BDU-nun «Gənc istedadlar» liseyinin şagirdləri ABŞ-a gedəcəklər

05/03/2012

Yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metoduna yiyələnməsi, bu sahədəki fəaliyyətlərinin stimullaşdırılması, elmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdlərin aşkara çıxarılması, ali təhsil müəssisələri ilə ümumi təhsil  müəssisələri  arasında əlaqələrin genişləndirilməsi,  təhsil sahəsində daha böyük uğurlar qazanmağa şərait yaradır. Bu məqsədlə təhsil naziri Misir Mərdanovun 12 oktyabr 2011-ci il sərəncamına əsasən, Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri tərəfindən yerinə yetirilmiş tədqiqat layihələrinin “Sabahın alimləri” adlı müsabiqəsi keçirilib. Müsabiqə 60 ildən artıqdır ki, keçirilir və iştirakçılardan sonralar Nobel mükafatına layiq görülənlər az deyil.  Azərbaycan MDB məkanında Rusiya, Ukrayna, Qazaxıstandan sonra dördüncü ölkədir ki, bu müsabiqədə iştirak edir. Təhsil Nazirliyinin məsul əməkdaşları ABŞ-da layihə ilə bağlı bütün detalları öyrənmiş və onun Azərbaycanda reallaşmasına çalışmışlar. «Gənc istedadlar» liseyinin direktoru Qasım Hüseynovun verdiyi məlumata görə, müsabiqəyə təqdim olunan layihədə elmi yenilik olmalı, həmin iş gələcəkdə tətbiq sahəsi tapmalıdır: «Müsabiqəyə fərdi və ya qrup şəklində 59 layihə təqdim olunmuşdu ki, onlardan 48-i qəbul edildi. 12 şagirdimiz 9 layihə ilə iştirak etdi. 2 layihə  kollektiv, digərləri  isə  fərdi şəkildə hazırlanmışdı. Həmin şagirdlərə böyük alimlər, yüksək ixtisaslı müəllimlər istiqamət vermişdi. Təbii ki, şagird savadlı, həvəsli, daim axtarışda olmaqla bərabər, düzgün istiqamət almaq imkanına malikdirsə, uğur qazanacaq». Q.Hüseynovun sözlərinə görə, layihələr Azərbaycan və rus dillərində qəbul edilib və lisey şagirdlərindən I yeri 5 nəfər, II yeri 3 nəfər, III yeri isə 4 nəfər tutaraq sertifikat, medal və pul mükafatı ilə təltif olunublar. I yerə Səfərəlizadə Mahirə Mayis qızı, Bayramov Arif Anar oğlu,  Ömərov Samir Şakir oğlu, Xəlilov İbrahim Fərhad oğlu, Əmirxanlı Əminə Sədrəddin qızı layiq görülüblər. İsgəndərzadə Aydan Kamran qızı, Məmmədli Aytac Müşfiq qızı, Quliyev Orxan Elçin oğlu II, Qəmbərova Leyla Vaqif qızı, Ağayeva Aybəniz Azər qızı, Məmmədov Vüsal Elşən oğlu və Muradova Nərmin Salman qızı isə III yerin sahibi olublar. Liseyin direktoru bildirib ki, mayın 13-dən 18-dək ABŞ-ın Penselvaniya ştatının Pitsburq şəhərinə keçiriləcək “Sabahın alimləri” müsabiqəsində iştirak etmək üçün respublika üzrə təqdim olunmuş  3 layihədən  2-si  “Gənc istedadlar”a  məxsusdur. Müsabiqə qaliblərini qəbul edən rektor, akademik Abel Məhərrəmov onları təbrik edib, ABŞ-dan uğurla dönməyi arzulayıb.

Sonda qeyd edək ki, «Gənc istedadlar» liseyinin indiyədək 3 buraxılışı olub və bütün məzunlar dövlət ali məktəblərinə qəbul olunublar. Onlardan 22-si Bakı Dövlət Universitetində təhsil alır, 17 nəfər isə 600-dən yuxarı bal toplayıblar. TQDK-nın statistik məlumatına görə, 2010 və 2011-ci tədris ilində Təhsil Nazirliyinin tabeliyində olan dövlət və özəl liseylər içərisində «Gənc istedadlar» liseyi qəbulda toplanan orta bala və ayrı-ayrı fənlərdən verilən düzgün cavablara görə I yer qazanıb. Bundan başqa, liseyin şagirdləri arasında intellekt və idman yarışlarının da qalibləri var.

BDU-nunMətbuatvəinformasiyaşöbəsi, 05 mart 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!