I Avropa oyunları–əfsanəvi nağıllar aləminə səyahət

30/09/2015

İyun ayının 12-də Odlar Yurdu Azərbaycanın paytaxtı Bakıda dünya idman tarixində yeni eranın başlanğıcı olan İlk Avropa oyunlarının təntənəli açılış mərasimi keçirildi. Ecaskar səsə malik muğam ustası Alim Qasımovun möhtəşəm  ifası ilə başlayıb onun ifası ilə də yekunlaşan tədbirin hər anı böyük maraqla izlənildi. Qarabağ şikəstəsinin səsləndirilməsi, “Natiq ritm qrupu”nun çıxışı, qədim Azərbaycan xalılarının orijinal şəkildətəqdimi, mənbəyini Atəşgah məbədindən götürənməşəlin 48 gün ərzindəAzərbaycanı qarış-qarış gəzərək sonda yenidən Bakıya−meydanın mərkəzinə Qarabağ qazisi İlham Zəkiyev tərəfindən gətirilməsi,Nizami Gəncəvinin əsərlərindən ibarət miniatürlərin təqdimi, bəşərə sevgini təcəssüm etdirən nar dənələri  stadiona yayıldıqca insanların heyrət və sevicini  gizlədə bilməməsi mərasimin yaddaqalan anlarından idi.

50 ölkədən 291 iştirakçının qatıldığı paradda öndə Olimpiya tarixinin banisi  Yunanıstan olmaqla iştirakçı ölkələrin idmançıları əlifba sırası ilə keçdilər. Paradı ev sahibi kimi Azərbaycan idmançıları yekunlaşdırdı. Bayraqdarımız  gənclər arasında dünya çempionu, dünyada dzüdo üzrə ikinci güclü idmançı  sayılan Elmar Qasımov  idi. İştirakçı ölkələrin bayraqları meydana toplandıqdan sonra möhtəşəm atəşfəşanlıq şəhəri nura qərq etdi. İdmançıların şərəfinə dünyaşöhrətli ulduz Ledi Qaqa piano arxasında ifa edərək Con Lennonun məşhur  “Xəyal et” nəğməsini oxuduqdan sonra 8 çempion Avropa Olimpiya oyunlarının bayrağını mərkəzə gətirdi. Bir çox yaddaqalan məqamlarla bərabər, Azərbaycanın I xanımı M. Əliyevanın çıxışı  xalqımızın qonaqpərvərliyini  bir daha təsdiqlədi: “Bakı  17 gün ərzində sizin evinizdən uzaqda ikinci doğma eviniz olacaq. Sülhü, dostluğu, həmrəyliyi qeyd etmək üçün Azərbaycana xoş gəlmişsiniz!”

Səhnədə Qobustan qayalıqlarının təsvirinin yaranması, Novruz bayramının rəmzi səməninin  səhnəyə gətiriləsi, 1796 rəqqasın “Yallı” rəqsini məharətlə ifa etməsi də diqqət cəkdi. Oyunların rəsmi loqosu olan 5 başlıca element −  alov, su, simurq quşu,xalı və nar ölkəmizin mədəniyyətini, tarixini, iqtisdiyyatını  əks etdirirdi. Möhtəşəm səhnə tərtibatı, yüksək səviyyəli tədbir əsrarəngizliyi ilə izləyiciləri valeh etdi. Bakı və Mingeçevirdə 17 gün davam edəcək yarışlarda 50 ölkənin 6000-dən çox idmançısı20 idman növü üzrə 253 medal dəsti uğrunda mübarizə aparmağa başladığı ilk gün Azərbaycan idmançıları karete üzrə 2 qızıl və 2 bürünc, yunan-roma güləşi isə üzrə  1 qızıl,1 gümüş, 1 bürünc medal qazandılar. Yarışların III günü Azərbaycan  6 qızıl, 2 gümüş, 5-i bürünc olmaqla  13 medal qazanmış və reytinq cədvəlində birinci yerdə qərarlaşmışdı. Oyunların V günü isə aktivimizdə 8 qızıl, 3 gümüş, 8 bürünc medal vardı. Qızıl medal qazanan idmançılarımızdan biri dəfələrlə dünya və Avropa çempionatlarının, İslam həmrəyliyi oyunlarının qalibi Ayxan Mamayev idi.  Bakı Dövlət Universitetinin Tətbiqi-riyaziyyat və kibernetika  fakültəsinin 2014-cü il məzunu Ayxan Avropa Oyunlarında şotokan karate do idman növü üzrə qızıl medal qazanaraq xalqımıza bir daha qələbə sevinci yaşatdı. Digər təmsilçimizAvropa oyunlarında 2 uğurlu çıxışı ilə yadda qalan Filologiya fakültəsinin II kurs tələbəsi Fəridə Abıyeva idi. Universitetimizdə onlarla keçirilən görüş zamanı rektor Abel Məhərrəmov idmançılarımızın bu uğura qədər keçdikləri yol, nailiyyətləri, dövlətin idmana olan diqqət və qayğısından söhbət açdı, Ayxanı və Fəridəni təbrik edərək  yeni-yeni uğurlar arzuladı, universitet adından idmançılarımıza mükafat təqdim etdi. 17 gün davam edən yarışlarzamanı  Azərbaycan 21 qızıl, 15 gümüş, 20 bürünc medal qazanaraq Rusiya istisna olmaqla bütün iştirakçı dövlətləri arxada qoydu, təşkilatçılığı ilə bərabər,  ikinci yeri sonadək qoruyub saxlamaqla tarixinin parlaq səhifələrini yazmağa  müvəffəq oldu, aktivinə yazdığı 56 medalın hər biri xalqımıza böyük sevin, fərəh gətirdi.

İdman sağlamlıq, diplomatiya və ən nəhayət, mədəniyyətdir. Şərqlə qərb, Avropa ilə Asiya arası körpü mövqeyindən çıxış edən respublikamızda yüksək səviyyədə idman bayramı keçirildi, qonaqlar mədəniyyətimiz, adət-ənənələrimizlə tanış oldular. “Qız Qalası” Beynəlxalq İncəsənət Festifalı da məhz bu günlərdə fəaliyyət göstərdi, tarixlə müasirliyin vəhdəti sənətkarlıqla təqdim edildi.Oyunları izləməyə gələn xaricilərlə apardığım sorğu zamanı özlərini əfsanəvi nağıllar aləmində hiss etdiklərini, Bakının onların illər əvvəl gördükləri şəhərəbənzəmədiyini, inanılmaz gözəlliklərlə qarşılaşdıqlarını, hələ də açılış mərasiminin əsrarəngizliyinin təsiri altında olduqlarını söyləmələri “Azərbaycan bu tədbiri yüksək səviyyədə keçirə bilməyəcək” deyənlərə layiqli cavab idi.

Açılışdan bir gün öncə BDU-nun Sosial fəlsəfə və psixologiya kafedrasının  müəllimi, f.e.d, professor Qızılgül Abbasova ona ünvanladığım “İdmanın fəlsəfəsi nədir?” sualımı cavablandırdı, könüllülərimizin fəaliyyətinin onlara uğur gətirəcəyini bildirdi: “İdman humanizm və insansevərlikdir. O, insanları və maraqları birləşdirir. Bir sözlə, idman dünyanın özü deməkdir. Kömüllülərimizin fəaliyyətini çox müsbət qiymətləndirirəm. Cavanlarımız dünya ilə, xaricilərlə ünsiyyətdə olurlar. Yeni ünsiyyət mədəniyyətinə qovuşurlar. Onları alqışlayıram və bildirirəm ki, bu gün qazandıqları təşkilatçılq bacarığı onların gələcək uğurlarını təmin edəcək”.

AMEA-nın Fəlsəfə institutunun  Beynəlxalq münasibətlər və beynəlxalq hüquq şöbəsinin aparıcı elmi işçisi, dossent Lilya Mirzəzadə də könüllülərimizin fəaliyyətini yüksək qiymətləndirdi: “İdman həyat tərzidir.Gənclərimizin, xüsusilə, BDU-nun könüllü kimi çalışan tələbələrinin fəaliyyəti məni çox fərəhləndirir və bunu onların vətənpərvərliyi kimi qiymətləndirirəm”.

Qeyd etməliyəm ki, universitetimizdən 2235 könüllü müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərir. Açılış mərasimindən bir gün öncə gərgin qrafiklə çalışan könüllülərimiz zaman məhdudiyyətinə baxmayaraq suallarımızı həvəslə cavablandırdılar. Müsahiblərim universitetimizdən ən çox könüllüsü olan Ekologiya fakültəsinin I kurs, Y051A  qrupunun tələbəsi Tərlan Mahmudov, Filologiya fakültəsinin 2-ci kurs, 058-ci qrup tələbəsi Fidan Həsənova,Tarix fakültəsinin I kurs, 011-ci qrupun tələbəsi, Tələbə Gənclər təşkilatında Elm və Təhsil departamentinin sədri Səadət Qarayeva, Hüquq fakültəsinin 2-ci kurs, 1430-cu qrupun tələbəsi Leyla Bağırova, 2014-cü ildə “İlin tələbəsi” adını qazanmış Kimya fakültəsinin III kurs, KK027A qrupunun tələbəsi Arzu Bayramzadə, Bİologiya fakültəsinin I kurs,072-ci qrupun tələbəsi Zülfüqarlı Aytac, Psixologiya fakültəsinin magistantı Ceyhunə Dəmirova, Kitabxanaçılıq və informasiya fakültəsinin II kurs,1456-cı qrupun tələbəsi Fidan Kərimova və onun qrup yoldaşı İbrahim İbrahimli idi.

Müsahibənin təşkilində etdiyi köməyə görə redaksiyamız adından  Tələbə Gənclər Təşkilatının sədri Nicat Kərimova  təşəkkür edir, hazırladığımız müsahibəni  sizə təqdim edirik.

− I Avropa Oyunlarında könüllü kimi çalışmaq istəyi necə yarandı?

Tərlan Mahmudov: Düşündüm ki, uğurlu karyera qurmağın birinci şərti könüllü şəkildə  təmənnasız işləməyi bacarmaqdan  başlayır.

Fidan Həsənova: Bir çox seminarlarda, layihələrdə iştirak edirəm. Nisbətən sosial aktivəm. Ölkəmizdə, paytaxtımızda belə möhtəşəm və dünyaya səs salacaq tədbirin keçiriləcəyini, xüsusilə də, dünyada bir ilk olacağını eşidən kimi bu tədbir haqda maraqlanmağa başladım. Məhz bu zaman burada könüllü kimi çalışmaq imkanının olduğunu öyrəndim. Öyrəndikdən sonra isə çoxdandır axtardığım belə bir fürsəti qaçıra bilməzdim. Odur ki, müraciət etmək üçün dərhal Bakı-2015 Avropa Oyunlarının rəsmi saytına daxil olaraq qeydiyyatdan keçdim.

Səadət Qarayeva: Dünya görüşümün artması və uğurlu karyera qurmaq  üçün ilk addımlar olacağını düşündüm.

Leyla Bağırova: Dostum məni qeydiyyatdan keçirmişdi. Fəaliyyət sahəmi, əhatə  dairəmi  genişləndirmək istəyirdim.

Arzu Bayramzadə: Sosial şəbəkələrdən Avropa oyunları ilə bağlı tədbirlərdə iştirak edəcək könüllülərin fəaliyyətini maraqla izləyirdim. Bu, məni könüllü kimi çalışmağa daha da həvəsləndirdi.

Zülfüqarlı Aytac: Mən hələ orta məktəb illərindən başqa ölkələrdə keçirilən idman turnirlərini web və televiziya vasitəsilə çox izləmişəm və idmana olan marağım sonradan Şahmat üzrə beynəlxalq turnirlərin qalibi olmağımla nəticələndi. Bakı 2015 Avropa oyunları son illər ölkəmizin beynəlxalq arenada nüfuzunun artmasında  ən başlıca amillərdəndir. Bu dövlətin bir gənc aydını olaraq həmin yarışlarda mənim xidmətimin olması kəlmələrlə ifadə edə bilməyəcəyim qədər qürurvericidir.Təhsil aldığım BDU -dan gələn bu təklifi dəyərləndirdim.  Öz potensialımı verilən tapşırıqları yerinə yetirməklə “Bakı 2015 Avropa oyunları” zamanı reallaşdırmağa çalışdım. Əməyimizə verilən qiymət fəaliyyətimizin  uğurla nəticələndiyini söyləməyə əsas verir.

Ceyhunə Dəmirova: Vətənimə təmənnasız şəkildə xidmət edərək onun bir parçası olduğumu əməli işdə sübut etmək istədim.

Fidan Kərimova: Fəal həyat tərzi  hər zaman mənim üçün maraqlı olub. Sükunəti deyil, dinamikanı sevirəm.

İbrahim İbrahimli: Təklif gəldi, dəyərləndirdim.

−  Hansı sahə üzrə fəaliyyət göstərirsiniz?

Tərlan Mahmudov : Voterpol arenada oyun sahəsində idman təchizatçısı kimi fəaliyyət göstərəcəyəm.

Fidan Həsənova: Mən Açılış Mərasimi üçün nəzərdə tutulan “Carpet” – “Xalça” qrupu könüllülərindənəm. Açılış mərasimində belə bir şounun həyata keçirilməsini planlaşdırmaq da təbii ki, təsadüfi deyildi. Azərbaycan qədimlərdən bəri qədim xalçaları ilə məşhur olmuş və hətta Azərbaycan xalçaçılığında ayrıca olaraq Təbriz, Qarabağ, Bakı, Quba və s. xalça məktəbləri formalaşmışdır. Odur ki, Azərbaycan mədəni irsini dünyaya tanıtmağın ən gözəl vasitələrindən biri də bu şounu yaratmaqdan başqa bir şey ola bilməzdi. Bizim qrup üçün Üzeyir Hacıbəyovun orkestr əsəri olan “Cəngi”nin  sədaları altında səhnədə 2 metr diametri və özü də ağır olan ətəklərlə milli ornamentlərdən ibarət 4 xalça və Azərbaycan bayrağının görüntüsünü yaratmaq nəzərdə tutulmuşdu.

Səadət Qarayeva: Mətbuat sahəsi üzrə fəaliyyət göstərəcəyəm. Jurnalistlərlə idmançıların əlaqələrini tənzimləməksahəsində xidmət edəcək, dialoqlar zamanı vasitəçi olacağam.

Leyla Bağırova: Mərasim könüllüsü qismində çıxış edirəm. “Carpet” qrupunda 1000-ə yaxın qızdan, xalçamızın naxışlarından biriyəm.

Arzu Bayramzadə: Hazıra tədbir xidmətləri üzrə fəaliyyət göstərirəm.

Zülfüqarlı Aytac:Qonaqların qarşılanması sahəsi üzrə fəaliyyət göstərirdim. Xarici vətəndaşlarla səmimi ünsiyyət qurmağımla,əslində, xalqımın qonaqpərvərliyini nümayiş etdirdim. “Event Service” xidmətində idim.

Ceyhunə Dəmirova: Mərasimlər üzrə. Bağlanış mərasimində rəqs edəcəyəm.

Fidan Kərimova: Atıcılıq və velosiped yarışları zamanı könüllü kimi çalışacağam. Əsas işim təşkilati işlərlə bağlıdır. Qonaqların qarşılanması, onların suallarının cavablandırılması və s.

İbrahim İbrahimli:Təşkilati işlər.Tədbir xidmətləri  sahəsində. Açılış, bağlanış mərasimində və atıcılıq, dağ vellotreki sahəsində keçirilən tədbirlərdə təşkilati işlərlə əlaqədar fəaliyyət göstərəcəyəm.

− Könüllü olmaq nə deməkdir?

Tərlan Mahmudov : İnsan özünü əsl vətənpər kimi hiss edirsə, artıq onun istiqbalı, inkişafı, tanınması naminə nə isə etmək istəyir. Bu onun qəlbindən gəlir və  həvəslə çalışır.

Fidan Həsənova: Könüllü olmaq bir yerdə, müəyyən sahə üzrə və müəyyən işin həyata keçirilməsinə kömək məqsədi ilə pul qarşılığı, məvacib gözləmədən  fəaliyyət göstərmək, çalışmaq deməkdir. Könüllü olmaq həmin işə, necə deyərlər, ürək qoymaqdır, sevərək etməkdir. Könüllü olduğun işdə fəaliyyət zamanı çətinlik yaşadıqda kimisə günahlandırmamalısan.

Səadət Qarayeva: Çox gözəl bir duyğudur. Qürur hissi keçirirəm ki,ölkəmi tanıtmağa çalışıram. Gələcəkdə qürurla “azərbaycanlıyam, Avropa oyunları zamanı gənc vətənpərvərlərdən − könüllülərdən idim deyə biləcəyəm”.

Leyla Bağırova: Könüllü olmaq təkcə pulsuz işləmək deyil, həmçinin,  vətənə sevgini və bu işə məsuliyyətini  göstərməkdir.

Arzu Bayramzadə :Vətənə xidmət etməyin qürurunu yaşamaqdır könüllü olmaq.

Zülfüqarlı Aytac:Bir aksiyaya,yaxud hansısa tədbirə məcburi deyil, istəyərək qatılmaq kimi başa düşürəm.

Ceyhunə Dəmirova: Könüllü olmaq təmənnasız olaraq xalqa xidmətdir.

FidanKərimova:Təmannasız fəaliyyət göstərməkdir. Könüllü olmaqüçün istək və ən başlıcası vətənpərvərlik olmalıdır. Çünki vətənpərvərlik hissi varsa, o,insanı vətən naminə çalışmağa stimullaşdırır.

İbrahim İbrahimli: Fərqlilik deməkdir.

− Maraq dairənizə uyğun istiqamətlənə bilmisinizmi?

Tərlan Mahmudov : Bəli. Su idman növləri: üzgüçülük üzrə, həm də  arenada.

Fidan Həsənova: Bəli, mən belə şouları, tamaşaları sevdiyim və bacardığımçün müraciətimdə də maraq göstərdiyim  sahələri qeyd etmişdim. Onlar da buna uyğun olaraq məni bu qrupa daxil etmişdilər. Bizim çox mehriban kollektivimiz və xareoqraflarımız vardı. Onlar bizə hər şeyi dəfələrlə izah etməkdən yorulmurdular. Biz də soyuq, isti, xəstəlik, tətil demədən çalışdıq. Xüsusilə, son həftələr günün altında məşq etmək çox çətin olsa da, öz vəzifəmizi icra etməkdən boyun qaçırmadıq. Təqribən 4 aydır ki, bu günə hazırlaşırdıq. Əvvəlcə, məşqlər məşq çadırında həyata keçirilirdi. Mərasim günü yaxınlaşdıqca stadionda keçirilməyə başladı. Rəqsdən əlavə, stadiona giriş-çıxış üçün də ayrıca məşq etdiyimiz günlər olurdu. Bizim ətəklərimiz dəfələrlə yoxlanılır, laylardakı problemlər aradan qaldırılırdı. Səhnədə hər kəsin öz pozisiyası var idi. Əgər bir nəfər onunçün nəzərdə tutulan pozisiyada, düzgün istiqamətdə dayanmazdısa, onda xalçanın ümumi görünüşü pozula bilərdi. Hər şey qüsursuz və mükəmməl olmalı idi. Bütün bunlar həyatımda yaşaya biləcəyim ən maraqlı hadisələrdən biri və bəlkə də, birincisi olaraq qalacaq.

Səadət Qarayeva: Mənim üçün maraqlısı xaricilərlə ünsiyyətdə olmaq idi. Bu istiqamətdə də çalışıram.

Leyla Bağırova: Maraq dairəmi tamamilə təmin etmişəm: xaricilərlə ünsiyyətdə olmaq, onlarla əlaqə yaratmaq, Azərbaycanı təmsil etmək.

Arzu Bayramzadə: Bəli. İnternetdən də maraq dairəmə uyğun oyunlar haqqında informasiya əldə edir, oyunları izləyirdim. Əsasən, döyüş idman növləri olan sambo və dzüdoya maraq göstərirəm. Tədbir xidmətlərində fəaliyyətim bu ouynların keçirildiyi zaman olacaqdır. Dil bilgilərimi reallaşdırmaq,  daha da inkişaf etdirmək üçün qonaqların qarşılanması vəzifəsini qəbul etmişəm.

Zülfüqarlı Aytac: Ümumiyyətlə, universitetin bütün tədbirlərində aktiv iştrak edirəm, cəmiyyət arasında olmaq, rəsmi tədbirlərə qatılmaqdan xüsusi zövq alan bir şəxs kimi istiqamətləndiyim missiya mənim maraq dairəmə tamamilə uyğun idi.

Ceyhunə Dəmirova: Bəli.

FidanKərimova: Bəli. Hər zaman maraqlandığım bir sahəyə dair  fəaliyyət göstərirəm və bu məni məmnun edir.

İbrahim İbrahimli: Demək olar ki,bəli.

− Hansı idman növü sizin üçün daha cəlbedicidir?

Tərlan Mahmudov : Su polosu.

Fidan Həsənova: Bir çox idman növü mənə maraqlıdır;  skeybording, karate, yüngül atletika, beyzbol. Amma idmançı olsaydım, yəqin ki, alpinist olardım.

Səadət Qarayeva:Volleybol və  Gimnastika.

Leyla Bağırova: Basketbolla məşgul olmuşam, oyunçu kimi yüksək təcrübəm var. Komanda çatışmazlığı ilə əlaqədar tamamilə bu sahə ilə məşgul olmamışam. Basketbol mənim üçün cəlbedicidir.

Arzu Bayramzadə: Dzüdo.

Zülfüqarlı Aytac: “Water polo” daha maraqlı idi.

Ceyhunə Dəmirova:Gimnastika daha cəlbedicidir.

FidanKərimova: Atıcılıq. Bu idman növü insandan diqqət, dəqiqlik tələb edir. Dəqiq nişan almaq hədəfi dəqiq müəyyən etməkdən başlayır. Əsas da budur. Həyatda da  dəqiqlik prinsipi əsas götürülsə, uğuru təmin etmək olar.

İbrahim İbrahimli: Dzüdo

− Fəaliyyətiniz sizə təcrübə qazandırır. Bu müddət ərzində özünüzdə hansı yeni keyfiyyətləri aşkarlaya bilmisiniz?

Tərlan Mahmudov :Aktiv könüllü kimi fəaliyyət göstərdiyim müddətdə  liderlik, idman sahəsində təşkilatçılıq, ən əsası, böyük  bir ailədə komanda şəklində işləməyi bacardığımı kəşf etdim.

Fidan Həsənova:Avropa oyunlarında könüllü olmağım mənə gözlədiyimdən də çox təcrübə qazandırdı. Belə işlərdə siz evdəki dəymə-düşərliyinizi bir kənara qoymalısınız. Ciddi vaxt rejimi ilə çalışmaq, işə məsuliyyətlə yanaşmaq lazımdır. Bəzən evə axşam gec saatlarda qayıtdığımız olurdu. Amma başa düşürdük ki, hamımız vaxtın tamamına qədər bir yerdə olmalıyıq. Axı bu komanda işidir! Açılış günü, həqiqətən də, gördüm ki, necə də məsuliyyətli və ciddi nizam tələb edən bir işi boynumuza götürmüşük. Hazırlıqlar başladığından bəri, bu müddət ərzində əgər istəsəm, hər işdə belə səbirli, dözümlü ola biləcəyimi anladım, komanda ilə işləmək bacarığımı təkmilləşdirdim.

Səadət Qarayeva: Daha inkişaf etmiş, daha çox informasiyalı, daha çox fəal. Bunu duymaq mənə gözəl duyğular yaşadır.

Leyla Bağırova: Düzünü desəm, şən, əyləncə sevən, ünsiyyətcil insan olduğuma görə çoxlu yeni dost tapdım. Xarici dil üzrə təcrübə qazandım. Məşhur xareoqraflardan dərs aldım.

ArzuBayramzadə: Bəli, daha çox təcrübə əldə edirik. İdarəçilik, təşkilatçılıq  yüksək səviyyədə inkişaf edir. İlkAvropa oyunları − möhtəşəm tədbir bizə böyük tədbirlərin təşkilatçısı kimi formalaşmaq imkanı qazandırır.

Zülfüqarlı Aytac: İnsanlara dialoq zamanı daha ünsiyyətcil olduğumu müəyyənləşdirdim. Bu tədbir mənim həyatımda müsbət mənada çox böyük izlər buraxdı. Avropa oyunları zamanı tanış olduğum və artıq həyatımın tərkib hissəsinə çevrilmiş insanlarla xoş ünsiyyətimi davam etdirməkdəyəm. Xarici qonaqlarımız, xüsusilə, ialyanlarla ünsiyyət zamanı xalqımıza, dövlətimizə, vətənimizə olan maraq, sevgi, coşğunluqla, həvəslə “ Yaşasın Azərbaycan, sağ ol Bakı ” demələri bizi  qürurlandırdı.

Ceyhunə Dəmirova: Komanda ilə işləmək bacarığımı, çətinliklərə qarşı dözümlü olduğumu kəsf etdim.

FidanKərimova: Əvvəllər daha qapalı bir insan idim. Tərəddüdlərim vardı, hər şeydən çəkinirdim. Könüllü kimi çalışmağım mənim həyatımı, həyata baxışımı dəyişdi. İlk növbədə, komplekslərimə qalib gəlməyi öyrəndim. Ünsiyyətcillik xüsusiyyətimi reallaşdıra bildim. Daha dinamik həyatım başladı. Ən əsası, nəyəsə yararlı olmağın sevincini yaşadım. Bu insana zövq verir. Biləndə ki, vətən üçün, onun uğur qazanması üçün sən də nəsə edə bilmisən, qürur hissi keçirirsən.

İbrahim İbrahimli: Ünsiyyətcillik.  Əslində, elə əvvəllər də ünsiyyətə meyilli idim. Sadəcə olaraq indi bunu daha çox reallaşdırmaq imkanı əldə etdim. Nəticədə, çoxsaylı dostlar qazandım.

− I Avropa oyunlarının könüllüsü olmaq tələbəlik illərinizin ən maraqlı xatirələrindən birinə çevrilə bilibmi?

Tərlan Mahmudov : Tələbəlik mənim üçün hələ təzə başlayır. Özüm üçün böyük uğur hesab edirəm ki, ilk kursun sonu  belə bir möhtəşəm tədbirə təsadüf etdi və onun könüllüsü oldum.  Xatirələrim unudulmazdır. Ən yadda qalanı  yeni dostlar tapmağımdır. Dövlət başçısı ilə görüş, səmimi ünsiyyət də gözəl xatirəyə çevrildi.

Fidan Həsənova: Əlbəttə ki. Xüsusilə də, bu ilk Avropa oyunlarıdırsa. Gələcəkdə ən azından “ilk Avropa oyunlarının açılışını bizim “Carpet” qrupu etmişdi” deyə biləcəyəm. Nəinki, tələbəlik, hətta bütün həyatımın ən maraqlı xatirəsi olaraq yaddaşımda qalacaq.

Səadət Qarayeva: Mənim tələbəliyim indi başlayır. Başlanğıcdan da, şükürlər olsun ki, gözəl başlandı.İnşaallah, vətənim, xalqımız, və mənim üçün uğurla da davam edər. Ən yadda qalanı isə səhərədək yorulmadan çalışmağım olacaq.

Leyla Bağırova: Əlbəttə, könüllü olmağım nəinki tələbəlik illərimdə, həyatımda yaşaya biləcəyim ən möhtəşəm anları yaşatdı. Səhnədə o həyəcanı hiss etmək, sevgini məhz rəqslə ifadə edib Azərbaycanın bayrağını yüksəklərə qaldırmaq bizə sevinc, fəxr hissi yaşadır.

Arzu Bayramzadə: Təbii ki. Əminliklə deyə bilərəm ki, tələbəlik illərimin ən gözəl, ən maraqlı məqamı III kursa təsadüf etdi. Həm noyabrda keçirilən Elm festifalında iştirak etdim, həm də ilk Avropa oyunlarının aktiv könüllüsü olaraq fəaliyyət göstərdim. Bir çox dövlət rəsmisi ilə görüşmək, yeni dostlar qazanmaq, potensialımı reallaşdırmağım ən gözəl xatirəyə çevriləcək.

Zülfüqarlı Aytac: Təbii ki,bu barədə yuxarıda da ətraflı bəhs etmişəm.Bu mənim həyatımda illər keçsə belə,unutmayacağım bir tarix oldu. Mən öz özlüyümdə tarix yazmış oldum.

Ceyhunə Dəmirova: Bəli. Həm də ən gözəl xatirədir. Görülən işlərdən zövq almağın necə gözəl bir duyğu olduğunu mənə bu möhtəşəm tədbirin bir parçası olmağım yaşatdı.

Fidan Kərimova: Əlbəttə! İlk növbədə, özümdə təşkilatçılıq qabiliyyətimi aşkarladım və bunu fəaliyyətimlə təsdiqlədim. Belə ki, yalnız  özümün könüllü kimi çalışmağımla kifayətlənmədim, çoxsaylı gəncləri bu işə cəlb etdim. Onlarla ünsiyyət qurduqca yeni dünyalar, yeni təfəkkürlərlə tanış oldum. Bu münasibətlərin davamlı olacağına əminəm. Hər halda, biz buna çox cəhd göstərəcəyik. Beləliklə, I Avropa oyunları tarixə bir ilk, bizə isə o ilkin sevincini yaşamaq və dostluq qazandırdı. Ən əziz xatirə, ən böyük fərəh də elə budur bizim üçün. Arzu edirəm ki, xalqımızın həyatında  sevincini yaşadığımız belə fərəhli məqamlar çox olsun.

İbrahim İbrahimli: Bəli. Ölkəmizin  ev sahibliyi etdiyi belə bir möhtəşəm yarışın təşkilində fəallıq göstərməyim  fərəhlə xatırlayacağım əziz xatirəyə çevriləcək. Azərbaycanın uğurları siyahısına yeni, özü də böyük bir uğur əlavə olundu və həmin möhtəşəm tarix bizim tələbəlik illərimizə təsadüf etdi. I Avropa oyunları Azərbaycandan şölələnən elə bir məşəldir ki, bu silsilədən olan növbəti oyunun harada keçirilməsindən asılı olmayaraq  həmin alovun mənbəyi odlar yurdu Azərbaycana, xalqımıza məxsus olacaq. Belə  gözəl xatirələrimizə görə  prezidentimiz cənab İlham Əliyevə, I xanım MehribanƏliyevaya, idmançılarımıza və bu uğuru qazanmağımızda böyük zəhməti olan mənim də yer aldığım “Könüllülər” ailəsinə təşəkkür edirəm.

Oyunların  möhtəşəm bağlanış mərasimindən sonra Filologiya fakültəsinin dekanı Məhərrəm Vəliyevin Azərbaycanın ev sahibliyi etdiyi tədbirin  mədəniyyətimizə töhfəsi, xalqımızın həyatında rolu, könüllülərimizin fəaliyyəti, təntənəli açılış və bağlanış mərasimi barədə rəyini öyrəndik. Məhərrəm müəllim bu möhtəşəm tədbiri − Avropa oyunlarının açılış mərasimini mənəvi dünyamızın təqdimi kimi dəyərləndirdi: “ Bu yalnız idmanın deyil, xalqımızın həyatı, mədəniyyəti, tarixi, etnoqrafiyası, musiqisi, ədəbiyyatı, insanlığa münasibətinin təqdimi idi. Açılış mərasimində Nizami Gəncəvinin obrazının canladırılması təsadüfi deyildi. Onun fəlsəfəsinin əsasını insansevərlik, dünya-insan münasibətləri təşkil edir. Dahi şairin yaradıcılığındakı humanizm xalqımızın genində və təfəkküründə iz salmışdır. Azərbaycan dünyaya sevgi və ehtiramla bu möhtəşəm tədbirə evsahibliyi etdi. Dünya xalqımızın qonaqpərvərliyinin, dövlət başçımızın talerantlığının, idmançılarımızın əzminin, könüllülərimizin fədakarlığının şahidi oldu. Muğamın səsləndirilməsi, oyunlararası fasilədə milli musiqilərimizdən istifadə, mükafatlandırma mərasimində qaliblərin hədiyyəsini məhz milli geyimdə olan gənclərin gətirməsi, onların davranışı, tamaşaçıların bizim idmançılarla bərabər, digər ölkələrin təmsilçilərini də qalib olduqları zaman  ürəkdən alqışlamaları xalqın mənəvi dünyasının təqdimi idi”.

Könüllülərimizin fəaliyyətini yüksək qiymətləndirən Məhərrəm müəllim onların fəallığının, təşəbbüskarlığının, əzmlə çalışmalarının təqdirəlayiq olduğunu bildirdi, Azərbaycan naminə  komanda şəklində fəaliyyət göstərmələrini, xalqımızım oyunlar zamanı dövlət başçımızla bərabər, idmançılara dəstək olmasını xalqın birliyi kimi dəyərləndirdi və bundan fərəhləndiyini bildirdi: “Filologiya fakültəsindən 114 tələbə  həvəslə, yorulmadan, sevə-sevə könüllü kimi  fəaliyyət göstərdi. Ümumilikdə universitetin 3000 könüllüsü vardı. Bu,  vətənimizə, xalqımıza, mədəniyyətimizə ehtiramın ifadəsi,  Azərbaycanın birliyinə işarə idi. Uzun illər azadlıq uğrunda mübarizə aparmışıq. Qələbə üçün birlik əsas şərtdir. Burada Azərbaycan bir idi. Mən bu birliyi, bu ittifaqı ürəkdən alqışlayıram”.

Biz də könüllülərimizə təşəkkür edir, fəal, vətənpərvər gənclərimizlə fəxr edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Hazırladı: İlahə Dadaşova,

BDU-nun dissertantı

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!