BDU-nun əməkdaşları Almaniyada ali təhsil sahəsində təlimlərdə iştirak ediblər

20/05/2016

Bakı Dövlət Universitetinin əməkdaşları Almaniyada ali təhsil sahəsində təlimlərdə iştirak ediblər. Təlimlər Avropa Birliyinin Tempus proqramı üzrə həyata keçirilən “Azərbaycan, İsrail və Qazaxıstanda ekosistemlərin monitorinqi məqsədilə məsafədən zondlama sahəsində təhsilin gücləndirilməsi” layihəsi çərçivəsində baş tutub. Berlin Texniki Universitetində və Humbolt Universitetində keçirilən təlimlərdə Bakı Dövlət Universiteti Coğrafiya fakültəsinin dekanı, professor Fərda İmanov, fakültənin doktorantı Aytən Məhərrəmova, Biologiya fakültəsinin dekan müavini Səbinə Ömərova, fakültənin dosenti Yaşar Ömərov iştirak ediblər. Təlimlərdə Sumqayıt Dövlət Universiteti, Milli Aviasiya Akademiyasının və digər ölkələrin nümayəndələri təmsil olunublar. Təlimlərdə yeni tədqiqat ideyaları, yüksək səviyyəli elmi tədqiqatın planlaşdırılması, layihələrdə keyfiyyət təminatı, beynəlxalq əlaqələrin qurulması, biznes etikası, elmi tədqiqatlarda innovativ metodlardan istifadə və başqa məsələlər müzakirə olunub. Təlim Avropanın müxtəlif ali təhsil müəssisələrinin professorları tərəfindən keçirilib. Sonda BDU nümayəndələrinə sertifikatlar təqdim olunub. Qeyd etmək lazımdır ki, sözügedən təlim layihə çərçivəsində ötən müddət ərzində Hollandiyanın Tvente Universitetində, Almaniyanın Berlin Texniki Universitetində və Estoniyanın Tallin Texnologiya Universitetində də təlimlər təşkil olunub və həmin təlimlərdə BDU əməkdaşları iştirak ediblər. Təlim günlərində layihənin Koordinasiya görüşü də keçirilib. Görüş zamanı layihə çərçivəsində görülmüş işlərdən bəhs olunub, qarşıda duran məqsəd və vəzifələr müzakirə olunub. Berlin Texniki Universitetinin və Humbolt Universitetinin nümayəndələri ilə keçirilən məhsuldar görüşlər və əməkdaşlıq perspektivlərinin müzakirəsi də təlim günlərində baş tutub.

Layihə çərçivəsində Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində GeoNetCast laboratoriyasının yaradılması və kosmik qəbuledicinin istifadəyə verilməsi planlaşdırılır. Qeyd olunan laboratoriyadakı avadlıq peykdən istifadə etməklə ekosistemlərin monitorinqinin aparılmasına imkan verəcək. Bu laboratoriyada professor-müəllim heyəti, tələbə və magistrantlar peykdən alınmış məlumatlardan istifadə etməklə tədqiqatlar yerinə yetirəcəklər. Qeyd edək ki, “Azərbaycan, İsrail və Qazaxıstanda ekosistemlərin monitorinqi məqsədilə məsafədən zondlama sahəsində təhsilin gücləndirilməsi” layihəsi 2014-cü ilin yanvarında start götürüb və cari ilin sonunda başa çatacaq. Layihəni Almaniyanın Berlin Texniki Universiteti koordinasiya edir. Layihədə Azərbaycandan Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti və Milli Aviasiya Akademiyası, Hollandiyanın Tvente Universiteti, Estoniyanın Tallin Texnologiya Universiteti, İsraildən Təl-Əviv Universiteti, İsrail Texnologiya İnstitutu və Yerusəlim Mühəndislik Ali Məktəbi, Qazaxstandan isə Əl-Farabi Milli Universiteti, Qumilyov adına Avrasiya Milli Universiteti və Qorqut Ata adına Qızılorda Dövlət Universiteti iştirak edirlər. Layihənin əsas məqsədi akademik səviyyədə təhsilin gücləndirilməsidir.

Mətbuat və informasiya şöbəsi, 20 may 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!