BDU-da Hesablama riyaziyyatı kafedrasının 50 illik yubileyi keçirilib

15/11/2012

Bu gün BDU-da universitetin fundamental elm mərkəzlərindən, müasir elmi tələblərlə səsləşən kafedralarından biri olan Hesablama riyaziyyatı kafedrasının yaranmasının 50 illiyi münasibətilə tədbir keçirilib. Tədbiri girişi sözü ilə açan rektor, akademik Abel Məhərrəmov kafedranın yaranma və fəaliyyət tarixindən, əldə etdiyi uğurlardan bəhs edib. Deyib ki, kafedra riyaziyyat elminin yeni istiqamətlərindən biri olan hesablama riyaziyyatının respublikada inkişaf etdirilməsi, bu elm sahəsinin nailiyyətlərinin istehsalata tətbiqi məqsədi ilə yaradılıb və mövcud olduğu illər ərzində geniş fəaliyyət göstərib. 1965-ci ildə, o zamanlar Voronej Dövlət Universitetində işləyən professor Yəhya Məmmədov kafedraya rəhbərlik etmək üçün Bakıya dəvət olunub 1965-ci ildən ömrünün sonuna-2000-ci ilədək kafedraya rəhbərlik edib. Bu illər ərzində hesablama riyaziyyatı bir elm sahəsi kimi inkişaf etmiş və respublikada onun  məktəbi yaranmışdır. Hazırda kafedraya professor Qalina Mehdiyevanın rəhbərlik etdiyini deyən rektor son illərdə əldə edilmiş uğurlardan da bəhs edib.

Sonra Hesablama riyaziyyatı kafedrasının müdiri, professor Qalina Mehdiyeva kafedranın yarım əsrlik inkişaf tarixi mövzusunda məruzə ilə çıxış edib.  Onun sözlərindən məlum olub ki, hesablama riyaziyyatı kafedrasının dünyanın qabaqcıl universitetləri ilə sıx əməkdaşlıq əlaqələri qurub, kafedranın əməkdaşları nüfuzlu universitetlərdə təşkil olunmuş beynəlxalq elmi konfranslarda geniş məruzələrlə çıxışlar edib, Azərbaycan elmini ləyaqətlə təmsil edərək sertifikatlar alıblar. Son zamanlarda kafedranın maddi texniki bazası müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunub, belə ki, onun nəzdində 100-dək kompyuter, 5 elektron lövhə və digər müasir avadanlıqlarla təchiz olunub, 6 auditoriyada yerləşən hesablama laboratoriyaları fəaliyyət göstərir. Tələbələr kafedrada mövcud olan elektron kitabxana vasitəsilə bir çox qabaqcıl universitetlərin tədris proqramlarına uyğun dərs vəsaitlərini əldə edə bilirlər.

2011-2012 tədris ilində kafedra əməkdaşları 30 proqram, 100-ə yaxın elmi məqalə çap etdiblər. Almaniyanın tanınmış nəşriyyatlarından olan LAP LAMBERT Academic Publishing nəşriyyatı kafedranın əməkdaşlarının kitablarının çap olunmasını və onların  satışını təşkil etməyi təklif edib. Kafedra əməkdaşları elmi araşdırmalarla yanaşı təhsil prosesinin inkişafı sahəsində də böyük işlər görüblər. Dünyanın bir çox aparıcı universitetlərinin (Mançestr Universiteti, Praqa Universiteti, Bolonya Universiteti və s.) tədris proqramları öyrənilərək, tədris prosesinə tətbiq olunub, bu universitetlərdə istifadə olunan 17 ədəd dərs vəsaitləri, mühazirə mətnləri götürülərək, tələbələrin ixtiyarına verilib. Kafedranın nəzdindəki laboratoriyalarda yerləşdirilmiş çox saylı müasir kompyuterlər tədris prosesinin effektivliyini artırmağa, tələbələrin kompyuter şəbəkəsi vasitəsilə lazımi informasiyanı almaq üçün şərait yaratmağa imkan verir. Kafedra əməkdaşları təkcə 2011-2012 tədris ilində elmi işlərin nəticələrinə görə 9 sertifikatla və Londonda yerləşən Inernational Academy of Sciences and Higher Education. London, Great Britain (Ali təhsil və Beynəlxalq elmlər Akademiyası) tərəfindən “Elmin inkişafı” diplomu ilə təltif olunub.

Təhsil naziri, professor Misir Mərdanov isə kafedranın ilk rəhbəri Yəhya Məmmədovla bağlı xatirələrindən danışıb, kafedranın bugünkü nailiyyətlərdə professor Qalina Mehdiyevanın xidmətlərini xüsusilə qeyd edib.

Sonra Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov, Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, akademik Akif Hacıyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Yusif Məmmədov, Slavyan Universitetinin rektoru, professor Kamal Abdulla, Texniki Universitetinin rektoru, professor Havar Məmmədov, Nazirlər Kabineti Aparatının Elm, Mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri İsmayıl Sadıqov, Tibb Universitetinin kafedra müdiri Rəna Əliyeva  da çıxış ediblər. Tədbirdə canlı bağlantılar vasitəsilə də təbriklər olub.

Mətbuat və informasiya şöbəsi, 15 noyabr 2012-ci il.

Material aşağıdakı yerli və xarici KİV-də də yayımlanıb: aztv.az, Trendazadinform, APA, ictnews.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!