədər ona sistemin incəliklərini öyrədiblər: "Bütün kabellərin çəkilməsində, aparaturanın quraşdırılmasında, hər bir işində iştirak etdik və hər bir şeyi bizə öyrətdilər. Sonra da bizə təlimlər keçdilər. Amma çox məsuliyyətli işdir. İşin çətinliyi ən çox radioda olur. Bir də görürsən ki, canlı yayım gedir, sönür, tapıb açmaq olmur. Bir dəfə hətta bütün radionu sıfırlamışdım, yenidən yığdım. Bütün sistemi sildiyimdən həyəcan keçirmişdim, amma sonradan yenidən özüm yığdım. Çalışıram ki, mənə öyrətdiklərini bacardığım qədər yaxşı yerinə yetirim”.
Radionun "beyni”
Azər isə radionun beynidir. Bütün aparaturaya o nəzarət edir: "Ən çətini odur ki, burada hər şey mənim işimdən asılıdır. Səhvə yol vermək şansım yoxdur. Əvvəllər universitetdə balaca studiya vardı, orda hazırlaşırdıq. Dərs müddəti kifayət deyildi. Çox vaxt da keçilmirdi. Belə aparaturalar yox idi. Bu aparaturanın hamısı son texnologiyadır. Bunları öyrənmək, mənimsəməyin özü bir təcrübədir. Bu gün öyrəndiklərimizlə gedib hər hansı televiziyada işləmək bizim üçün çox rahat olacaq”.
İş başında olan aparıcılara yaxınlaşırıq.

Məsuliyyətsiz Turğay, səbrli Xəyalə


Xəyalə Əzizlə Turğay Camalın apardığı "A kapella” verilişi yayımdadır.Yayımın bitməsini gözləyirik və verilişi seyr edirik. Turğay həmişə olduğu kimi efirə gecikir. Xəyalə artıq tək necə idarə edəcəyi barədə düşünür. Efirin başlamasına 1 dəqiqə qalmış Turğay özünü yetirir. Gənclər efirin sehrinə qapılıb verilişə başlayırlar. Xəyalə ilə Turğay bəzən özləri də efirdə mahnı ifa edirlər. Hətta gələn istəklər aparıcıların mahnı oxumasıyla bağlı olur.
Efir bitdikdən sonra Xəyalə ilə söhbətləşirik: "A kapella” musiqi alətlərinin müşayiəti olmadan musiqi mətninin ifasıdır. Veriliş dünya və yerli musiqinin ən sayılıb-seçilən nümayəndələrini, onların əsərlərini yada salmaqdan, maraqlı kiçik viktorinalardan, Feysbuk mesajlarının canlı yayımda səsləndirilməsindən, qonaqların dəvət olunmasından təşkil olunub. İnsanların musiqi zövqünü zənginləşdirmək, gənclər arasında intellektual baza yaratmağa çalışırıq. Hər musiqi zövqlərə uyğun seçilir. Gənclərin zövqünün formalaşdırılması bizim əlimizdədir. Musiqi təhsilim olduğu üçün musiqidən anlayıram. Hansısa müğənninin ifasını verdikdən sonra o müğənni haqqında məlumatları da gənclərlə bölüşürük”.
Turğay deyir ki, onun mənfi cəhəti məsuliyyətsiz olmasıdır: "Efirə gecikəndə Xəyalə çox əsəbləşir. Təvazökarlıqdan uzaq olsa da, bacarıqlıyam. Vəziyyətdən çıxa bilirəm. Amma həqiqətən məsuliyyətsizəm, bunu etiraf edirəm. Bütün işlərimi bir anda etməyə çalışıram”.
Xəyalə: "Təsəvvür edin ki, verilişin başlamasına 10 saniyə vaxt qalıb, Turğay isə telefonu götürüb selfi çəkir. Biz də başladıq mübahisə etməyə ki, efir gedir, telefonu aşağı sal. Səsimiz efirə getmişdi. Bəzən olub ki, efirdə sözümüz çəp gəlib mübahisə etmişik. Bəzən Turğay verilişin ortasında deyir ki, işim var, gedirəm. Verilişi mən idarə edirdim. Bəzən də efirə 2-3 saniyə qalmış Turğay gəlir ki, mən gəlmişəm. Turğay gözəl səsli, bacarıqlı, efiri əla bilən olsa da, başımın bəlasıdır (gülürlər-A.Ə).
"Çətir götürməyi unutmayın”

"Tələbə səhəri” verilişinin aparıcıları isə Salehova Əfsanə, Məmmədov İlkindir. Onlar universitetin 4-cü kurs tələbələridir. Verilişlərinin əsas missiyası maarifləndirməkdir. Əsasən afişalar, elanlar, maraqlı xəbərlərlə tələbələri məlumatlandırırlar.
Əfsanə deyir ki, nə məlumat əldə edirlərsə, tələbələrlə bölüşürlər: "Biz burada həm tələbələri  məlumatlandırırıq, həm də özümüz məlumatlanırıq. Nə tapırıqsa, tələbələrlə bölüşürük. Tələbələrin asudə vaxtının yaxşı keçməsi üçün pulsuz təlimlər, proqramlar haqda məlumatlar veririk. Bəzən hava proqnozunu da veririk. Sonda da maraqlı olması üçün deyirik ki, evdən çıxanda çətir götürməyi unutmayın”.
İlkin  efirdə başlarına gələn maraqlı hadisələrdən danışır: "Efirə tez-tez gecikirəm, Əfsanə əsəbləşir. Əfsanə ilə efirdə mübahisələrimiz olur. Təsəvvür edin, 696 bal toplayan tələbəni dəvət etmişik. Mən ona dedim ki, necə olur, mən iki ayda 548 bal toplayıram, sən 696? Əfsanə dedi ki, İlkin o, ilboyu oxuyub, sən iki ay oxumusan. Elə efirdəcə Əfsanəyə dedim ki, mən sualı sənə vermədim. Pərt oldu, amma sonra barışdıq. Belə hadisələr çox olur. Amma əsas məqsədimiz tamaşaçının diqqətini cəlb etmək və onları maarifləndirməkdir”.
Gülərüzlü mehriban komandaya uğurlar diləyib oradan ayrılırıq. Ümid edirik, arzularına çatarlar və tezlik alıb ölkə sərhədlərindən kənara çıxarlar.

Aygün ƏZİZ

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!