BDU-nun GƏNC TƏDQİQATÇILARININ TÜRKOLOGİYAYA İLK TÖHFƏSİ

08/06/2015

Son illər Azərbaycanda dilçiliyin inkişafı istiqamətində uğurlu addımlar atılmışdır. Ölkə prezidenti cənab İlham Əliyevin «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında» 23 may 2012-ci il tarixli sərəncamı ilə ölkəmizdə dilçiliyin yeni perspektivləri müəyyənləşdirildi. Sərəncamdan sonra hazırlanmış Dövlət Proqramında isə dilçiliyin müxtəlif problemlərinin həllinə yönəlmiş müddəalar öz əksini tapdı. Bunlar içərisində əsas maddələrdən biri də dilçiliyin inkişafı üçün yeni kadr potensialının hazırlanması, gənc tədqiqatçıların yetişdirilməsi və müasir elmi nailiyyətlərə söykənən tədqiqatların ortaya qoyulması məsələsi idi. Təbii ki, ötən müddət ərzində bu istiqamətdə ciddi işlər görülmüş və bu gün də davam etməkdədir.

Ölkə rəhbərinin sərəncamından bir az əvvəl, yəni 01 may 2012-cil ildən akademik Tofiq Hacıyevin rəhbərliyi ilə fəaliyyətə başlayan Bakı Dövlət Universitetinin «Türkoloji araşdırmalar» Elmi Tədqiqat Laboratoriyasının gənc əməkdaşları bu müddət ərzində bir sıra tədbirlər həyata keçirmişlər. Bunlardan biri də əməkdaşların üç illik əməyinin nəticəsi kimi birlikdə ərsəyən gətirdikləri «Türkoloji araşdırmalar-1» adlı monoqrafik tədqiqatlar toplusudur. Kitabda 4 müəllifin ayrı-ayrı mövzularda yazdığı əsərlər türkologiyanın aktual məsələlərinə həsr olunmuşdur. Kitabın elmi redaktoru akademik Tofiq Hacıyev, rəyçiləri isə professor Məhərrəm Məmmədli və dosent Gülxanım Vəliyevadır.

«Türkoloji araşdırmalar» ETL-nin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ülviyyə Hüseynovanın «Türk dillərinin etnoqrafik leksikası (qıpçaq qrupu dilləri əsasında)» adlı tədqiqat işində maraqlı məsələlərə toxunulur. Məlumdur ki, müasir dilçilikdə milli-etnokulturoloji problem ən vacib məsələlərdən sayılır. Milli özünəməxsusluq ideyası hər bir xalqın maddi və mənəvi mədəniyyətinin bütün sahələrinə nüfuz edir. Bunu xalqın mənəvi mədəniyyətinin tərkib və ayrılmaz hissəsi olan, onu yaşadan, etnik baxımdan şərtləndirən və milli xüsusiyyətlərini qoruyub saxlayan etnoqrafik leksikadadır. Bu cəhətdən etnoqrafik leksikanın tədqiqi üçün türk dilləri zəngin material verir. Burada türk dillərinin oğuz, qıpçaq, bulqar, karluq və s. dil qrupları tədqiqat obyekti kimi götürülmüşdür.

«Türkoloji araşdırmalar» ETL-nin kiçik elmi işçisi, doktorant Pərvin Eyvazovun «Azərbaycan və Türkiyə türkcələrində köməkçi nitq hissələri» adlı tədqiqat işində Azərbaycan və Türkiyə türkcələrində köməkçi nitq hissələrinin işlənmə xüsusiyyətləri araşdırılır. Məlumdur ki, bəhs olunan mövzu türkologiyada, o cümlədən Azərbaycan dilçiliyində araşdırılsa da, bu istiqamətdə mübahisəli məsələlər hələ də qalmaqdadır. Təkcə Azərbaycan dilçiliyində köməkçi nitq hissələri barəsində xeyli sanballı tədqiqat əsərləri yazılmışdır. Ona görə də tədqiq olunmuş bu mövzuya yenidən qayıtmaq, müraciət etmək çətin olduğu qədər də məsuliyyətli işdir. Məhz buna görə də bu məsuliyyət yükünün ağırlığını hiss edən müəllif mövzu ilə “incə davranmağ”a müvəffəq olmuşdur.

Laboratoriyanın kiçik elmi işçisi, doktorant Ramil Bayramovun «Bəkir Çobanzadə və Birinci Türkoloji Qurultay (əlifba məsələsinə tarixi baxış)» adlı tədqiqat işində Birinci Türkoloji Qurultayın çağırılma səbəbləri, qurultaya hazırlıq işləri geniş şəkildə təqdim edilir. Qurultayda müzakirəyə çıxarılmış əlifba məsələsinə xüsusi diqqət ayrılaraq əlifba mövzusunda söylənilən məruzələr bir neçə aspektdən (sosial-mədəni, texniki, siyasi və s.) təhlil olunur. Azərbaycanda latın əlifbasının qəbuluna, kirilə keçid prosesinə və müstəqillik dövründə yenidən latına qayıdış məsələsinə ardıcıl nəzər salınır. Son dövrdəki əlifba ilə bağlı verilən fərman və sərəncamların önəmi göstərilir. Ümumiyyətlə, tədqiqatda əlifba məsələsinə kompleks yanaşılaraq I Türkoloji Qurultaya qədərki və Qurultaydan sonrakı dövrün əlifba mənzərəsi elmi şəkildə şərh olunmuşdur.

ETL-nin gənc əməkdaşlarından olan doktorant Anar Fərəcovun «Azərbaycan dilində türk mənşəli sözlərin linqvistik xüsusiyyətləri  (“A” saiti ilə başlayan sözlər əsasında)» mövzusundakı araşdırması da maraq doğurur. Bu elmi araşdırmanın  təkcə "A" saiti ilə başlayan sözlərlə bağlı aparılması konkret linqvistik məsələlərin ortaya qoyulmasında mühum rol oynayır. Tədqiqatda  "A" saitinin qədim türkdilli abidələrdə və müasir dilimizdə işlənmə imkanları müqayisə olunmuş, maraqlı dil faktları aşkar edilmişdir. Mövzu müxtəlif dil səviyyələri üzrə tədqiqata cəlb olunmuşdur. Tədqiqatın ən mühüm əhəmiyyətlərindən biri də "A" saiti ilə başalayan türk mənşəli sözlərin lüğətinin verilməsidir. Bu tədqiqat dilimizdə işlənən digər səslərlə başlayan türk mənşəli sözlərin araşdırılması istiqamətləri üçün mənbə rolunu oynaya bilər.

Kitabı oxuduqca elmin pillələrinə ilk addımlarını atan olan gənc nəslin nəfəsi, ruhu duyulur. Elmi-nəzəri məsələlərə münasibətdə maraqlı fikirlərlə çıxış edən gənc müəlliflər təhlilləri analitik və praqmatik şəkildə aparmışlar.

Laboratoriya əməkdaşlarının ərsəyə gətirdikləri bu kitab filoloqlar üçün dəyərli bir töhfədir. Türkoloji araşdırma aparan mütəxəssislər, ümumiyyətlə, dilçilər bu monoqrafik topludan faydalana bilərlər.

Mətbuat və İnformasiya şöbəsi, 08 iyun 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!