I kurs tələbələri üçün

15/09/2012

Məktəb günləri başlayır. Kimi övladını birinci sinfə, kimisi isə 1-ci kurs tələsi olaraq universitetlərə yola salmağa hazırlaşır. Təbii ki, hər bir tələbə, şagird, onun valideyni övladının təhsil alacağı orta və ya ali təhsil ocağı haqqında daha müfəssəl məlumat almağı arzulayır. Odur ki, Bakı Dövlət Universitetinə daxil olan I kurs tələbələrinə bu ali təhsil ocağı haqqında bəzi məlumatları verməyi məqsədəuyğun sayırıq.

Azərbaycan   Demokratik   Respublikası   Parlamenti 1919-cu il sentyabrın 1-də ictimai fikir tariximizdə, elmin, maarifin inkişafında əvəzedilməz xidməti olan ilk universitetin açılması haqqında bütün çətinliklərə, maneələrə baxmayaraq, qanun qəbul edir. 1919-cu il noyabrın 15-də şənbə günü universitetdə birinci dərs günü elan edilir. Bu xəbər xalqımızda, o cümlədən ziyalılar, ictimai-siyasi xadimlər arasında böyük razılıqla qarşılanır. Universitet ilk tədris ilinə 2 fakültə: tarix-filologiya və tibb fakültələri, 44 müəllim və 1094 tələbə ilə başlayır. Universitetin ilk rektoru görkəmli rus alimi, Kazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olur. İlk rektordan 24-cü rektor - kimya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Abel Məhərrəmova qədər olan yolu nəzərdən keçirsək görərik ki, BDU böyük bir tarixi yol qət edib.

Bakı Dövlət Universiteti özünün alim korpusunun sayına və onların elmi araşdırmalarının nüfuzuna görə də ölkənin ali məktəblərinə liderlik edir. Universitetin elm və təhsil sahəsindəki uğurları, güclü maddi-texniki bazası, kadr potensialı var. Bakı Dövlət Universiteti 4 korpusdan ibarətdir. Bu ali təhsil ocağında 60-dək ixtisas üzrə 17 fakültədə 20 minədək tələbə təhsil alır. Dərslər  3 bölmədə (azərb, rus, ingilis) aparılır. 14 dil tədris edilir, 300-dən artıq elmlər doktoru, professor, 1500-ə yaxın elmlər namizədi, dosent fəaliyyət göstərir. BDU müəllimlərindən 22 nəfər AMEA-nın həqiqi və müxbir üzvü, 14 nəfəri Milli Məclisin deputatıdır. Bütün bunlar ölkədə fəaliyyət göstərən digər dövlət və özəl ali məktəblərin heç birində rast gəlinməyəcək statistik rəqəmlərdir və bu da heç şübhəsiz böyük iftixar hissi doğurur. Universitetin elmi kitabxanası 2,5 milyondan artıq ədəbiyyatı olan fonda malik olmaqla, onun 12 qiraət zalı, 5 abonement şöbəsi müntəzəm olaraq universitetin çoxminli müəllim və tələbəsinin hər gün istifadəsindədir.

Universitet yüksək ixtisaslı kadrlar hazırlamaqla bərabər, həm təbiət, həm də humanitar elm sahələri olmaqla 123 kafedranı, 200-dən çox elmi əməkdaşı olan 37 elmi-tədqiqat və tədris laboratoriyasını, Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunu və Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunu özündə birləşdirən, Azərbaycan dili, ədəbiyyatı və tarixinin klassik məsələlərindən tutmuş genetika, nanotexnologiya, nanomaterialların alınmasınadək çox geniş spektrdə mövzuları əhatə edən, elmi araşdırmalar həyata keçirən böyük elmi mərkəzdir. Universitetin tərkibində çap avadanlıqları olan nəşriyyat, 6 muzey, 80 elmi-tədqiqat və tədris laboratoriyası, informasiya texnologiyaları və tərcümə mərkəzi, mətbuat və informasiya şöbəsi, «Bakı Universiteti» qəzeti, idman - sağlamlıq və üzgüçülük kompleksi, poliklinika,  «Gənc istedadlar» liseyi və s. fəaliyyət göstərir. Universitetdə həmçinin yataqxana və tələbə şəhərciyi var. Bu ölkə daxilində nəinki hər hansı bir ali məktəblə müqayisə oluna bilməyəcək, həm də bütövlükdə ölkənin bütün digər ali məktəblərinin ümumi elmi-tədqiqat potensialından üstün bir mövqedir. Düzdür, hazırda BDU-nun tələbə şəhərciyi təyinatı üzrə istifadə olunmur. Amma bu günlərdə yataqxanalarda yerləşən məcburi köçkünlərin köçürüləcəyi və müasir otel tipli yataqxanaların inşasına başlanacaqdır.

Onu da qeyd edək ki, Bakı Dövlət Universitetinin elmi potensialının uğurları yalnız ölkə səviyyəsi ilə məhdudlaşmır. BDU-da çalışan alimlərin dünyanın aparıcı jurnallarında məqalələri dərc olunur. Ötən il bu məqalələrin sayı 100-ü keçib ki, ölkənin heç bir ali məktəbində belə göstərici olmayıb. Buna müvafiq olaraq rektor alimlərin Tomson Reyter Agentliyinin Elmi İnformasiya İnstitutu tərəfindən tərtib edilmiş, təsir əmsalı olan jurnallarda çap etdirdikləri elmi məqalələrə görə müntəzəm olaraq mükafatlandırılmasını qərara alıb.

İstənilən universitetin nüfuzunun artmasında bu ali məktəbdə təhsil alan əcnəbi vətəndaşların sayı mühüm əhəmiyyət kəsb edir. Bununla bağlı universitetin rəhbərliyi xarici dövlətlərin təhsil qurumlarının yüksək rütbəli şəxsləri ilə danışıqlar aparır, xarici ölkələrdə keçirilən elm və təhsil üzrə sərgilərdə universitetin iştirakı təmin olunur, internet vasitəsilə BDU-nun tarixi, tədris prosesinin məzmunu, təhsilin keyfiyyəti və digər məlumatlar yayımlanır. Aparılan işlərin nəticəsində son illər tədris ilində əcnəbi tələbələrin sayı və təmsil etdikləri ölkələr artıb. Bir faktı da qeyd edək ki, ötən il universitetdə qəbul olunmuş xarici qonaqların sayı 60-ı keçib. Həmin qonaqlarla müxtəlif sahələri əhatə edən Anlaşma Memorandumları, müqavilələr imzalanıb və bu haqda KİV-də məlumatlar dərc olunub.

Beləliklə, Bakı Dövlət Universiteti Avropa elm və təhsil məkanında tanınır və nüfuzlu universitet kimi qəbul edilir. Bu məkanda elə bir proqram, yaxud inteqrasiya prosesi yoxdur ki, onlarda universitet hər hansı bir dərəcədə iştirak etməsin. Universitet qloballaşan dünyada elm və təhsil sahəsində müşahidə edilən prosesləri izləyir, onlarda iştirak etmək üçün mənəvi haqqa və hüquqi imkanlara malikdir, eyni zamanda, universitetin bu sahədə müəyyən edilmiş strategiyası mövcuddur.

Bir sözlə, BDU-nun beynəlxalq əlaqələri gündən-günə genişlənir. Hazırda universitet keçmiş SSRİ-nin bir çox universitetlərini özündə birləşdirən Avroasiya Universitetlər Assosiasiyasının, Xəzəryanı Ölkələr Universitetləri Assosiasiyasının, Qara Dəniz Universitetləri Assosiasiyasının, Avropa Universitetləri Assosiasiyasının üzvüdür. Bundan əlavə, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Orta Doğu Texnik Universiteti, İstanbul Ankara, Anadolu, Ərciyəz Universitetləri, Nitsa-Sofiya Antipolis Universiteti, İndiana Universiteti, Kiyev Milli Universiteti, Vyana Universiteti və digər universitetlərlə ikitərəfli müqavilələr əsasında hərtərəfli elmi-texniki, müəllim-tələbə mübadiləsi sahəsində əməkdaşlıq edir. Hazırda Bakı Dövlət Universitetində 20-yə yaxın ölkədən 1500-dən artıq xarici tələbə, magistrant, aspirant, doktorant, stajor təhsil alır.

Bakı Dövlət Universitetinin ölkə təhsil sistemindəki mövqeyini müəyyənləşdirərkən xüsusi olaraq diqqət çəkiləcək məqam bu ali məktəbdə təhsil işinin qurulmasıdır.  Məlumdur ki, bu gün respublikada həyata keçirilən təhsil islahatlarının mühüm istiqamətlərindən biri də Azərbaycanın Bolonya prosesinə, yəni Avropa elm və təhsil məkanına qoşulmasıdır. Tam qətiyyətlə söyləmək olar ki, bu proses ən ideal formada - problemin elmi əhəmiyyəti, məzmunu və regional xüsusiyyətlərə uyğunlaşdırılması tam şəkildə öyrənilərək məhz Bakı Dövlət Universitetində həyata keçirilib. BDU-da Bolonya prosesinə həyata keçirilərkən milli mentalitet, milli xüsusiyyətlər, təəssübkeşlik xüsusi olaraq diqqətə alınır. Sovetlər dövründə bir məkan və ümumi ideologiya var idi. Amma indi biz milli məkandan Avropaya inteqrasiya edərkən milli dəyərləri qorumaqla tələbələri bu prosesə keçirməliyik. Bu baxımdan hazırkı mövqeyimiz Avropanın ali təhsil ocaqlarının mövqeyindən 2 dəfə ağırdır. Böyük dövlətlərdə belə xüsusiyyətlərə o qədər də əhəmiyyət verilmir.  Belə bir şəraitdə universitetlərin üzərinə nə qədər məsuliyyət düşür. Məhz buna görə də Azərbaycanın ictimai-siyasi fikir tarixində hər zaman ön mövqedə duran Bakı Dövlət Universiteti bu işi yüksək professionallıqla həyata keçirir. Universitetdə hər tədris standartı hazırlanarkən, Avropa modelini qəbul edərkən milli xüsusiyyətləri, milli irsi qorumaq məqsədilə islahatlar elə peşəkarlıqla aparırılır ki, həm bunlar qalsın, həm də inteqrasiya edə bilək. Heç şübhəsiz ki, Bolonya prosesinə qoşulmaq üçün onu dərindən dərk etmək lazımdır. Yəni təhsil standartlarının hazırlanması, müəllimlərin mühazirə mətnlərinin, onların audio-video görüntülərinin kompyuterə və internet şəbəkəsinə daxil edilməsi, tyutor (tyutor - tələbələrin akademik maraqlarını qoruyan, onların fərdi planlarının qəbulunu təşkil edən, işçi planları tərtib edən, ixtisaslar üzrə lazım olan bütün metodik materialları hazırlayan akademik məsləhətçi) institutunun yaradılması və digər amillərin hamısı birgə imkan verir ki, prosesin biz tərəfdən asılı hissəsini Bolonya, Avropa modelinə uyğun tənzimləyək. Bir məqamı da xatırladaq ki, hər hansı ali məktəbdə tyutor institutu fəaliyyət göstərmirsə, orada Bolonya prosesi həyata keçirilə bilməz. Tyutor institutu Bolonya prosesində hər bir tələbə üçün ayrıca tədris planı müəyyənləşdirməyə imkan verir. BDU-da artıq tyutor institutu yaradılıb və xeyli sayda müəllim həmin kursları Avropada oxuyub bitirmişdir.

Tək Azərbaycanda və Qafqazda deyil bütövlükdə Müsəlman Şərqində ilk dünyəvi və müasir ali təhsil ocağı olan, tarixin ən müxtəlif mərhələlərində elmi və ictimai düşüncənin lokomotivi kimi çıxış edən Bakı Dövlət Universiteti 93 illik böyük bir keçmişə malikdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ali təhsil ocağının cəmiyyət həyatındakı yerini və müstəsna rolunu yüksək dəyərləndirərək 24 aprel 2009-cu il tarixdə «Bakı Dövlət Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında» sərəncam imzalamışdı. Dövlət başçısının sərəncamında da vurğulandığı kimi, Azərbaycanın simasını müəyyən edən dövlət, elm və mədəniyyət xadimlərinin böyük bir qismi məhz Bakı Dövlət Universitetinin yetirmələridir. Xalqımızın milli sərvətinə çevrilən universitet bu gün də dövlət idarəçiliyi, iqtisadiyyat, elm, təhsil və mədəniyyətin müxtəlif sahələrində uğurla çalışan çoxsaylı məzunları ilə müstəqil Azərbaycanın inkişafına töhfələrini əsirgəmir.

Ölkələrin elm, təhsil, kadr potensialının, ziyalı təbəqəsinin formalaşmasında, habelə cəmiyyətdə maarifçiliyin genişlənməsində klassik universitetlərin xüsusi xidmətləri olub. Bu baxımdan Azərbaycanın ilk ali təhsil ocağının, klassik universitetinin - Bakı Dövlət Universiteti sözün bütün mənalarında Azərbaycan cəmiyyətinin elm, mədəniyyət, mental təfəkkür mənbəyidir.

Klassik universitetlərin digər universitetlərdən bir böyük üstünlüyü də var. Burada həm təbiət, dəqiq və texniki elmlər, həm də humanitar elm sahələri fəaliyyət göstərir. BDU-nun fakültələri və mövcud olan ixtisaslar bütövlükdə Azərbaycan cəmiyyətinin bütün strukturlarını təmsil edir. Universitetin alimləri hüquq-mühafizə orqanları, elm, təhsil, səhiyyə, mədəniyyət və digər mühüm sahələrdə fəaliyyət göstərirlər. Təqribi hesablamalara görə, respublikada dövlətin ali struktur rəhbərliyinin 70-75 faizi BDU-nun məzunlarıdır.

Universitetin ilk rektoru, professor Vasili Razumovskidən akademik Abel Məhərrəmova qədər olan yolu nəzərdən keçirsək görərik ki, BDU böyük bir tarixi yol keçib. 1919-cu ilin sentyabrın 1-də parlamentin qərarından sonra universitet açılarkən V.Razumovski deyib ki, Şərqlə Qərbin kəsişməsində bir məşəl yandı və bu məşəlin alovu bütün Azərbaycanı isidə biləcəkdir. Doğrudan da 93 ildən sonra görürürük ki, bu alov Şərqlə Qərbin - Avropa ilə Asiyanın kəsişməsində bir məşəl oldu. Dinindən, irqindən asılı olmayaraq həm azərbaycanlılara, həm də ətrafda olan bir çox ölkələrə öz istisini verə bildi. Bakı Dövlət Universiteti bu gün də təhsildə lider statusunu qoruyub saxlayır və ötən ildə olduğu kimi, bu il də “QS World University Rankings-2012” reytinqinə görə dünyanın 700 top universitetinin siyahısına daxil olub…

Pərvanə İbrahimova

BDU-nun Mətbuat və İnformasiya şöbəsinin müdiri

Modern.az

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!