BDU-da növbəti maaş artımı

05/05/2014

Son ilər Bakı Dövlət Universiteti əməkdaşlarının əmək şəraitinin və rifah halının yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin «Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə» 2010-cu il 10 fevral tarixli Fərmanının və Nazirlər Kabinetinin 22 oktyabr 2012-ci il tarixli Qərarının icrasını təmin etmək və BDU-da çalışan əməkdaşların rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə yaradılmış komissiyanın rəyini nəzərə alaraq ayrı-ayrı sahələrdə çalışan işçilərin 01 fevral 2013-cü ildən etibarən aylıq vəzifə maaşları artırılmışdı.

Eyni zamanda, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” nın müvafiq bəndinə uyğun olaraq, BDU rektoru maaşların differensasiyalı artımı ilə baglı 31 mart 2014-cü il tarixində əmr verib. Əmrə əsasən, BDU professor-müəllim heyətinin maddi rifah halını bir qədər də yaxşılaşdırmaq, elmi-pedaqoji fəaliyyətini stimullaşdırmaq məqsədilə bütün kafedralarda fakültə dekanı, tədris-metodiki şurasının sədri və fakültə Həmkarlar Təşkilatı sədrinin iştirakı ilə iclaslar keçirilib, hər bir müəllimin son 3 il ərzində elmi, tədris və ictimai fəaliyyəti ətraflı təhlil edilərək və tələbələrin akket sorğusunun nəticələri nəzərə alınaraq müvafiq namizədlər irəli sürülüb, həmin əməkdaşların maaşı 01 aprel 2014-cü il tarixindən etibarən cari ilin sonunadək 100 manat artırılıb. Növbəti il eyni göstəricilər əsas götürməklə kafedra əməkdaşları arasında yenidən seçim aparılacaq.

Eyni zamanda, BDU-da idarəetmənin daha da optimallaşdırılması və inzibati-idarəetmə struktur rəhbərlərinin stimullaşdırılması məqsədilə rektorun başqa bir əmrinə əsasən struktur rəhbərlərinin maaşlarında da müəyyən artımlar edilib.

Artım ümumilikdə universitetin 400-dən artıq əməkdaşına şamil edilib.

Mətbuat və İnformasiya şöbəsi, 05 may, 2014-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!