BDU-da xalq şairi Bəxtiyar Vahabzadənin 85 illik yubileyi keçirilib

02/06/2010

İyunun 2-də Bakı Dövlət Universitetinin böyük akt zalında xalq şairi, dramaturq, ədəbiyyatşünas, akademik Bəxtiyar Vahabzadənin 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri açan universitetin rektoru, millət vəkili, akademik Abel Məhərrəmov böyük şairin həyat və yaradıcılığından danışıb, onun Azərbaycan xalqı və dövləti qarşısındakı mühüm xidmətlərini diqqətə çatdırıb. Bəxtiyar Vahabzadənin Azərbaycanda milli şüur və təəssübkeşliyin, milli təfəkkür və oyanışın, vətəndaş mövqeyinin formalaşmasında böyük rol oynadığını vurğulayan rektor, fəaliyyətinin əsas hissəsinin Sovet dövrünə təsadüf etməsinə baxmayaraq, hər zaman milli oyanışı yaradıcılığının ana xətti kimi qoruyub saxladığını, «Gülüstan» poemasının məhz bu dönəmdə yazıldığını və böyük səs-küyə səbəb olduğunu bildirib: «Bəxtiyar müəllim özü deyirdi ki, «Gülüstan»dan sonra hər gün evdən çıxanda düşünürmüş ki, geri qayıtmayacaq. Amma böyük şairin arxasında güclü bir əl dayanmışdı. Sonralar məlum olmuşdu ki, bu, ümummilli ilder Heydər Əliyevin əli imiş». Rektor bildirib ki, bununla ulu öndər üstüörtülü də olsa milli oyanışa təkan verib, bu sahədə yazıb-yaradan insanların əsl himayəçisinə, qoruyucusuna çevrilib. Ədəbi fikir tariximizin formalaşmasında müstəsna xidmətləri olan dahi şairin həyatının 50 ilinin BDU ilə bağlı olduğunu bildirən akademik Abel Məhərrəmov onun hər bir şeirində olan sətiraltı mənadan, fəlsəfədən də danışıb. Böyük şairin 85 yaşının avqust ayında tamam olacağını bildirən rektor bugünkü tədbirlə yubiley mərasiminə start verildiyini söyləyib: «BDU-da Bəxtiyar Vahabzadə adına təqaüd təsis olunub, yubiley mərasiminə qədər universitetdəki auditoriyalardan birinə adının verilməsi qərara alınıb».

Şairin yaxın dostu, əqidə yoldaşı professor Şirməmməd Hüseynov isə Bəxtiyar Vahabzadənin ictimai-siyasi fəaliyyətindən, yaradıcılığından deyil, vətəndaş mövqeyindən bəhs edib, böyük dostu ilə bağlı xatirələrindən danışıb. Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov, professor İfrat Əliyeva da çıxışlarında şairlə bağlı xatirələrini bölüşüb, yaradıcılığından nümunələr gətiriblər. Tədbirdə Bəxtiyar Vahabzadənin vaxtilə çalışdığı Filologiya fakültəsinin tələbələri şairin «Gülüstan» poemasından səhnəcik nümayiş etdirib, şeirlər söyləyiblər. Tədbirdə xalq artistləri – Arif Babayev, Flora Kərimova, Nazpəri Dostəliyeva, muğam müsabiqəsinin qalibi Babək Niftəliyev şairin sözlərinə yazılmış və sevdiyi mahnıları ifa ediblər.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 02 iyun 2010-cu il.
(Tədbir AzərTAc, APA, Azadinform, Riyad Media, Modern.az informasiya agentlikləri və xəbər portallarında, “Azərbaycan müəllimi” qəzetlərində də yayımlanıb – 02-03 iyun 2010-cu il).

 

 

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!