Cəfər Xəndanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

20/05/2010

Mayın 20-də görkəmli ədəbiyyatşünas alim, pedaqoq, tənqidçi, şair, ictimai xadim Cəfər Xəndanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə filologiya fakültəsində böyük alim C.Xəndan adına auditoriyanın açılışı olub. Sonra tədbir iştirakçıları böyük alim və yazıçı Mir Cəlal Paşayevin adını daşıyan kafedraya baxıblar.
Tanınmış alimlərin, ictimaiyyət nümayəndələrinin, tələbələrin iştirak etdiyi tədbirdə rektor, millət vəkili, akademik Abel Məhərrəmov böyük ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, şair, ictimai xadim Cəfər Xəndanın (Hacıyevin) həyat və yaradıcılığından danışıb. Bu tarixi həm də Azərbaycan elminin bayramı kimi qiymətləndirən rektor Azərbaycanda ali təhsilin inkişafında, ədəbiyyatşünaslığın yeni dövrdə təşəkkül tapmasında və bu sahənin çox istedadlı kadrlarla təmin edilməsində C.Xəndanın böyük xidmətləri olduğunu söyləyib: «1910-cu ildə İrəvan şəhərində müəllim ailəsində dünyaya göz açan və cəmi 51 il yaşayan, Azərbaycan filologiyasına böyük töhfələr verən və bu gün də elmi əhəmiyyətini qoruyub saxlayan onlarla monoqrafiya, dərslik və elmi məqalələrin müəllifi olan Cəfər Xəndan XX əsr elm, ədəbiyyat və mədəniyyət tariximizdə öz yerini əbədiləşdirib. Vaxtilə Bakı Dövlət Universitetinin rektoru olmaqla şərəfli yol keçən alimin rəhbərliyi altında onlarla elmlər doktoru və 23 elmlər namizədi yetişib. İstər ictimai xadim, istərsə də görkəmli elm xadimi kimi C.Xəndan Azərbaycan dövlətçiliyi tarixinə düşmüş insandır. Ona görə də belə ziyalıların, görkəmli insanların yubileyi böyük bayram hesab olunur və bunun çox böyük mənəvi əxlaqi əhəmiyyəti vardır».
C.Xəndana həsr olunmuş filmin nümayişindən sonra filologiya fakültəsinin dekanı, professor Elbrus Əzizov və professor Tofiq Hüseynoğlu görkəmli alim və ədib Cəfər Xəndanın mənalı ömür yolundan, geniş elmi və pedaqoji fəaliyyətindən, ədəbi yaradıcılığından danışıblar. Akademik Bəkir Nəbiyev isə təhsil aldığı illərdə onlara dərs deyən bir sıra müləllimlərin adlarını çəkərək hamısının istedadlı alim, yorulmaz müəllim, pak vicdanlı Azərbaycan ziyaylıları olduqlarını bildirib: «Cəfər Xəndan yaşca hamısından gənc olması, mühazirələrinin cazibədarlığı və iti hafizəsi ilə fərqlənirdi». Akademik, C.Xəndanın bir ədəbiyyatşünas və tənqidçi kimi maraq dairəsinin geniş olduğunu söyləyib. Onun orta və ali məktəblər üçün yazdığı dərsliklərin illər boyu gəncliyin səmərəli surətdə faydanlandığı stabil kitablar olduğunu deyib. Bir müəllim kimi C.Xəndanın öz tələbələrinin problemlərinə  qayğısının tükənməz olduğunu vurğulayan B.Nəbiyev onun istedadlı bir şair olmasından, tərcümələrinin də şeirləri qədər ahəngdar və rəvan olmasından bəhs edib. Akademik B.Nəbiyev böyük sənətkar Üzeyir Hacıbəyovun «Sənsiz» romansını dahi Nizaminin eyni adlı əsərinin məhz C.Xəndan tərəfindən edilən tərcüməsi əsasında bəstələdiyini də qeyd edib.
Akademik Ağamusa Axundovun da Cəfər Xəndanla bağlı xatirələrini yubiley iştirakçıları maraqla dinləyiblər. Xalq şairi Nəriman Həsənzadə isə çıxışında C.Xəndanın xatirəsinə həsr etdiyi şeiri və «Nuru paşa» poemasından bir hissəni söyləyib. Professor Pənah Xəllilov yubilyarla bağlı xatirələrini danışaraq «Xəndan» təxəllüsünün «şən» mənasını ifadə etdiyini və C.Xəndanın çöhrəsində həmişə təbəssüm olduğunu xatırladıb.
Tarix elmləri doktoru, professor Abuzər Xələfov isə universitetdə görkəmli  şəxsiyyətlərin yubileylərinin yüksək səviyyədə təşkilinə görə rektor, akademik Abel Məhərrəmova dərin təşəkkürünü bildirib. O, bu xeyirxah işin Azərbaycan milli dövlətçiliyinin çox yüksək mədəni dəyərlər əsasında qurulduğunun sübutu olduğunu söyləyib. Çıxışçı C.Xəndanın bütün mənalı ömrünü universitetə bağlmasından, onun tələbələrə, tələbələrin isə ona olan xoş münasibətindən bəhs edib. Filologiya elmləri doktoru, professor Yusif Seyidov isə C.Xəndanın qayğıkeş müəllim, sözün həqiqi mənasında natiq olmasından, vətənpərvər, lirik şair, tərcüməçi, təşkilatçı kimi çoxşaxəli fəaliyyətindən bəhs edərək, onun xatirələrdə görkəmli bir şəxsiyyət, klassik pedaqoqlar nəslinə mənsub müəllim və alim kimi qaldığını və xoş təəssüratlarla yad edildiyini bildirib.
Daha sonra alimin oğlu professor Aqil Hacıyev elm xadimlərinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib, həmçinin universitetdə bu yubileyin yüksək səviyyədə təşkilinə görə rektor, akademik Abel Məhərrəmova təşəkkür edib.
Tədbirdə  Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru, professor Hafiz Paşayev və M.V.Lomonosov adına  Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva iştirak ediblər.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 20 may 2010-cu il.
(Tədbir AzərTac, APA, Azadinform informasiya agentliklərində, “Azərbaycan”, “Xalq qəzeti”, “Yeni Azərbaycan” qəzetlərində də yayımlanıb – 20-21 may 2010-cu il).

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!