Elmin İnkişafı Fondu BDU-da tədbir keçirib

16/07/2010

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi tədqiqat proqramları və layihələrini və digər elmi tədbirləri dəstəkləmək, aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan fiziki şəxslərin, bir elmi mövzu ətrafında müvəqqəti yaradılmış yaradıcı kollektivlərin, akademik və təhsil sistemlərində fəaliyyət göstərən elmi və digər qurumların elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaq məqsədi ilə cari ilin elmi prioritetinə uyğun olaraq, qrantların verilməsi üzrə 2010-cu il üçün 1-ci müsabiqəni (EİF-2010-1) elan etmişdir. Bunuqla əlaqədar bu gün Bakı Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayevin iştirakı ilə tədbir keçirilib. Tədbiri açan Elmi işlər üzrə prorektor İsmayıl Əliyev son illər ölkəmizdə elm sahəsinin inkişafına göstərilən diqqət və qayğıdan danışmış, Azərbaycanda elmin hərtərəfli inkişafı istiqamətində Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamların tarixi əhəmiyyətini vurğulayıb, 21 oktyabr 2009-cu il tarixli sərəncamı ilə yaradılmış Elmin İnkişafı Fondunun gördüyü işlərdən danışıb, elmin həmişə cəmiyyətin fövqündə duran bir məsələ olduğunu bildirib.
Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev deyib ki, əsas məqsədimiz ölkədə elmi təşkilatlar, təhsil müəssisələri, digər müvafiq qurumlar və fiziki şəxslər tərəfindən təqdim olunmuş təbiət, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən proqramlar və layihələri maliyyələşdirmək, alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara azad yaradıcılıq imkanı yaratmaqdan ibarətdir. E.Babayev elan olunmuş müsabiqədən danışaraq bildirib ki, müsabiqədə hər hansı bir alim, fiziki şəxs, elmi mövzu ətrafında yaradılmış yaradıcı kollektiv, elmi müəssisələr, təşkilatlar, elmi iş aparan QHT-lər və digər qurumlar iştirak edə bilərlər. Qrant layihəsi öz tipinə görə fərdi və müştərək ola bilər. Öz kateqoriyasına görə bu qrantlar ölkədaxili, regional və beynəlxalq layihələr şəklində verilə bilər. İcra müddəti bir qayda olaraq bir ildir. Lakin xüsusi əsaslandırılmış hallarda bu, 2 və 3 il müddətində də həyata keçirilə bilər. Qrantların verilməsində konkret bir məbləğ üzərində dayanılmamışdır. Qrantlar kiçik, orta və böyük olmaqla 3 kateqoriyaya bölünmüşdür. Öz xarakterinə görə qrant layihələri bir elm və ya bir neçə elm sahəsini əhatə edə bilər.
İldə iki dəfə belə müsabiqələrin keçirilməsinin nəzərdə tutulduğunu deyən E.Babayev bildirib ki, nəticələr hər ilin may və noyabr aylarının 10-da reallaşacaqdır. Vurğulanmışdır ki, cari il üçün qrant maliyyələşdirilməsinin həcmi 6 milyon 100 min manat məbləğindədir.
İlk müsabiqədə iştirak etmək üçün ərizələr 2010-cu il iyulun 1-dən başlayacaq və sentyabrın 15-dək aparılacaq.
Sonda alimləri maraqlandıran suallar cavablandırılmışdır.


BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 16 iyul 2010-cu il.
(Material AzərTAc, APA, Azadinform, Riyad Mediya, Lent.az, Riyad Media informasiya agentliklərində “Xalq qəzeti” və “Bizim dövr” qəzetlərində də yayımlanıb – -16-17 iyul 2010-cu il).

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!