Böyük yazıçı və alim, görkəmli pedaqoq Mir Cəlal Paşayevin 100 illik yubileyinə həsr olunmuş elmi konfrans

26/04/2008

Aprelin 25-də Bakı Dövlət Universitetində (BDU) Azərbaycan ədəbiyyatının və elminin inkişafına əvəzsiz töhfələr vermiş böyük ədib və alim, görkəmli pedaqoq, ictimai xadim, professor Mir Cəlal Paşayevin 100 illik yubileyinə həsr olunmuş ikigünlük elmi konfrans öz işinə başlamışdır.
Ayrı-ayrı dövlət qurumları nümayəndələrinin, tanınmış elm və mədəniyyət xadimlərinin, ali məktəb rektorlarının, pedaqoqların, deputatların, Rusiya, Ukrayna və digər ölkələrdən olan alimlərin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin  "YUNESKO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında " 2008-ci il 31 yanvar tarixli sərəncamında yazıçı-alim Mir Cəlal Paşayevin 100 illik yubileyinin keçirilməsi ilə bağlı müddəanın əhəmiyyətini vurğulamışdır.
Görkəmli yazıçı və alim Mir Cəlal Paşayevin zəngin ədəbi və elmi yaradıcılığından, şəxsiyyətinin böyüklüyündən bəhs edən rektor, 40 ildən artıq bir dövrdə Bakı Dövlət Universitetində çalışmış, Azərbaycan ədəbiyyatına və elminə, təhsilinə dəyərli töhfələr vermiş alimin şərəfli ömür yolunun layiqli örnək olduğunu bildirmişdir.
Akademik A.Məhərrəmov, eyni zamanda, elmi konfransda 100-dən artıq məruzənin dinləniləcəyini söyləmişdir.
Sonra professor Mir Cəlal Paşayevin həyat və fəaliyyətindən bəhs edən  "Üç zirvənin fatehi " sənədli filmi nümayiş etdirilmişdir.
Böyük alimin nəvəsi, Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva XX əsr Azərbaycan ədəbi prosesinin inkişafında böyük ədib və alim Mir Cəlal Paşayevin mühüm rolunu vurğulamışdır.
Professor N.Paşayeva heç zaman aktuallığını itirməyən 300-dən artıq hekayə və romanın, neçə-neçə monoqrafiyanın müəllifi olan Mir Cəlal Paşayevin əsərlərinin əhəmiyyətini diqqətə çatdırmışdır. Professor qeyd etmişdir ki, Mir Cəlal Paşayev qələminin məhsulu olan  "Azərbaycanda ədəbi məktəblər " kitabı Azərbaycan ədəbiyyatı, mədəniyyəti və ictimai həyatı haqqında ən sanballı elmi əsərdir. Bu əsər ədəbiyyatşünaslıq elmimizə çox dəyərli bir töhfədir.
Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev professor Mir Cəlal Paşayevin zəngin yaradıcılığından, elmi və pedaqoji fəaliyyətindən, nəcib insani keyfiyyətlərindən bəhs etmişdir. Bildirmişdir ki, böyük ədib və alim Mir Cəlal Paşayev çox müdrik insan, nadir bir şəxsiyyət idi. Onun müxtəlif janrlarda olan bədii əsərləri həm mövzu zənginliyinə, həm də dil və üslubuna görə böyük maraq doğurur. İctimai fikrimizin formalaşmasında və inkişafında böyük xidmətləri olmuş dərin zəka sahibi M.C.Paşayev Azərbaycan ədəbi tarixində həm böyük ədib, alim, həm də görkəmli pedaqoq kimi daim qalacaqdır.
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Yevgeni Sidorov M.C.Paşayevin 100 illik yubileyinin YUNESKO-nun təşəbbüsü ilə keçirilməsi münasibətilə Azərbaycan xalqını təbrik etmişdir.
Akademik Bəkir Nəbiyev və digər natiqlər də professor Mir Cəlal Paşayevin ədəbiyyatımızın, elmimizin, təhsilimizin inkişafında, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında əvəzsiz xidmətlərindən, gözəl insani keyfiyyətlərindən danışmış, onunla bağlı xatirələrini söyləmişlər.
Böyük yazıçı və alim Mir Cəlal Paşayevin oğlu, akademik Arif Paşayev yubileyin keçirilməsi ilə bağlı verilən müvafiq sərəncama görə dövlətimizin başçısına və YUNESKO-nun rəhbərliyinə minnətdarlığını, atasının xatirəsinə göstərilən diqqət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirmişdir.
Tədbirdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva iştirak etmişdir.
Sonra elmi konfrans ayrı-ayrı bölmə iclaslarında işini davam etdirmiş, məruzələr dinlənilmişdir.

“AzərTAc”, 26 aprel 2008-ciil.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!