BDU-da qış imtahan sessiyası başlayıb

30/12/2014

Bakı Dövlət Universitetinin bakalavriat və magistratura səviyyələrində (əyani və qiyabi şöbələr üzrə) qış imtahan sessiyası başlayıb. Yanvarın 17-də başa çatacaq imtahanlar bir qayda olaraq yazılı formada həyata keçiriləcək, zərurət yarandığı hallarda rektorluğun qərarı əsasında bəzi fənlər üzrə şifahi-dialoq və ya test üsulu ilə aparılacaq. Qış imtahan sessiyası ilə əlaqədar rektor, akademik Abel Məhərrəmovun imzaladığı əmrdə bildirilir ki, dekanlar və kafedra müdirləri bütün tədris qruplarında fərdi qaydada görüş keçirməli, tələbələrin istək və arzularına diqqətlə yanaşmalıdırlar. Rektor tərəfindən verilmiş daha bir əmr sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə Qərargahın yaradılması haqqındadır. Əmrə uyğun olaraq, Qərargahın nəzdində universitet üzrə «Qaynar xətt» yaradılıb və bu məqsədlə universitetin əsas binasında və tədris korpuslarında şikayət, təklif və məlumatlar üçün hər gün mövcud qaydada möhürlənməklə xüsusi qutular asılıb. Qərargahın sədrinə tapşırılıb ki, sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyi «qaynar xətti» ilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin etsin və bu barədə tədbir görülməsi məqsədilə müvafiq təkliflər versin. İmtahanların nəticələri barədə şikayətlərə baxmaq və aşkar edilmiş çatışmazlıqları aradan qaldırmaq məqsədilə Qərargahın nəzdində təbiət və humanitar fakültələr üzrə apelyasiya komissiyaları yaradılıb.

İmtahan başlamazdan əvvəl dekan, koordinator və rəhbər koordinatorla görüşən rektor Abel Məhərrəmov onları imtahan prosesinə ciddi nəzarət etməyə, tələbələrin biliyini obyektiv qiymətləndirməyə çağırıb. Məlum olub ki, bu ildən etibarən Bakı Dövlət Universiteti üzrə 12 qrupda təhsil alan 214 nəfər SABAH qruplarının tələbələri də imtahan verəcəklər.

İmtahanlara nəzarət edəcək müəllimlərin bölgüsü başa çatdıqdan sonra rektor imtahan keçirilən auditoriyalarda olub. Tələbələrə uğurlar arzulayan rektor, onları biliklərinin obyektiv qiymətləndiriləcəyinə əmin edib.

Qeyd edək ki, imtahan sessiyası başlamazdan bir neçə gün əvvəl rektor Abel Məhərrəmov dekan və qrup nümayəndələrinin iştirakı ilə görüş keçirmiş, 2015-ci ildə I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Bakı şəhərində yerləşən bütün təhsil müəssisələrində tədris prosesi və imtahan sessiyasının 2015-ci il may ayının 31-dək başa çatdırılması haqqında qərardan danışmışdır.

Rektor tədris qrafikində yaranmış sıxlığı, xüsusən də imtahanlar arasındakı günlərin sayının az olmasını nəzərə alaraq imtahan suallarını azaldılması ilə bağlı müvafiq tapşırıqlar verildiyini də diqqətə çatdırb.

Mətbuat və informasiya şöbəsi, 30 dekabr 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!