BDU-da İslam Dünya Elmi İstinad Mərkəzinin türk dilli ölkələri üzrə filialı açılacaq

23/11/2011

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov İslam Dünya Elmi İstinad Mərkəzinin Prezidenti, İran İslam Respublikasının Elm və Texnologiya Regional İnformasiya Mərkəzinin rəhbəri, Şiraz Universitetinin Sosial Elmlər fakültəsinin kitabxana və informasiya elmləri üzrə professoru Cəfər Mehradı qəbul edib. Görüş zamanı professor Cəfər Mehradı Azərbaycanın Elmi İstinad Mərkəzində təmsil olunmasının əhəmiyyətindən söz açaraq, İslam Dünya Elmi İstinad Mərkəzinin türk dilli ölkələri (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan) üzrə filialının məhz Bakı Dövlət Universitetində yaradılması təklifini irəli sürüb. Mehradı yaradılacaq filiala İranın Şiraz şəhərində yerləşən İslam Dünya Elmi İstinad Mərkəzinin hər cür dəstək göstərəcəyini bildirib.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, öz növbəsində, bu təklifi böyük maraqla qarşılayıb BDU-da belə Mərkəzin yaradılması üçün universitetin əməkdaşlığa açıq olduğunu vurğulayıb.

Görüşün nəticəsi olaraq tərəflər İslam Dünya Elmi İstinad Mərkəzinin türk dilli ölkələri üzrə filialının Bakı Dövlət Universitetində yaradılmasına dair niyyət protokolu imzalayıblar.

Qeyd etmək lazımdır ki, İslam Dünyası Elmi İstinad Mərkəzinin yaradılması təklifi 2008-ci ildə Azərbaycanda keçirilən İslam Konfransı ölkələrinin Elm və Təhsil Nazirlərinin 4-cü konfransında irəli sürülüb. Bu fikir İSESKO-nun Baş katibi Dr.Əbdüləziz Osman əl-Tüveycri tərəfindən təklif edilib və nazirlər bunu yekdilliklə qəbul edib. Bu mərkəzin yaradılmasını İran islam Respublikasının Elm, Tədqiqat və Texnologiya Nazirliyi öz üzərinə götürüb və mərkəz Şiraz şəhərində nazirliyin büdcəsi hesabına təsis olunub. Yarandığı illər ərzində mərkəz 730 ərəb, 524 ingilis və 1640 fars elmi jurnallarını indeksləşdirib. Bundan başqa mərkəz həmçinin İslam ölkələri universitetlərinin reytinqini də aparır.

Mətbuat və İnformasiya şöbəsi, 23 noyabr 2011-ci il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!