BDU-da yerli və beynəlxalq informasiya agentliklərindən bəhs edən kitab təqdim olundu

10/07/2017

Bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, kafedranın müəllimləri Pərvanə İbrahimova və Vəfa İsgəndərovanın birgə müəllifliyi ilə nəşr olunan “Jurnalistika: Dünyanın aparıcı informasiya agentlikləri, Azərbaycanda informasiya agentliklərinin təşəkkülü və inkişaf perspektivləri, Beynəlxalq jurnalist hərəkatı” adlı dərs vəsaitinin  təqdimat mərasimi keçirilib.

Fakültənin professor-müəllim heyəti və mətbuat orqanlarının rəhbərləri iştirak etdiyi tədbiri Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev açaraq müasir informasiya cəmiyyəti quruculuğunda elmin, təhsilin əhəmiyyətindən danışıb, kitab müəlliflərinin işini yüksək qiymətləndirib. Bildirib ki, dərs vəsaitində həm dünya, həm yerli xəbər agentlikləri, həm də bu informasiya resurslarını birləşdirən beynəlxalq jurnalist təşkilatları, onların yaranması, fəaliyyəti və müasir dövründən bəhs edilir.

Kitabın rəyçisi, “APA Holding”in prezidenti Vüsalə Mahirqızı bildirib ki, universitetlərin Jurnalistika fakültələrinin tələbələri, müəllimlər, peşəkar jurnalistlər, media sahəsi üzrə araşdırma aparan mütəxəssislər üçün nəzərdə tutulan dərs vəsaitində Fransa, Rusiya, Almaniya, ABŞ, Böyük Britaniya, Türkiyə, İtaliya, İspaniya, Portuqaliya, Yaponiya, Çin, Hindistan və ərəb ölkələrinin informasiya agentlikləri tədqiq edilib, bununla yanaşı, Azərbaycan informasiya resurslarının fəaliyyəti araşdırılıb.

Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, İctimai Televiziyanın Yayım Şurasının üzvü Azər Həsrət, Modern.az saytının baş redaktoru Elşad Eyvazlı, Report.az saytının baş redaktoru Murad Əliyev çıxış edərək üç hissədən ibarət kitabın ilk bölməsində dünyanın xəbər axınını təmin edən əsas informasiya agentliklərinin, ikinci bölmədə Azərbaycanın ilk milli xəbər agentliyi olan AZƏRTAC-dan başlayaraq çağdaş dövrün bütün agentlikləri və xəbər portallarının, üçüncü bölmədə isə beynəlxalq jurnalist təşkilatlarının tədqiqata cəlb olunduğunu qeyd edib, Azərbaycanın dünya informasiya məkanına inteqrasiyası və beynəlxalq jurnalist təşkilatları ilə əməkdaşlığının təhlil olundugunu bildiriblər.

Jurnalistika fakültəsinin müəllimləri Allahverdi Məmmədov, Sevinc Əliyeva, Nəsir Əhmədli, Alxan Məmmədov, Sabir Məmmədov, İlham Mazanlı, Təranə Mahmudova, Akif Babayev çıxışlarında kitabın əhəmiyyətindən danışıb, onu yüksək qiymətləndiriblər.

Sonda çıxış edən müəlliflər tədbirdə iştiraklarına, çıxışlara və təkliflərinə görə qonaqlara təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, kitabın məsləhətçisi AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov, elmi redaktorları, professorlar – Cahangir Məmmədli, Nəsir Əhmədli, rəyçilər “APA Holding”in prezidenti Vüsalə Mahirqızı və siyasi elmləri doktoru Sabir Məmmədli, redaktorları isə Anzulə Cəfərova və Nərminə Əsədovadır.

Mətbuat və informasiya şöbəsi, 10 iyul 2017-ci il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!