BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ

30/06/2011

29 iyun... Saatlar 18:00 göstərir. Bakı Dövlət Universitetinin bayramsayağı bəzədilmiş əsas binasının önündə bu gün məzun olacaq tələbələr və onların yaxınları toplaşıblar. Hər kəs sevinc içərisindədir. Kimisi məzun olmağın, bir hissəsi fərqlənmə diplomuna layiq görülməyin, bəziləri isə həmin gün nəticələri açıqlanan magistratura pilləsinə daxil olmağın sevincini yaşayırdılar. Tələbə məzunların arasında kövrələnlər də az deyil idi. Onlar 4 il ayaq basdıqları, üz-gözləri öyrəşdikləri doğma universitetdən, sevimli müəllim və tələbə yoldaşlarından ayrılırdılar.

Budur məqam yetişir… Məzun gününün başlanması elan olunur. Universitetin himnini oxumaq üçün xor ansamblı səhnəyə çıxır. 17 fakültənin hər birindən fərqlənmə diplomuna layiq görülmüş iki məzun, ümumən 34 nəfər «Universitetim» şerini söyləyir...

...Bu da aparıcı məzunlar... Jurnalistika və sosial elmlər və psixologiya fakültəsinin məzunları Məryəm Mehdiyeva və Fuad Bayramov tədbirin başlandığını elan edir. Dövlət himnimiz səslənir... Nə gözəl andır… Hamı yüksək səslə «Azərbaycan, Azərbaycan, ey qəhrəman övladı, şanlı vətənim», - deyərək himnimizi oxumağa başlayır…

Söz BDU-nun rektoru, akademik Abel Məhərrəmova verilir…

Rektor məzunlarını təbrik edir…

Prezident İlham Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini vurğulayan rektor dövlət başçısının bu sahələrin inkişafı ilə bağlı imzaladığı sərəncamların əhəmiyyətindən danışır, ümummilli lider Heydər Əliyevin BDU-nun məzunu olduğunu isə xüsusilə qeyd edir. Rektor üzünü tələbələrə tutaraq deyir ki, siz ulu öndərin məzunu olduğu universiteti bitirdiyinizə görə fəxr etməlisiniz.

Rektorun sözlərindən məlum olur ki, bu il universiteti 4500-dək məzun bitirir ki, onlardan 700 nəfəri fərqlənmə diplomuna layiq görülənlərdir.

Abel Məhərrəmov deyir: “Bakı Dövlət Universiteti indiyədək 100 mindən artıq yüksək ixtisaslı məzun yetişdirib. Bu gün dövlətin ali strukturlarında çalışan, yüksək vəzifə tutanların əksəriyyəti universitetin məzunlarıdır. Onlar doğma universitetin adını hər zaman uca tutmağı bacarıblar. İnanıram ki, müxtəlif ixtisaslara yiyələnən, Azərbaycanımızı çox sevən, vətəninə, elinə bağlı olan builki məzunlarımız da sələflərinin yolunu uğurla davam etdirəcək, öz sahələrinin tanınmış mütəxəssisləri olacaqlar”.

Rektorun çıxışından sonra fərqlənmə diplomuna layiq görülmüş bir qrup gənc diplom və fəxri fərmanlarla təltif edilir. Diplomları rektor Abel Məhərrəmov, Təhsil nazirinin müavini Elmar Qasımov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov təqdim edirlər. Sonra rektorun fərqlənmə diplomuna layiq görülən tələbələrin valideynlərinə ünvanlandığı təşəkkür məktubu, eyni zamanda tələbə andı oxunur.

Bununla da tədbirin rəsmi hissəsi başa çatır. Aparıcı Fuad Bayramov və məlahətli, şirin səsli Məryəm Mehdiyeva 17 fakültənin hər birinin məzunlarını ayrı-ayrılıqda təbrik edirlər. Təbrik müraciətlərinin təqdim edirik:

- Həyatı mexaniki vasitəyə, problemləri riyazi düsturlara bənzətməyən mexanika-riyaziyyat fakültəsinin məzunlarını salamlayırıq...

- Sutkada “25” saat sosial şəbəkələrdə dünyanı sirkələyən tətbiqi-riyaziyyat fakültəsinin məzunlarına eşq olsun...

- Eynşteyndən daha yaxşı

düşünmək iddiasında olan fizika fakültəsinin məzunlarını alqışlayırıq…

- Əbdülsəid müəllimin qorxusundan Mendeleyev cədvəlindən başqa hər şeyi bilən kimya fakültəsinin məzunlarına eşq olsun…

-Bitki və ağacların dillərini, insanların

sirlərini öyrənən biologiya fakültəsinin məzunlarına salam…

- Təbiətə vurulan, vuran, qıran, quran, və qoruyan ekologiya və torpaqşünaslıq fakültəsinin məzunlarına eş

q olsun…

- Qarlı dağları aşan, çox elləri

dolaşan, mafiyaya qafiyə, yaşasın coğrafiya…

- Qızılın mənfəətini mənbəyindən yaxşı bilən geologiya fakültəsinin məzunlarına bir alqış gəlsin…

- Şirin dilləri ilə illəri yola salan, “filləri”   tora salan filologiya fakültəsinin məzunlarına eşq olsun…

- Əcdadlarımızın əcdadlarını əjdaha kimi öyrənən tarix fakültəsinin məzunlarına alıqşlar...

- Şəxsi müsibətləri beynəlxalq münasibətlərə çevirən beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin məzunlarına salam...

- Məcəllələrdə dəcəllənən, maddələrdə maddilənən, nöqtələrdə püxtələnən hüquq fakültəsinin məzunlarını aqışlayırıq…

- Hadisədən əvvəl  hadisə yerində ol

an jurnalistika fakültəsinin məzunlarına eşq olsun…

- Adında xana olan yeganə fakültəmiz kitabxanaçılıq və informasiya fakültəsinin məzunlarına salamlar...

- Şərqli kimi oxuyub, qərbli kimi düşünən şərqşünaslıq fakültəsinin məzunları bir özlərini alqışlasınlar…

- İlahi layihənin rahiyəsini öyrənən ilahiyyat fakültəsinin məzunlarına eşq olsun…

- Müxtəlif elmləri zəncir kimi bir-birinə bağlayıb SEP düzəldən sosial elmlər və psixologiya fakültəsinin məzunlarını salamlayırıq...

Tədbirə dəvət edilmiş qonaqların, məzun olan və olmayan bütün tələbələrin alqışları altında aparıcı məzunlar yekun sözlərini söyləyirlər. Rektor və tələbələr üzərinə «Məzun-2011» yazılmış şarı havaya buraxırlar. Bununla da rəsmi hissə bağlı elan olunur…

Tədbir konsert proqramı ilə davam edir. Məzunları Röya, Nura, Brilliant Dadaşova, Namiq Qaraçuxurlu, Nadir Qafarzadə, Manana, Zamiq, Elnur, Xəyyam, Kamil, Xatirə, Eldəniz, Gülay, Aysel Teymurzadə və «Eurovision - 2011» mahnı müsabiqəsinin qalibləri Nigar və Eldar təbrik ediblər.

İndi isə məzunların fikirləri ilə tanış olaq:

Mehdiyeva Məryəm Eldar qızı - Jurnalistika fakültəsinin məzunu

29 iyun 2011-ci il tarixində Avropa və Asiyanın qovşağında ilk dünyəvi ali təhsil ocağı olan Bakı Dövlət Universitetində məzun gününə həsr olunmuş möhtəşəm tədbir keçirildi. Elə mən də bu il məzun oldum. Həmin gün sevincim kədərimə qarışmışdı. Universiteti bitirdiyimə görə həm sevinirdim, həm də kədərlənirdim. Kədərimin səbəbi dörd il ərzində doğmalaşdığımız sevimli müəllimlərimdən, qrup yoldaşlarımdan və fakültəmdən ayrılmaq məqamının yetişməsi idi. Sevincimin səbəbi isə Bakı dövlət Universitetinin məzunu olmağım idi.  Hesab edirəm ki, respublikamızda ali təhsilin və elmin ənənələrinin zənginləşməsində, milli dövlətçiliyin qorunub saxlanılmasında mühüm xidmətləri olan bu ali təhsil müəssisəsinin məzunu olmaq ən böyük xoşbəxtlikdi. Məzun gününə həsr olunmuş tədbirin aparıcısı olmaq xoşbəxtliyinin də mənə nəsib olması sevincimi ikiqat artırdı və bu baxımdan da özümü dünyanın ən xoşbəxt insanı hiss etdim. Ekran qarşısından izləyən və sevinclərinin ölçüsü olmayan ana, ata, baba, nənə və bütün doğmalarımı da sevindirdim. Son olaraq onu demək istəyirəm ki, oxuduğumuz müddətdə yaratdığı şəraitə görə rektorumuz Abel Məhərərmova təşəkkür edirəm. Eyni zamanda məzun gününün yüksək səviyyədə təşkilin və biz məzunları tədbirə hazırladıqlarına görə prorektr Sani Hacıyevə, Həmkarlar İttifaqı Komitəsinin sədri Fikrət Şiriyevə mittəndaram.

Əmirova Xədicə Pərviz qızı - ekologiya və torpaqşünaslıq fakültəsinin məzunu:

- Zəngin bir tarixi olan Bakı Dövlət Universitetinə yüksək bal toplayaraq daxil olduğum gün sevincimin həddi-hüdudu yox idi.  Çünki bu ali məktəbin məzunları hər zaman ehtiramla xatırlanır, əməlləri, xidmətləri hörmətlə yad edilir. 2007-ci ilin ilk dərs günündə universitetin rektoru, akademik Abel Məhərrəmov tələbələri təbrik edib, uğurlar arzuladı. Müstəqil Azərbaycanımızın daha da qüdrətlənməsində, dünyada tanınmasında bizim hər birimizin xidmət göstərməyimizin vacibliyini qeyd etdi.  Mən də bir tələb kimi həmişə bu amala xidmət etmiş, valideynlərimin, müəllimlərimin etimadını doğrulmağa çalışmışam. Müəllimlərimizin hər zaman dediyi kimi oxumaq çətin və məsuliyyətli olsa da böyük şərəfdir. Təhsil aldığım müddətdə universitetin ictimai həyatında yaxından iştirak etmişəm, Mendeleyev adına təqaüdə layiq görülmüşəm, tələbə yoldaşlarımla çox maraqlı günlər keçirmişəm. Təəssüf ki, həyatda hər şeyin başlanğıcı olduğu kimi sonu da olur. Bu baxımdan məzun olduğum üçün həm sevinc, həm də kədər hissləri keçirirəm. Sevincimin ən böyük səbəbi Bakı Dövlət Universitetini "əla" qiymətlərlə başa vuraraq universitetin "Qırmızı diplom"una layiq görülməyim, əldə etdiyim biliklər sayəsində magistraturaya daxil olmağımdırsa, kədərlənməyimin səbəbi əziz tələbə yoldaşlarım və sevimli müəllimlərimdən ayrılmağımdır. Bundan sonrakı fəaliyyətimdə də əziz müəllimlərimin, dostlarımın etimadlarını doğrultmaq, Vətənə, millətə yararlı vətəndaş kimi yetişmək üçün daha da səylə çalışacağam.

Aloyeva Kəmalə Tofiq qızı -  Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin məzunu:

Bakı Dövlət Universitetinə daxil olmaq uşaqlıq arzum idi. Bəlkə də nə vaxtsa xəyal etdiyim bu ali təhsil ocağının məzunu olacağımı desəydilər inanmazdım. Hər il iyun ayının 29-da televizordan izlədiyim belə möhtəşəm tədbirin iştirakçısı olmağın insana verdiyi həyəcanı sözlərlə ifadə etmək çətindir. Və nəhayət illərdir xəyallarımda yaşatdığım bu günün canlı iştirakçısına çevrildim. Hər dəfə əvvəlki məzunlarla görüşdükdə, onlar tələbəlik illərinin əvəzolunmaz olduğunu, universitet, keçmiş auditoriyalar, müəllimlər üçün darıxdıqlarını deyirdilər. Doğrudur, mən də nə vaxtsa bu hissləri keçirəcəyimə təəccüblənirdim, inanmırdım. Amma məzun kimi son dəfə universitetin qarşısında dayandıqda artıq bu hisslər məndə də yarandı. Daha tələbə olmadığını düşünəndə belə kövrəlməmək əlimdə deyildi. İnanıram ki, bundan sonrakı həyatımda nə qədər böyük uğurlar əldə etsəm də, Bakı Dövlət Universitetinin tələbəsi adını qazandıqda yaşadığım sevincdən möhtəşəm olmayacaq. Belə xoş təəssüratlar yaratdıqları üçün universitet rəhbərliyinə və bütün müəllimlərimə dərin təşəkkürümü bildirirəm. Və Məzun gününün belə möhtəşəm təşkil edilməsinə görə başda rektorumuz Abel Məhərrəmov olmaqla, Humanitar məsələlər, ictimaiyyətlə əlaqələr və  tələbələrlə iş üzrə prorektor Sani Hacıyevə, Həmkarlar İttifaqı Komitəsinin sədri Fikrət Şiriyevə təşəkkürümü bildirirəm.

Gunay Sadıxova - Tarix fakültəsinin məzunu:

- Hər il 29 iyun tarixində Bakı Dövlət Universitetində keçirilən məzun günü bu il daha doğma və daha fərqli idi. Çünki bu il mənim özüm məzun olurdum. 4 il təhsil aldığım ocağı fərqlənmə diplomu ilə bitirdim. Bakı Dövlət Universitetinin məzunu olmaq böyük bir şərəf və qürur  hissidir. Çox alqışalayiq haldır ki, universitet rəhbərliyi hər il bu günü xüsusi təntənə ilə qeyd edir və öz məzunlarını yola salır. Həmin gün universitetə əlvida deyən minlərlə tələbə arasında mən də var idim. Məzun günü həm göz yaşı, həm də sevinc günü kimi daima yaddaşımda qalacaq. Həyatımın 4 ilini bu universitetdə keçirmişəm. Universitet mənə daim xatırlayacağım çoxlu təəssüratlar, bilik, elm vermişdir.

Son olaraq məzun günümüzü belə möhtəşəm təşkil edən universitet rəhbərliyinə, başda Abel müəllim olmaqla, dərin təşəkkürümü bildirirəm. Təşəkkür edirəm ki, məzunlarınızı gələcək həyata bu cür - yüksək səviyyədə təşkil olunmuş tədbir ilə yola salırsınız.

Mən də Bakı Dövlət Universitetinin məzunu olmağımla fəxr edirəm.

Bu da belə… Bakı Dövlət Universiteti 2011-ci il məzun gününü belə yola saldı.  Möhtəşəm və əzəmətli…

Növbəti  məzun gününüzdə görüşənədək…

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!