IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu” mövzusunda dəyirmi masa keçirilib

03/10/2014

Bu gün “Hilton” mehmanxanasında Tədbirdə Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov çıxış edərək Beynəlxalq Forumun əhəmiyyətindən danışıb. Bildirib ki, 23 il bundan əvvəl yenidən müstəqillik əldə etmiş Azərbaycan bu gün sürətlə inkişaf edir. Avropa məkanına inteqrasiya, demokratik dəyərlərin inkişafı, tolerantlıq müstəqil Azərbaycan Respublikasının həyata keçirdiyi siyasətin əsasını təşkil edir. Ümummilli lider Heydər Əliyev kursunun davamçısı kimi Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsi olaraq ölkəmizin nüfuzu beynəlxalq aləmdə durmadan artır. Dünyanın bir sıra nüfuzlu təşkilatlarının bərabərhüquqlu üzvü olan ölkəmizin dinamik inkişafı, bəşəri düşüncələr haqqında azad fikirlərin səslənməsi dünya ölkələri tərəfindən Azərbaycana olan marağı gündən-günə artırır.  Artıq Azərbaycan öz qlobal layihələrdə iştirakına və siyasi gedişlərinə görə çağdaş dünyanın önəmli üzvünə çevrilib. Rektor qeyd edib ki, bu gün Azərbaycan və onun paytaxtı Bakı dünyada humanitar mərkəz, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanınır, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Beynəlxalq Humanitar Foruma və digər mötəbər tədbirlərə ev sahibliyi edir. Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər gənc Azərbaycan dövlətinin dünyada artan nüfuzunu təsdiq edən mühüm faktorlardır. Azərbaycan artıq müxtəlif xarakterli - siyasi, idman, səhiyyə, iqtisadi və sair tədbirlərin keçirildiyi məkana çevrilib. 2015-ci ilə Azərbaycanda birinci Avropa Oyunlarının keçirilməsi nəzərdə tutulmuşdur. Hesab edirik ki, Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə, Azərbaycan öz inkişaf səviyyəsini, yüksək potensialını bütün dünyaya bir daha təqdim edəcək.

XXI əsr: ümidlər, çağırışlar” devizi altında keçirilən Bakı Beynəlxalq Humanitar Forumunun Rusiya və Azərbaycan Prezidentlərinin təşəbbüsü ilə 2011-ci ildə təsis olunduğunu bildirən rektor, bu  forumlarda tanınmış dövlət xadimlərinin, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı Laureatlarının, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrinin iştirak etdiyini xüsusilə diqqətə çatdırıb. Bu forumda 64 ölkədən 540-dan çox nümayəndə, o cümlədən 14 Nobel mükafatı Laureatının iştirak etdiyini qeyd edərək Forumun pozitiv beynəlxalq səylərə böyük bir töhfə olduğunu, dünyada tolerantlıq, dialoq, insanlar və xalqlararası qarşılıqlı yanaşma kimi dəyərlərə və beynəlxalq hüquqa əsaslanan yeni və güclü quruluşun yaradılmasına yönəldiyini bildirib. Qeyd edib ki, bu Forum çərçivəsində keçiriləcək görüşlər, aparılacaq diskussiyalar çox dəyərli olacaq, yeni fikirlər ortaya çıxacaq və beləliklə, humanitar sahədə əməkdaşlıq üçün yeni imkanlar açılacaqdır. Bu gün dünya miqyasında humanitar məsələlərlə bağlı yeni bir format yaranmaqdadır. Bu baxışların formalaşmasında az rolu olmayan Bakıda keçirilmiş ötən forumların yekunları, qəbul edilmiş qərarlar, Bəyannamələr, əslində, hamımızın gələcəyə olan baxışlarını ifadə edir. Bu baxışlar ondan ibarətdir ki, biz çalışmalıyıq bütün dünya xalqları bir yerdə olsunlar. Çünki, qlobal dünya sürətlə dəyişir, texnoloji inkişaf bu dəyişikliyi daha da gücləndirir, bu gün əsas məsələ bu dəyişikliyə uyğunlaşmaqdır. Texnoloji inkişafın mədəni və tarixi ölçüləri yoxdur və o, cəmiyyət qarşısında yeni çağırışlar müəyyən edir. Biz bu çağırışlara cavab vermək, dəyişikliklərə uyğunlaşmaq üçün bir-birimizlə daha yaxın və mehriban münasibətlər qurmalıyıq. Biz çıxış yolunu birgə fəaliyyətdə görürük. Biz çalışmalıyıq ki, qarşılıqlı anlaşma meyilləri güclənsin, dini, milli zəmində qarşıdurmalara yol verilməsin. Müsbət meyilləri gücləndirmək üçün beynəlxalq əməkdaşlığa böyük ehtiyac vardır. A.Məhərrəmov sonda qeyd edib ki, Azərbaycanın əlverişli coğrafi mövqeyindən və çoxmədəniyyətlilik ənənələrindən yararlanaraq beynəlxalq təqvimdə artıq öz yerini tutmuş Bakı Beynəlxalq Humanitar Forumu artıq dünyada ən mühüm dialoq mərkəzlərindən birinə çevrilmişdir. Əminəm ki, beynəlxalq mədəniyyət  tarixində möhtəşəm hadisə hesab edilən bu Forumda faydalı müzakirələr aparacaq, təcrübələrimizi bölüşəcək, birgə çıxış yolları  arayacağıq və aparılan diskussiyaların yekunu müasir çağırışlara cavab verən təzə, konstruktiv ideyalar, elm və mədəniyyət, təhsil və kütləvi kommunikasiyalar sahəsində yeni mühüm təşəbbüslər olacaqdır.

Qeyd edək ki, Forumun Bakı Dövlət Universiteti tərəfindən təşkil edilən “İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu” mövzusunda keçirilən Dəyirmi masasında 14 ölkədən 20 nümayəndə, o cümlədən Bakı Dövlət Universitetindən 50 nəfər iştirak edir.  Dəyirmi masada İsrail, Albaniya, Serbiya, Gürcüstan, Amerika, Braziliya, Almaniya, Rumıniya, Rusiya, Bolqarıstan, Mərakeş, Sudan, Qazaxıstan, və Vyetnamdan nümayəndələr iştirak edir.  Qonaqlar araında  Nobel mükafatı Laureatları, universitet rektorları, prorektorlar, akademiya prezidentləri, institut direktorları, akademiklər, professorlar, dosentlər, nazirlər, agentlik sədrləri, şirkət rəhbərləri, media nümayəndələri var. Dəyirmi masa üç işçi bölmədən ibarətdir.

  • Təhsil mühitində fənlərarası inteqrasiyanın metodoloji problemləri,
  • Fənlərarası inteqrasiya və fundamental və təbiət elmləri sahəsində innovasiyalar,
  • Fənlərarası inteqrasiya humanitar və sosial elmlər sahəsində innovasiyaların tətbiqi vasitəsi kimi.

“Təhsil mühitində fənlərarası inteqrasiyanın metodoloji problemləri” adlanan I bölmənin moderatoru Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, ko-moderatorlar isə Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin müdiri, professor Eden Mamut və Rio de Janeyro Universitetinin rektoru, professoru  Levi Karlos Antonio olub. Bölmədə Kimya üzrə Nobel Mükafatı Laureatı, Vaysman İnstitunun professoru, Kimmelman adına Biomolekulyar Quruluşların Tədqiqi Mərkəzinin direktoru Ada Yonat “Bəşəriyyətin davamlı inkişafını müdafiə edərək biz gələcəyə doğru necə hərəkət edirik”, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov “Təhsil mühitində fənlərarası inteqrasiya zamanın tələbidir”, Sankt-Peterburq Dövlət Universitetinin Kimya İnstitutunun direktoru, professor Balova İrina Anatolyevna  “Tədqiqat və təhsilin fənlərarası inteqrasiyasında Sankt-Peterburq Universitetinin təcrübəsi”, BDU-nun Hesablama riyaziyyatı kafedrasının müdiri, professor Qalina Mehdiyeva “Müasir fənlərarası inteqrasiyanın paradiqması və təbii-elmi tədqiqat üsulları”, BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə və BDU-nun Pedaqogika kafedrasının dosenti Rəhimə Mahmudova “Azərbaycanda ali təhsilin metodoloji məsələləri: innovasiyaların tətbiqi, problemlər və vəzifələr”, Dağıstan Dövlət Universitetinin dosenti İlhamə Bağırova “Təhsil mühitində fənlərarası inteqrasiyanın metodoloji prinsirləri” mövzusunda çıxış ediblər.

“Fənlərarası inteqrasiya və fundamental və təbiət elmləri sahəsində innovasiyalar” adlanan II bölməninmoderatoru Fizika üzrə Nobel mükafatı laureatı Devid Conatan Qross (ABŞ), ko-moderatorlar isə Kimya üzrə Nobel Mükafatı Laureatı, Vaysman İnstitunun professoru, Kimmelman adına Biomolekulyar Quruluşların Tədqiqi Mərkəzinin direktoru Ada Yonat və  Tirana Politexnik Universitetinin rektoru, professor Yorqaq Kaçani olub. Bölmədə Fizika üzrə Nobel Mükafatı Laureatı Deyvid Conatan Qross, AMEA-nın Geologiya və Geofizika İnstitutu, akademik Hətəm Quliyev “Yer haqqında elmlərin bəzi fundamental multidissiplinar problemləri”, Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin müdiri, professor Eden Mamut “İnteqrativ təlimdən dağıdıcı ekoinnovativ texnologiyalara: nanoörtüklü duzların tədqiqi”, BDU-nun Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri, professor Məhəmmədəli  Ramazanov “Nanotexnologiyanın fənlərarası inteqrasiya və innovasiyalarda rolu”, Köln Universitetinin Tətbiqi Elmlər professoru Reza Talebi-Daryani “Məntiqi Fuzzi idarəetmə sistemli yanacaq elementlərinin və qaz qızdırıcı sistemlərinin inteqrasiya və istifadəsi binalarda enerji təchizatının yeni inteqrativ və innovativ texnologiyası kimi”, BDU-nun Qafqaz xalqları tarixi kafedrasının müdiri, professor İradə Hüseynova “Elm və təhsil tədqiqatlarında fənlərarası yanaşma müasirliyin vacib və aktual şərtidir”, BDU-nun Biologiya fakültəsinin professoru Ellada Axundova “Fənlərarası inteqrasiya: klassik genetikadan gen mühəndisliyinə qədər” mövzusunda çıxış ediblər.

“Fənlərarası inteqrasiya humanitar və sosial elmlər sahəsində innovasiyaların tətbiqi vasitəsi kimi” adlananIII bölmənin moderatoru Fizika üzrə Nobel mükafatı laureatı, Teodor Volfanq Hanş (Almaniya), ko-moderatorlar Bolqarıstan Elmlər Akademiyasının prezidenti, akademik Stefan Vodeniçarov və Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva olub. Bölmədə Fizika üzrə Nobel Mükafatı Laureatı Teodor Volfang Henş “Lazer tezlik darağı fənlərarası innovasiyaların aləti kimi”, Rio de Janeyro Universitetinin rektoru, professor Levi Karlos Antonio “İnnovativ inkişaf üçün fənlərarası inteqrasiyada universitetlərin rolu”, BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasının müdiri, professor Kamilə Əliyeva “Təhsildə fənlərarası inteqrasiyanın problemləri haqqında”, Rumıniya Qabaqcıl Strategiyalar Mərkəzinin direktoru Buzati Razvan “Dəyişən dünyada qlobal biliklərə əsaslanan cəmiyyətin qurulması”, Özbəkistanın Təhsil Nazirliyi, Yeni Tarix Mərkəzinin direktoru Əlişir Sabirov “İnnovasiyalar və şifahi tarixin fənlərarası xarakteri”, BDU-nun Psixologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev “İnsan kapitalının formalaşmasının fənlərarası tədqiqi”, BDU-nun Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev “Tarix fənninin tədrisində innovativ və fənlərarası yanaşmalar”, BDU-nun Beynəlxaq ümumi hüquq kafedrasının müdiri, professor Rüstəm Məmmədov “Bakı Dövlət Universitetində XXI əsr hüquqşünaslarının hazırlanması və formalaşdırılması prosesində fənlərarası texnologiyaların inteqrasiya və tətbiqi məsələləri” mövzusunda çıxış ediblər.

Dəyirmi masa yekun müzakirə və Bəyannamənin qəbul edilməsi ilə başa çatıb.

Mətbuat və İnformasiya şöbəsi, 3 oktyabr 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!