BDU-da Respublika gününə həsr olunmuş tədbir keçirilib və studiyanın açılışı olub

25/05/2016

Bu gün Bakı Dövlət Universitetində 28 may- Respublika gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdən əvvəl Jurnalistika fakültəsinin nəzdində fəaliyyət göstərən Tədris-teleradio studiyasının əsaslı təmirdən sonra açılış mərasimi olub. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, AR Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Türk Әmәkdaşlıq vә Koordinasiya Agentliyinin (TİKA) Başkan yardımcısı Ali Maskan, KİVDF-nin sədri Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri, KİV rəhbərlərinin iştirakı ilə keçirilən açılış mərasimində çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, 1928-ci ildən jurnalist kadrları hazırlayan jurnalistika fakültəsinin tarixində daha bir əlamətdar hadisə qeyd edilir. 1981-ci ildə yaradılan Tədris-teleradio studiyası BDU-nun təşəbbüsü və TİKA-nın dəstəyi nəticəsində əsaslı təmirdən sonra müəllim və tələbələrin ixtiyarına verilir. Rektor qeyd edib ki, studiyanın texniki imkanları genişlənib, əməkdaşları TRT kanalında təlim-təcrübə keçiblər. Professor Əli Həsənov böyük ənələrə, şərəfli tarixə malik Jurnalistika fakültəsinin studiyasının BDU-nun təşəbbüsü ilə yenidən qurulmasını yüksək dəyərləndirib və fakültə tələbələrini yaradılan imkanlardan istifadə etməyə çağırıb.

Sonra tədbir universitetin əsas binasında davam etdirilib. Akademik Abel Məhərrəmov 28 may - Respublika günü münasibəti ilə bütün iştirakçıları təbrik edib. Xalq Cümhuriyyətinin çox böyük əsərləri olduğunu xatırladan akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetinin onun yadigarlarından biri olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan yenidən öz müstəqilliyini bərpa etsə də, dövrün ictimai-siyasi prosesləri müstəqilliyimizi təhlükə altına alırdı. Belə bir məqamda ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanı parçalanma, dağılma təhlükəsindən qurtardı. Ümummilli liderin hakimiyyəti dövründə Azərbaycan çox böyük nailiyyətlərə imza atdı və həmin siyasət bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Professor Əli Həsənov isə məruzəsində Azərbaycan xalqının müstəqillik yolu, milli inkişafı və dövlət quruculuğu prosesinin bir sıra mühüm daxili və xarici amillərlə şərtləndiyini bildirib. Qeyd edib ki, Azərbaycan xalqı özünün siyasi, iqtisadi, mədəni intellektual potensialından və SSRİ-nin dağılması ilə əlaqədar yaranan əlverişli tarixi şəraitdən istifadə edərək 1991-ci ildə yenidən istiqlal haqqına qovuşaraq müstəqil dövlətini bərpa etdi. Bu hadisə Azərbaycan xalqının indiyə qədərki malik olduğu ən böyük tarixi nailiyyəti hesab olunur. Müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında və dünyaya tanıdılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini diqqətə çatdıran Əli Həsənov qeyd edib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirməklə yanaşı, həm də onu yeni şəraitin tələblərinə uyğun surətdə yaradıcılıqla inkişaf etdirir. Hazırda respublika öz inkişafının keçid dövrünü başa vuraraq bir çox sahələrdə yeni mərhələyə qədəm qoymaqdadır.

Çıxışlardan sonra “M.Teatr Production”un ifasında Üzeyir Hacıbəyovun əsərləri əsasında hazırlanmış “Məsəl, ya...” tamaşası nümayiş etdirilib.

Mətbuat və informasiya şöbəsi, 26 may 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!