Gözəllik ondur, doqquzu Londondur... - II YAZI - REPORTAJ

05/04/2014

Ötən yazıda qeyd etdiyimiz kimi, Bakıdan Londona uzanan yol maraqlı məqamlar, xoş anlar, gözəl tanışlıqlar, uzun müddət yaddaşımızdan silinməyəcək xatirələrlə dolu oldu. Getdiyimiz bütün ünvanlar, görüşdüyümüz bütün insanlar, gəzdiyimiz yerlər gözəl, cəlbedici idi. Hər görüşdə, hər gəzintidə yeni nə isə öyrənirdik. Bu arada komandamıza belə gözəl anlar yaşatdığına görə, bir daha Paşa Bank, British Council və Böyük Britaniyanın Tomson Fonduna təşəkkür edərək yazının ikinci hissəsinə keçid alırıq.

Həmişə ucada ol, bayrağım!!!


Avtobusdan düşüb Kensinqton küçəsinə yan almağımız və müxtəlif ölkələrin bayraqları arasında 3 rəngli bayrağımızın dalğalanmasının şahidləri olmağımızı ifadə etməyə, doğrusu, sözün gücü çatmaz. İlk dəfə idi ki, qapının zəngini basandan sonra onun açılmasını belə səbirsizliklə gözləyirdik. Bizi qarşılayan səfirliyin iki əməkdaşı ilə çoxdakı tanışlar kimi hal-əhval tutub, müşayiətləri ilə dar, fəqət bizimçün imarət yollarına bənzəyən dəhlizlərlə irəliləyib 2-ci mərtəbəyə qalxırıq. Pilləkən söhbətlərindəcə öyrənirik ki, 3 mərtəbəli səfirlik binasında 14 nəfər əməkdaş çalışır. Otağa keçib yerlərimiz tuturuq. Az keçmir səfirimiz Fəxrəddin Qurbanov da gəlir və hər birimizlə tək-tək əl tutur. Öncə Azərbaycanı soruşur, sonra gəlişimizin məqsədini. Dərhal da harada oturacağını. Gözlər yuxarı başa dikilir. O isə əksini edir, bizim aramızda oturmağı tərcih edir. Məqamdar.

Axır çərşənbəniz mübarək, cənab səfir!!!

Hər birimizin onun gözündə balaca bir Azərbaycan olduğunu hiss etdirərək şən əhval-ruhiyyə ilə təbriklərimizə qoşulur. Və sonra verilən suallar qarşılığında Azərbaycan-Böyük Britaniya əlaqələrindən, bu ölkədə təhsil alan tələbələrdən, diaspora fəaliyyətindən, təhsil, elm, mədəniyyət sahəsindəki işlərdən gen-bol danışır. London tıxacsızlığından, parkların gözəlliyindən, insanlararası fərqlərdən də bəhs etməyi unutmur. İngiliszə mükəmməl bilən Fəxrəddin müəllim tədbirlərdə Şekspirdən şeirlər deyib, ingilisləri məmnun etməsini də sözlərinə əlavə edir. «Bəs Azərbaycan şairlərindən necə, söyləyirsinizmi?» sualına dərhal: «Əlbəttə. Nizami və Səməd Vurğundan da deyirəm», - cavabını verir.  Növbəti suallardan biri Azərbaycan üçün darıxıb-darıxmaması ilə bağlı olur. Mübaliğə etmirəm, vətən ayrı şeydir. Bir anlıq qüssələnir və «Niyə darıxmıram ki? Vətən üçün kim darıxmaz ki? Orada yaşlı anam və qohum-əqrabam yaşayır. Azərbaycana gələndə oranı qarış-qarış gəzirəm», - cavabını əlavə edir.

HAŞİYƏ:


Fəxrəddin Qurbanov 1954-cü ildə Bakıda doğulub. 1975-ci ildə Azərbaycan Dövlət Xarici Dillər, 1990-cı ildə Politologiya İnstitutunu bitirib. 2002-ci ildə Harvard Universitetində Ali Hökumət Rəhbərləri üçün kurslarda iştirak edib. 1990-1992-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin İnformasiya İdarəsinin rəisi, 1992-1993-cü illərdə Protokol İdarəsinin rəisi, 1993-2001-ci illərdə ABŞ-dakı səfirliyimizndə I katib, 2001-2003-cü illərdə XİN-də Xüsusi tapşırıqlar üzrə səfir, 2002-ci ildə ABŞ-dakı səfirliyimizndə müşavir, 2003-2004-cü illərdə Kanadada müvəqqəti işlər vəkili, 2004-cü ildə Kanadada Fövqəladə və səlahiyyətli səfir və nəhayət ölkəmizin Böyük Britaniyadakı səfiri təyin edilir. İngilis, rus, türk dillərini bilən səfirin bir övladı var.


Böyük Britaniyada paxlava və şəkərburanın ayrı ləzzəti var

Novuruzu Londonda qarşılayacağımızı bildiyimizdən hazırlıqlı getmişdik. Həm özümüz, həm də qonaq gedəcəyimiz ünvanlar üçün şəkərbura, paxlava və digər Novruz təamları aparmışdıq.  Əlbəttə, səfirlik siyahıda öndə idi. Doğrusu, gözləmirdilər və fəqət, bu hədiyyənin onlar üçün nə qədər şirin olduğunu sezməmək çətin deyildi. Nuş olsun və Azərbaycanımızı daha gözəl, daha layiqli təmsil edəsiniz, cənab səfir!!! Elə təmsil edəsiniz ki, növbəti səfərimizdə


BBC-nin Azərbaycan xidməti

Xəbər bolluğundan genişə-boluna danışa bilsinlər. Artıq BBC-dəyik. Əzəmətli bina, ən maraqlı məqam. Tələbəlik illərindən bəri görmək arzusunda olduğumuz məkan.

Tarixə qısa ekskurs edərək deyək ki, BBC 1922-ci ildə özəl şirkət, 1927-ci ildə bir cəmiyyət quruluşu olaraq İngiltərədə krallıq beratı altında və dövlətin pul dəstəyi ilə 1954-cü ilə qədər televiziya, 1972-ci ildən həm də radio yayımları sahəsində fəaliyəyət göstərir. BBC Azərbaycan Xidməti isə yayınlarına 1994-cü il noyabrın 30-da "Danışır London. Efirdə Bi-Bi-Ci-nin Azərbaycan xidmətidir!" ilə başlayıb. Azərbaycan dili Bi-Bi-Ci Ümumdünya Xidməti verilişlərinin dünyaya yayımlandığı 43 dildən biri olub. BBC-nin Bakı Bürosunda Azərbaycanda baş verən hadisələri işıqlandıran 2 müxbir işləyir.

BBC-nin girişində

Öncə qeydiyyatdan keçirik. Saatın tamamında (12:00-da) Azərbaycan Xidmətinin rəhbəri Könül xanım görünür.  Onun müşayiəti ilə öncə ikinci mərtəbəyə qalxırıq. Həqiqətən nəhəngdir. Və nəhəng olan təkcə 8 mərtəbədən, 10 studiyadan ibarət olan bina deyil, həm də 6 min əməkdaşı olan BBC-nin ziyarətçilər üçün qapalı olan geniş news room-unda yüzlərlə jurnalistin bir araya gəlməsi, texniki avadanlıqlardan tutmuş, qaynar xəbər otağına, müxtəlif dövlətlərin eyni dilli jurnalistlərinə qədər hər şey mükəmməldir.

Sürət, tezlik, həyacan, qaynarlıq və xidmətin əməkdaşı Famil bəyin qısa təqdimatı arası tez-tez üzbəüz Moskva və Ukrayna bürolarının suallarına cavab…  Sözün həqiqi mənasında, teleradio şirkəti daxilindəki xarici ölkə büroları tapıntıdır. Beynəlxalq arenada mühüm söz sahiblərindən olan nəhəng ölkələrlə yanaşı, bir çox xırda dövlətlərin də BBC-də büroları var. Azərbaycan Xidmətinin qonşuları Moskva, Ukrayna, Özbəkistan, İran, Türkiyə təmsilçiləridir.

Lunch? Harada?

Əlbəttə lunch. Niyə də BBC-də yox? Dünyanın möhtəşəm qurumunda, nəhənglərin əyləşdiyi masada oturub  dadsız London təamlarına rəng qatmağın da öz ləzzəti var. Üstəlik, qarşında BBC-ni izləyə-izləyə. Hələ çəkilən və arxivləşidirlən şəkilləri demirəm!!!

Khojaly, Nagorno-Karabakh


Bu da belə… BBC əzəmətlidi, hər bir jurnalistin getmək, görmək arzusunda olduğu məkandır. Bu baxımdan biz şansı gətirənlərdən olduq. Gəzdik, gördük. Gördüyümüz təkcə BBC olmadı, həm də onun binası önündəki həqiqət payı - Khojaly və Nagorno-Karabakh yazıları oldu!!! Bunu kim edib, nə vaxt edilib öyrənə bilmədik. Amma bildiyimiz bir həqiqət var: BBC-nin girişinə, bizim isə ürəyimizə yazılan o həqiqət payı vaxt gələcək elə BBC vasitəsilə bütün dünyaya yayılacaq. Xocalı və Dağlıq Qarabağ həqiqəti!!! Qələbə xəbəri!!!

Küçə sənəti

Londonda insanı heyrətləndirən təkcə səliqəli küçələr və bu küçələrdən ona yaraşan şəkildə istifadə edən sakinlər deyil, həm də həmin küçələrdə nümayiş etdirilən sənət nümunələridir.  Bizim küçələrimizdən fərqli olaraq, orada bayağı musiqi yoxdur, gözəl səslər, mükəmməl ifalar var. Ayaq saxlamadan, onlara qulaq kəsilmədən aralanmaq da mümkün deyil. London kimi bahalı şəhərdə pulundan keçə bilirsənsə, deməli, ortada həqiqətən də bir sənət, heyrətləndirici nümunələr var. Bir sözlə, ƏHSƏN!!!

1000 əməkdaşı olan «The Daily Telegraph»

London xatirələrinin başında duran bir görüş. Xoş qarşılanma, gözəl təqdimat, səmimi ortam!!!  Gündə 3 dəfə - səhər 9:30, günorta 1:30 və axşam 9:30-da 675 min tirajla çap olunan, 1000 nəfər əməkdaşı olan, dünyanın 5 nəhəng ölkəsində yayımlanan və 2 milyondan çox oxucusu olan 150 yaşlı «The Daily Telegraph».

Böyük Britaniya qəzetləri üçün xarakterik olan 3 cəhət.

1)  Keyfiyyət: “The Daily Telegraph”, “The İndependent”, “The Times”, “The Guardian” (Bunlar həm də ən çox satılan qəzetlərdir).

2)  Orta. “Daily Mail”, “Daily Express”.

3)  Populyar. “The Sun, Mirror”, “Daily Star”.

«The Daily Telegraph» 1994-ü ildən veb saytı olan ilk Avropa qəzeti olsa da, köhnə dəblə yaşayır, androidə qoşulub, yeni proqramlar üçün microsofta müraciət edib və s. Qəzetin «The Telegraph» adlı əlavəsi də var. Dünyanın 5 müxtəlif ölkəsində çap olunan və 100-dən çox ölkədə yayımlanan qəzet həftədə bir dəfə çıxır və London üçün nəzərdə tutulmayıb. Hətta Londonlular onu görsələr, belə bir Telegraph-ın olduğuna təəccüblənərlər.

Veb sayt və Twitter

Bu qəzetdə əvvəllər Redaktorlar Birliyi olsa da, indi o birliyi sosial media redaktorları əvəzləyib. Həmin redaktorlar iş arası toplaşıb əsas mövzuları müəyyən edirlər. Təbii ki, qəzetə də maraq var, amma o, tələbatı vaxtında və operativ ödəyə bilmədiyinə görə, əsas güc veb saytın üzərində düşür. Hazırda istifadəçilər sayta üç istiqamət üzrə diqqət verirlər.

1) Xəbərlər

2) Dünya

3) İdman

Bu maraq gün ərzində dəyişir. İdmanla bağlı gündəmdə olan qələbə məlumatları, digər xəbərləri arxa plana keçirir. İphone 5 satışa buraxılanda, bu xəbər nə az-nə çox düz 4 həftə gündəmi zəbt edib. Böyük Britaniyada ən populyar sayt kimi «The Daily Telegraph»ın 3.5 milyon izləyicisi var. Twitter izləyicilərinin sayı da 3,5 milyondur. Günorta vaxtı sayta 1 milyon adam baxır. 2-ci artım, işdən sonrakı saata - 5-7-yə təsadüf edir. Ən çox baxılan məqalələr sağ sütunda qərarlaşır. Redaksiya futboldan yazan və yazdıqlarını 6 milyon Twitter izləyicisi vasitəsilə yayımlayan jurnalisti ilə öyünür. Əsas ağırlıq mərkəzi commentlərdir. Belə ki, redaksiya oxucuların commenti üçün şərait yaradır. Beləliklə, onlar «oxucu ilə oxucu arasında əlaqə»yə maraq göstərir və  «oxucunun oxucu yazısına şərhi»ni verərək yeni mövzular müəyyənləşdirirlər. Commentin özünü bir dünya hesab edən Teleqrafçıların düşüncələrinə görə, insanlar nə qədər şərh verirsə, bir o qədər xəbərə cəlb olunurlar.

Bəs reklam?

Əsas gəlir reklamdan oldugu üçün ciddi auditoriyasına rəgmən həftə sonları bəzi alış-satış mərkəzlərini, parfumeriyaları reklam edir. Özü üçün isə Twitter əvəzedilməz məkanıdır. Çünki jurnalistlər yazılarını Twitterdə reklam edir və bunu veb-sayta girişi artırmaq üçün əla vasitə hesab edirlər.

«Baş qaşımaq, burun çəkmək məqamı»

Bu da maraqlı məqamlardan biri. Qəzet əməkdaşı buna görə bizi şanslı hesab edir və pəncərə önünə dəvət edir. Təxminən 200-dən çox jurnalistin çalışdığı böyük otağın ortasındakı dəyirmi masa ətrafına ağ köynək, qara şalvarlı şəxslər yığışıb. Hə, indi «baş qaşımaq, burun çəkmək məqamıdır». Yəni iş arası redaktorların toplantısı və yeni mövzuların müəyyənləşməsi zamanı.  Biri başını qaşıyır ki, «Nə edək? Nədən yazaq?». O biri də burnunu çəkərək: «Bilmirəm», - cavabını verir. Elə buradaca gündəmi dəyişə biləcək mövzular müəyyənləşir.

Table of the future

Qəzet və onun online versiyası haqqındakı təqdimatın ardınca bütün iştirakçıları heyrətləndirən təqdimat olur. Gələcəyin stoluna (table of the future) heyran qalırıq. Bu ki, yuxudur. Tezliklə «The Daily Telegraph»ın bu elektron stulu istənilən qəzeti izləməyə, üzərinə qoyulan əşyaya toxunmaqla onunla bağlı xəbəri oxumağa imkan yaradacaq. Zənn edək ki, dəvət aldığımız şam yeməyinə bir şüşə şərabla getmişik. Şərab şüşəsi stulun üstünə qoyulan kimi, onu aldığımız mağaza, qiyməti, alternativ içkilər haqqında məlumatlarla tanış ola bilərik.

Qəzetin “kədərli variantı”

Ağıllı stulla tanışlıqdan sonra görüş durumu kənardan izləyən və arabir təqdimatçıya göstərişlər verən şəxslə davam edir. Vəzifəsini soruşanda söhbətdən yayınır. Sadəcə onu deyir ki, 76 yaşı var, 49 ildir bu qəzetdə çalışır. «Siz qəzetin yaddaşsınız ki»  replikamıza gülərək belə cavab verir: «Hər bir müəssisənin “kədərli variantı” var. Mən də buranın kədəriyəm. Amma özümü 39 yaşında hiss edirəm». Redaksiyanın tanıtımını edən bu «kədərli variantın» sözlərindən məlum olur ki, onların amalı qanuni, qərəzsiz və hüquqi yolla irəliləməkdir. Qəzetin işçiləri peşəkar olsalar da, otaqların biri hüquqşünaslar üçündür. Onlar yazıları oxuyub böhtan olub-olmamasını müəyyənləşdirirlər ki, qəzet reputasiyasını itirməsin. Bəzən böhtana görə məhkəmələrə cəhdlər olsa da, belə yazıların qarşısı mümkün qədər alınır. «The Daily Telegraph» əməkdaşlarının istirahəti üçün lazımi işləri görüb. İdman zalları, istirahət otaqları. Bəli, onlar həm işləməli, həm də istirahət, idman etməlidirlər. Artıq çıxış vaxtıdır. Yalnız icazə verdikləri yerlərdə çəkilişər etdiyimiz redaksiyadan «qəzetin kədəri»nin müşayiəti ilə ayrılırıq. O, bizə «Yaxşı yol» arzulayaraq 49 ildir işığını aldığı redaksiyasına, biz isə


"Qaranlğa" doğru

istiqamət aldıq. Tərcümədə "qaranlıq" mənası verən Temza çayı (River Thames) başlanğıcını İngiltərənin cənubundan götürüb.

Londonun mərkəzindən keçərək, Şimal dənizinə tökülür. 346 km uzunluğa malikdir və ümumi şəkildə 13.000 km² ərazini əhatə edir. London köprüsü (London Bridge) bu çayın üzərindədir. Hazırkı körpü  1967-ci ildən 1972-ci illər arasında yenidən qurulub və 1973-cü ilin 17 martında Kraliça II Elizabet tərəfindən rəsmi açılışı olub. 283 metr uzunluğundadır. O ki qaldı Temzanın şimal sahillərində yerləşən London qalasına (The Tower of London) orada bir çox inzibati binalar, qüllələr və müdafiə divarları mövcuddur. Cinayətkarlar və əsirlərin saxlanılması üçün inşa edilən qalada edam və işgəncə otaqları, cəbhəxana, dövlət xəzinəsi və əsgər yataqxanası mövcuddu.

Bu tarixi məkanları görmək, gördüklərimizi yaddaşlara köçürmək nə qədər şirindisə, Temzadakı gəmi turu, Azərbaycanla bağlı Deni heyrətə gətirən zümzümələrimiz bir o qədər xoş idi.  
Bu da Londonda Axır çərşənbə turumuz. Bəs sabah nə olacaq? Əlbəttə o, daha maraqlı olacaq. Axı üzərimizdə böyük missiyalar var. Tomson Fondunda keçirəcəyimiz Novruz şənliyi hazırlıqları yolumuzu gözləyir!!! Haydı qızlar, otelə sarı...

Ardı var

Pərvanə İbrahimova
Könül Niftəliyeva

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!