Hüquq fakültəsində elmi konfrans keçirilib

07/05/2013

Bu gün Bakı Dövlət Universitetinin Hüquq fakültəsində mərhum prezident  Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Dövlət və hüquq quruculuğunun aktual problemləri” mövzusunda Respublika elmi-praktik konfrans keçirilib. Konfransda fakültənin professor-müəllim heyəti, doktorant və magistrlər iştirak edib.

BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə konfransı giriş sözü ilə açaraq H.Əliyevin hüququi, dünyəvi, müstəqil Azərbaycanın qurulmasında xidmətlərindən danışıb: “Adətən deyirlər ki, müstəqillik 90-cı illərdən sonra başlayıb. Amma mənə elə gəlir ki, müstəqillik 70-ci illərdən başlayıb. O zaman Heydər Əliyev Azərbaycan dövlətçiliyinin inkişafı üçün bir sıra mühüm addımlar atıb”.

Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev “Heydər Əliyev və insan hüquqları siyasəti” mövzusunda çıxış edərək bildirib ki, H.Əliyev ilk dəfə olaraq Azərbaycan Respublikasının Konstitusiyasında hüquq elminin, o cümlədən bütün qanunvericiliyimizin əsasının insan hüquqlarına söykənməsini müəyyən edən bir müddəa daxil edib. “Bu, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsi – dövlətin ən ali məqsədi insan hüquq və azadlıqlarının təmin edilməsidir. Bu gün hüquqi dövlətin mühüm şərtlərindən biri bundan ibarətdir. İnsan hüquqları siyasətinin təmin edilməsi məhz Heydər Əliyev tərəfindən imzalanmış mühüm dövlət proqramlarını nəzərdə tutur. 1998-ci ildə ilk dəfə olaraq İnsan hüquqları üzrə Dövlət Proqramı təsdiqlənib. 2005, 2011-ci ildə cənab İlham Əliyev belə sərəncamlara imza atdı və bunlar da Heydər Əliyev tərəfindən əsası qoyulmuş insan hüquqları siyasətinin davamıdır. İnsan hüquqları siyasətinin ən böyük aspektlərindən biri mühüm dövlət proqramlarının təsdiq edilməsi idi. Dövlətin ən ali məqsədi insan hüquqlarını təmin etmək idisə, qanunvericilik də, dövlət orqanları və digər ictimai qurumlar da buna əməl etməlidir” deyən Əmir Əliyev hesab edir ki, bu istiqamətdə çox böyük işlər görülüb. Professorun sözlərinə görə, ölkəmizdə Ombudsman təsisatının yaradılması Azərbaycanın bir daha insan hüquqlarına verdiyi önəmdir.

Əmir Əliyev öz mərizəsində insan hüquqlarının bir elm sahəsi kimi inkişafını da qeyd edib. “Bunun nəticəsidir ki, BDU-da “insan hüquqları” adlı magistratura yaradılıb. Artıq 3 ildir ki, bu sahə üzrə hər il 8 mütəxəssis məzun olur. 1996-cı ildə Azərbaycan Respublikası Avropa İttifaqı ilə tərəfdaşlıq və əməkdaşlıq sazişi imzaladı. Həmin sazişlərdən biri də Avropa İttifaqı qanunvericiliyinin öyrənilməsi idi. Bu gün BDU-da “Avropa hüququ” adlı magistratura var. Bu da Heydər Əliyevin hüquq elminə verdiyi töhfədir. 1994-cü ildə ulu öndər “Əsrin müqaviləsi”ni imzaladı. Müqavilədə yazılır ki, o xarici şirkətlər Azərbaycanda dəniz hüququ, enerji hüququ sahəsində mütəxəssis hazırlamalıdırlar. Artıq BDU-da “Dəniz və enerji hüququ” adlı magistratura açılıb. Bu özü də BDU-nun Hüquq fakültəsində Heydər Əliyevin qurduğu siyasətin uğurla davam etdirlməsi deməkdir”, - deyə professor bildirib.

Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, professor Firudin Səməndərov isə bildirib ki, H.Əliyev Azərbaycanda birinci dəfə hakimiyyətdə olduğu dövrlərdə hüquqşünaslığın inkişafı üçün mühüm qərarlar verib: “1972-ci ildə Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Universitetində hüquq fakültəsinə aparılan qəbulda fakültənin rəhbərliyi də iştirak etməyə başladı. Bizim 1972-ci ildə apardığımız qəbul nəticəsində 1977-ci ildə o tələbələrin 95 faizi universiteti qırmızı diplomla başa vurdular. Biz bununla sübut elədik ki, hüququ fakültəsi yerindədir. Heydər Əliyevin sayəsində hüquq fakültəsinə qəbul olan uşaqların 80 faizi kasıb ailələrdən olan uşaqlar idi”.

Beynəlxalq ümumi hüquq kafedrasının müdiri, professor Rüstəm Məmmədov isə “Heydər Əliyev və Azərbaycanda beynəlxalq hüququn inkişafı” mövzusunda çıxış edərək bildirib ki, H.Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan dövləti və xalqı qarşısında 3 beynəlxalq-hüquqi vəzifə qoyub: “Birinci vəzifə erməni işğalından qurtulmaq, işğal altındakı torpaqları azad etmək, Qarabağ problemini həll eləməkdir. İkinci vəzifə Xəzər dənizinin beynəlxalq-hüquqi statusunun müəyyən edilməsidir. Üçüncüsü isə müstəqil xarici siyasət yürütmək və beynəlxalq proseslərdə iştirak etməkdir. Bu, taktiki bir vəzifə olmaqla yanaşı həm də nəzəri vəzifədir. Bizim hüquqşünas alimlərin qarşısında duran ən vacib məsələ bu 3 istiqamətdə öz fəaliyyətini qurmaqdır”.

Konfransda çıxış edən digər məruzəçilər də H.Əliyevin hüquq elminin inkişafına verdiyi töhfələrdən danışıblar.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!