BDU-da “Qorqud atadan günümüzə aşıqlıq ənənəsi” adlı simpozium başlayıb

28/02/2017

Bakı Dövlət Universitetində Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə “Qorqud atadan günümüzə aşıqlıq ənənəsi” adlı simpozium keçirilib. BDU-nun rektoru, akademik Abel Məhərrəmov tədbir iştirakçılarını və türkdilli ölkələrdən gəlmiş çoxsaylı qonaqları salamlayıb, bu tədbirin Bakı Dövlət Universitetində keçirilməsini yüksək qiymətləndirib. Bildirib ki, təxminən 100 il bundan əvvəl-1919-cu ildə yaradılmış Bakı Dövlət Universitetinin ilk 2 fakültəsindən biri Tarix-filologiya adlanıb, ötən dövr ərzində xalqımızın milli-mənəvi dəyərləri, o cümlədən qardaş türk xalqları ilə bağlı müştərək tariximiz, mədəniyyətimiz dərindən araşdırılıb. Bu irsin ən dəyərli nümunələrindən biri olan “Dədə Qorqud” abidəsinin zəngin tarixini, onun mifologiyadan  yazıya,  eposdan kitaba çevrilmək  qüdrətini  tədqiq etmək baxımından alimlərimiz çox böyük işlər görüblər. Rektor onu da qeyd edib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1999-cu ildə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik  yubileyi   beynəlxalq səviyyədə qeyd edilərkən  BDU alimləri  həmin tədbirlərdə aparıcı qüvvə kimi iştirak ediblər. Bu gün BDU-da “Dədə Qorqud”  Elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Burada dastanın bir müqəddimə, on iki boydan ibarət olan Drezden nüsxəsi və  bir müqəddimə, altı boydan ibarət Vatikan nüsxələri geniş tədqiq olunur, kökləri mifoloji dünyagörüşünə gedib çıxan dastandakı bəzi süjetlərin qədim Yunanıstanda yaranmış analoji süjetlərə qida verməsi məsələsinə qədər çoxşaxəli tədqiqatlar aparılır. Rektorun sözlərinə görə türkdilli xalqların, demək olar ki, hamısına aid edilən və hər birinin də izi olan "Kitabi-Dədə Qorqud" dastanlarının daha çox Azərbaycan əraziləri, toponimikası və bədii təfəkkürü ilə bağlılığı tədqiqatçılar tərəfindən təbii hesab edilir.

Tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, millət vəkili Hikmət Babaoğlu, Türkiyənin “Türk dili” qurumunun rəhbəri, professor Mustafa S.Kaçalin, Bayburt Universitetinin rektor köməkçisi Süleyman Ciydem, Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru, professor Sebahattin Balcı, Qazaxıstan Respublikası Qorqud Ata Elmi Araşdırmalar İnstitutunun müdiri Şirinbek Koylibayev, AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanov və Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım çıxış ediblər. Qeyd edilib ki, Dədə Qorqud boylarının əsas mahiyyətini yurdun və xalqın qorunması, xeyir qüvvələri təmsil edən qədim oğuzların yadelli işğalçılara – şər qüvvələrə qarşı ölüm-dirim savaşı, öz əhəmiyyətini indi də itirməyən bir çox əxlaqi-didaktik görüşlər təşkil edir.

Türkiyədən 27, Azərbaycandan 14, Qazaxıstandan 5, Qırğızıstan 4 və ümumilikdə 53 tədqiqatçı və müğənninin iştirak etdiyi simpozium bölmə iclasları ilə davam edib. İclaslarda aşıq sənəti və ənənələrindən, ayrı-ayrı el sənətkarlarından bəhs edən mövzular ətrafında müzakirələr aparılıb, mədəni tədbirlər keçirilib və Dədə Qorqud bəstələri səsləndirilib.

Onu da bildirək ki, simpozium çərçivəsində Bakı Dövlət Universiteti ilə Bayburt Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Mətbuat və informasiya şöbəsi, 28 fevral 2017-ci il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!