Filologiya fakültəsində açıq dərs

02/12/2016

Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müəllimi fil.ü.f.d. Yeganə Xanlarovanın həmin fakültənin IV kurs, 057-ci qrupunda “İlyas Əfəndiyevin dramaturgiyası” mövzusunda açıq dərsi keçirilib. Dərs prosesini professor Tofiq Hüseynoğlu, professor Məhərrəm Məmmədov, dosent Həqiqət Abdiyeva, dosent Mətanət Həsənova, dosent Sevinc Qocayeva, fakültə əməkdaşları, doktorant və dissertantlar İlahə Dadaşova, Ayşən Sadıqlı, Nigar Məmmədli izləyiblər. Qeyd edək ki, dərs yeni təlim metodları əsasında qurulub. Müəllim dərsin bütün mərhələlərinə əməl edib, auditoriyanın diqqətini mövzuya cəlb etməyi bacarıb. O, frontal sorğu, müsahibə, mühazirə, qruplarla iş üsullarının hər birindən uğurla istifadə etməklə qarşıya qoyulan məqsədə nail olub.

Dərs prosesində müəllim və tələbələr tərəfindən hazırlanmış təqdimatlar xüsusilə diqqət çəkib. Burada müasir təlim metodunun əsas tələblərindən biri – texnologiyanın imkanlarından istifadə dərsi daha maraqlı edib. Bunlara “Xurşidbanu Natəvan” tamaşasından parçaya baxış, tələbələrin “İlyas Əfəndiyev və teatr” (Həsənzadə Sayalı), “İlyas Əfəndiyevin lirik-psixoloji dramları” (Quliyeva Məlahət), “İlyas Əfəndiyevin dramlarında qəhrəmanların tipologiyası” mövzusunda etdikləri çıxışlara uyğun hazırladıqları təqdimatlar, xüsusilə, sənətkarın muzeyindən alınmış obrazların geyimlərinin eskizinin təqdimi hamının marağına səbəb olub.

Dərsdə diqqət çəkən məqamlardan biri fəndaxili inteqrasiyanın uğurlu şəkildə tətbiqi olub. Belə ki, tələbələr (Arif Nəbiyev və Dursun Ələsgərova) sənətkarın “Hökmdar və qızı” əsərindən parça təqdim etdikdən sonra müəllim Y.Xanlarovanın M.Arazın “Məndən ötdü qardaşıma dəydi” şeirini tələbələrə və izləyicilərə dinlətməsi xanlıqlara parçalanmış Azərbaycanın faciəsini əks etdirmək üçün məqsədə müvafiq  seçim olub. Rüstəm Behrudinin “Salam, dar ağacı!” şeirini isə müəllim dramaturqun “Sevgililərin cəhənnəmdə vüsalı” əsərilə yaxından səsləşdiyi üçün təqdim edib. Müəllim, həmçinin repressiya mövzusunda yazılmış əsərlərin təhlilini aparıb.

Sonra müəllim Y.Xanlarova tələbələri qruplara bölərək onlara mövzu ilə bağlı tapşırıqlar verib. Qrup rəhbərləri Aynur Əhmədli (“İlyas Əfəndiyev dramlarında müsbət qadın obrazları və qadına münasibət”), Lalə Əliyeva (“İ.Əfəndiyev dramlarında kişi obrazları”), Zərifə Abdulrəhmanova (“İ.Əfəndiyev dramlarında məhəbbət mövzusu”), Nigar Cəfərzadə (“İ.Əfəndiyevin tarixi dramları”) və Aysun Məmmədovanın (“İ.Əfəndiyev dramlarında psixologizm”) qrup tərəfindən hazırlanmış cavabı əsasında çıxışı dinlənilib. Dərs tələbələrin bilik və bacarıqlarının müəllim tərəfindən qiymətləndirilməsilə yekunlaşıb. Tələbələrə verilən qiymətlər onların yüksək səviyyədə hazırlığına tam uyğun idi. Ona görə də qiymətləndirmə açıq dərsdə iştirak edən hər kəsin razılığına səbəb olub.

Kitab rəfində dərsin mövzu və material ilə bağlı sərgi yaradılıb. Bu sərgidə İ.Əfəndiyevin seçilmiş əsərləri, haqqında monoqrafiyalar, əsərlərilə əlaqədar müdafiə edilmiş dissertasiyaların avtoreferatları nümayiş etdirilib.

 

İlahə   Dadaşova

Filologiya fakültəsinin dissertantı

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!