Görkəmli təbiət alimi

15/12/2017

Azərbaycanda coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin bugünkü simasının müəyyənləşməsində əməkdar elm xadimi, akademik Həsən Əliyevin müstəsna xidmətləri vardır. Alim bütün zəngin fəaliyyəti boyunca ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq və ölkənin təbii sərvətlərindən səmərəli istifadə üzrə kompleks proqram və silsilə layihələri daim uğurla həyata keçirmişdir.

XIX əsrin axırı, XX əsrin əvvəllərində dünyaya gələn, ölkəsində və xaricdə tanınmış alimlərdən olan akademik Həsən Əliyev müasirləri kimi çətin, əzablı yol keçmişdir. O, 1907-ci ildə Zəngəzur qəzasının Comərdli kəndində anadan olmuşdur. 1917-ci ildə ermənilərin törətdikləri qırğınlara görə onun da ailəsi Naxçıvana köçmüşdü. Təhsilə gec başlasa da, fitri istedadı sayəsində bir neçə sinfin imtahanlarını əvvəlcədən verərək yoldaşlarından önə keçmişdi. 1930-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Kənd Təsərrüfatı Akademiyası) Aqronomluq fakültəsinə qəbul edilmiş və oranı vaxtından əvvəl bitirmişdi. Həmin təhsil ocağında da bacarığı və qabiliyyəti ilə fərqləndiyinə görə 1932-ci ildə Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun aspiranturasında saxlanmışdı. Oranı 1934-cü ildə başa vurur və AKTPİ-nin Şirvan təcrübə stansiyasına direktor vəzifəsinə göndərilir. Bir müddət sonra SSRİ EA-nın Azərbaycan filialının Torpaqşünaslıq bölməsində elmi işçi vəzifəsində çalışır. Elə həmin illərdən özünü yüksək təşkilatçı kimi göstərir.
İkinci Dünya müharibəsi başlananda könüllü ordu sıralarına yazılır. Çətin döyüşlərdə iştirak edir. Döyüşlərdən birində ağır yaralanır və təsadüfən sağ qalır. 
O, cəbhədə olarkən vətənə layiqincə, şücaətlə xidmətini davam etdirmişdi. Lakin həmin işi bu dəfə elmi yaradıcılığı ilə həyata keçirmişdi. Müharibənin ilk aylarından SSRİ EA və onun Azərbaycan filialı öz işini müharibənin tələblərinə və fəaliyyət ritminə uyğun qurmalı olmuşdu. Qısa müddətdə AzFAN-ın rəhbərliyi SSRİ EA-ya və respublikanın başçısına elmi-tədqiqat ocaqlarının müharibənin tələblərinə uyğun səviyyədə qurulduğu haqqında məlumat verir. Az vaxtda EA-nın Azərbaycan filialına verilən çox geniş səlahiyyətlər içərisində elmi-tədqiqat institutları öz fəaliyyətlərini hərbi zavodlar, ilk növbədə neft sənayesi ilə bağlayırlar. 
1945-ci ilin martında, faşizm üzərində qələbəyə az qalmış keçmiş SSRİ EA Rəyasət Heyəti Azərbaycanda müstəqil Elmlər Akademiyasının yaradılması barədə qərar verir. Bu məsələ ilə əlaqədar keçirilən yığıncaqda Azərbaycan EA-nın ilk prezidenti akademik Mirqasımov demişdir: “Akademiyanın bütün işi xalqın marağına, respublikanın məhsuldar qüvvələrinin və mədəniyyətinin inkişafına xidmət etməkdən ibarətdir”.
Dövlətin sənaye, kənd təsərrüfatı, sosial həyat tərzi və digər sahələrə dair inkişaf planları və proqramları AMEA-nın Rəyasət Heyətindən keçirdi. Bu elm məbədində müxtəlif məsul vəzifələrdə işləyən Həsən Əliyev sələflərinin xalqımızın qarşısında verdikləri sözə sadiq qalmış, ömrünün son günlərinədək fədakarcasına çalışmış, üzərinə düşən vəzifələri şərəflə daşımışdı. 
Akademikin yiyələndiyi peşə - torpaqşünaslıq o dövrdə xüsusilə böyük zəhmət və dözüm tələb edirdi. Həsən müəllimin dediklərindən: “1920-ci ilə qədər Azərbaycanda torpaq tədqiqatları aparılmamışdı. Torpaqşünaslardan yalnız H.B.Zərdabinin və V.Dokuçayevin ayağı Azərbaycana dəymişdir. 1924-cü ildə Azərbaycan SSR MİK və Xalq Komissarları Şurası ərazini rayonlaşdırmaq üçün torpaq tədqiqatını planlaşdırdılar. Respublikada kadr olmadığına görə kənardan mütəxəssislər dəvət etdilər. Onlar 4500 km uzunluğunda məsafə qət eləməli idilər. Alimlər və mütəxəssislər, fəhlələr çöllərdə çox çətin şəraitdə işləyirdilər. Susuzluq, gürzələrin fışıltısı, gecə vaxtı əqrəblərin düşərgələrin lampa işığına axışıb gəlməsi nəticəsində işçilərin bəziləri çöl işini qoyub getmişdilər. Müxtəlif məntəqələrdə 1330 kəsim qoymuşlar, onlardan yalnız 220-dən nümunə götürmüşlər. Toplanan bütün torpaq materialları başqa şəhərlərdə analiz edilmişdi”.
1930-cu illərdən etibarən Həsən Əliyevin iştirakı ilə Mingəçevirdən Pirsaatadək Şirvan düzü torpaqları, 1940-cı ildən Samur-Dəvəçi torpaqları öyrənilməyə başlanılmışdır. Müharibədən sonra isə respublikamızın müxtəlif zonaları, eləcə də Böyük və Kiçik Qafqaz torpaqları kompleks tədqiq edilmişdir. Özünün yazdığı kimi, Azərbaycan torpaqları əsaslı şəkildə 1962-1967-ci illərdə, hər birində 200 nəfərdən çox olan iki ekspedisiya - Bakı, Gəncə ekspedisiyaları ilə öyrənilmiş, beləliklə, Azərbaycanda torpaqşünasların, yer quruluşçularının ayaqları dəyməyən ərazi qalmamışdır. Ən önəmlisi odur ki, Həsən müəllim torpağı sevdiyi kimi, onu sevdirə də bilirdi. 
Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi işlər üzrə direktor müavini, Azərbaycan KP MK-nin kənd təsərrüfatı üzrə katibi, AMEA-nın akademik-katibi vəzifələrinədək yüksəlməklə onun elmi və praktiki işlərdə fəaliyyəti daha da genişlənmişdir. Həsən Əliyev Azərbaycan Elmi-Tədqiqat Meşə Təsərrüfatı və Aqromeşəmeliorasiya, Azərbaycan EA Torpaqşünaslıq və Aqrokimya institutlarının yaradılmasında və inkişafında, kadrların hazırlanmasında, elmi-tədqiqat mövzularının və laboratoriyaların formalaşmasında böyük işlər görmüşdür. 
1949-1952-ci illərdə Azərbaycan EA Botanika İnstitutuna rəhbərlik etdiyi zaman institutun meşəçilik laboratoriyasının yaradılmasına, ətrafda Botanika bağının möhkəmlənməsinə, Mərdəkanda isə Dendrologiya bağının salınmasına nail olmuşdur. Həmin dövrdə Azərbaycan Elmi-Tədqiqat Meşə Təsərrüfatı və Aqromeşəmeliorasiya İnstitutunun Mərdəkandan Bərdəyə köçürülməsi onun elmi məntiqə əsaslanan təklifinin nəticəsi idi. Alim dövrün tələblərinə cavab verən laboratoriyaların istiqamətini müəyyənləşdirmiş, dendrologiya bağları salmaq məqsədilə instituta 150 hektar torpaq sahəsinin ayrılmasına nail olmuşdur.
1968-ci ildə AMEA-nın Coğrafiya İnstitutuna direktor təyin edilən Həsən Əliyevin səyi ilə buradakı şərait daha da yaxşılaşdırıldı. Alimlər üçün yaşayış binası tikildi. Akademikin təşəbbüsü ilə institutda az vaxtda 5 şöbə və 6 laboratoriya, eləcə də SSRİ EA sistemində ilk Təbiəti mühafizə şöbəsi yaradıldı. O vaxtdan bu istiqamətdə geniş elmi araşdırmaların əsası qoyuldu. Şöbədə ilk vaxtlar torpaq fauna və florasının mühafizəsi problemlərinə aid tədqiqat işləri aparılmış, sonralar isə su obyektləri, atmosfer də əhatə edilmişdi. O zamanlar bu işlər elm aləmində hadisəyə çevrilmişdi.
Azərbaycanda ekologiya və ətraf mühiti mühafizə elminin yaradıcısı olmaqla həmin sahənin tətbiqi məsələlərində də Həsən Əliyev böyük əmək sərf etmişdir. 
Onun elmi rəhbərliyi ilə yerinə yetirilmiş “Azərbaycanda torpaq eroziyası və torpaqların mühafizəsi” xəritəsi AMEA-nın müxbir üzvü K.Ələkbərovla həmin məzmunda respublikada aparılan ilk tədqiqat idi. Meşələrin mühafizəsi, seyrəlmiş meşələrin bərpası və yeni meşə sahələrinin salınması üzrə alimin rəhbərliyi ilə aparılmış elmi-tədqiqat işlərinin nəticələrindən “1976-1980-ci illərdə Azərbaycan SSR Meşə Təsərrüfatının İnkişafının Baş Sxemi”nin tərtibində geniş istifadə edilmişdir. 
Akademikin tətbiqi əhəmiyyət kəsb edən tədqiqat işlərinin bir qismi özünün rəhbərliyi ilə həyata keçirilmişdir. Bakı-Sumqayıt zonasındakı, eləcə də Ceyranbatan, Dəvəçi-Siyəzən, Şamaxı-Zaqatala yollarındakı meşələr bu gün də onu xatırladır. Onların bir hissəsi quru meliorasiya yolu ilə salınmışdır. 
Azərbaycanda 1970-ci illərdən etibarən xalq təsərrüfatının yeni inkişaf mərhələsinə qədəm qoyulması ilə əlaqədar təbiətə münasibət və təbiəti mühafizə yeni istiqamətdə idarə olunmağa başlanmışdı. Meşə-bərpa işində dönüş yaratmaq məqsədilə onun təklifi və rəhbərliyi ilə Ağstafa, Ağdaş meşə təsərrüfatı ərazisində yeni tipli qoruqların yaradılmasının çox vacib olduğu fikri irəli sürülmüşdü. Kür çayı boyunca təbii şəraiti yaxşılaşdırmaq, burada istirahət və sağlamlıq ocaqları təşkil etmək və ərazini estetik cəhətdən daha da gözəlləşdirmək alimin böyük arzusu idi. O, meşələrin torpaq, suqoruyucu xassəsini, oksigen mənbəyi olduğunu, həmçinin meşələrin öz-özünü bərpa xassələrini dərindən öyrənərək yazırdı: “Ərazisinin 25-30 faizi meşə ilə örtülü olan bir ölkədə heç vaxt quraqlıq təhlükəsi yaranmaz, tarlalardan daim sabit və yüksək məhsul götürülər”.
Alimin elmi rəhbərliyi və iştirakı ilə hələ 1970-ci illərdə meşə örtüyünün zərərverici həşəratlardan qorunması üzrə aparılmış tədqiqatlar nəticəsində Azərbaycanda 106 növ etnomofaq aşkar olunmuşdu. Bunun əsasında müxtəlif meşə zərərvericilərinin düşmənlərinin qiymətli növlərinin qorunub saxlanılması məqsədilə etnomoloji qoruqların təşkili ideyası irəli sürülmüşdü. 
Həsən Əliyevin təşəbbüsü və elmi rəhbərliyi ilə Azərbaycanın müxtəlif bölgələrində radioaktiv elementlərin yayılması da araşdırılmışdı. Uranın və toriumun miqdarı nisbətən yüksək olan 30-dan artıq sahə aşkar edilmiş, torpaq qatlarında radioaktiv elementlərin izotoplarının, kənd təsərrüfatında istifadə olunan aqrokimyəvi maddələrin və pestisidlərin ekoloji şəraitə təsirinin öyrənilməsi dövrün ən əhəmiyyətli tədqiqatlarından idi.
Ermənistanın Azərbaycanla sərhədinə yaxın ərazilərdə yerləşən Qafan mis, Qacaran mis-molibden, molibden-filizsaflaşdırıcı kombinatları tullantılarının ətraf mühitə təsiri nəticəsində Araz və onun qollarında ekoloji vəziyyətin gərginləşməsi, həmin çaylarla suvarılan torpaqlarda kənd təsərrüfatı bitkilərinin keyfiyyətinin və məhsuldarlığının dəyişməsi də tədqiq edilmişdi. 
O, torpaq fondunun inventarlaşmasına, torpaqşünaslığın çox mühüm sahəsi olan meşəaltı torpaqların tədqiqatına da rəhbərlik etmişdi. 
Respublikada yem bitkilərinin, əkinçiliyin və bununla əlaqədar yaşıl “Konveyer” sisteminin yaradılmasına böyük səy göstərmiş, kənd rayonlarında heyvandarlığın inkişaf istiqamətlərinə dair qiymətli tövsiyələr vermişdi. 
Akademikin yaradıcılığının geniş vüsət almasının əsas səbəbi, zərurət yarandıqda, ayrı-ayrı sahələrin mütəxəssislərini bir yerə cəlb etmək qabiliyyətinə malik olması idi. Müxtəlif illərdə apardığı elmi-tədqiqat işlərinin böyük əksəriyyəti tətbiqi əhəmiyyət kəsb etdiyindən onların nəticələri təkliflər və xəritələr halında Dövlət Meşə Təsərrüfatı, Təbiəti Mühafizə komitələrinə, Səhiyyə Nazirliyinə və başqa idarələrə təqdim edilmişdi.
Müxtəlif istiqamətli tədqiqatları əhatə edən əsərləri 800 adda nəşr edilmişdir. O cümlədən, 8 cildlik “Azərbaycan florası” elm aləmində hadisə kimi qiymətləndirilmişdir. “Azərbaycanda qara torpaqların yayılması”, “Yüksək dağlıq zonada torflu torpaqların bəzi xüsusiyyətləri”, “Böyük Qafqazın torpaqları və onların səmərəli istifadə yolları” və digər fundamental tədqiqatların nəticəsi olan əsərlərdən bu gün olduğu kimi, gələcəkdə də səmərəli istifadə ediləcəkdir.
Alimin əməyi ictimai xadim kimi də əvəzedilməz idi. Azərbaycan SSR Ali Sovetinin deputatı və Təbiəti Mühafizə Komissiyasının sədri olarkən respublikada ekoloji durumun yaxşılaşdırması istiqamətində xeyli işlər görmüş, zərərli müəssisələrin bağlanması və ya başqa yerə köçürülməsində əməli fəaliyyət göstərmişdi. Respublikamızda ərzaq, xüsusilə taxıl bolluğu yaradılması kimi strateji məsələlər barədə yuxarı təşkilatlarla, Dövlət Plan Komitəsi, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin rəhbərləri ilə söhbətlər aparırdı. Alim yeni məhsuldar torpaqlardan səmərəli istifadə edilməsinin, təbii zonalarda bağçılığın və üzümçülüyün becərilməsinin, mövcud bağların mühafizəsi və məhsuldarlığının yaxşılaşdırılmasının əsaslarını vermişdi. Onun rəhbərliyi ilə respublikanın müxtəlif guşələrində 50 min hektar sahədə üzümlük salınmışdı. 
Respublikada o zaman mövcud olan 14 dövlət qoruğundan 7-si (Hirkan, Qarayazı, İsmayıllı, İlisu, Altıağac, Türyançay və Bəsitçay) bilavasitə Həsən Əliyevin təşəbbüsü və ardıcıl təkidi ilə yaradılmışdır. Quru meliorasiya üsulunun geniş tətbiqi, eroziyaya məruz qalan quru dağ yamaclarında qoz və badam ağaclarından ibarət yaşıl zolaqların yaradılması, Abşeronun yaşıllaşdırılması və zeytun bağlarının salınması hələ onun sağlığında öz nəticəsini verirdi. 
Qeyd etdiyimiz işləri ümumiləşdirdikdə onların müasir dövrümüz üçün də böyük əhəmiyyət daşıdığı məlum olur. Müasir dövrdə iqlim dəyişiklikləri ilə əlaqədar akademikin Azərbaycan təbiətinə, eləcə də ekoloji proseslərlə improvizasiya etdikdə bir sıra problemlərin cavabı tapılır. 
Onun təbiəti mühafizə ideyaları məhsuldar qüvvələrin yerləşdirilməsi, idarəedilmənin təkmilləşdirilməsi ilə də əlaqələndirilirdi. Buna Mingəçevir yaxınlığında yeni Azərbaycan DRES-in ekoloji tələblərə uyğun inşa edilməsini, bir sıra dağlıq bölgələrdə respublika əhəmiyyətli avtomobil yollarının çəkilməsini, yeraltı sulardan səmərəli istifadəni və s. misal göstərmək olar. Qafqazda AES tikilməsi ideyasına akademikin xüsusi münasibəti var idi. O, Ermənistanda və Gürcüstanda AES tikilməsinə etiraz etdiyi kimi, Azərbaycanda da bu işin əleyhinə idi. Ona görə ki, ərazilər seysmikdir, Ermənistan AES-i Arazın Qarasu qolunda tikməklə çıxarların, tullantıların Araza axıdılması planlaşdırılmış, Gürcüstanda da stansiyanı Kür çayı yaxınlığında tikməyi nəzərdə tutmuşlar. Bu barədə Həsən Əliyevin mərkəzi idarələrlə xüsusi yazışmaları olmuşdur. Bildirirdi ki, ovaxtkı texnologiyalarla AES tikilməsi məqsədəmüvafiq deyil.
1955-ci ildə Azərbaycan SSR EA Təbiəti Mühafizə Komissiyasının sədri kimi Bakı şəhərində təbiəti mühafizə problemləri üzrə ilk Cənubi Qafqaz müşavirəsi keçirildi. Müşavirənin qərarlarında dövlət miqyasında yeni təbiəti mühafizə təşkilatının yaradılması və komissiyanın işinin yaxşılaşdırılması üçün vəzifələr irəli sürüldü. Həmin qərarlar 1963-cü ildə yenə onun təşəbbüsü ilə Respublika Təbiəti Mühafizə Cəmiyyətinin təşkilində misilsiz rol oynamışdı. Yaradılmasına böyük səy göstərdiyi “Azərbaycan təbiəti” jurnalı və orada gedən aktor (şair Məmməd Araz) təbiətsevərləri özünə cəlb etmişdi. “Həyəcan təbili” kitabı ilə respublika ictimaiyyətinin böyük hissəsini təbiəti mühafizə etməyə səfərbər edə bilmişdi. Əslində, bu məsələ 1980-ci illərdə Azərbaycanda bir hərəkata çevrilmişdi. 
Akademikin rəhbərliyi ilə 1959-cu ildə təbiəti mühafizə qanununun layihəsi hazırlanmış və Azərbaycan SSR Ali Sovetinin ikinci sessiyasında müzakirə olunaraq qəbul edilmişdi. Göstərilənlər sonralar Azərbaycan SSR Dövlət Təbiəti Mühafizə Komitəsinin yaradılmasına əsas vermişdi. Eyni zamanda, Azərbaycan EA-nın Rəyasət Heyəti nəzdində Müəssisələrarası Təbiəti Mühafizə Şurasına da rəhbərlik etməklə respublikamızın su, hava, torpaq, bitki, heyvanat aləminin qorunması problemlərinin dövlət miqyasında həllinə böyük əmək sərf etmişdi. 
O, yaradıcı gənclərə qayğı göstərirdi. İnstitutlar vasitəsilə aspiranturaya və doktoranturaya qəbul məsələlərinə önəm verirdi. 40-dək aspirant və dissertant onun rəhbərliyi ilə namizədlik və 8 nəfər doktorluq dissertasiyası müdafiə etmişdir.
Ali və orta ixtisas məktəblərində işləmək üçün ekoloq və ətraf mühiti mühafizə üzrə ixtisaslaşmış kadrların hazırlanmasına da xüsusi fikir verirdi. Azərbaycanda Ətraf mühiti mühafizəyə dair ilk kafedranın (1980) Bakı Dövlət Universitetində açılması ideyasını irəli sürən və təşəbbüs göstərənlərdən birincisi Həsən Əliyev olmuş, həmin kafedrada xüsusi kurs üzrə mühazirələr oxumuşdu. Mühazirələrə görə verilən zəhmət haqqını da almamışdı.
O zamanın tələbinə uyğun olaraq, Təhsil-Elm-İstehsalat Birliyi ideyasının müvəffəqiyyətlə həyata keçirilməsində əlindən gələn köməyi göstərirdi. Yeni yaradılan kafedra əməkdaşları da Həsən Əliyevin etimadını doğruldurdu. Kafedranın fəaliyyəti, eləcə də tədris planı keçmiş SSRİ universitetlərinin Elmi-Metodik Şurasında müzakirə olunmuş, bəyənilmiş, tədris planı və nümunə kimi qəbul edilmişdi. Az vaxtda kafedra ətraf mühiti mühafizə sahəsində respublika ali məktəbləri içərisində elmi-metodik mərkəzə çevrilmişdi.
Həsən müəllim ekologiya və ətraf mühitə dair biliklərin insanlara hələ kiçik yaşlardan aşılanmasını məsləhət bilir və bu sahədə xüsusi fəaliyyət göstərirdi. Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) prezidenti olduqdan sonra həmin sahədə fəallıq daha da artmışdı. ACC-də orta məktəblə iş xüsusi yer tuturdu. O, vaxtaşırı orta məktəblərə, balaca dostların görüşünə gedər, onlarla maraqlı mövzularda söhbətlər edər və orta məktəblərdə təbiəti mühafizə işlərinin vəziyyəti ilə tanış olardı. 
Akademiki xarici ölkələrdə də yaxşı tanıyırdılar. Əvvəlcə SSRİ EA-nın Coğrafiya, Torpaqşünaslıq və digər institutları ilə səmərəli əlaqələr yaratmışdı. Onu təbiətşünaslıq sahəsində yüksək yaradıcı tədqiqatçı kimi mühazirələr və məruzələr oxumaq üçün tez-tez dəvət edirdilər. Hələ 1958-ci ildə Yunanıstanda olarkən təbiətin və təbii ehtiyatların mühafizəsi üzrə Beynəlxalq İttifaqın üzvü seçilmiş, 1960-cı ildə Polşada keçirilən Təbiətin Mühafizəsi üzrə Beynəlxalq İttifaqın VII Baş Məclisinin nümayəndəsi, 1966-cı ildə həmin İttifaqın İsveçrədə keçirilən IX Baş Məclisinin nümayəndəsi, 1970-ci ildə Londondakı Beynəlxalq Biblioqrafiya nəşriyyatı redaksiyasının üzvü, UNESCO və UNEP kimi beynəlxalq təşkilatların eksperti, 1982-ci ildə ABŞ-ın Tukson Dünya Universitetinin təbiəti mühafizə üzrə fəxri mədəniyyət doktoru seçilmişdir. Bir sözlə, alim 5 qitənin hamısında elmimizi, xalqımızı təmsil etmişdir.
Alimə vətənində də böyük mükafatlar və fəxri adlar verilmişdir. O, Lenin ordeni, “Oktyabr inqilabı”, “Qırmızı Əmək Bayrağı”, “Qırmızı ulduz”, “I dərəcəli Vətən müharibəsi”, “Şöhrət” ordenləri və bir çox medallarla təltif edilmişdir. Azərbaycanın əməkdar elm xadimi adına, Azərbaycan Respublikası Dövlət mükafatı laureatına, Vavilov adına medala da layiq görülmüşdür. 
Həsən Əliyevin həyat və fəaliyyətini araşdıraraq bu nəticələrə gəlmək olar: 
- birincisi, alim təbiətə və eləcə də torpağa insanları birləşdirən təbii-sosial amil kimi baxdığından təbiətə olan insani münasibəti cəmiyyətdə ikinci ünsiyyət vasitəsi, insan həyatının təminat bazası kimi qiymətləndirirdi;
- ikincisi, alim və dövlət xadimi kimi elmi tədqiqatları və bu sahədə kadr hazırlığını dövlətin siyasəti və idarə strukturları ilə əlaqələndirirdi; 
- üçüncüsü, Azərbaycan təbiətinə dair tədqiqatlarda alınan elmi nəticələri, özünün və ətrafına topladığı alimlərin iştirakı ilə müvafiq dövlət proqramları və layihələri ilə əlaqələndirməklə həmin işlərin həyata keçirilməsinə rəhbərlik edirdi; 
- dördüncüsü, respublika rəhbərliyi ilə alimlər və ziyalılar arasında səmərəli əlaqə yaradırdı. Alimlərin, yaradıcı ziyalıların qorunmasında, qiymətləndirilməsində əməyini əsirgəmirdi; 
- beşincisi, Həsən Əliyevin fitri istedadı, uzun illər topladığı biliklər, duymaq, bacarmaq, nəzəriyyəni praktika ilə əlaqələndirmək və s. kimi qabiliyyətləri onda tam mənası ilə akademizmi formalaşdırmışdı. 
Bütün bunlarla yanaşı, humanizmi və xeyirxahlığı alimi Azərbaycan xalqının, ictimaiyyətinin sevimlisinə çevirmişdi. Həsən Əliyevin çoxtərəfli fəaliyyətində Heydər Əliyev fenomeninin rolunu da danmaq olmaz. Xüsusi qeyd etməliyik ki, o, respublikanın birinci şəxsindən aldığı köməyi ancaq elmə, Azərbaycanın təbiətinə sərf edirdi. 
1990-cı illərdə iqtisadi-siyasi böhran şəraitində akademik Həsən Əliyevin üzünə ağ olanlar da tapıldı. Lakin biz 1990-cı ilin martında keçirdiyimiz “Ekologiya-90” elmi-metodik konfransa onu dəvət etdik. O zaman Həsən Əliyev işsiz və xəstə idi. Biz akademikin əməyini konfransın plenar iclasında işıqlandırdıq. Xəstə olduğundan onu iclasa ikinci gün gətirə bildik. Həsən Əliyev yenə də bizə öz xeyir-duasını verdi. 
BDU-da, bir qayda olaraq, keçirdiyimiz elmi və elmi-metodik konfranslar, nəzəri seminarlar və anım günlərində biz Həsən Əliyevi yad edir, akademikin elmi irsini öyrənir və öyrədirik.
Onunla birlikdə bir müddət həmin gərgin illəri yaşasaq da, artıq o vaxtlar geridə qalmışdır. Azərbaycan Respublikasının siyasi-iqtisadi inkişafının yenidən qurulması, islahatların müvəffəqiyyətlə həyata keçirilməsi ilə yanaşı, ekologiya və ətraf mühiti mühafizə məsələləri dövlətimizin idarə edilməsi proqramının tərkib hissəsinə daxil edilmişdir. Həsən müəllimin zəhmətinin bir qisminin şahidi və son anlaradək onunla təmasda olanlardan biri kimi deyə bilərəm ki, respublikamızda ekologiya və ətraf mühiti mühafizə sahəsində görülən işlərin davamı, alimin bu sahədəki istək və arzuları möhtərəm Prezident İlham Əliyevin uğurlu ekoloji siyasəti nəticəsində müvəffəqiyyətlə həyata keçirilir.
Kafedramızın məzunları müxtəlif idarə və müəssisələrdə ekoloq kimi çalışırlar. Aspirant və doktorantura yolu ilə ekoloji coğrafiya üzrə fəlsəfə doktoru, elmlər doktoru kimi ekoloq-alim adına layiq görülürlər. Kafedra əməkdaşlarının səyi ilə indiyə qədər 20-dən çox elmlər namizədi və elmlər doktoru yetişmişdir.
Tədris edilən dərslik və dərs vəsaitlərinin, demək olar ki, əksəriyyəti nəşr edilmişdir. Kafedra əməkdaşları respublika və xarici ölkə alimləri ilə kadr hazırlığı və elm sahəsində səmərəli əməkdaşlıq edirlər.
Azərbaycan təhsil sistemində, xüsusilə Bakı Dövlət Universitetində respublikamızın ekoloji siyasətinə uyğun ekoloji kadrların hazırlanmasında da böyük nailiyyətlər qazanılmışdır. Artıq 7-ci ildir ki, universitetdə 5 kafedradan, yaradıcısı və uzun illər rəhbəri olmuş akademik Rəfiqə xanım Əliyevanın rəhbərlik etdiyi “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyasından ibarət Ekologiya və torpaqşünaslıq fakültəsi fəaliyyət göstərir. 1970-1980-ci illərdə əsası qoyulan ekoloji təhsil yeni mərhələyə qədəm qoymuşdur. Kafedralar müasir avadanlıqlarla təchiz olunmaqdadır, xarici ölkələrin təhsil ocaqlarının təcrübəsi nəzərə alınmaqla Dövlət Tədris Standartları yaradılmışdır. 
Bu gün Həsən Əliyevin elmi irsinə diqqət yetirməklə yanaşı, onun bir şəxsiyyət kimi də yada salınmasına zərurət var. O, xalqa xidmət ruhunda tərbiyə olunub yetişmişdir. Həsən Əliyevin insanpərvərliyindən, xeyirxahlığından danışarkən Peyğəmbərimizin (s.) Şərqin böyük dühalarından olan Cami və Füzulinin tərcüməsi ilə bizə çatdırılan hədisi yada düşür. “Bacardıqca xalqa fayda ver. Lütfünlə xalqı şad elə, sevindir. Dünyada ən gözəl adam odur ki, onun xasiyyətindən xalqa çox xeyir yetişsin”. 
Bu müqəddəs sözləri təkrar edərkən akademikin xalq məsəlinə çevrilən hikmətli sözləri də yada düşür: “Təbiəti sevən, təbiətlə daima təmasda olan insan heç zaman nankor, rəhmsiz, vicdansız ola bilməz”.
Təbiət saysız-hesabsız nadir, gözəl abidələrin “müəllifidir”.
Azərbaycan təbiətinə nisbilik nəzəriyyəsini tətbiq edənlər elmdən kənardırlar.
Təbiətə münasibətdə yubanmaq - yaşamağa yubanmaqdır.

Şövqi GÖYÇAYLI,
coğrafiya elmləri doktoru, professor

Azərbaycan qəzeti

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!