Mən necə doktorant oldum...

25/02/2014

Həyatın hər sahəsində fərqli sınaqlardan keçirik. Bəzən uğur çox yaxınımızda olur, bəzən uzaqda. Əhəmiyyətli olan hansı sahədə olur-olsun savadlı, təhsilli olmaqdır. Savadlı olmaq hər yerdə bir addım öndə olmaq deməkdir.

Akademik karyera həyatının bütün mərhələlərində elm, universitet həyəcanını yaşamaq istəyən hər bir məzunun ürəyində boy atan bir arzudur. Yüksək təhsil müəssisələrində dərs demək, elmi araşdırmalar aparmaq və bu araşdırmada elmə özündən də nəsə bir parça əlavə etməyi məqsəd qoyan insanlar üçün akademik təhsil çox önəmlidir.

....Akademik karyeranın ilkin mərhələsi magistr təhsilidir. Doğrusu, bu mərhələdə imtahan verəndə hələ akademik karyera barədə düşünmürdüm.

Bakalavr təhsilimi başa vuran kimi magistr dərəcəsini qazandım. Həmin vaxt universitetə bağlılıq, elmi istiqamətdə daha böyük pillələr və s. düşüncəsində deyildim. Magistaturaya imtahan 2 mərhələdən ibarət idi: məntiq, xarici dil və informatika suallarından ibarət test mərhələsi və jurnalistika üzrə qabiliyyət imtahanı. Birinci mərhələni deyə bilmərəm, amma ikinci mərhələ mənim üçün, elə müəllimlərim üçün də yadda qalan oldu...Qabiliyyət imtahanında mövzumuz “Əkinçi”dən internetə..” adlanırdı. İmtahan zalında mövzu ilə əlaqədar bütün “tarix-nadir”ləri düşünsəm də sonda hamısından vaz keçib “Əkinçi babama məktub” adı ilə mətbuatımızın banisi Həsən bəyə acizanə bir namə ünvanlamaq qərarına gəldim. İmtahan bitdi, müəllimlərimiz tələbələrin yazdıqları esselərdən narazı qaldıqlarını, yalnız bir yazını bəyəndiklərini dedilər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası cavabları açıqladı. Qabiliyyət imtahanı üzrə ən yüksək balı məhz həmin yazının müəllifinin topladığı müəyyənləşdi. Və yalnız bundan sonra cavablar açıqlanana qədər müəllimlərin dilindən düşməyən həmin yazının müəllifinin mən olduğum məlum oldu.

Magistr təhsili jurnalistika fakültəsinə bağlılığımı bir az da artırdı. Amma davamını gətirmədi. Dörd il bakalavr, iki il magistr təhsilindən sonra “univeristetlə bağlı bu qədər yetərlidir” dedim. Bir sıra beynəlxalq proqramlarda, yerli layihələrdə iştirak etdim. İKT sahəsində, Azərbaycan Mətbuat Şurasında onlayn media ilə bağlı işgüzar fəaliyyətimi davam etdirdim...

Amma doğma universitetdən cəmi bir il ayrı qala bildim. 2013-cü ilin sentyabr ayı. Bir neçə il öncə tələbə kimi çıxdığım auditoriyaya müəllimə kimi daxil oldum. Müəllim adını daşımaq hər zaman məsuliyyətdir, amma müəllimlərinin qarşısında bu adı daşımağın məsuliyyəti sözlə ifadə edilməyəcək qədər çətindir. Amma yenə universistetin doğmalığı, müəllimlərimin dəstəyi və ən çox da dərs dediyim tələbələrin fənnlərə marağı bu məsuliyyətin çətinliyini daşımağıma yardımçı oldu. İnternet jurnalistika – bakalavr və magistr pillələrində elmi iş mövzusu seçdiyim bu istiqaməti tədris etməyə başladım...Birinci semestr ərzində hər biri ilə ayrı-ayrılıqda fəxr etdiyim tələbələrlə həm aydınlandıq, həm də aydınlatdıq.

Doktorantura haqda düşünmürdüm yenə də. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun gənc müəllimləri xüsusi qəbul etdiyi günə qədər... Mən o görüşə Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında apardığım saat hesabı dərsə görə dəvət olunmuşdum. Rektor qəbul zamanı “müəllim” adına layiq görülən gənclərlə xeyli söhbət etdi. Onun söhbətlərində irad, tövsiyə, yüksək kadrlara etimad hiss olunurdu.. Bakı Dövlət Universiteti kimi böyük bir təhsil və elm müəssisəsinə rəhbərlik edən bu insan hər kəlməsində gənc və perspektivli kadrlara böyük ümidlər bəslədiyini, onlara dövlət qayğısını diqqətə çatdırırdı. Rektorun hər zaman gəncləri elmə istiqamətləndirdiyi ilə bağlı çox eşitmişdim daha əvvəllər. Amma bu dəfə birə-bir şahidi oldum. Özü də məhz öz timsalımda...

Rektorun məsləhəti, sevimli müəllimlərimin təkidi və mənəvi dəstəyi ilə doktorantura imtahanlarında iştirak etmək qərarına gəldim. Üç mərhələdən ibarət imtahanlarda fəlsəfə, ingilis dili və ixtisas fənnləri ilə bağlı biliklərimiz yoxlanıldı.

Doğrusu imtahanlara uzun müddət hazırlaşmışdım desəm yalan olar. Düşünürdüm ki, bu dəfəki imtahanlar sınaq rolunu oynayar. Növbəti illərdə bəlkə nə vaxtsa qəbul olaram. Amma, ixtisas fənnindən altı il universitetdə (dörd il bakalavr, iki il magistr) mənə tədris olunan dərslərə, dil biliklərimə az-çox güvənirdim. Ona görə də həmin o “bəlkə nə vaxtsa” məhz bu vaxt oldu və doktoranturaya qəbul olundum, özü də ən yüksək göstəricilərlə...

Bu imtahan həm elmi cəhətdən, həm də həyati baxımından bir sınaq oldu mənim üçün.  Bu imtahan həm də “Bakı Dövlət Universitetində doktoranturaya qəbul şəffaf, ədalətli şəkildə həyata keçirilir” cümləsini qurmağıma səbəb oldu. Çünki əyani şəkildə bütün bu prosesi yaşadım.

Dünəni yaşadıq, bu günü yaşayırıq və bütün bunları mənə yaşatdığına görə təşəkkürlər, Bakı Dövlət Universiteti...!

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!