Elan!

15/11/2013

Keçid dövrünü uğur və nailiyyətlərlə başa vuraraq sürətlə və dayanıqlı inkişaf etməkdə olan Azərbaycanın gələcəyini təkcə təbii resurslara bağlamayan Prezident İlham Əliyev neft-qaz gəlirlərinin insan kapitalına çevrilməsi yönümündə məqsədyönlü və ardıcıl siyasət yürüdür. İnnovativ yeniliklərin idarəçilikdə tətbiqi, informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişaf etdirilməsi, elektron hökumətin formalaşdırılması bu siyasətin əsas tərkib hissələrindəndir.

Azərbaycanda son on il ərzində ölkə başçısı tərəfindən həyata keçirilən uğurlu iqtisadi və sosial siyasət və qeyri-neft sektorunun hərtərəfli inkişafına yönələn dövlət proqramları, həyata keçirilən genişmiqyaslı islahatlar, dövlət dəstəyi və qayğısı qeyri-neft sektorunun aparıcı sahəsi olan İKT sektorunun da ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verməsini təmin etmişdir.

İKT nailiyyətlərinin ölkədə geniş tətbiqi və bu sahənin daha sürətli tərəqqisinə dövlət tərəfindən xüsusi qayğı ilə yanaşılır. Azərbaycan Cənubi Qafqazda informasiya cəmiyyətinə keçid strategiyası qəbul etmiş (2003-cü il) birinci və yeganə dövlətdir. Bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi və ölkə başçısının sərəncam və fərmanları sektorun davamlı inkişafını müəyyən etmişdir. “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”nın təsdiq edilməsi, “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”nın (Elektron Azərbaycan), “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı”nın (Elektron Azərbaycan) təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları və digər qərarlar İKT sektorunun inkişafına əvəzsiz töhfə olmuşdur.

Yeni texnologiyaların, o cümlədən İKT sferasının inkişafı Azərbaycanın gələcəyini təmin edən mühüm səbəblərdən biridir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında bütün sahələr kimi, İKT-nin inkişafı istiqamətində də görüləcək işlərin parametrlər üzrə müəyyənləşdirilməsi, dövlət başçısının 2013-cü il 28 mart tarixli Sərəncamı ilə 2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunması bu sektora göstərilən yüksək diqqətin bariz nümunəsidir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 15 mart tarixli sərəncamı ilə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində yaradılmış İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun məqsədi isə ölkədə İKT sahəsində dövlət siyasətinin həyata keçirilməsinə yardım etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək, innovasiya və elmi-tədqiqat layihələrini stimullaşdırmaq, müasir infrastrukturun inkişafına təkan vermək, kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək, bu sahəyə yerli və xarici investisiyaları cəlb etməkdən ibarətdir.

“Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın 29-cu bəndinə əsasən “İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi” məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və digər qurumlarla birgə tədbirlər həyata keçirir.

Elmin İnkişafı Fondu tərəfindən 2013-cü ildə İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi məqsədi ilə bir neçə qrant müsabiqəsinin (pilot layihə, fundamental-tətbiqi xarakterli layihələr və s. üzrə) keçirilməsi qərara alınmışdır. Bu məqsədlə müsabiqə şərtləri, elmi istiqamətlər və prioritetlər müəyyənləşdirilmişdir.

Elmin İnkişafı Fondu maliyyələşdirdiyi böyük maliyyə həcmli pilot qrant layihələrinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika, Geologiya, Aşqarlar Kimyası institutlarında, Azərbaycan Tibb Universitetində uğurla reallaşdırılmasını, həmçinin AMEA-nın Botanika, Genetik EhtiyatlarKimya Problemləri institutlarında davam etdirilməsini, layihələr çərçivəsində alınaraq quraşdırılmış ultra-modern cihazlarda rəqabət apara biləcək ilkin elmi nəticələrin alınmasını, xaricdə kadr hazırlığının müsbət effektlərini nəzərə alaraq, 2013-cü ildə İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi məqsədi ilə nəzərdə tutulmuş bir neçə qrant müsabiqəsindən birincisini İKT üzrə pilot layihə müsabiqəsi kimi elan edərək keçirmişdir.

1-ci məqsədli İKT müsabiqəsi üzrə elmi-tədqiqat müəssisələrinin və elmin inkişafına xidmət edən qurumların maddi-texniki bazasının ən müasir səviyyədə yenidən qurulması və fəaliyyətinin təkmilləşdirilməsi, həmçinin qısa müddət ərzində informasiya-kommunikasiya təminatı sahəsində əhəmiyyətli nəticələrə nail olunmasının stimullaşdırılması kimi prioritetlər əsas tutulmaqla Elmin İnkişafı Fondunun böyük maliyyə həcmli (bir milyon beş yüz min manat olmaqla) pilot layihəsi vasitəsilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında İKT infrastrukturunun və modern kitabxana sisteminin yaradılması üçün informasiya-kommunikasiya texnologiyaları və avadanlığı ilə təminatının əhəmiyyətli hissəsi reallaşdırılır.

2013-cü il 5 sentyabr tarixində Elmin İnkişafı Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən elan edilmiş 2-ci məqsədli birgə İKT qrant müsabiqəsi İKT-nin inkişafına yönəlmiş elmi-tədqiqat layihələrinin və tədbirlərinin maliyyələşdirilməsi məqsədi ilə fundamental-tətbiqi, axtarış-innovasiya, maddi-texniki təminat xarakterli, elmi tədbirlərin təşkili və b. tipli layihələrin dəstəklənməsini nəzərdə tutur. Müsabiqə üzrə maliyyələşdirilmənin cəmi həcmi bir milyon iki yüz min manat nəzərdə tutulmuşdur. Elmin İnkişafı Fondu bu müsabiqəyə bir milyon manat maliyyə vəsaiti ayırmışdır. Müsabiqəyə 10 min manatadək və 10 min - 100 min manat arasında maliyyə həcmli layihələr qəbul olunmuşdur. Hal-hazırda müsabiqəyə daxil olmuş 60-dan çox layihənin elmi ekspetizası işi həyata keçirilir. Nəticələrin 2013-cü ilin dekabr ayında açıqlanması planlaşdırılr.

Elmin İnkişafı Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən keçirilən 3-cü birgə İKT üzrə mükafat müsabiqəsi çərçivəsində isə İKT sahəsində fəal çalışan alim və mütəxəssislərin fəaliyyətinin stimullaşdırılması məqsədilə İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərin qiymətləndirilməsi və mükafatlandırılması nəzərdə tutulur.

Fond və Nazirlik tərəfindən qaliblərə müxtəlif nominasiyalar üzrə diplomlar, sertifikatlar və pul mükafatları, müsabiqənin sponsorları olan “Nar Mobile” mobil operatoru və “BestComp Group” şirkəti tərəfindən isə onlara İKT-yə aid qiymətli hədiyyələr təqdim ediləcəkdir.

Nəticələrin 2013-cü ilin dekabr ayında açıqlanması və qaliblərin xüsusi təqdimat mərasimində mükafatlandırılması nəzərdə tutulur.

Qaliblərin seçilməsi prosesində Elmin İnkişafı Fondunun müstəqil ekspertləri, Himayədarlar Şurası və icraçı direksiyası ilə yanaşı, müsabiqə təşkilatçıları tərəfindən yaradılmış birgə Komissiya da iştirak edəcəkdir.

Müsabiqədə akademiya təşkilatlarından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdindəki elmi-tədqiqat qurumlarından, QHT-lərdən, İKT ilə əlaqəli şirkətlərdən alim və mütəxəssislər, həmçinin fərdi şəkildə alimlər iştirak edə bilərlər.

İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərin aşağıdakı nominasiyalar üzrə diplom, pul və hədiyyələrləmükafatlandırılması nəzərdə tutulmuşdur:

1. Alim və mütəxəssislər üçün

• 1-ci yer: 2500 manat (1 mükafat)

• 2-ci yer: 2000 manat (2 mükafat)

• 3-cü yer: 1500 manat (2 mükafat)

2. Gənc alimlər (35 yaşadək) üçün

• 1-ci yer: 2000 manat (1 mükafat)

• 2-ci yer: 1500 manat (2 mükafat)

• 3-cü yer: 1000 manat (2 mükafat)

Müsabiqəyə təqdim edilən elmi işlər (məqalə, monoqrafiya) və elmi ideyalar aşağıdakı əsas tələblərə cavab verməlidir:

- Elmi işin əsli (orijinalı) təqdim olunmalıdır;

- Elmi iş nüfuzlu (SCİ və digər yüksək indekslərə daxil olan və impakt faktorlu) jurnal və ya nəşriyyatda dərc olunmalıdır;

- Elmi işin nəşr olunma tarixi: yanvar 2011-ci il – noyabr-2013-cü il arasında olmalıdır;

- Elmi işə istinadlar olmalı və bu istinadlar müsabiqə sənədlərində dəqiq öz əksini tapmalıdır;

- Elmi iş müəlliflər qrupu tərəfindən yerinə yetirilmişdirsə, hər müəllifin bu elmi işin müsabiqədə iştirakına dair yazılı razılığı olmalıdır (Azərbaycandan olan müsabiqə iştirakçıları Forma 1-i imzalayır, xaricdən olan həm-müəlliflər isə imzalanmış və skan edilmiş razılığı birbaşa info@elmfondu.az elektron ünvanına göndərirlər);

- Elmi işin çap olunduğu jurnala və ya nəşriyyata müəlliflik hüquqları verildiyi təqdirdə müsabiqədə iştiraka bu qurumlar tərəfindən etiraz olmaması barədə müvafiq sənəd və ya bildiriş olmalıdır;

- Elmi işlə bağlı internet linkləri (veb səhifələr, nəşriyyat, istinadlar və s.) göstərilməlidir;

- Müsabiqəyə yalnız 1 nominasiya üzrə 1 iş (və ya, eyni müəlliflər qrupu olduğu təqdirdə, göstərilən dövr üçün işlər seriyası) təqdim edilə bilər;

- Bu müsabiqə çərçivəsində eyni bir müəllif və ya həm-müəllif iki dəfə mükafatlandırıla bilməz;

- Müsabiqəyə sənədlərin təqdimi 1 müəllif/həm-müəllif tərəfindən həyata keçirilə bilər;

- Digər ölkədaxili və ya regional/beynəlxalq müsabiqələrdə iştirak edərək mükafatlandırılmış elmi işlər və elmi ideyalar bu müsabiqədə iştirak edə bilməzlər;

- Tezis, konfrans materiallarında çap olunmuş işlər baxılmaq üçün müsabiqəyə qəbul edilmir.

Qaliblərin seçimi zamanı:

- nüfuzlu (SCİ daxil olan, impakt faktorlu) jurnal və ya nəşriyyatlarda dərc olunmuş,

- tətbiqi xarakterli,

- istinad olunmuş (müəllif(lər)in özünə istinadı istisna olmaqla)

elmi işlərə üstünlük veriləcəkdir.

Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər və digər müşayiətedici materiallar 2013-cü il 14 noyabr tarixindən başlayaraq qəbul olunur.

Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlərin və digər müşayiətedici materialların qəbulu üçün son tarix 2013-cü il 26 noyabr saat 17:00-dır.

Müsabiqənin nəticələrinin 2013-cü ilin dekabr ayında açıqlanması planlaşdırılır.

Sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulmuşdur.

İKT-3 mükafat müsabiqəsinin keçirilmə prinsipləri, müsabiqədə iştirak etmək üçün tələb olunan formalar, müvafiq sənədlər və digər müşayiətedici materialların verilməsi qaydaları, seminarların tarixi ilə Elmin İnkişafı Fondunun internet səhifəsində (sdf.gov.az) tanış olmaq olar.

Əlaqə telefonu: (012) 563-61-11

Elektron-poçt ünvanı: qrant@elmfondu.az

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!