“Gənc istedadlar” liseyinin şagirdləri qalib olublar

20/02/2017

Təhsil Nazirliyinin təşkilatçılığı ilə fevralın 16-da “Sabahın alimləri” VI Respublika Müsabiqəsinin açılış mərasimi keçirilib. Müsabiqənin məqsədi yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il  ABŞ-da keçirilən İnteI İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsində aparılan islahatların gənclərdə müasir düşüncə tərzinin formalaşmasına, onların tədqiqatyönlü fəaliyyətə cəlb edilməsinə istiqamətləndiyini vurğulayıb. Nazir qeyd edib ki, ötən il  ümumtəhsil məktəblərini qızıl və gümüş medalla bitirmiş 158 məzundan 38 nəfəri son dörd ildə keçirilmiş “Sabahın alimləri” müsabiqəsinin qalibləri və ya iştirakçıları olub. Hazırda onlar Azərbaycanın və xarici ölkələrin universitetlərində təhsil alırlar.

“Sabahın alimləri” müsabiqəsinə ölkə miqyasında marağın və iştirakçı şagirdlərin sayının ildən-ilə artdığını deyən nazir bildirib ki, builki yarışmada ölkəmizin 13 şəhər və rayonunun ümumtəhsil məktəblərində təhsil alan 202 şagird 125 elmi layihə ilə iştirak edir.

AMEA-nın prezidenti Akif Əlizadə müsabiqə iştirakçılarına akademiyanın 40-dan çox elmi müəssisəsində, elmi-tədqiqat institutlarının laboratoriyalarında tədqiqat aparmaq üçün şərait yaradıldığını nəzərə çatdırıb.

Fevralın 17-də isə “Sabahın alimləri” VI Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Təhsil nazirinin müavini Ceyhun Bayramov gənclərin elmi potensialının inkişaf etdirilməsi məqsədilə keçirilən “Sabahın alimləri” müsabiqəsinə bu il təqdim edilən layihələrin daha innovativ və yaradıcı olduğunu bildirib. Nazir müavini şagirdlərin elmi yaradıcılığı, onların tədqiqat aparması baxımından elm və təhsil müəssisələri arasında əməkdaşlığın yaradılmasının əhəmiyyətini vurğulayıb.

Müsabiqədə Bakı Dövlət Universitetinin “Gənc istedadlar” liseyinin 10 şagirdi II, 7 şagirdi isə III yerə layiq görülüb. (II yer tutanlar: Riyaziyyat kateqoriyası üzrə: Əliyev Tofiq Araz oğlu (9r), Abiyeva Nəzrin Vüqar qızı (9r); Fizika, astronomiya kateqoriyası üzrə: Eyyub İsmayıl Elçin oğlu (9r), Taba-Tabai Nəzrin Səidağa qızı (9r); Kimya kateqoriyası üzrə: Qəhrəmanzadə Orduxan Taleh oğlu (10b), Mehdiyev İsmayıl Maarif oğlu (10b); Biologiya kateqoriyası üzrə: Xəlilov Qorxmaz Fəxri oğlu (10r), Mah­mudova Fidan Mahmud qızı (10r); Tibb və sağlamlıq kateqoriyası üzrə: Abdullayeva Mədinə İlham qızı (10a), Həsənli Turqut Müşfiq oğlu (9c) . III yer tutanlar: Kimya kateqoriyası üzrə: Babanlı Vəfa İlham qızı (9a), Məmmədov Elşad İbrahim oğlu (9a), Səfərli Şahmar İlqar oğlu (11r), Cəbrayılova Şəhla Ürfət qızı (11r), Məmmədova Mehriban Samir qızı (11a); Kompüter elmləri üzrə: Cəbrayılov İmran Ürfət oğlu (9r), Şirinova Aydan Rövşən qızı (9r)). Münsiflər Heyəti tərəfindən 8 nominasiya üzrə seçilən qaliblərə diplom, medal və pul mükafatı təqdim olunub.

Qeyd edək ki, “Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. 2012-ci ildən keçirilən müsabiqəyə bu günədək 730  nəfər şagird qatılıb, onlardan 30 şagird  ABŞ-da keçirilən İnteI İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak etmək hüququ qazanıb.

Mətbuat və informasiya şöbəsi, 20 fevral 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!