BDU-nun İqtisadi və təsərrüfat sistemi

17/06/2011

Bir aydan çoxdur ki, davamlı olaraq şənbə buraxılışımızda Bakı Dövlət Universitetinin müxtəlif qurumlarından reportajlar hazırladığımızdan tez-tez bu ali təhsil ocağına gedib-gəlməli oluruq. Son illər Bakı Dövlət Universitetinin həyatında baş verən dəyişikliklər, bu qocaman təhsil ocağının dünya universitetlərinin reytinq cədvəlində yer tutması, elmi-tədqiqat və elmi-tədris laboratoriyalarının ən müasir avadanlıqlarla təminatı, həmin laboratoriyalardan alınmış nəticələrin beynəlxalq səviyyəli elmi jurnallarda nəşr edilməsi və.s. haqqında mətbuatda kifayət qədər məlumat verilib.

Bu yazımızda isə universitetin zahiri gözəlliyindən, onun həyətyanı sahəsindən, təmir-təsərrüfat işlərindən bəhs edəcəyik.

Bakı Dövlət Universitetinə daxil olarkən burada hakim olan səliqə-səhman diqqətimizi çəkir... Vaxtaşırı olaraq lazımi qaydada kəsilən kollar, üzərində cürbəcür çiçəklər olan ləklər, təmiz səkilər… Hətta koridorlara düzülən qırmızı xalçaların universitet həyətində yuyulması…

… Müasir dizaynlı korpuslar, ən müasir avadanlıqlarla təchiz edilmiş onlarla laboratoriyalar, kafedralar, şərq və qərb üslubunun sintezindən yararlanaraq tamamilə yenidən qurulan böyük akt zalı, mühasibatlıq və kadrlar şöbəsi, universitet nəşriyyatı, üzgüçülük kompleksi, mərkəzlər, xüsusi sinif və auditoriyalar, müəllimlər və tələbələr üçün bütün şəraitlə təmin edilmiş oxu və qiraət zalları, təkcə ucuz və keyfiyyətli yeməkləri ilə deyil, xüsusi zövq, əsl mütəxəssis baxışı ilə dizayn edilərək tələbələrin ixtiyarına verilmiş yeməkxanalar, bir sözlə, universitetdə göz oxşayacaq, könül açacaq nə varsa birmənalı şəkildə universitetin İqtisadi və təsərrüfat işləri üzrə prorektorluğunun  adı ilə birbaşa bağlıdır…

Bəs İqtisadi və təsərrüfat işləri üzrə prorektor kimdir:

Qərbi Azərbaycanın Spitak (Hamamlı) rayonunun Qursalı kəndində anadan olub. 1970-1980-ci illərdə Qursalı kənd orta məktəbini bitirib və həmin il Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun İnşaat fakültəsinin əyani şöbəsinə daxil olub. Sənaye və mülki tikinti ixtisası üzrə təhsil alıb. Əmək fəaliyyətinə ali məktəbi bitirdikdən sonra, təyinatla Sənaye Tikinti Nazirliyinin 7 №-li trestində böyük mühəndis vəzifəsi ilə başlayıb.

1988-1989-cu illərdə göndərişlə Qorki (indiki Nijni Novqorod) şəhərində Çkalov adına İMİ-da tikintinin təşkili və idarəedilməsi ixtisası üzrə xüsusi kurs təhsili alıb. 1985-ci ildən 1989-cu ilin dekabrına kimi Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşən 7 №-li trestdə böyük mühəndis, I dərəcəli mühəndis, şöbə rəisi kimi müxtəlif vəzifələrdə çalışıb. 1989-cu ilin dekabrından 1992-ci ilin iyul ayına kimi Bakı şəhər İcra Hakimiyyətinin Şəhərsalma və memarlıq abidələrinin bərpası üzrə «Bərpaçı» baş idarəsində iş icraçısı, sahə rəisi və 1992-ci ilin iyulundan 1993-cü ilin avqustuna qədər isə «Bərpaçı» baş idarəsinin rəisi vəzifəsində fəaliyyət göstərib.

İstehsalatda işləyərkən, paralel olaraq, Azərbaycan İnşaat Mühəndisləri Universitetində «Materiallar müqaviməti» kafedrasında professor İbrahim Bəxtiyarovun rəhbərliyi ilə «Deformasiyalanan bərk cisimlər mexanikası üzrə müxtəlif en kəsikli prizmatik tirlərin burulmasının» tədqiqi ilə məşğul olaraq, 1987-ci ildə fevral ayında namizədlik dissetasiyası müdafiə edərək, texnika elmləri namizədi elmi dərəcəsi alıb.

1993-cü ilin sentyabrından 1997-ci ilin mayına kimi «Orxan – FV» kiçik müəssisəsinin və 1997-ci ilin mayından 2001-ci ilin avqustuna qədər «İnter – Elco» firmasının direktoru vəzifəsində, 2001-ci ilin iyulundan 2002-ci ilin oktyabr ayına kimi çoxsahəli «Yenilik» inşaat firmasında baş mühəndis vəzifəsində çalışıb.

2002-ci ilin oktyabr ayından 2005-ci ilin aprel ayına kimi Bakı Dövlət Universitetində baş mühəndis, 2005-ci ilin aprel ayından sentyabr ayına kimi   Bakı Dövlət Universitetinin Ümumi işlər üzrə prorektoru, 2005-ci ilin sentyabr ayından  hazırkı dövrə qədər isə İqtisadi və təsərrüfat işləri üzrə prorektoru vəzifəsindədir. Azərbaycan Respublikasının Prezidentinin 30 oktyabr 2009-cu il tarixli sərəncamı ilə «Əməkdar mühəndis» fəxri adına layiq görülüb. Ailəlidir. Bir oğlu və bir qızı var.

Onun aldığı təhsil və iş təcrübəsinin nəticəsidir ki, bu gün universitetin hər bir guşəsinin arxasında güclü bir təsərrüfatçının durduğu hiss edilir.

Prorektor reportaj arzumuzu necə qarşıladı?

BDU-nun əsas binasının birinci mərtəbəsindəki iş otağından Nəbi Ramazanlının həyətyanı təsərrüfat hissələrinin birində olduğunu öyrənirik. İşçilərin də dediyi kimi hər zaman iş başında olan Nəbi müəllim rəhbərlik etdiyi qurum haqqında reportaj hazırladığımızı eşidəndə təəccübləndi. Səbəb aydındı… İqtisadi və təsərrüfat işləri zəhmət və gərgin əmək tələb edən sahə olsa da, digər işlərlə müqayisədə o qədər də çox işıqlandırılmır…

Görəsən, elmimizi yeni kəşflər ilə zənginləşdirən alimlərimiz “işlədikləri laboratoriyaların qurulması, təchiz olunması ilə kim məşğul olur?”, təmiz səliqəli auditoriyalara daxil olan müəllimlər, yeni partalara əyləşən tələbələr  “bu şəraitin təmin olunması üçün kim zəhmət çəkir?” suallarını özlərinə tez-tez verirlərmi?

Universitetdə olduğumuz müddətdə Nəbi Ramazanlının çətin, məsuliyyətli amma zövqverici işindən hamının – universitet rəhbərliyindən tutmuş, professoruna, müəlliminə, əməkdaşına və tələbəsinə qədər – razı qaldığını öyrəndik.

Bəs özü necə? Biləndə ki, reportajımızı bu illər ərzində görülən işlərə həsr edəcəyik, bir növ onun sahəsi ilə bağlı hesabat hazırlayacağıq, etiraz etmədi. Söhbətləşdiyimiz ünvan Üzgüçülük Kompleksi idi. BDU-nun idman həyatından hazırladığımız reportajda idman kompleksi haqqında məlumat vermişdik. Lakin ali məktəblər içərisində beynəlxalq standartlara cavab verən, 2000 nəfərlik plastik kreslolarla təchiz edilmiş süni örtüklü futbol meydançası, 25 metr uzunluğunda hovuzu olan müasir tipli üzgüçülük kompleksinin hansı çətinliklərlə inşa edildiyi haqqında məlumatsız idik. Bu baxımdan ilk sualımız bu gözəl komplekslə bağlı oldu. Məlum oldu ki, xüsusi dizayn və zövqoxşayan tərtibatla inşa edilmiş Üzgüçülük Kompleksinin inşası nəzərdə tutulduğundan əvvəl istifadəyə verilib. Universitet həyatında əsl hadisəyə çevrilən gözəl dizaynlı bu kompleksin elə indi də vaxtaşırı ortaya çıxan nasazlıqlarını İnzibati və təsərrüfat üzrə prorektorluq aradan qaldırır.

Nəbi Ramazanlı bizi iş otağına dəvət etsə də, ətrafdakı yaşıllıq, gül-çiçək o qədər ürək açıcı idi ki, ağacların kölgəsində qoyulan oturacaqların birində əyləşməyi daha məqsədəuyğun hesab etdik. Ətrafda BDU-nun loqotipi üzərində olan yaşıl xələtli işçilər qazonları sulayır, kolları kəsir, çiçəklərin ətrafındakı otları təmizləyirdilər. Elə bu məqamdaca onu da aydınlaşdırdıq ki, İqtisadi və təsərrüfat işləri üzrə prorektorluğun nəzdində ayrıca Həyətyanı təsərrüfat da fəaliyyət göstərir. “Bu qədər maraqlı formada qurulan çiçək kərdilərinin landşaft dizaynını kim hazırlayır?” sualını təbəssümlə qarşılayan həmsöhbətimiz “Gül toxumlarının seçimindən kərdilərin qurulmasına qədər hər işi öz gücümüzlə görürük” cavabını verir. Universitet həyətində dövlət rəmzlərimizdən olan 8 guşəli gerbimizin, universitetin yaşını göstərən 91 rəqəminin və BDU sözlərinin yazıldığı qazonlu yaşıllıqların əksi hər bir kəsdə xüsusi maraq və rəğbət oyadır.

90-cı il xatirələri

Havanın isti olmasına rəğmən yaxınlarımdan birinin 1990-ci illərin sonunda keçən tələbəlik illəri ilə bağlı söylədiyi fikirləri xatırladım: «Buz kimi batareyalar, hər tərəfdən küləyə gəl-gəl deyən pəncərələr, auditoriyalar o qədər soyuq idi ki, mühazirələri əlcəklərimizin barmaq hissələrini kəsərək yazırdıq».  Odur ki, Nəbi müəllimdən bununla bağlı vəziyyətin nə yerdə olduğunu soruşduq. O, universitetdə mərkəzi qazanxananın yenidən tikildiyini, qazanxanadan tədris binalarına verilən istilik sisteminin və bolerlərin əsaslı təmir olunduğunu qeyd etdi. Əlavə etdi ki, hətta bəzi otaqlarda istiliyin maksimum olması, qış ayları olmasına baxmayaraq,  pəncərələrin açılması ilə nəticələnir.

Ümumiyyətlə, son 9 il ərzində BDU-da təmir-tikinti, yenidənqurma və bərpa işləri çoxşaxəli şəkildə bütün tədris binalarını əhatə edib. Tavan və döşəmə örtüyü, divarlar, elektrik sxemi, su xətti təzədən qurulub, binaların bünövrələri gücləndirilib. Bütün auditoriya, sinif və laboratoriya otaqları müasir dizaynlı materiallarla yeniləşdirilib. 2004-cü ilin yanvar ayından bu günə kimi 70-dən çox elmi-tədqiqat və tədris laboratoriyaları qurulub, mebel və avadanlıqlarla tam təchiz olunub.

“Hesab edirsinizmi ki, bu illər ərzində ürəyinizdən keçən layihənizi artıq reallaşdırmısınız?». Bu da cavab: -Onda daha tikib-qurmağın mənası olmaz ki? Mən hər zaman yeniliyə, qurub-yaratmağa meylli insanam. Bəzən mənə sual verirlər ki, bu vaxta qədər görülən işlərdən ən çətini hansı idi? Cavab verirəm ki, ən adi hesab etdiyimiz işin özündə də çox böyük çətinliklər var. Artıq neçə ildir ki, özümə “bu iş də yekunlaşsın, bir az rahat nəfəs alaram” desəm də, işlərin ucu-bucağı görünmür.

Məlum olduğu kimi, 2008-ci ilin sentyabrı Bakı Dövlət Universiteti tarixinə qızıl hərflərlə yazılıb. Prezident İlham Əliyevin, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın iştirakı ilə universitetin 9 mərtəbəli yeni tədris korpusu istifadəyə verilib. Yeni korpusun tikintisini xatırladan Nəbi Ramazanlı həmin anların universitet həyatı üçün xüsusi əhəmiyyətdən bəhs etdi. Məlum oldu ki, yeni korpusun inşasına 1991-ci ildə başlanılsa da, sonradan burada işlər dayandırılmış, əsas inşaat işləri 2006-cı ildən davam etdirilib. Prezident İlham Əliyevin "Bakı Dövlət Universitetinin yeni tədris korpusunun tikintisi ilə bağlı bəzi tədbirlər haqqında" 2008-ci il 20 may tarixli sərəncamına əsasən, korpusun inşası üçün 4,6 milyon manat əlavə vəsait ayrılıb. Bakı Dövlət Universitetinin sonuncu korpusu 20 il əvvəl istifadəyə verilibmiş. Sonralar açılan yeni fakültələr, kafedralar, elmi-tədqiqat institutları və digər bölmələr, o cümlədən tələbələrin sayının ciddi şəkildə artması yeni korpusun tikilməsi zərurətini yaradıb. 15 min kvadratmetr ərazisi olan 10 mərtəbəli yeni tədris korpusunda 300-dən çox otaq, o cümlədən 220 auditoriya vardır. 4 mindən çox tələbənin təhsili üçün hər cür şərait yaradılıb, bütün kabinetlər mebel dəsti, lazımi avadanlıqla təchiz edilib ki, həmin korpusda 3 fakültə - tarix, mexanika-riyaziyyat, tətbiqi riyaziyyat və kibernetika fakültələri yerləşir. Eyni zamanda, məcburi köçkünlərin məskunlaşdığı 8 nömrəli yataqxanada yerləşən universitetin poliklinikası bu binaya köçürülərək ən yüksək standartlara cavab verən müasir avadanlıqla təchiz olunmuş, lazımi tibbi xidmət göstərilməsi üçün burada hər cür şərait yaradılmışdır.

Təmir-təkinti işləri zamanı bütün lazımi materialların gətirilməsi üçün bir neçə dəfə Çin Xalq Respublikasına səfər etdiyini deyən Nəbi müəllim, səfər zamanı  bu binaya aid bir sıra texniki məsələlərinin həll olunduğunu, belə ki, binanın  qapılarının, liftlərinin və s. sifariş olunduğunu qeyd etdi.

Mərkəz və İnstitutlar

Yazının giriş hissəsində qeyd etdiyimiz kimi, Amerikaşünaslıq, Nano Araşdırmalar, Elektron Tədris, İnformasiya Texnologiyaları mərkəzlərinin, Koreya, Rus, Abay, Konfutsi institutlarının qurulması, universitet nəşriyyatının yenidən müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilməsi, reportajlarımızın birində şəhərimizin ən müasir şadlıq saraylarına oxşatdığımız universitetin Mərkəzi yeməkxanasının əsaslı təmiri və görülən çoxsaylı işlər də, məhz, bu prorektorluğun adı ilə bağlıdır.

Müsahibim universitet əməkdaşları, professor-müəllim heyəti üçün inşa edilən və artıq istifadəyə verilən yaşayış binalarından da danışdı. Məlum oldu ki, həmin binalarda 300-ə qədər universitet əməkdaşı mənzillə təmin olunublar ki, onların hər biri yaradılmış şəraitdən olduqca məmnundurlar. İş bununla bitmir və əməkdaşların istirahətlərinin təşkili istiqamətində də xeyli işlər həyata keçirilir. Xızı rayonunun Altıağac qəsəbəsində 2 hektar sahədə yaşıllıqlar içərisində hər biri üç otaqdan ibarət 14 fin tipli ev yay mövsümündə 300 nəfərə qədər professor-müəllim və tələbə heyətinin istirahət yerinə çevrilib. İstirahət mərkəzində cari təmir işlər ilə yanaşı, iki yeni kottec də universitetin daxili imkanları ilə inşa edilib və bu yaxınlarda universitetin Qubadakı ərazisində yeni 300 nəfərlik istirahət kompleksinin tikintisinə də başlanılıb.

Qarşıda qoyulan planlar haqqında söhbət açdığımızda Nəbi müəllim, rektor, akademik Abel Məhərrəmovun da çoxdan arzuladığı Texnoparkdan söz etdi. Bakı Dövlət Universitetinin nəzdində Texnoparkın qurulması fikri Abel müəllimin Koreyaya səfərindən sonra yaranıb. “Təhsilin inkişafının elm və texnologiyaların inkişafı ilə ayaqlaşa bilmədiyindən” narahat olan Abel müəllim müsahibələrinin birində texnoparkın yaranması ilə əlaqədar suala cavabında belə demişdir: “Vəzifəmiz yeniləşən dünyanın tələblərinə cavab verən, davamlı inkişafı təmin etməyə qadir olan mütəxəssislər yetişdirməkdir”.

Əvvəldə dediyim fikri yenidən təkrarlamaq istərdim. Bu gün Bakı Dövlət Universiteti həqiqətən də yeni inkişaf dövrünü yaşayır. Onun forması nə qədər göz oxşayırsa, məzmunu heç ondan da geri qalmır. Bütünlüklə Boloniya prinsiplərini qəbul edən, təhsildə, elmdə, elmi innovasiyaların, kompüter texnologiyalarının tətbiqində öncül yerini qoruyub saxlayan universitetdə zəhmət, gərginlik, yuxusuz gecələr hesabına ərsəyə gələn çoxsaylı mərkəzlər, qurumlar, korpuslar və komplekslər də fəaliyyət göstərir.

Söhbətimizə yekun vuran Nəbi Ramazanlı isə deyir: «Bilirsiniz, universitetdə aparılan təmir-tikinti, bərpa və yenidənqurma işlərinin bir müəllifi var… Universitetin rektoru, akademik Abel Məhərrəmov. Bu gün universitet onu ziyarət edənləri göz oxşayacaq müasir tərtibatlı mərkəz, kompleks, laboratoriya, akt zalları və s. ilə heyrətləndirməyi bacarırsa, bu, Abel Məhərrəmovla aparılan gərgin müzakirələrin nəticəsidir».

Görünən dağa nə bələdçi. Biz isə onu demək istəyirik ki, adını bu qocaman təhsil ocağının tarixinə yazan Abel Məhərrəmov hər zaman olduğu kimi, universitet tarixi, elmi, təhsili üçün daha böyük işlərin müəllifi, rəhbəri və yolgöstərəni olacaqdır…

Uğurların davamlı və sayalı olsun, əziz universitet!

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!